“1905.az” portalının Diskussiya klubunda bu dəfə biz “Bakı 2015 Avropa Oyunları” mövzusunu yazıçı Natiq Məmmədli, Milli Olimpiya Komitəsinin İnformasiya və Nəşriyyat idarəsinin rəhbəri Cəmaləddin Rəhmanov, Turizm İnstitutu Turizm və Qonaqpərvərlik fakültəsinin əməkdaşı Rəhman Səfərov, Milli Olimpiya Komitəsinin İnformasiya və Nəşriyyat idarəsinin baş məsləhətçisi Akif Əliyev və “1905.az” portalınn əməkdaşı Dadaş Musayevlə müzakirə etdik.
Fuad Babayev: Yaxın günlərdə Bakıda ilk Avropa Oyunlarına start veriləcək. Respublikamız böyük idman hadisəsinin keçirilməsinə hazırdır. Hesab edirəm ki, Avropa Oyunları Azərbaycanı dünyada növbəti dəfə tanıtmaq üçün unikal imkandır. Ölkəyə gələn turistlər, idmançılar və jurnalistlər həm də ölkənin tarixi barədə informasiya alacaqlar.
Cəmaləddin Rəhmanov: Bu, tarixi hadisədir. Avropa Oyunları kimi idman yarışlarına regional oyunlar deyirlər. Bəzən cəmiyyətdə yalnış informasiyalar dolaşır. Regional oyunlar həmişə olub. Məsələn, Pan Amerika Oyunları 1950-ci ildə keçirilmişdi. Həmin ildə Asiya, sonra Afrika oyunları keçirildi. Maraqlıdır ki, bu günə kimi bu təşəbbüs bir neçə dəfə irəli sürülsə də heç vaxt Avropa Oyunları regional yarışı reallaşmayıb.
Bu oyunlar qitələrin Olimpiya Komitələrinin təşəbbüsü ilə gerçəkləşən layihələrdir. Avropa Olimpiya Komitəsinin yaranması təbəddülatlı proses olub. Komitə 40-ci illərdən mövcud olsa da bir müddət sonra adını dəyişib. Nəhayət, 1974-cü ildə müstəqil bir qurum kimi yaranıb. Avropa Olimpiya Komitəsinin yaranışından sonra bu məsələ daha tez-tez gündəmə gəlməyə başlamışdı. İlk olaraq 1990-cı illərdə Avropa Yeniyetmələrinin Olimpiya Festivalına start verildi. Bu, 12 növ üzrə 2 idən bir keçirilən oyunlardır.
Nəhayət, yeni əsrin birinci on illiyində Avropa Oyunlarının keçirilməsi qərara alınır və 2012-ci ildə qərar qəbul edilir. Təbii ki, qərardan sonra oyunların harada və nə vaxt keçirilməsi məsələsi gündəmə gəldi. Azərbaycan namizədliyini irəli sürən ölkələr arasında var idi. Son dövrlər ölkəmiz idman insfrasturukturunun inkişafına görə fərqlənən ölkələr siyahısında olduğundan oyunların məhz Azərbaycanda keçirilməsi qərarlaşdı.
Onu da qeyd etmək lazımdır ki, dövlət səviyyəsində olimpiya stadionunun tikilməsi qərarlaşanda Avropa Oyunların Bakıda keçirilib-keçirilməyəcəyi hələ bəlli deyildi. Həmçinin su arenasının. Bu iki obyekt hər bir güclü dövlətdə olmalı olan obyektlərdir. Azərbaycan söz verdi və qısa müddətdə bu işin öhdəsindən gəldi. Adətən 8 il ərzində olimpiya oyunlarına hazırlıq gedir. Lap deyək ki, Avropa Oyunları olimpiya oyunları qədər böyük idman hadisəsi deyil, amma kəmiyyət etibarı ilə o qədər də kiçik deyil. Bu, qitə üçün tarixi qərar idi.
Fuad Babayev: Bakının Avropa oyunlarına hazırlığının nə qədər yüksək səviyyədə olduğunu əyani şəkildə göstərən fotolar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “Bakı haqqında etüdlər” kitabında da yer alıb.
Dadaş Musayev: Bu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nəşri olan “Bakı haqqında etüdlər” foto-albomunun 3-cü nəşridir. Foto-albomun birinci nəşri (“Bakı haqqında 20 etüd”, Bakı 2011) Azərbaycan Nəşrlər və Poliqrafiyaçılar Birliyinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr etdiyi I Ümumrespublika “Kitab sənəti” müsabiqəsinin əsas mükafatına layiq görülmüşdür. Bu ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunları kimi möhtəşəm tarixi hadisə ərəfəsində işıq üzü görən üçüncü nəşrin paytaxtımızın idman infrastrukturundan bəhs edən 9-cu etüdü (səh. 72 – 83) yenidən işlənmiş, bura “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimindən fotolar daxil edilmişdir.
Hesab edirəm ki, turistlər üçün çox maraqlı ola biləcək albomdur.
AVROPA OYUNLARINDAN İSTİFADƏ EDƏRƏK BİR ÇOX QURUMLAR, TƏŞKİLATLAR AZƏRBAYCANA QARŞI TƏPKİLƏRİNİ ARTIRIBLAR
Natiq Məmmədli: Avropa Oyunları böyük idman hadisəsidir. Burada idmançılar öz məharətini göstərəcəklər. Amma bunun sosial tərəfi də var. Ölkəyə maraq birə beş artacaq.
Təəssüf ki, bu gün hər kəs Azərbaycan həqiqətlərini qəbul etmir. Biz “Avroviziya” yarışması ərəfəsində də bunun şahidi olduq, qarayaxma aksiyası ilə rastlaşmışdıq. O zaman Azərbaycana qarşı deyilən fikirlər indi də səslənir, eyni də cavab verilir. Avropa Oyunlarından istifadə edərək bir çox qurumlar, təşkilatlar Azərbaycana qarşı təpkilərini artırıblar. Dəfələrə bunun ilk növbədə idman hadisəsi vurğulansa da biz əlavə söhbətlərin də geniş vüsət aldığının şahidi oluruq. Təəssüf, beynəlxalq mediada pozitiv münasibət az əks olunur. Əsas istəkləri idman hadisəsindən istifadə edərək ölkənin problemlərini qabartmaqdır, şişirtməkdir.
AVROPA OYUNLARI STANDARTI BAKIDA MÜƏYYƏN EDİLƏCƏK
Natiq Məmmədli: Təbliğat incəsənət kimi bir şeydir. Təbliğatı zövqlə işləmək lazımdır. Qabarıq təbliğatla irəliləyişə nail olmaq mümkün olmayacaq. Biz ancaq cavab verib, müdafiə olunuruq. Nə qədər bunu idman, mədəniyyət hadisəsi kimi çatdırmağa çalışsaq da oyunların başqa tərəfləri var.
İstənilən halda bu idman hadisəsidir və dünya bunun şahidi olacaq. Olimpiada bizə nə verəcək? Biz oturub xərci və gəlirləri hesablamalı deyilik. Çünki bunlar meqa və gəlir qazanılması nəzərdə tutulmayan layihələrdir. Bizdə çox qısa müddət böyük idman infrastrukturu yaradıldı. Avropa Oyunları standartı Bakıda müəyyən ediləcək. Çünki bu ilkdir. Oyunlar ölkənin imici üçün böyük hadisədir.
Fuad Babayev: İlk “Diskussiya klubu” rubrikamızın mövzusu işğal altında olan bölgələrin simvolikası, tanıtım materialların azlığı idi. Müzakirə etdik və məlum oldu ki, bizim işğal altında olan bölgələri tanıtmaq üçün suvenirlərimiz, tanıtım materiallarımız yoxdur və ya çox azdır.
Avropa Oyunları zamanı gələn qonaqlar restoranlara, muzeylərə, konsert saraylarına gedəcək.
QONAQPƏRVƏRLİYİMİZDƏN İSTİFADƏ EDƏRƏK BÖYÜK TURİZM ÖLKƏSİNƏ ÇEVRİLƏ BİLƏRİK
Rəhman Səfərov: Təşəkkür edirəm dəvət üçün. Oyunlar bizə nə verəcək? Avropada 1990-cı ilə kimi köklü 18 dövlət olub. Bu gün isə Avropa ölkələrinin sayı 50-yə çatıb. Avropanın coğrafi ərazisi kiçik olsa da ölkə sayı kifayət qədərdir. İlk öncə onu deyim ki, 2 il 6 aylıq bir dönəmdə bir yarışın təşkili hətta inkişaf etmiş ölkələr üçün çətin məsələdir. Ancaq biz bunun öhdəsindən gəldik. Hər şey hazırdır. Bu iqtisadi cəhətdən böyük bir sərmayədir. Bundan biz gələcəkdə gəlir də qazana biləcəyik. Məsələn, gələcəkdə futbol oyunlarını stadionumuzda keçirə bilərik.
Bunun turizm baxımından da əhəmiyyəti var. Azərbaycan bütün dünyada neft ölkəsi kimi tanınır. Ölkə başçısının da dediyi kimi bu gün bizim əsas hədəfimiz Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəlib. Bu 10-20 il sonra güclü Azərbaycan deməkdir. Qeyri-neft sektoru deyəndə deyəndə ilk ağıla gələn sahə turizm olur.
Dünyada 197 müstəqil ölkə var. Ancaq yalnız Azərbaycanda hər ailədə bir qonaq otağı var. Bu anlayış ancaq bizə məxsusdur. Bu gun Türkiyə və İspaniya dünyanın ən böyük turizm ölkələridir. Müştərinin nazıyla oynamaq baxımından. Amma hətta onlarda da bu anlayış yoxdur. Yəni biz qonaqpərvərliyimizdən istifadə edərək güclü turizm ölkəsinə çevrilə bilərik.
Dövlət öz öhdəsinə düşəni etdi. Növbəti işlərin yaxşı getməsi artıq hamımızdan asılıdır. Bu vətəndaşların müştərək işi olmalıdır həm də. Ölkəyə gələn idmançı, turist yarışdan sonra restorana, muzeyə gedəcək, taksidən istifadə edəcək. Onlarla davranış bizdən-sadə vətəndaşlardan asılıdır. Əgər turist ölkədə xoş münasibət görsə o ikinci dəfə də gələcək, özü gəlməsə də bir başqasına bura gəlməyi tövsiyyə tedəcək. Turizm bu cür inkişaf edir. İnsanların etikasından çox şey asılıdır.
İki cür reklam var. Canlı və cansız. 90-cı illərdə televizorda reklam görəndə hamımız baxırdıq. Bu gün isə kanalı çevirirk. Bu cansız reklamdı. Biri də var canlı reklam. Turistin gəlib, ölkəni görüb, bəyənib bir başqasına tərifləməsi, təbliğ etməsi. Bu daha çox effekt verən prosesdir.
Cəmalədin Rəhmanov: Medianın rolu böyükdür hər sahədə. Oyunlara akkreditə olan jurnalistlər olur. Avropa oyunları zamanı da məqsəd siyasi olsa da idman jurnalisti adı ilə gələn jurnalistlər çox olacaq. Məsələn, Parisdə, Londonda heç bir jurnalist əlinə fotoaparat alıb küçədə çəkdiyi dilənçi fotosunu qəzetə vermir ki Londonda dilənçi var. Çünki bu bəlli məsələdir. Dilənçi hər yerdə var. Amma bizdə bu hal ölkə haqqında dərhal rəy formalaşdıra bilir. Çünki biz gənc dövlətik. Londonda “dilənçi var” deyəndə heç kim inanmır, Azərbaycanda “dilənçi var” deyəndə inanırlar. Ona görə də biz ən xırda məsələlərdə belə diqqətli olmalyıq. Jurnalistlərin məsələn, olimpiya komitəsi rəhbərinə Qarabağ haqqında sual verməsinin mənası yoxdur. Amma şəhərdə olan turist və idmançılara biz həqiqətləri necəsə çatdıra bilərik.
ƏN BÖYÜK PROBLEMİMİZ ÖLKƏDƏ XARİCİ DİLLİ NƏŞRLƏRİN OLMAMASIDIR
Azərbaycanın ingilis dilli mətbuatının olmaması ən böyük problemdir. Bütün dünyada böyük tədbirlər zamanı “Media kəndi”də yerli medianın xarici dilli jurnalları, qəzetləri olur. Əcnəbi də o jurnalı, qəzeti açıb oxuyanda həqiqəti görmüş olur. Bizdə varmı belə bir xarici dilli qəzet? Bizim Xocalıdan, Qarabağdan yazan jurnal və qəzetimiz olsa onu həmin masaya qoysaq heç kim bizə filan jurnalı bura qoymaq olmaz deməyəcək. Bu bütün dünyada geniş yayılmış praktikadır.
Gündüz Nəsibov: 1896-cı ildə Olimpiya Hərəkatı başlayanda belə bir şüar irəli sürülmüşdü: idman, sən sülhsən. Amma sonrakı hadisələr göstərdi ki, ən böyük siyasət elə idmandır. Məsələn, Moskva olimpiadası və ya futbol çempionatında İranla Amerika oyunu böyük səs-küyə səbəb olmuşdu. Yəni idman böyük bir siyasətdir. Türkiyə futbol çemipionatında 3-cü yer tutanda Türkiyənin o vaxtki baş naziri demişdi ki, Türkiyə 1 milyard dollar xərcləsə bu qədər reklam olunmazdı.
Mənə elə gəlir ki, Avropa Oyunları da Azərbaycanın növbəti dəfə reklamına böyük tramplin olacaq. Məsələn, açılış və bağlanış mərasimləri özü bir tamaşadır, konsertdir. Həmin mərasimlərə 10 milyonlarla insan baxır. Çox güman ki, həmin mərasimdə Qarabağ məsələsinə toxunulacaq.
DÜŞÜNÜRDÜM Kİ, OYUNLAR ƏRƏFƏSİNDƏ AZƏRBAYCAN HAQQINDA BƏDİİ FİLM ÇƏKİLƏCƏK
Akif Əliyev: Siyasət incə, uzun və bulanıq bir məfhumdur. Biz gələn qonaqlara həqiqətlərimizi düzgün çatdırmalıyıq. Ermənilər pisdir, biz yaxşıyıq deməklə iş bitmir. Bu ilin əvvəlində Rusiyada Kislovodsk şəhərində idim. Orada böyük olimpia kompleksləri tikilir. Dedim ki, yayda Bakıda olimpiada olacaq. İnanmırdılar. Məlumatsız idilər. Baxın. Rusiya. Olimpia ölkəsi. Qonşu ölkə. Amma baş tutacaq böyük bir idman hadisəsindən xəbərləri yoxdur.
Sistemli işləmək çətin məsələdir. Məncə oyunlar zamanı Azərbaycana olan münasibət necə varsa elə də qalacaq. Üzərimizə düşən əsas vəzifə mədəni tədbirlərin təşkilidir. Mən düşünürdüm ki, bu ərəfədə Azərbaycan haqqında bədii film çəkiləcək. Əgər çəkilibsə nə gözəl, yoxdursa çox, təəssüf. Ümid edirəm ki, teatrlarımızda, kino mərkəzlərimizdə yaxşı proqramlar, tamaşa və konsertlər təşkil ediləcək.
Natiq Məmmədli: Məncə sadə bir azarkeşin Qarabağ həqiqətlərini bilib-biməməsi bizə o qədər də lazım deyil. Bizə daha ciddi platformalarda həqiqətləri qəbul edən adamlar lazımdır. Beyin mərkəzləri, siyasi elita və fikir formalaşdıran media ilə işləmək lazımdır. Məncə ermənilərin də dünyada apardığı siyasət o qədər də rəğbətlə qarşılanmır.
Cəmaləddin Rəhmanov: Azərbaycanı müəyyən yerə kimi dünyada tanıtmaq lazımdır. İdman sahəsində bu edilib. Eyni şeyi musiqi də, tamaşada da etmək lazımdır.
Fuad Babayev: Hər birinizə təşəkkür edirəm.
Hazırladı: Aynur Hüseynova
1905.az