Oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdə Zeytun Festivalı keçirilir .
AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.
“İçərişəhər uzun illərdir ki, müxtəlif mədəni, incəsənət və kulinariya tədbirlərinə ev sahibliyi edir. Hazırda da burada zeytun mövsümünün ən gözəl bayramı keçirilir”, – deyə AZƏRTAC-a açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbərinin müavini Rəna Mustafayeva bildirib.
Onun sözlərinə görə, Qoşaqala meydanında 15-dən çox pavilyon quraşdırılıb və burada yerli istehsalçılar zeytun və zeytun məhsullarını ziyarətçilərə təqdim edirlər. “Ən sevindirici məqam odur ki, festival təkcə yerli qonaqların deyil, həm də çoxsaylı xarici turistlərin diqqətini cəlb edib. Bu, bir daha sübut edir ki, festivalın əsas məqsədi – yerli brendlərin tanıdılması və dəstəklənməsi – uğurla reallaşır”, – deyə Rəna Mustafayeva qeyd edib.
Festival çərçivəsində retro avtomobillərin nümayişi, sərgilər, eləcə də ustad dərsləri keçirilir. Bununla yanaşı, İçərişəhərdə fəaliyyət göstərən 17-dən çox restoran tədbirə qoşularaq zeytun və zeytun yağı əsasında xüsusi menyular hazırlayıb. “Qonaqlar bu gün İçərişəhərdə həm milli mətbəxin zənginliyini, həm də yerli istehsalın keyfiyyətini əks etdirən xüsusi təamların dadına baxa bilirlər”, – deyə idarə rəsmisi əlavə edib.
Festival çərçivəsində zəngin yarmarka proqramı, konsertlər, rəssamların açıq hava plenarı, həmçinin sərgilər təşkil olunub
Festivala gələn qonaqlar həm müxtəlif bölgələrdən gətirilən zeytun və zeytun məhsulları ilə tanış olur, həm də İçərişəhərin tarixi mühitində maraqlı mədəni və əyləncəli anlar yaşayırlar.
İçərişəhərin özünəməxsus ab-havasında keçirilən bu festival yerli sənətkarların, rəssamların, musiqiçilərin iştirakı ilə birgə ənənə və müasirliyin vəhdətini nümayiş etdirir.
Bundan əlavə, festival çərçivəsində uşaqlar üçün xüsusi əyləncə proqramı da nəzərdə tutulub. Kiçik ziyarətçiləri oyunlar, yaradıcılıq guşələri və maraqlı ustad dərsləri gözləyir.
Xatırladaq ki, tədbir hər kəs üçün açıqdır. Ziyarətçiləri dadlı məhsullar, canlı musiqi, sənət nümayişləri və ailəvi istirahət üçün unudulmaz atmosfer gözləyir.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









