Dekabrın 7-də ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov müstəqilliyimizin bərpasının xalqımız üçün tarixi bir nemət olduğu kimi, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət daşıdığını söyləyib. Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyini deyən Ə.Əhmədov bildirib: “Bu inkişaf təkcə iki ölkə arasında deyil, həm də beynəlxalq münasibətlər sistemində onların nüfuzunun artmasına və qlobal arenada daha fəal mövqe tutmalarına imkan yaradıb”.
Parlament sədrinin birinci müavini, həmçinin diqqətə çatdırıb ki, dünya çox sürətlə dəyişir, təbiət dəyişir, insanlar da dəyişir. Cəmiyyət də dəyişir və çox təəssüflə qeyd etmək lazımdır ki, bir sıra hallarda bütün bu dəyişikliklər insanlara acılar gətirir. İkinci Dünya müharibəsindən sonra yaranan beynəlxalq münasibətlər sistemi və beynəlxalq hüquq indi ağır böhran içərisindədir. Acı həqiqət ondan ibarətdir ki, artıq proses geriyə dönməz xarakter alıb.
Onun sözlərinə görə, artıq dünya beynəlxalq münasibətlər sisteminin, beynəlxalq hüququn yeni reallıqlara uyğunlaşdırılmasına məhkumdur. “Təəssüflə qeyd etmək lazımdır ki, İkinci Dünya müharibəsindən sonra hüququn ali olmasını təmin etmək məqsədilə yaradılmış beynəlxalq münasibətlər sistemi də, beynəlxalq hüquq sistemi də çöküb və bunun alternativi olaraq güc amili meydana gəlir. İndi güc beynəlxalq hüququn çox ciddi alternativinə çevrilir. Səbəb də ondan ibarətdir ki, beynəlxalq münasibətlər sistemi də, beynəlxalq hüquq da indi yaranmış dünya reallıqlarına lazımınca cavab verə bilmir”, – deyə parlament sədrinin birinci müavini əlavə edib.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay ölkələrimiz arasında münasibətlərin xüsusi əhəmiyyətə malik olduğunu deyib. Bildirilib ki, iki ölkə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq bütün siyasi məsələlərin fövqündə dayanır, milli maraqlar çərçivəsində qiymətləndirilir. Bu münasibətlərin güclənməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə Türk dünyası üçün mühüm töhfələr verir.
F.Oktay diqqətə çatdırıb ki, bu il Azərbaycan parlamentinin 106-cı ildönümü ilə yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk dəfə seçkilərin keçirilməsi ilə əlamətdardır. “Bu, ölkənin demokratik inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. İlk dəfə olaraq azad edilmiş ərazilərdə xalqın iradəsi seçkilər vasitəsilə parlamentə əks olunub. Bu proses Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və demokratik dəyərlərin təntənəsi baxımından xüsusi əhəmiyyət kəsb edir”, – deyə o əlavə edib.
Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunan TBMM-in komitə sədri vurğulayıb ki, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi vacib məsələdir. Bu cür beynəlxalq tədbirlər iki qardaş ölkə arasındakı əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir.
Daha sonra konfransda “Parlamentlərin ictimai diplomatiyada rolu” mövzusunda müzakirələr aparılıb.
Müzakirələrdə Milli Məclis sədrinin müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Orhan Erdem, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, TBMM-in üzvü Nurhayat Altaca Kayışoğlu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, TBMM-in Türkiyə-Avropa İttifaqı Birgə Parlament Komitəsinin həmsədrinin müavini Konur Alp Koçak çıxış ediblər.
Tədbirdə Azərbaycan və Türkiyə parlamentlərinin ictimai diplomatiya sahəsindəki rolu, ortaq layihələrin həyata keçirilməsi, regional və qlobal çağırışlara birgə cavab vermək məqsədilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də əməkdaşlığın dərinləşdirilməsi və ictimai diplomatiyanın səmərəliliyinin artırılması istiqamətində məsələlər müzakirə olunub.