(1917-ci il oktyabr -1918-ci il iyul)
1917-ci il Oktyabr ayının 26-də bolşeviklər Rusiyada siyasi hakimiyyəti silah gücünə ələ keçirəndən sonra uzun illərdən bəri rus demokratiyasına ümid edən qüvvələrin istəkləri iflasa uğradı. Digər tərəfdən, bu siyasi hadisə həm Antanta blokuna, həm də Dördlər blokuna daxil olan dövətləri Rusiya ilə bağlı öz siyasətlərini dəyişmək məcburiyyətində qoydu.
Oktyabr çevrilişi nəticəsində Rus ilə milli ucqarlar arasında, o cümlədən Cənubi Qafqazla əlaqə kəsildi. Böyük dövlətlər yaranmış bu vəziyyətdən öz maraqları naminə bəhrələnməyə başladı. Ona görə də Azərbaycan, xüsusən Bakı nefti böyük dövlətlərin rəqabət obyektinə çevrildi. Digər tərəfdən, antiazərbaycan qüvvələri, əsasən erməni hərbi-siyasi birlikləri «Böyük Ermənistan» xülyasını həyata keçirmək üçün Bakı şəhərini Azərbaycandan qoparmaq üçün bütün qüvvələrini səfərbər etdi.
Ərzincan barışığı ilə atəşgah elan olunandan dərhal sonra Qafqaz-rus cəbhəsindəki hərbi hissələr kortəbii şəkildə tərk etməyə başladı. Müharibədən cana doymuş rus əsgərləri evə can atırdılar. Belə olan halda Qafqaz ordusu qərargahının komissarı, Qafqaz ordusu diyar şurasının sədri, eser polkovnik D.Donskoyun layihəsi əsasında ordunun milli prinsip əsasında qurulmasına qərar verildi. Yəni Qafqazda erməni, gürcü və Azərbaycan korpusu yaradılmalı idi. Bu layihəyə görə rus hərbi hissələri arxa cəbhədə yaradılan erməni və gürcü hərbi birləşmələri ilə əvəz edilməli idi.
1917-ci il dekabr ayının 19-da Transqafqaz Komissarlığı ordunun buraxılması haqqında qərar qəbul etdi. Bu layihə Qafqazda anarxiyaya, özbaşınalığa yol açdı. Rus əsgəri cəbhəni tərk edərkən silahı xristian həmrəyliyi olaraq gürcülərə, daha çox ermənilərə verib gedirdi.
Ən nəhayət, 16 dekabr 1917-ci il Qafqaz cəbhəsinin komandanı tərəfindən 136 saylı əmr imzalandı. Bu əmr bilavasitə Cənubi Qafqazda erməni ordusunun yaradılması üçün verildi və erməni korpusu yaradıldı. Korpusa 1-ci və 2-ci erməni piyada diviziyası, erməni könüllülər diviziyası (komandiri Andronik idi) erməni kavaler briqadası (komandiri Q.Korqanov idi), dörd ərazi polku və beş ərazi batalyonu və s. daxil oldu. Üç diviziyanm şəxsi heyəti 17 min idi. Erməni korpusunun komandiri çar ordusunun general-leytenantı F.İ.Nazarbekyan idi.
Erməni korpusu İran sərhədindən Bayburta qədər olan cəbhəyə nəzarət edirdi. Gürcü korpusu Bayburtdan Qara daniz sahillərinə qədər olan ərazini qoruyurdu. Gürcü korpusunu komandiri çar ordusunun komandiri, general Qabaşvili idi.
Lyudendorf yazırdı ki, yalnız ermənilər türklərə qarşı vuruşurdu. Ona görə də onlar rus əsgəri cəbhəni tərk edib gedəndən sonra türk ordusunun Bakı istiqamətində hərəkətini səkkiz ay ləngitdi.
Qafqaz cəbhəsinin komandanı tərəfindən 5,11 və 18 fevral 1918-ci il əmri imzalandı. Arxa cəbhənin müdafiəsi də ermənilərə tapşırıldı. Bütün bunlar şərqi Anadoluda və Cənubi Qafqazda dinc müsəlman-türk əhalisinin təhlükəsizliyi üçün ciddi təhlükə yaradırdı. Cəbhədə əsgər çatışmırdı. Ona görə də Rusiyanın iri şəhərlərində erməni komitələri yaradıldı. Məqsəd keçmiş çar ordusunun zabiti olmuş erməniləri, eləcə də könüllü olaraq erməni gənclərini səfərbər edib, Qafqaza, xüsusilə də Bakı şəhərinə göndərmək idi.
Sovet hakimiyyəti onlara dəmiryol xərclərini, hərbi geyimi və silahı təmənnasız verdi. Ona görə də könüllü erməni dəstələri Petroqrad, Moskva, Odessa, Xarkov, Rostov xüsusən Voronejdən Qafqaza göndərilirdi. Bu dəstələrin çoxu 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində Tiflis və Yerəvana deyil, daha çox Bakı şəhərinə cəmləndi.
Qafqazdakı rus hərbi cəbhəsinə eyni zamanda Cənubi Azərbaycan və İran Kürdüstanındakı rus ekspedisiya korpusları da tabe edildi. 1917-ci ilin dekabrında bolşevik hökuməti rus ordusunun İrandan təxliyyə edilməsi haqqında əmr verdi. Şəxsi heyəti Kuban və Terek kazaklarından bu hərbi hissələr Qafqaz vasitəsilə Rusiyaya dönürdülər. Qafqazdakı rus hərbi cəbhəsinə qarşı Osmanlı Türkiyəsinin ikinci və üçüncü ordusundan ibarət olan Əhməd –İzzət paşanın komandanlığı altındakı Qafqaz Ordu qrupu dayanırdı. Üçüncü orduya Mehmet Vehib paşa, ikinci orduya isə Mustafa Kamal paşa komandanlıq edirdi. 1917-ci ilin dekabrında Qafqazdakı türk ordu qrupunun tərkibində dəyişiklik edildi və ümumi komandanlıq Mehmet Vehib paşaya tapşırıldı. Qafqazdakı türk ordu qrupunun şəxsi heyəti 20 min nəfərə çatırdı. Türk Qafqaz cəbhəsi Qara dənizdən rus, türk və İran sərhədlərindən kəsişdiyi xəttə qədər uzanırdı.
1917-ci il Oktyabr çevrilişinə qədər Cənubi Azərbaycanda türk ordusu yox idi. Sadəcə olaraq ərazidəki kürd və fars nizami hərbi hissələrində, alman və türk təlimatçıları var idi. Rus ordusunun Cənubi Azərbaycandan təxriyyə edilməsi və regionda türk-alman ordusunun olmamasından ingilislər yararlanmaq istədi. İngilislərin məqsədi Bakı şəhərini ələ keçirib düşmənlərini yanacaq ehtiyatından məhrum etmək və Mərkəzi Asiyaya gedən yolu bağlamaq idi.
Artıq 27 yanvar 1918-ci il ingilislər general Denstervilin başçılığı altında Mesopotamiyadan (Bağdaddan) İran ərazisindən keçmək şərtilə kiçik bir ekspedisiya Bakı istiqamətinə göndərdi. Ekspedisiyaya 12 zabit, 41 əsgər və sürücü daxil idi. Eyni zamanda bir zirehli maşın daxil idi. Ekspedisiyanın hərəkət planında kəşfiyyat əsas yer tuturdu. Məqsəd İran vasitəsilə Tiflisə daxil olmaq, ingilis zabit-təlimatçılarının köməyi ilə türk ordusuna qarşı dəstələr yaratmaq və Bakı şəhərini ələ keçirməkdən ibarət idi. Cənubi Azərbaycanın şimali-qərb hissəsində türklərin himayəsi altında olan kürd və azərbaycanlılardan ibarət dəstələr ingilislərin Culfadan keçməklə Tiflisə getməsinə imkan vermədilər. Ona görə də onlar qərara aldılar ki, Ənzəli vasitəsilə Bakıya doğru hərəkət etsinlər. 1918-ci ilin martından ingilislərə əlavə hərbi qüvvələr göndərildi. Hətta hərbi təyyarə və digər hərbi texnika ilə ekspedisiyanın heyəti gücləndirildi. İngilislər bundan istifadə edib Cənubi Azərbaycan şəhərlərini işğal etməyə başladılar. Zəncan, Müyanə və Urmiyanı ələ keçirdilər. İngilislər işğal etdikləri şəhərlərdə jandarmiya və hərbi hissələr yaratmağa başladılar, hətta ingilis zabitlərindən və «ələ alınmış» yerli əhalidən bir ingilis idarə qurumu yaratdılar.
1918-ci il mart ayının 23-də rus ordusunun Cənubi Azərbaycandan çıxarılması başa çatdı. Yalnız Həmədanda general N.N.Baratovun və kazak hərbi birləşməsinin bir hissəsi qaldı. Kuban və Terek kazaklarından təşkil edilmiş bir dəstəyə podpolkovnik Lazar Biçeraxov rəhbərlik edirdi. Bu dəstəni partizan kazakların bolşevik dəstəsi adlandırmaq olardı. Dəstənin içərisində antibolşevik əhval-ruhiyyəli zabitlər də var idi. Ona görə də ingilislər bu dəstənin daxilindəki ziddiyyətdəri öz xeyirlərinə istifadə etmək qərarına gəldilər.
General Denstervil tez bir zamanda həm general Baratovu, həm elə podpolkovnik L.Biçeraxovu ələ ala bildi.1918-ci il mart ayının 15-də Denstervil ilə L.Biçeraxov arasında gizli bir razılaşma imzalandı. L.Biçeraxov ingilis komandanlığına tabe olmaq razılığını verdi. Əvəzində ingilislərdən hərbi və maliyyə yardımı aldı. Bu razılaşmaya ingilislər L.Biçeraxovun dəstəsinə hər bir süvari atlı üçün bir günə (köhnə ingilis pulu ilə 21 şillenq dəyərində olan) 1 kineya ödəyirdi. Denstervil planına uyğun olaraq Biçeraxov şimala doğru hərəkət etməyə başladı. 1918-ci mart ayının 29-də Qəzvinə çatdı. İngilislər general Denstervilin ekspedisiyası ilə paralel olaraq, Türkiyə ilə mübarizəni gücləndirmək üçün İrana əlavə hərbi kontingent göndərdi. Bunu İngiltərə hökuməti 25 mart 1918-ci il tarixdə İran hökumətinə göndərdiyi notada bəyan etdi.
Şah hökuməti öz etiraz notasında cavab olaraq ingilislərin bu hərəkətini İranın müstəqilliyi üçün təhlükə kimi görərək, hərbi müdaxilə qiyməti verdi. Ancaq ingilislər İran tərəfini inandırmağa çalışdı ki, bu, onların düşündüyü kimi deyil və söz verdilər ki, türkləri regiondan çıxardıqdan sonra İran ərazisini tərk edəcəklər. Eyni zamanda İranın bu «mərhəməti» qarşılıqlı olaraq ingilis hökuməti tarəfindən mükafatlandırılacaqdır.
Türkiyə İngiltərə və bolşevik Rusiyasının Qafqaz regionunda həyata keçirdiyi hərbi və diplomatik tədbirləri nəzərə alaraq özünün bu regiondakı siyasətində dəyişiklik etmək qərarına gəldi. Qafqazdakı türk Ordu komandanlığı Bakıda yaradılan bolşevik-erməni hökumətinin antimüsəlman və antitürk siyasətinin qarşısını almaq məqsədilə 1918-ci ilin yanvar ayının sonunda xüsusi tədbirlər planı hazırlamaq qərarına gəldi. Türk ordusunun qarşısında duran strateji məqsəd Trabzon-Batum və Ərzurum-Aleksandropol (Gümrü) xəttini nəzarətə götürərək Bakı istiqamətində hərəkəti asanlaşdırmaq idi. Eyni zamanda Van-Bəyazit xəttini nəzarətə götürüb, Cənubi Azərbaycanda möhkəmlənmək idi. Qafqaz cəbhəsi Qara dənizdən – Van gölünə qədər olan cəbhə xəttini təşkil edirdi. Bura IV, I, VI ordu korpusunun daxil olduğu İkinci və Üçüncü ordu nəzarət edirdi. Bu cəbhəyə əlavə olaraq beş diviziya cəlb olunmuşdu. Qafqaz cəbhəsində vəziyyət olduqca ağır idi. Erməni hərbi dəstələri dinc müsəlman-türk əhalisinə qarşı amansız qətllər törədirdi. Vəziyyətin ağırlığını nəzərə alaraq, Qafqaz cəbhəsinin komandanı general-leytenant Mehmet Vehib Paşa orduya Brest-Litovsk sülhünə görə müəyyən olunmuş demarkasiya xəttini keçmək əmri verdi.
1918-ci il fevral ayının 12-də türk ordusu erməni ve vəhşiliklərinin qarşısını almaq üçün hərbi əməliyyatlara başlıadı. Ona görə də Ənvər Paşa 1918-ci il fevralın 12-də Deputatlar Palatasında çıxış edərək türk ordusunun Qafqaz cəbhəsində hərbi əməliyyatları başlamasının səbəbini açıqladı. Türkiyənin bu addımı yaxın müttəfiqi olan Almaniyanın etirazına səbəb oldu. Almaniya türk ordusunun Qafqaza daxil olmasını istəmirdi. Bunun bir neçə səbəbi var idi. Birincisi, Almaniya özü Qafqaza sahib olmaq istəyirdi. Xüsusən Bakı neftinə sahib çıxmaq istəyirdi. İkincisi, Almaniya Qafqazın təbii-coğrafi şəraitindən istifadə edərək Asiyaya nəzarət etmək imkanı əldə etmək istəyirdi. Nəhayət, üçüncüsü, Almaniya Sovet Rusiyasına qarşı müharibə aparmaq üçün Qafqazdakı bütün qüvvələri birləşdirmək istəyirdi. 1918- ci il mart ayının 2-də türk ordusu Ərzuruma çatdı. Ərzurum erməni-daşnak qüvvəsinin ən çox toplandığı ərazi idi. Ərzurumda 20 minlik rus-erməni hərbçisi var idi.Ərzurumun müdafiəsinə çar ordusunun zabiti Tverdoxlobov və qatı antitürk xislətli general Andronik rəhbərlik edirdi. 1918-ci il mart ayının 12-də türk ordusu Ərzurumu ələ çirdi. Erməni-daşnak qüvvələri Ərzurumun qisasını almaq üçün Azərbayan ərazisində kürd-müsəlman əhalisinə qarşı zorakılığı gücləndirdi. Ərzurum məsələsi 1918-ci il Bakıda və Azərbaycannın digər ərazisindəki ermənilərin törətdiyi soyqırımın ilk səbəblərindən biridir. Bunu S.Şaumyanın erməni xalqına etdiyi müraciət təsdiq edir. O, müraciətində Ərzurumu təslim etməkdə daşnakları günahlandırır və bunu erməni xalqının dəfni kimi qiymətləndirirdi. Ona görə də o, bütün erməniləri türk işğalçılarına, ağa və bəylərə qarşı mübarizədə birləşməyə çağırırdı.
Ərzurumda ağır məğlubiyyətə uğrayan Andranik antitürk fəaliyyətini Azərbaycana keçirdi. Qüvvəsinin qalan hissəsini Zəngəzura və Dağlıq Qarabağa yönəltdi. Ərzurumun alınmasına türklərlə yanaşı kürdlər və acarlar da mühüm rol oynadı. Korqanovun fikrincə, 7 mindən çox kürd silahlısı bu əməliyyatda iştirak edirdi.
1918-ci il Ənvər Paşa Dövlət Şurasının sədri və ədliyyə naziri Xəlil bəylə birlikdə Bakının azad edilməsi planını müzakirə etdi. Sonra o planı Baş Vəzir Tələt Paşaya təqdim etdi.Planın hərbi tərəfini hazırlamağı ögey qardaşı Nuru Paşaya və əmisi Xəlil Paşaya tapşırdı. Plana görə Nuru Paşa Cənubi Azərbaycan vasitəsilə Şimali Azərbaycana keçməli, orada türk hərbi əsirləri Azərbaycan mili ordusundan birləşmiş hərbi kontingent yaratmalı idi. Bu hərbi kontingentin adı Qafqaz İslam Ordusu adlanırdı. Ordunun komandanı Nuru Paşa idi. Paralel olaraq nizami türk ordusu da Gürcüstan ərazisindən keçərək Azərbaycana daxil olmalı və Qafqaz İslam Ordusu ilə birləşməli idi. 1918-ci il martın 22-də Nuru paşa bir neçə zabitin müşayiəti ilə İstanbuldan Mosula yola düşdü. Aprel ayının 12-də ora çatdı.
Bakı şəhərində və Azərbaycanın digər qəzalarında BXKS qüvvələri adı altında daşnak-bolşevik silahlıları tərəfindən 1918-ci il mart ayının 30-dan aprelin 1-ə kimi Azərbaycanın dinc müsəlman-türk əhalisinə qarşı soyqırım həyata keçirdiyi üçün, Nuru paşanı Bakının azad olunması planının icrası bir qədər ləngidi. 1918-ci il aprel ayının sonunda Türkiyə digər cəbhələrin hesabına Qafqaz cəbhəsindəki ordunun sayını artırdı. Türkiyə ordusunun 45 diviziyasından 10 diviziya Qafqaz cəbhəsində idi. VI və I Ordu korpusunun hərbi birləşmələri hesabına Qars ordu qrupu yaradıldı. Komandanı Yaqub Şövqü paşa idi. Qars ordu qrupunun qarşısında qoyulan döyüş tapşırığı, birinci, şərqi Ermənistanı ələ keçirmək və Tiflisə doğru irəliləməklə Tiflis-Bakı dəmiryolunu nəzarətə götürməkdən ibarət idi.
1918-ci il may ayının 8-də I ordu korpusunun komandiri general Kazım Qarabekir paşa Aleksandropol (Gümrü) istiqamətində hərəkət etmək əmri aldı. Məqsəd Aleksandropol- Culfa dəmiryolun nəzarətə götürmək idi. 1918-ci il may ayının10-da türk ordusu Arpa çayını keçərək həm şimaldan, həm də cənubdan Aleksandropola yaxınlaşdı. Həmin vaxt Batumidə ZFDK və türk nümayəndələr arasında sülh danışıqları başlamışdı. Batumda olan Transkafkaz sülh nümayəndə heyətinin erməni üzvləri türk ordusunun Aleksandropolu tutmasından narahat olduqlarını bildirdilər və türk nümayəndə heyəti ilə görüşmək təklifini verdilər. Batumda Xəlil bəylə daşnaklar arasında görüş keçirildi. Xəlil bəy görüşdə bəyan etdi ki, türk ordusunun Aleksandropolu ələ keçirməsi müvəqqəti xarakter daşıyır. Məqsəd İran və Cənubi Azərbaycan ərazisi ilə ingilislərin Bakı istiqamətində irəliləməsini dayandırmaqdır.Bu məqsədlə Gümrü-Culfa-Təbriz dəmiryol xətti nəzarət götürülməli idi. S.Şaumyan həyəcanla Moskvaya bildirdi ki, Culfadan Araz boyunca və Muğan düzü vasitəsilə Bakıya rahat yol var. Tezliklə türklər Bakıya doğru hərəkət edəcək.Bolşevik-daşnak bloku Aleksandropolda türklərə qarşı hərbi qruplar təşkil edirdilər ki, onların Bakı istiqamətində harəkətinin qarşısını alsınlar.1918-ci il may ayının 15-də türk ordusu Aleksandropolu aldı. May ayının 16-da türk ordu komandanlığı erməni milli korpusunun komandanı general-leytenant Nazarbekyana bir saat ərzində Aleksandropol- Uluxanlı -Culfa dəmiryolu xəttini boşaltmağı tələb etdi. Aleksandropolun ələ keçirilməsindən sonra türk ordusu Şərqi Ermənistana, daha dəqiq desək İrəvan quberniyasına daxil olaraq üç istiqamətdə hərəkət etdi.
Birincisi, Aleksandropoldan Tiflis şossesi ilə Kalininodan keçərək Tiflisə doğru hərəkət etdi. Məqsəd Tiflis vasitəsilə Bakıya doğru hərəkət etmək idi;
İkincisi, Aleksandropoldan Karakilsə (indiki Kirovakan) doğru hərəkət idi. Buradan türk ordusunun bir hissəsi dəmiryol vasitəsilə Sanani -Tiflis dəmiryolu ilə Tliflisə doğru hərəkət edirdi. Ordunun bir hissəsi isə Karakitis – Dilican-Qazax-Ağstafa yolu ilə Gəncə istiqamətində hərəkət edərək Bakıya doğru hərəkət etməli;
Üçüncüsü, Aleksandropoldan İrəvan-Culfa istiqaməti idi. Bu istiqamətdə türk ordusu İrəvan quberniyasının cənub qəzalarını, oradan isə Cənubi Azərbaycanı ələ keçirib Bakıya doğru hərəkət etmək istəyirdi. Culfadan Gorus-Şuşa yolu ilə Bakıya doğru hərəkət etmək əlverişli idi.
Vəziyyətdən duyuq düşən hiyləgər S.Şaumyan 1918- ci il may ayının 20-də RSFSR XKS-ə vurduğu teleqramda hay-həşir salırdı və qorxaqcasına bəyan edirdi ki, əldə olunan məlumatlar onu deməyə əsas verir, bildirim ki, türk ordusu sürətlə Bakıya doğru irəliləyir. Ona görə də bizə təcili kömək lazımdır.
1918-ci il may ayının 10-da türk ordusu Arpa çayından keçərək Aleksandropol istiqamətində hərəkətə başladı. May ayının 11-də Batumda öz işini dayandırmış Transqafqaz-türk sülh danışıqları bərpa edildi. 1 may ayının 26-na kimi artıq türk ordusu Ordubad istisna olmaqla Naxçıvan qəzasını, Şərur-Dərələyəz qəzasının yarısını, İrəvan qəzasının yarısını, Eçmiədzin (Qarhun) qəzasını ələ keçirdi. Həmin gün Transqafqaz Seyminin dağılması ilə yadda qaldı. Transqafqaz federasiyasını yaratmaq ideyası puça çıxdı. Cənubi Qafqazda müstəqil dövlətlər yarandı. Batum sülh konfransı öz işini dayandırsa da, müstəqil Azərbaycan, Gürcüstan və Ermənistan dövlətləri ayrılıqda Türkiyə tərəfi ilə ikitərəfli sülh danışıqları aparmağa başladı. 1918-ci il iyulun 1-də Türkiyə ilə Ermənistan arasında centlemen razılaşma oldu. Erməni tərəfi Sürməli Şərur-Dərələyəz qəzalarının, həmçinin İrəvan və Eçmiədzin qəzalarının bir hissəsini türklərə verməsinə razılıq verdi. İyulun 4-də türk ordusu Naxçıvanı ələ keçirdi.Türk ordusu Naxçıvandan Culfa istiqamətidə hərəkət etməyə başladı. Türk ordusu Culfada Bakı və Təbriz istiqamətində hərəkət etmək məqsədilə hazırlıq işlərini həyata keçirərək hərbi qərargah yaratdı. Türk ordusunun bu uğurları Naxçıvanın, Zengəzur və Qarabağın müsəlman-türk əhalisinin sevincinə səbəb oldu. Çünki Azərbaycanın bu regionlarda erməni silahlı dəstələri xarici himayədarlarının dəstəyi ilə dinc müsəlman-türk əhalisinə qarşı kütləvi soyqırım həyata keçirirdi. Daşnak hökuməti Fransanın dəstəyinə daha çox arxalanırdı. Fransanın Qafqazdakı missiyasının rəhbəri kapitan Puadeber İrəvanda idi. Və Ermənistan hökumətinə hər cür yardımın göstəriləcəyinə söz vermişdi. Azərbaycanın dinc əhalisinə qarşı hərbi zorakılıq və vandalizm bilavasitə Andronikin dəstəsi tərəfindən həyata keçirilirdi. Çox təəssüf ki, Andronikin bu vəhşiliyinə beynəlxalq ictimaiyyət tərəfindən nəinki göz yumulurdu. Hətta onun əməlləri «erməni xalqının azadlığı uğrunda aparılan mübarizəsi» kimi qiymətləndirilirdi. Andronik silahlı dəstə toplayaraq, may ayının əvvəllərində Dilicandan Yeni-Bəyaril və Naxçıvan istiqamətində hərəkət etməyə başladı. Azərbaycan Milli ordusu onun çirkin əməllərinin qarşısını ala bildi. Naxçıvanda olan türk hərbi hissəsinin köməyi ilə Andronik oradan çıxarıldı. Ondan sonra Andronik 1918-ci il iyul ayında Şaumyanm vasitəsilə sovet hakimiyyəti platformasına keçdiyini bəyan edərək, öz çirkin əməllərini Dağlıq Qarabağ və Zəngəzur qəzalarında həyata keçirməyə başladı. Hansı ki, Birinci Dünya müharibəsi illərində dinc əhaliyə qarşı öz vəhşi əməllərini həyata keçirdi. Türkiyə tərəfi Birinci Dünya müharibəsində iştirak edən dəstələrin Bakı nefti uğrunda apardığı müharibəni görərək, həm Bakı, həm də Cənubi Azərbaycan məsələsində qətiyyətli addım atmaq məcburiyyətində idi. Çünki yenicə yaranmış müstəqil Azərbaycan dövlətinin nə hərbi gücü, nə maliyyə imkanı, nə də ki, beynəlxalq dəstəyi yox idi ki, Azərbaycan üçün taleyüklü bu məsələləri həll etsin. Cənubi Azərbaycan Birinci Dünya müharibəsində iştirak edən dövlətlərin Bakıya daxil olması üçün alternativ yol idi.
Cənubi Azərbaycanda əməliyyatı Türkiyənin Qafqazdakı cəbhəsinin sağ cinahını bağlayan IV Ordu korpusu həyata keçirirdi. Bu orduya 1918-ci il iyulun 30-na kimi general Əli İhsan paşa komandanlıq etmişdir. Korpusa iki diviziya daxil idi. 5-ci piyada diviziya komandiri Mustafa İzzət bəy və 12-ci piyada diviziyası komandiri Əli Rüfət bəy idi. Ordu korpusuna VI Ordu korpusu Mesopotamiya tərəfdən dəstək verirdi. Cənubi Azərbaycan cəbhəsində hərbi əməliyyatlar, Qafqaz cəbhəsi ilə müqayisədə ləng aparılırdı. 1918-ci il fevralm ortalarında türk ordusu Trabzon-Batum və Ərzurum-Aleksandropol istiqamətində hərəkətə keçəndə IV Ordu tapşırıq aldı ki, Rusiyanın qafqazdakı cəbhəsinin buraxıldığı son cinahı yararaq, Van-Bəyazit rayonuna çıxsın və rus-türk sərhədlərinə yaxınlaşıb Gilanı ələ keçirib, oradan Ənzəliyə, sonra isə Bakı istiqamətində hərəkət etsin.
1918-ci il martın 3-də imzalanmış Brest-Litovski sülh müqaviləsinin VII maddəsinə görə həm Sovet Rusiyası, həm də Türkiyə öz ordusunu İran ərazisindən çıxartmalı idi. Bu maddə Rusiyaya sərf edirdi. Çünki Qafqazdakı rus cəbhəsi dağılmışdı. Rusiyanın cənub sərhədləri Şimali Qafqaza qədər kiçilmişdi. Ölkənin daxilində Vətəndaş müharibəsi gedirdi. Ona görə də Rusiyanın Cənubi Azərbaycanda ordu saxlaması qeyri-mümkün idi. Bu şərait əksinə türkiyə tərəfində daha çox sərf etdi. Cənubi Azərbaycan Türkiyə üçün Şimali Azərbaycanın cənub sərhədlərinə çıxmaq məqsədi ilə lazım idi. Tezliklə VI Ordu Lahicanı tutdu. Təbrizə daxil oldu. 1918-ci ilin birinci yarısında Cənubi Azərbaycan məsələsi ciddi xarakter aldı. Bir tərəfdən ingilislər, bir tərəfdən antibolşevik rus qüvvələri öz gücünü burada toplayıb Bakı istiqamətində hərəkət etmək istəyirdi. Ona görə də Türkiyə bunu nəzərə alıb Cənubi Azərbaycan isfiqamətində fəaliyyət aparırdı. 1918-ci il iyun ayının 2-də Mehmet Vehib paşa Nuru paşaya məktub yazaraq tələb etdi ki,cənubi Azərbaycanda hərbi əməliyyatları gücləndirmək lazımdır.
Bu məqsədlə Qafqaz cəbhəsində ordunun bir hissəsi Culfa vasitəsilə Cənubi Azərbaycana göndərildi. Türkiyə planına görə 1918-ci il iyun ayının əvvəllərində VI Ordu Xoy, Urmiya, Sərab və Ərdəbili ələ keçirdi. 1918-ci il iyunun 14-də lV Ordu korpusunun 2000-Iik dəstəsi Təbrizi ələ keçirdi. IV Ordu korpusunun qərargahı Təbrizdə yerləşirdi. General Əli İhsan Paşa komandanlıq edirdi.
Birincisi, cənubi Azərbaycan Türkiyə üçün Bakı istiqamətində ordunun hərəkəti üçün əlverişli idi; ikincisi, türk ordusu Mesopotamiyadakı ingilis ordusu ilə Gilandakı general Denstervilin rəhbərlik etdiyi ingilis ekspedisiyası arasındakı əlaqəni qurmaq imkanı əldə edirdi və nəhayət, türk ordusu Mesopotamiyada ingilis ordusunun hərəkətinin qarşısını alırdı.
Mehmed Fuad Köprülüzadə «Tərcüməni-həqiqət» qəzetində yazırdı: Türkiyənin Cənubi Azərbaycana gəlişi bu regionu güclü türk mədəni mərkəzinə çevirmək niyyətindən irəli gəlirdi . Türkiyənin həm Cənubi Azərbaycanda, həm də Bakıda güclü mövqe tutması, müttəfiqi Almaniyanı da narahat edirdi.Almaniya türk ordusunun Qafqaz cəbhəsindəki hərbi əməliyyatlarını məhdudlaşdırmaq, Bakı istiqamətində hərəkətini dayandırmaq üçün Gürcüstandan vasitə kimi istifadə etmək qərarına gəldi. Ona görə də Almaniya Gürcüstan hökuməti ilə 1918-ci il may ayının28- də Potidə bir razılaşma imzaladı. Almaniya tərəfi bunu Brest-Litovski müqaviləsindən irəli gələn bir sənəd şərh etməyə çalışırdı. 5 maddədən ibarət olan bu razılaşma Gürcüstan iqtisadiyyatı və dəmiryolunun almanların tam nəzarətinə keçməsi demək idi. Almaniya Gürcüstanda hərbi, siyasi və iqtisadi mövqeyini daha da möhkəmlətmək üçün 1918-ci il iyul ayının 12-də bilavasitə iqtisadi məsələlərə həsr olunmuş yeni bir müqaviləni imzaladı bütün bunlar türk ordusunun Gürcüstan ərazisindən keçərək Bakı istiqamətində hərəkətinin qarşısını almağa hesalanmışdı. Almaniyanın bu planını iqtisadi tərəfi Averella Hariman tərəfindən hazırlandığı üçün, buna bəzən Averella Harriman planı da deyirlər.
Gürcü hökumətinin Almaniyaya üstünlük verməsi və Almaniyanın himayədarlığnı qəbul etməsi Osmanlı türk hökumətində narazılıq yaratdı. 1918-ci il may ayında Batumidə olan Ənvər paşa jurnalistlərin suallarnı cavalandırarkən bu məsələyə müsbət münasibət bildirməmişdi. Çünki o, yaxşı bilirdi ki, Gürcüstan ərazisi ilə Bakı istiqamətində hərəkət edən türk ordusu Poti razılaşmasının şərtinə uyğun olaraq Gürcüstan dəmiryoluna, o cümlədən bütün nəqliyyat sisteminə nəzarət edən alman ordusunun maneələri ilə qarşılaşacaqdır. Ona görə də 1918-ci il 2 tarixdə VI və I Ordu birləşmələrinin cəmləşdiyi ordu qrupunun komandiri Yaqub Şövqü paşa Ümumi komandanlıqdan aldığı təlimata uyğun olaraq əmr imzaladı: Birinci, ordunun hərəkət etdiyi ərazilərdə qarşılaşdığı alman hərbiçiləri ilə maksimum dərəcədə nəzakətlə davranmaq; ikin- ci,onIarı türk ordusunun hərəkət etməsinə mane olmamağa inandırmaq; üçüncü, imtina edəcəkləri təqdirdə tərksilah edib Qarsa göndərmək; ən nəhayət, əgər onlar hərbi qarşıdurmaya gedərsə və silah işlədərlərsə uyğun hərəkət etmək .
Bəzi hallarda türk və alman hərbi hissələri arasında qarşıdırma yaşanırdı. Odur ki, alman tərəfi, türkləri hər cür yardımları dayandıracaqları ilə hədələyirdilər. Maraqlı cəhət odur ki, Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında Batum müqaviləsi imzalanmışdı. Bəzi hallarda alman tərəfinin təhriki ilə gürcü hərbçiləri də türk ordusuna qarşı silah işlədirdi. 1918-ci il iyunun 14-də hərbi hissələri Sadaxlı kəndində Gəncə istiqamətində hərəkət edən türk hərbi eşolonuna hücum edərək 358 furqon, hərbi sursat və ərzaq ehtiyatını, 300 atı ələ keçirib, o cümlədən 300 türk əsgər və zabitini əsir götürdü.
«Bakı məsələsində» Almaniya Türkiyə ilə aralarında müharibə vəziyyətinin yaranmasını istəmirdi. Ona görə də 1918-ci il iyunun 17-də fon Kress fon Kressenşteyni Gürcüstana gələrkən yolüstü İstanbulda dayandı. O, Türkiyə Baş komandanlığı ilə danışıq apardı. Məqsədi Türk ordusunun Bakı istiqamətində hərəkətini dayandırmaq idi. O, iyun ayının 29-da Batumidə Türk ordu komandanı Mehmet Vehib paşa ilə görüşdü. Fon Sekta da paralel olaraq İstanbulda danışıq aparırdı. Ancaq Türkiyə Almaniya tərəfinin bütün cəhdlərinə baxmayaraq, Bakı istiqamətində hərbi əməliyyatların aparılmasında israrlı idi. 1918-ci il may ayından başlayaraq türk hökuməti bu məqsədlə öz hazırlıqlarını davam etdirirdi. Təbriz, Culfa, Gəncə yə Batumda ordunun yerləşdirilməsi ilə bağlı gərgin iş aparırdı.
Bakıda isə «erməni-sovet» hökuməti böyük təşviş içində idi. BXKS-nin hərbi-dəniz işləri üzrə komissarı Q.Korqanov S.Şaumyana verdiyi raportda çox ciddi düşmənlə üzləşəcəklərini xəbərdarlıq edirdi. Odur ki, 1918-ci ayının 24-də S.Şaumyan Leninə vurduğu teleqramda təcili əlavə hərbi yardımın göstərilməsini istəyirdi. Artıq Paşanın komandanlığı altında Bakı şəhərinin azad olması üçün ciddi hazırlıq gedirdi.
1918-ci il may aynın 4-də Nuru Paşa Mosuldan Təbrizə gəldi. Oradan isə bir qrup zabitlə Uluxanlı-Qazax istiqamətində hərəkət edən nizami türk ordusunun qərargahına yola düşdü. Burada Qazax-Ağstafa vasitəsilə Gəncə şəhərinə doğru irəliləyən 5-ci türk Qafqaz diviziyasının komandanı vəzifəsini qəbul etdi.
1918-ci il may ayının 25-də 5-ci türk diviziyasının ön hissələri Gəncəyə daxil oldu. Nuru Paşa Gəncəyə may ayının 27-də gəldi və o, dərhal Qafqaz Müsəlman Ordusun formalaşdırılması işinə başladı.
Artıq S.Şaumyan öz mənfur planını, yəni Bakının şəhərinin Azərbaycandan qoparılması istəyinin iflasa uğradığını dərk edirdi. Çünki, bolşeviklərə sığınan erməni-daşnak ünsürləri Şimali Qafqazda müstəqil Dağlı respublikası yaranandan sonra Sovet Rusiyası ilə əlaqə yarada bilmədikləri üçün çətin vəziyyətə düşdü. Onda erməni hərbi-siyasi birlikləri S.Şaumyan başda olmaqla ingilislərin və amerikanların timsalında özlərinə yeni «əmi», «dayı» axtarışına çıxdı.
Ələmdar Şahverdiyev,
Tarix elmləri doktoru