Bu gün Babək Qocanin 49 yaşı tamam olur.
Babək mənim Dostumdur.
Və illərdən bəri çalışdığım www.1905.az portalı üçün də əziz, doğma bir adamdır.
Dəfələrlə tədbirlərimizdə iştirak edib. Bu balaca yazıda onun çıxışlarından kiçik iqtibasları diqqətinizə çatdırıram. Və söz verirəm ki, ALLAH qoysa Dostum haqqında onun 50 illik yubileyi ərəfəsində geniş bir yazı yazacağam…
“Şəhidlər ölməz, Vətən bölünməz” mövzusu ətrafında apardığımız müzakirədə Babək müəllim demişdi: “Doğrudan da 1990-cı illərin əvvəllərində Qarabağa getməyib, evdə oturmağı insan özü üçün təhqir sayırdı. Sənin anan-bacın erməni əsirliyində ikən necə rahat gəzib-dolana bilərdin? Elə indi də bu var. Sadəcə bu gün televizyalar və media vasitələri çox vaxt az qala hər şeyi gətirib maddiyyata bağlayırlar. Ona görə də bu hadisələrə vurğu etmirlər. Amma düşünürəm ki, zamanla vətənpərvərlik mövzusunda verilişlərə tələbat artacaq. O vaxt biz döyüşə ruh yüksəkliyi ilə gedirdik. Şəhidlik mövzusu həm də Vətənə sevgi ilə bağlıdır. Peyğəmbərimizə aid edildiyi deyilən “Vətən sevgisi imandandır” kimi gözəl bir deyim var. Son hadisələr həm də göstərdi ki, yeni nəsil bilərəkdən şəhid oldu. Bunu biz şəhidlərimizin xanımlarının dilindən də eşitdik. Deməli, evlərdə də bu söhbətlər gedib. Bir ana “mən oğlumun arxasınca göz yaşı tökməyəcəyəm”, dedi. Deməli, vətənpərvərlik toxumu artıq cücərib.”
“1905.az” Diskussiya Klubunda Ermənistanın Azərbaycana təcavüzünün ekoloji fəsadları barədə danışırdıq. Müzakirə zamanı Babək Qocanın söylədiklərindən: ”Tuğ istiqamətində şərab zavodunun yanında bir tut meşəliyi vardı. Orada mühasirəyə düşmüşdük. Torpaqda uzananda, sanki o insanların naləsindən daha çox torpağın naləsini eşidirdim. Həqiqətən, bu gün onu biz bir toplum olaraq eşitmədikcə, hiss etmədikcə özümüz də “kallaşacağıq”. Allah sanki nemətləri də hər bir əraziyə, ərazidəki insanlara uyğun olaraq yaradıb. O torpaqlarda bizim şikəstəmiz, muğamımız, laylalarımız, o yeri belləyərək, əkərək dediyimiz bayatılarımız qaldı. O torpaqlar kişi təri yerə düşmədikcə hələ yetim qalacaq.”
“1905.az” Diskussiya Klubunda “Bizim Milli Qəhrəman” silsiləsindən ilk görüşdə Milli Qəhrəman Rasim İbrahimov haqqında danışırdıq. Babək müəllim Qəhrəmanımızın döyüş yoldaşı kimi dəvət olunmuşdu. Və bunları dedi: “Biz könüllülər kimi Laçın, Zəngilan, Qubadlı kimi bir çox bölgələrimizdəki əsgərlərmizə köməklik göstərməyə çalışırdıq. Və nəticə etibarilə Füzuliyə gələndə Rasim müəllimin batalyonunda qonaq olduq. Əvvəlcə batalyon Feodovka deyilən küçədə, sonradan Müsiqi İnternat Məktəbinin ərazisində yerləşirdi. Ora gəldiyimdə oradakı mühiti, sistemi, ciddiliyi, davranışı, zabit-əsgər münasibətini, insanlardakı ruh yüksəkiliyini gördüm. Daxilən özüm qərar verdim ki, mən burada döyüşmək istəyərəm. Sonra könüllü şəkildə özünümüdafiə batalyonunun üzvü olmağa çalışdıq. Düzdür, çalışdıq ona görə deyirəm ki, Rasim müəllim o qədər ciddi idi ki, bu məsələlərdə kimsə öz istəyinə əsasən gəlib harasa üzv ola bilməzdi. Və mənim o hərbi hissəyə üzv olmağım çox çətinliklə başa gəldi. Sonrakı dövrdə sözsüz ki, o peşəkarlıq, zabit bilikləri, təcrübə döyüşlərdə, lokal və böyük əməliyyatlarda Rasim müəllimin rəhbərliyi özünü göstərirdi. O batalyonun nəzdində əsas ağırlığı mənim xidmət etdiyim kəşfiyyat-diversiya dəstəsi yerinə yetirirdi. Biz o lokal əməliyyatlarda o təşkilatçılığın peşəkarlığını hiss edirdik və az itki ilə böyük nəticə ilə hər zaman əməliyyatlardan geri qayıdırdıq. Sözsüz ki, Rasim müəllimin və onun timsalında həmin batalyonda, həmin bölgədə şəhid olan, dünyasını dəyişən zabit və əsgərlərimizin də xatirəsini ehtiramla yad etmək doğru olar. “
Qarabağ uğrunda döyüşmüş Babək müəllimə ən böyük hədiyyə işğal altında olan torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması olardı.
Düşünürəm ki, biz o günü görə biləcəyik.
Ad günün mübarək, əziz Dost!
Fuad Babayev