Bakıda vətəndaş müharibəsi adı altında milli qırğının başlanğıcını qoymuş həmin fitnəkar tədbir bundan ibarət olmuşdu ki, 1918-ci il martın 29-da Bakı Soveti İcraiyyə Komitəsinin sərəncamı ilə “Evelina” gəmisində Lənkərana üzməyə hazırlaşan müsəlman diviziyasının (“Dikaya diviziya”nın azərbaycanlı süvari polku nəzərdə tutulur. – K. M.) bir neçə yüz nəfərlik zabit və əsgəri tərksilah edilmişdi. Bu, açıq-aşkar meydan oxumaq, öz gücünü nümayiş etdirmək, əsl amirlik hərəkəti idi.
Şəhərdə minlərlə yaxşı silahlanmış daşnak hərbi hissələri sərbəst hərəkət etdikləri halda, müsəlmanların kiçik bir dəstəsinin tərksilah edilməsi müsəlman əhalisi arasında narazılığı artırmış və ciddi etirazlar doğurmuşdu. Çünki bu tədbir, əslində, üstün daşnak hərbi qüvvələri qarşısında şəhərin azərbaycanlı əhalisinin tərksilah edilməsi tələbi idi. Digər tərəfdən bu fitnəkar tədbirin məntiqsizliyi orada özünü göstərirdi ki, axı, müsəlman hərbi hissələri Bakıdan gedirdilər, şəhərə kiməsə köməyə gəlmirdilər.
Martın 30-da səhər tezdən Bakı məscidlərində etiraz mitinqlərinin keçirilməsinə başlandı. Belə bir gərgin şəraitdə “Müsavat” partiyası rəhbərliyinnn azərbaycanlı əhalini sakitliyə və əminamanlığa çağırması da arzu olunan nəticəni vermədi. Silahların geri qaytarılması tələbinin uzanması (görünür, N. Nərimanovun vasitəçiliyi ilə bolşeviklərin silahları qaytarmağa əvvəlcə razılaşmaları da onların növbəti fitnəkarlıq manevri olmuşdu) narazılığı son həddə çatdırdı.
Günortadan sonra Şamaxı yolunda (C. Cabbarlı küçəsi) və Tatarski küçəsində Qızıl Ordunun süvari hissəsinə fitnəkarların təşkil etdiyi hücum şəhərdə əminamanlığın bərpa olunacağına bütün ümidləri puça çıxardı. Bununla da, Şaumyan və daşnaklar istədiklərinə nail oldular. Bu hücuma bəndmiş kimi Qızıl Ordu hissələri dərhal müsəlman məhəllələrinə soxularaq fəal hərbi əməliyyatlara başladılar. Sonralar həmin qanlı hadisələrlə bağlı Şaumyanın etirafı məsələnin əsl mahiyyətini dərk etmək üçün çox əhəmiyyətlidir. O yazmışdır: “Biz süvari birləşmələrimizə ilk silahlı basqına qarşı hər cür hazırlıq görmüşdük və dərhal bütün cəbhə boyu hücuma başladıq”. Zənnimizcə, bu sözlərin əlavə izaha ehtiyaçı yoxdur. Həqiqətən də Şaumyana və onun həmfikirlərinə ilk atəşin hansı tərəfdən açılması olduqca lazım idi ki, özlərinin çoxdan ürəklərində gəzdirdikləri bədxah niyyətlərini sərbəst həyata keçirsinlər.
Beləliklə, əvvəlcədən hazırlanmış ssenari üzrə Bakı faciəsinin həyata keçirilməsinə başlandı. Elə həmin gün, yəni martın 30-da bolşeviklərin rəhbərliyi ilə Bakı şəhəri və onun rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradıldı. Komitənin tərkibinə Şaumyan, Korqanov, Caparidze, Nərimanov, Suxartsev (bu həmin Suxartsev idi ki, mart günlərindən sonra keçirilən bolşevik yığıncaqlarından birində “Müsavat” partiyasının bayrağını çeynəyə-çeynəyə- “Türkiyənin Bakı cəbhəsi alındı”-deyə şadlığını bildirmişdi) daxil edilmiş, sağ eser Saakyan, daşnak Yolçiyan onun işində iştirak etmək üçün dəvət olunmuşdu. Komitənin sərəncamı ilə daşnak Martikyan bolşevik dəstəsinin komandiri təyin edilmişdi. Görünür, komitənin də tərkibi əvvəlcədən hazırlanmış, son məqamda isə Nərimanovun da siyahıya əlavə edilməsi zəruri sayılmışdı.
Bolşeviklərin daşnaklar, sağ eserlər və başqa anti azərbaycanlı qüvvələrlə əlbir işlədiyini belə bir faktdan da aydın görmək olar ki, İnqilabi Müdafiə Komitəsinin “inqilaba sadiq qüvvələrə” müraciətindən dərhal, sonra, martın 31-də “bitərəflər” – daşnak hərbi hissələri və Xəzər hərbi donanması matrosları Bakı Soveti tərəfində vuruşacaqlarını bildirmiş və fəal surətdə hərbi əməliyyatlara qoşulmuşdular. Həmin “inqilaba sadiq qüvvələrin” həmrəyliyi sovet qoşunlarına elə həmin gün müsavatçıların qeyri-mütəşəkkil silahlı qüvvələrinə qarşı bütün cəbhə boyu qəti hucuma keçməyə imkan vermişdi.
Döyüşlərdə zirehli maşınlardan, top və aviasiyadan istifadə edilməsi azərbaycanlı əhali arasında çaşqınlıq yaratmış, qorxu və təlaşa səbəb olmuşdu. Axı, kim güman edə bilərdi ki, kiçik bir münaqişə şəhər hüdudları daxilində dinc əhalinin gözü qarşısında əsl müasir müharibəyə çevriləcəkdir. Bakı Soveti qoşunlarının sərəncamında olan topların lülələri şəhərin müsəlman məhəllələrinə tərəf tuşlandı, hərbi gəmilərin topları isə şəhərin yuxarı məhəllələrini atəşə tutmağa başladılar. Onlar hətta tarixi binaları, məscidləri belə dağıtmaqdan çəkinmirdilər. Müsavatçıların səngər etdikləri İçərişəhər ətrafında, Şamaxı yolunda və şəhərin digər hissələrində şiddətli küçə vuruşmaları başlandı. Dinc, əhali arasında ölənlər və yaralananlar çox idi. Düşmənin üstün quvvələri qarşısında müqavimət göstərməyin yalnız günahsız qurbanların sayını artıra biləcəyini görən müsavatçılar martın 31-də atəşi dayandıraraq sülh danışıqlarına başlamağı təklif etdilər. İnqilabi Müdafiə Komitəsinin ultimatumu (Bakı Soveti Hakimiyyətinin qeyd-şərtsiz tanınması və onun sərəncamlarına tam tabelik; müsəlman hərbi birləşmələrin, bunun ardınca nsə erməni qüvvələrinin şəhərdən çıxarılması; Bakıdan Tiflisə və Petrovska dəmir yolunun açılması) müsavat rəhbərliyi tərəfindən qəbul edildi. Bununla da güman etmək olardı ki, bolşeviklərlə ilk hərbi toqquşmada hədsiz olmasa da, xeyli qurban vermiş azərbaycanlılar) yenidən dinc yaşayış dövrünə qayıda biləcəklər. Lakin hadisələrin əsl faciəli davamı ultimatumun qəbulundan sonra, daşnak-bolşevik ittifaqının şəhərin müsəlman hissələrində qarətlər, yanğınlar, qətllər törətməsi ilə baş verdi.
Müsavat hərbi birləşmələrinin şəhərdən çıxarılmasına nail olmuş daşnak hissələri elə martın 31-də şəhərdə fitnə-fəsad, nizamsızlıq törətməyə, milli qırğını qızışdırmağa əl atdılar. Onlar şəhərdə dinc əhalini talan edir və öldürürdülər. Beləliklə, İnqilabi Müdafiə Komitəsinin irəli sürdüyü şərtlərin müsavatçılar tərəfindən imzalanması və yerinə yetirilməsi silahlı toqquşmalara son qoya bilmədi. Bakı bolşeviklərinin xəyanətkar, ermənipərəst mövqe tutmaları daşnakların əl qolunu açmış, dinc azərbaycanlı əhaliyə vəhşi usullarla divan tutmaq üçün onlara hədsiz imkanlar vermişdi. Daşnak dəstələrindən olan talançılar və soyğunçular özləri yandırır, dinc əhalini qarət edib qırırdılar. Onlar uşaqları, körpələri süngülərə taxıb göyə qaldırır, qadınları saçlarından bağlayıb küçə boyu çılpaq qaçmaqa məcbur edir, qocalara rəhm etmirdilər. Bu insanabənzərlər, hətta adamları öldürməklə kifayətlənmir, onların qulaqlarını, burunlarını kəsir, qarınlarını yırtır və sair vəhşiliklər törədirdilər. Bunlar barədə o dövr hadisələrinin salamat qalmış bir çox şahidlərinin söylədiklərini sakitcə dinləmək sadəcə mümkün deyildir. Bu vəhşilikləri öz gözləri ilə görmüş bir çox xristian əhali nümayəndələri da həmin qeyri-insani hərəkətlər barədə əsl həqiqəti tam çılpaqlığı ilə qələmə almışlar.
Ermənilərin Bakıda törətdikləri özbaşınalıqlar dövründə bir çox görkəmli memarlıq nümunələri dağıdılmış, yandırılmış, yararsız hala salınmışdı. Bunların sırasında Xalq evini, Müsəlman Xeyriyyə Cəmiyyətinin binasını, müsəlman siyasi partiyaları iqamətgahlarını, qəzet – redaksiyalarını (rusca çıxan “Kaspi”, azərbaycanca çıxan “Açıq söz” qəzetləri) göstərmək olar. Bakının ən böyük məscidlərindən biri top mərmiləri ilə dəlik-deşik edilmişdi. Bu vəhşiliklərin nəticəsi olaraq çoxlu azərbaycanlı Bakını və onun neft mədənlərini tərk etməli olmuşdular. Ən görkəmli müsəlman siyasi xadimlərn həbs edilmiş və güllələnmişdi. Yerli azərbaycanlı əhalinin rəhmsizliklə məhv edilməsi və öz doğma şəhərindən didərgin salınması, heç şübhəsiz, uzaq məqsədlər güdən, erməni millətçilərinin, siyasi niyyətlərinə xidmət edirdi. Onlar bu yolla Bakını yerli əhalidən təmizləmək, onun sərvətlərinə sahib çıxmaq, hadisələrin özləri üçün sonrakı uğurlu cərəyanı təqdirində isə bu qədim Azərbaycan şəhərini Ermənistan torpağı elan etmək istəyirdilər.
Erməni Milli Şurası Bakı bölməsinin göstərişi ilə azərbaycanlılara qarşı vəhşiliklərdə nizami erməni ordusu əsgərlərinin də Bakı ermənilərinə yaxından yardım göstərməsi, erməni qoşunlarına başçılıq edən Amazasp, Stepan Lalayan və başqaları kimi bədnam ad çıxarmış daşnakların şəraitin tələblərindən, bolşeviklərin rəğbətindən istifadə edərək Qızıl Ordunun komandirlərinə çevrilməsi, erməni polkları da daxil olmaqla, bütün milli qoşun dəstələrinin Qızıl Ordu sıralarına cəlb edilməsi nə qədər sərsəm görünsə də, belə bir planın həqiqətən mövcud olduğuna dəlalət edir.
“Müsəlman hətta bolşevik olsaydı belə, ona aman vermirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olmağın kifayətdir”. Onlar kefi istədikləri adamı öldürür, evləri dağıdır, xaraba qoyurdular… Bolşevizm bayrağı altında daşnaklar müsəlmanlara qarşı hər cür vəhşiliyə yol verirdilər. Nəinki kişilərə, hətta hamilə qadınlara da rəhm etmirdilər”. Bu sözlərin müəllifi İnqilabi Müdafiə Komitəsi üzvləri sırasında adı çəkilən Nəriman Nərimanov olmuşdur. Onun münaqişanin ikinci dövrü haqqında bu qeydləri sadəcə daşnaklara qəzəbini ifadə etmirdi, həm də müsəlmanlar əleyhinə bolşevik-daşnak ittifaqına mənfi münasibətini bildirirdi.
Deyildiyi kimi, martın 31 – də müsavatçılar Bakı Sovetinin ultimatumunu qəbul etdikdən sonra sanki şəhər orta əsr qaydaları ilə iki günlüyə qaliblərin ixtiyarına verilmiş və bundan istifadə edən silahlı daşnaklar saysız-hesabsız cinayətlər törətmişdilər. Yalnız ayrı-ayrı yerlərdə azərbaycanlı əhalinin fədakarlıqla müdafiə olunması onların tamamilə məhv edilməsinin qarşısını almışdı. Beləliklə, azərbaycanlı əhali 15 min nəfər itki versə də, öz şərəfinin, ləyaqətinin axıra qədər tapdalanmasına yol verməmişdi (itkilərin sayı barədə rəqəmlər müxtəlifdir).
Bolşevik-daşnak alyansına dair başqa bir nümunə, İnqilabi Müdafiə Komitəsinin, indiyə qədər tarix kitablarında oxuduğumuz kimi, “fəal səyləri sayəsində” guya aprel ayının 2-də Bakı şəhərində qayda-qanun bərpa olunmuş və talanların qarşısı alınmışdı. Əgər erməni milli şurası və daşnak polkları buraxılmamışdısa, deməli, qayğıkeş hamilərin köməyi sayəsində fitnə-fəsad yuvaları və mənbələri saxlanılmışdısa, o zaman qayda-qanunun bərpa olunmasından axı necə danışmaq olardı?
Belə məlum olur ki, İnqilabi Müdafiə Komitəsi yalnız 1918-ci il 18 aprel tarixli məktubunda erməni milli şurasından bir hakimiyyət orqanı (?!) kimi təxirə salınmadan öz varlığına son qoymağı tələb etmiş və ona müsadirə etmək, vergi qoymaq, həbsə almaq, axtarış aparmaq və başqa bu kimi hökumət vəzifələrini (?!) yerinə yetirməyi qadağan etmişdi. Belə çıxmırmı ki, həmin talanlar və qırğınlar bir qədər yüngül formada olsa da, aprelin 18-dək davam etdirilmişdi (bəlkə elə buna görə Şaumyan yalnız qırğının 13-cü günü V.İ.Leninə yazmışdı ki, “Biz döyüşlərdə parlaq nəticələr əldə etmişik. Düşmən tamamilə darmadlğın edilmişdir”). Yaxud əgər etməni milli şurası hökumət funksiyalarını yerinə yetirirdisə, bu o demək deyildimi ki, Bakıda o vaxt ikihakimiyyətlilik mövcud olmuşdur?
Lakin Bakı bolşevikləri 18 gün sonra verdikləri bu sərəncamın da yerinə yetirilməsində təkid göstərməmişdilər. Hətta daşnak qoşun hissələrinin yenidən təşkil edilərək Sovet qoşunlarına qatılması belə başa çatdırılmamışdı. Nəticədə daşnak polkları əslində mütstəqil və əlahiddə dəstələr kimi qalmış, erməni milli şurası isə öz fəaliyyətini əvvəlki qaydada davam etdirmişdi. Bütün bunlar isə bir məntiqi nəticəyə gəlib çıxmaq üçün tam əsas verir ki, 1918-ci il aprelin 25-də təşkil edilmiş və fəaliyyətə başlamış Bakı Xalq Komissarları Soveti ilə əslində bolşevik-daşnak alyansının icraedici orqanı olmuşdur. Elə üç aylıq hakimiyyəti dövründə onun qan və zorakılığa əsaslanmış bütün fəaliyyəti və şərəfsizliklə hakimiyyətdən gedərək öz yerini eser-menşevik-daşnak sağ alyansına təhvil verməsi də bu deyilənlərin bir daha təsdiq edir.
V.Arzumanlı, V.Həbiboğlu, K.Muxtarov “1918-ci il qırğınlar (Bakı, 1995)” kitabından