Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam torpaq,
Atam od,
Mən oddan yaranmışam:
Od kimi istiqanlı,
Seltək dəliqanlıyam.
Həyat qədər qədiməm,
Torpaq qədər şanlıyam.
Od kimi yandıranam.
Su kimi söndürənəm
Məni yandırsalar da,
Suda batırsalar da,
Yenə mənəm, mən mənəm!
Köküm üstə bitmişəm,
Şöhrətim var,
Şanım var.
Mənim gələcəklə də
Öz əhdi-peymanım var.
Azərbaycan oğluyam,
At belində doğuldum;
Zamanın qazanında
Neçə dəfə dağ oldum.
Mənim damarlarımda
Gur sellər çağlamışdır.
Anam cəngilər üstə
Məni qundaqlamışdır.
Azərbaycan oğluyam,
Min ildir,
öz adımın
Keşiyində durmuşam,
Silahım olmayanda
Nifrətimi barıttək
Qəlbimə doldurmuşam…
Hünər göstərməyincə
Adsız yaşamışam mən.
Dədəm Qorqud ad verdi
Mənə öz hünərimdən.
Yoluma nur çiləyən,
Qoluma qüvvət verən
Eşqim,
ustadım oldu;
Adım doğdu hünərdən
Hünərim, adım oldu.
Azərbaycan oğluyam,
Yaşım adımdan qədim.
Heç kəsin toyuğuna
Ömrümdə “kiş” demədim.
Kimsənin torpağında
Gözüm yox; bilsin aləm
Torpağımdan bir çərək
Kimsəyə də vermərəm.
Mən bir qədim mahnıyam
Xallarım əlvan-əlvan.
Musiqim – Qarabağdır,
Sözlərimsə – Naxçıvan.
Bu torpaqda yaranmış
Koroğlunun cəngisi,
Qıratın üzəngisi!
Özümə vurulmadım,
Sevinc də görmüşəm mən,
Sitəm də,
Dərd də, Qəm də…
Sabirin göz yaşıyla
Özümə gülmüşəm də.
Çənlibeldən düşəli
Cığırları dağıdıb
Geniş yollar salmışam
Çənlibeldən də uca
Dağlara ucalmışam.
Ucalsam da günbəgün,
Dünənki son zirvəmə
Bu gün yenə “az” dedim.
Tarixin kölgəsində
Daldalanan millətin
Sabahı olmaz dedim!..
Neyləyəkki… zamanın
Uğursuz yollarında
İkiyə bölünmüşəm.
İki başlı, bir qəlbli
Bir bədənə dönmüşəm.
Həm Təbriz, həm Bakıdır
Məkkəm, Mədinəm mənim.
Pasportsuz yaşar bu gün
İki Vətəni olan Azəroğlum,
Qafarım, Əlim, Mədinəm mənim.
Balaş, biz ikimiz də
Bir ananın oğluyuq,
Biz ki, Azəroğluyuq.
Hər ikimiz əzəldən
Bir arzunun quluyuq.
Elimiz də bir bizim,
Dilimiz də bir bizim
Vətənimiz bir bizim,
Dünənimiz bir bizim,
Olmuşuq bir Vətəndə
Biz bu gün başqa-başqa.
Bizim talelərimiz
Bəs neçün başqa-başqa?
Öz məsləkim, öz eşqim
Daim məndən öndədir.
Azərbaycan bayrağı
Başımın üstündədir!..
Əqidəmin, eşqimin,
Qanımın rəngi bayraq,
Bütün arzularımın,
Qızıl çələngi bayraq.
Hər şeydən bu dünyada
Şərəf uca Şan uca,
Zamanın yollarında
Mən ki, səni tutmuşam,
Daim başımdan uca