
Bakıda Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxili xidmət general-polkovniki Aleksandr Çupriyan arasında ikitərəfli görüş olub.
Görüşdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası arasında əməkdaşlıq məsələləri və Bakıda keçirilən konfrans barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Sonra konfransın açılış mərasimi keçirilib.
Tədbirdə federasiyaya üzv ölkələrdən – Almaniya, Avstriya, Belarus, Bolqarıstan, Çin, Çex Respublikası, Hindistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan, Kamerun, Latviya, Monqolustan, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Rusiya, Serbiya, Slovakiya və Vyetnamdan, eləcə də federasiyanın tərəfdaş şirkətlərindən ümumilikdə 100 nəfərdən artıq nümayəndə, habelə videokonfrans formatında Türkiyə və Qırğızıstan təmsilçiləri iştirak ediblər.
Konfransın açılışında K.Heydərov beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb, bu mötəbər konfransı yanğınsöndürmə və xilasetmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsi, yeni təcrübələrin və qabaqcıl yanaşmaların öyrənilməsi baxımından vacib platforma kimi qiymətləndirib.
Nazir Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması tarixinə qısa ekskurs edib, ölkəmizdə bu sahədə görülən işlər barədə ətraflı məlumat verib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əhali və ərazilərin təhlükəsizliyi məsələlərini daim diqqətdə saxladığını vurğulayıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinin dövlət başçısının diqqət və qayğısı sayəsində istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparmaq imkanına malik peşəkar dövlət orqanı kimi formalaşdığını qeyd edib.
Nazir K.Heydərov Fövqəladə Hallar Nazirliyinin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən də danışıb, dövlət başçısının tapşırıqlarına əsasən dünyanın müxtəlif regionlarında aparılmış xilasetmə əməliyyatlarından, fəlakət zonalarına çatdırılmış humanitar yardımlardan bəhs edib.
Fövqəladə hallar naziri bu il Ər-Riyad şəhərində keçirilmiş yanğınsöndürmə-xilasetmə idmanı üzrə kişilər arasında XX və qadınlar arasında XI Dünya Çempionatının yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyinə təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çupriyan konfransın təşkilində göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib. A.Çupriyan təbii və texnogen fövqəladə hadisələrin artdığı müasir dünyada yanğınsöndürən və xilasedici peşəsinin əhəmiyyətinə toxunub, onların peşəkar hazırlıq səviyyəsinin daim artırılmasının vacibliyini bildirib. Bu baxımdan belə tədbirlərin keçirilməsinin sözügedən peşə sahibləri arasında səmərəli təcrübə mübadiləsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.
Konfransda Aleksandr Çupriyan tərəfindən nazir Kəmaləddin Heydərova Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının “Beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə” medalı təqdim olunub.
Sonra konfrans işini digər natiqlərin çıxışı ilə davam etdirib.
Qeyd edək ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən və dekabrın 6-dək davam edəcək konfransda yanğın-xilasetmə idmanının inkişafı, bu idman növü üzrə keçirilmiş son dünya çempionatının təhlili, habelə 2026-cı ildə yanğın-xilasetmə idmanı üzrə dünya çempionatlarının təşkili və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









