Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın təhtəlşüuruna dərin iz salaraq onu daim milli özünüdərk ruhunda kökləyən faciəli hadisələr var ki, bunlar əsrlər ötsə də, heç zaman qan yaddaşımızdan silinməyəcək. Ermənilərin faşist xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz belə dəhşətli hadisələrdəndir.
23 il öncə – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə belə amansız cinayətə rəvac vermiş erməni cəlladları dünyanın əzazil, qəddar və qaniçən insanları olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər. Bu kütləvi soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir. Hüquqi baxımdan yanaşdıqda aydın görünür ki, erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz milli-dini zəmində son nəfərədək qətlə yetirmək olub. Ermənilər hətta beynəlxalq hüquq normalarına görə də ən təhlükəli sayılan soyqırımı cinayətinə məqsədli şəkildə əl atmış, misli görünməmiş qətliam törətmişlər. Xocalı qətliamı nəticəsində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 155 nəfərin taleyi bu gün də məlum deyildir. Faciədə 487 dinc sakin güllə yarası alaraq şikəst olmuşdur. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri qoca idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır.
Bu qətliamda 6 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başları kəsilmiş, dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.
Ermənistanın və Dağlıq Qarabağın həbs düşərgələrində qeyri-insani təhqir və işgəncələrdən əziyyət çəkən 4500-dən çox azərbaycanlı əsir, girov götürülmüş və itkin düşmüş insanın taleyi hələ də məlum deyildir.
Xocalı faciəsinin canlı şahidlərindən bir neçə nəfərin ifadəsini təqdim edirik.
Sevda Abbasova Xocalı köçkünüdür. Ermənilər onun 10-a yaxın qohumunu qətlə yetiriblər. Sevda Abbasova ermənilərin günahsız azərbaycanlıların başına açdığı oyunları belə xatırlayır: “Ermənilər dörd bir tərəfdən Xocalını mühasirəyə almışdılar. Qarqar çayından keçib, xilas olmaq istəyirdik. Beş-altı adam gözümüzün qabağında çayda boğuldu. Ermənilər bizi girov götürdülər. Əvvəlcə həyat yoldaşımı öldürdülər, sonra isə 20 yaşlı qardaşımı güllələdilər. Oğlumun iki yaşı vardı. Atasının qucağında idi. Ermənilər həyat yoldaşıma güllə atanda qəlpə uşağın qulağının yarısını aparmışdı. Bizimlə birlikdə əmim oğlanları da girov düşmüşdü. Onların üçünü də gözümüzün qabağında güllələdilər. Əynində əsgər forması olan adamlara daha ağır işgəncələr verirdilər. Balta ilə onların əllərini biləkdən kəsirdilər. Hamilə gəlinlərin qarnını yarıb, uşaqları çölə çıxarırdılar. Gözümün qabağında bir neçə qadının döşünü kəsdilər. Ermənilər hətta meyitlərdən də qisas alırdılar. Cəsədlərin ağzındakı qızıl dişləri çəkirdilər. Bir neçə meyitin dərisini soymuşdular. Qaynım musiqiçi idi. Onun əllərini isti sobaya basıb yandırdılar ki, bir də “Qarabağ şikəstəsi”ni çala bilməsin”.
1960-cı il təvəllüdlü Nəcəfov Etibar Əli oğlu deyir ki, atışma zamanı ratsiyada müxtəlif danışıqlar eşidilirdi. Danışıqlar hamısı rus dilində aparılırdı. Həmin danışıqlardan yadımda bir söz dəqiq qalıb: “Sanya, mı naçinali operasiyu (Sanya, biz əməliyyata başladıq)”. Sonra isə ona rus dilində cavab verdi ki, “Mı qotovı (Biz hazırıq)”. Mən daha danışıqlara diqqət yetirmədim. Bizimlə olan Əhməd İlyasov bir qulduru güllə ilə başından vurdu. Yaxınlaşanda həmin quldurun zənci olduğunu gördük. Onun silahı və digər sursatı xarici idi, burnunda və qulağında sarırəngli metaldan sırğa vardı. Saçları qıvrım idi. Əynindəki zireh də bizimkindən deyildi. Yaralanmışdım, məni qan aparırdı. Yoldaşlarım Əhməd və Soltana dedim ki, məni qoyub getsinlər. Lakin onlar məni atıb getmədilər, qoluma girib özləri ilə aparmağa başladılar. Biz anamgili tapdıq və Tofiq adlı döyüşçünün köməyi ilə mühasirədən çıxmağa çalışdıq. Biz körpünü keçəndən sonra artıq hava işıqlaşmaqda idi. Bu vaxt qarşıdan bir dəstə adamın bizə əl etdiyini görüb sevindik. Onlar Azərbaycan dilində danışırdılar. Yaxınlaşanda isə başımızın üstündən atəş açaraq bizi əsir aldılar. Onlar Azərbaycan dilini bilən ermənilər idi. Bizi söyməyə, əziyyət verməyə başladılar. Sonra bizi Həmid adlı adamın həyətinə gətirdilər. Onlardan biri yanımıza gəldi və dedi: “Xocalının alınması şərəfinə bir türk qurban kəsilməlidir”. Həmin erməni yerdə oturan ahıskalı Əhmədə qalxmağı işarə etdi, Əhməd ayağa qalxanda erməni əlindəki avtomatın qundağı ilə onun gicgahından vurdu. Əhmədin başı yarıldı, qan üzünə süzüldü. Sonra erməni bir də vurdu və Əhməd yıxıldı. Əhməd yıxılan kimi iki erməni onun ayaqlarının üstünə çıxdılar, üçüncüsü isə böyründən asdığı xəncərlə Əhmədin başını bədənindən ayırdı və qulağından tutaraq başı 1-2 metr aralıya tulladı. Bütün bunlar girov götürülmüş əhalinin gözləri qarşısında baş verdi. Əhmədin başı ilə bədəni bir-birindən aralı vəziyyətdə atılıb-düşürdü”.
Xumar Səlimova: “1992-ci ilin 25 fevralında Xocalı şəhəri güclü atəşə tutuldu. Qardaşlarım dedi ki, şəhərə ermənilər giriblər, qaçmaq lazımdır. Biz qaçan zaman yanımızda partlayan mərmi qardaşımın arvadını öldürdü. Mən isə çiynimdən və üzümdən yaralandım. Qonşularımızı da yarğanın içində gördüm. Mərmi və güllələrdən xilas olmaq üçün bir xəndəyə uzandıq. Səhər açılanda ermənilər bizi xəndəkdən çıxartdı. Taleh Quliyevi güllə ilə ağzından vurdular, sonra da arvadının gözü qarşısında onun başını əzməyə başladılar. Arvadı Rəhilə Quliyeva qışqıranda onu da öldürdülər. Bir yaşlı Samir anasının cəsədi üstündə iməkləyib qışqırırdı. Bir erməni tüfəngin qundağı ilə uşağın başından vurdu. Zərbə çox güclü idi. Məni də döyə-döyə harasa aparırdılar. Biz yerdəki meyitlərin üzərindən keçərək irəliləyirdik. Yaxınlıqda kimsə atəş açdı. Güllə əlimə dəydi. Məni aparan erməni atəş açılan tərəfə qaçdı. Mən isə ölülərin arasına süründüm. Elə uzandım ki, guya ölüyəm. Qaranlıq düşəndə mən meşə istiqamətində süründüm. Sonra bir az… daha bir az… Azərbaycanca danışıqlar eşidəndə “Ana!” deyə qışqırdım. Sonra heç nə xatırlamıram”. Üç uşaq anası Ağayarova Sədaqət Hüseyn qızı bircə saatda uşaqsız qaldı. “Biz beş gün meşədə gecələdik. Uşaqlarımın ikisinə güllə dəydi və aldıqları yaralardan öldülər. Roman isə soyuqdan dondu. Uşaqların adları: Nəbi Ağayarov – 10 yaş, Sevinc Ağayarova – 7 yaş, Roman Ağayarov – 6 yaş, Elsevər Quliyev – 11 yaş. 25 fevral 1992-ci ildə Xocalı faciəsində güllə yarasından öldü, Vüsalə Abdullayeva – 4 yaş, aldığı güllə yarasından ayağı kəsildi…”
Yavər Əliyev: “Bizim evin işıqları söndü. Mən yata bilmirdim. Atışma başlayanda biz qonşunun zirzəmisinə endik. Bir müddət sonra isə meşəyə tərəf qaçmağa başladıq. Ermənilər bizi gördülər. Fin evlərinin yaxınlığında atəş altına düşdük. Hamı yerə yatdı. Erməni silahlıları bizi ayağa durmağı və sıraya düzülməyi əmr etdilər. Sonra uşaqları bir tərəfə, yaralı adamları isə başqa tərəfə apardılar. Bizi Xankəndiyə apardılar və orada Əhməd dayının əvvəl əllərini, sonra da başını kəsdilər. Kəsilmiş başı isə top kimi oynatmağa başladılar. Xanım xalanı və 2 uşaq anası Natəvanı da güllələdilər”.
Talıbova Səriyyə Ağa qızı: “Ermənilər bizi girov götürəndən sonra bir erməni qəbiristanlığına gətirdilər. Burada dörd Mehseti türkünün və üç azərbaycanlının başını bir erməni quldurunun qəbri üstündə qurban kəsdilər. Sonra valideynlərinin gözü qarşısında uşaqlara işgəncə verib öldürməyə başladılar. Daha sonra buldozerin köməyi ilə meyitləri dərəyə tökdülər. İki azərbaycanlı əsgərin gözlərini isə vintaçanla dəldilər”.
Mahmudov Mübariz Məhərrəm oğlu: “Əvvəl istədik bir az meşədə gözləyək, atışma kəssə, yenidən Xocalıya qayıdaq. Bu məqsədlə ocaq qaladıq. Hava qaralmışdı. Anam əlində kötük gətirdi, ocağın işığına çatanda gördük ki, anam kötük əvəzinə adam başı gətirib. Anam tez başı tullayıb qaçdı. Kimin başı olduğunu bilmədik. Üç gün meşədə fırlandıq. Yolu tapa bilmirdik. Hara gedirdiksə, meyitə rast gəlirdik. Nəhayət, 20 nəfərlə gəlib Şelli kəndinə çatdıq. Ayaqlarımı don vurmuşdu”.
Azərbaycan hökuməti Xocalı faciəsini soyqırımı kimi qiymətləndirərkən 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən 260 saylı qətnamə ilə qəbul edilən “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəza” haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, həmçinin “Xocalı soyqırımı günü haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsini əldə əsas tutub. Bu məsələdə erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə törədilən cinayət əməllərinin 2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası CM-in 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid olması, habelə Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırımı və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədi ilə qəbul edilən Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında Azərbaycan Respublikasının 12 may 2006-cı il tarixli Konstitusiya Qanunu əsas götürülmüşdür. Həmçinin sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərə cinayət məsuliyyətinə cəlb etmə müddətinin tətbiq edilməməsi barədə Azərbaycan Respublikası CM-in 75.5-ci maddəsində təsbit olunmuş müddəaları, bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələrin tətbiq edilməli olması nəzərə alınaraq, istintaq zamanı Azərbaycan Respublikasının 31 may 1996-cı il tarixli qanun ilə tərəfdar çıxdığı 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən 260 saylı qətnamə ilə qəbul edilən “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəza” haqqında Konvensiyası, BMT Baş Məclisinin 239 saylı 26 noyabr 1968-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş və 11 noyabr 1970-ci il tarixdə qüvvəyə minmiş “Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında” Konvensiyasına istinad olunur. Bu sırada BMT Baş Məclisinin 39/46 saylı 10 dekabr 1984-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş “İşgəncələrə və digər qəddar, insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan davranış və cəza növləri əleyhinə” Konvensiyası, “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyası, Beynəlxalq Cinayət Məhkəməsinin Statusunun 6-cı maddəsi, Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixdən qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” 1950-ci il Konvensiyasının, “Hərbi əsirlər ilə rəftara dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyası”nın, Azərbaycan Respublikasının 22 iyul 1992-ci il tarixdə qoşulduğu BMT-nin Baş Assambleyasının “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın” müddəaları əsas götürülmüşdür. Qeyd olunanlara əsasən Xocalıda törədilən əməl beynəlxalq hüquq normalarına müvafiq olaraq sülh və insanlıq əleyhinə cinayətlərə aiddir.
Müharibənin bəşəriyyətə vurduğu ziyan təkcə fiziki və maddi dəyərlərlə deyil, həm də yüksək mənəvi dəyərlərlə vurulmuş ziyanla ölçülür ki, bu da daha dəhşətli və daha təhlükəlidir. Hərbi münaqişələr zamanı beynəlxalq prinsipləri diktə edən bir çox normalar mövcuddur ki, bu normalara ona qoşulmuş dövlətlər tərəfindən əməl edilməsi zəruridir. Münaqişə zonasında əsir və girov götürülmüş şəxslərin hüquqları 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları tərəfindən qorunur.
Hərbi münaqişələr zamanı beynəlxalq prinsipləri diktə edən bir çox normalar mövcuddur ki, bu normalara ona qoşulmuş dövlətlər tərəfindən əməl edilməsi zəruridir. Konvensiyanın sözügedən maddəsi, həmçinin yaralılar və xəstələrin döyüş zonasından toplanmasını, onlara qayğı göstərilməsini tələb edir. Lakin Ermənistan Respublikası Azərbaycan vətəndaşlarına qarşı münasibətdə Cenevrə konvensiyalarının bu və digər tələblərini kobud surətdə pozur, Azərbaycana qarşı hərbi təcavüz nəticəsində əsir və girov götürülmüş vətəndaşlarımızın hüquqlarını müntəzəm olaraq tapdalayır, heç bir beynəlxalq normaya sığmayan əməlləri ilə özünün cinayətkar və təcavüzkar xislətini açıq-aydın göstərir.
Bu gün Xocalı faciəsi artıq bir neçə dövlətlər tərəfindən soyqırımı kimi tanınmışdır. Belə ki, 2010-cu ildə ABŞ-ın Massaçusets ştatı, 2011-ci ildə ABŞ-ın Texas və Nyu Cersi ştatları, 2012-ci ildə Corciya və Men ştatları, 2012-ci ildə Meksika, Pakistan və Kolumbiya dövlətləri, 2013-cü ildə ABŞ-ın Nyu Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Qərbi Virciniya, Konnektikut və Florida ştatları, 2013-cü ildə Çexiya, Bosniya və Herseqovina, Peru, 2014-cü ildə Honduras və Sudan Respublikası Xocalı soyqırımını rəsmən tanımışdır.
Dünya ictimaiyyəti bundan sonra da erməni ekstremistlərinin məkrli təbliğatına uymamalı, özgə torpaqlarına göz dikən terrorçu dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını öz adı ilə çağırmalıdır.
Camal ZEYNALOĞLU
“Azərbaycan”qəzeti
20.02.2015