
“Bakı metropoliteni” QSC-də görüləcək mürəkkəb və kompleks tədbirlərin tərkib hissəsinə xətlərin fəaliyyətini və idarəetməsini təmin edən əsas infrastruktur layihələrinin həlli daxildir.
AZƏRTAC xəbər verir ki, “Bakı metropoliteni” QSC yaydığı məlumatda qatarlara qulluq, xidmət, təmir, tunel, yol hərəkəti və digər mühüm sahələrin işinin təşkili, texniki məsələlərin həlli baxımından hər xəttin özünün deposu olmasının vacibliyi qeyd olunub.
Məlumata görə, xətlər ayrıldıqdan sonra Qırmızı xətt üzrə ən minimal intervallar təmin olunacaq, həm də qatarların sayının artırılması lazım gələcək.
“Hərəkətin intensivliyi enerji tələbatını da artıracaq. Qatarların yenilənməsi prosesi innovasiyalar baxımından sonuncu nəsil vaqonları ilə aparılır. Yeni nəsil qatarların elektrik güc tələbatı isə əvvəlki nəsil analoqlarından 1,5 dəfədən çoxdur. Qeyd edilənlər elektrik enerjisinin fasiləsizliyini, etibarlığını və elektrik təchizatı məsələlərinə yeni yanaşmanı aktuallaşdırır. Buna görə də Qırmızı xəttin 1967-ci ildən fəaliyyət göstərən 1 saylı dartı elektrik yarımstansiyasının tamamilə yenidən qurulması da zəruri və qaçılmazdır”, – deyə məlumatda bildirilir.