1918-ci ilin mart ayının son günlərində Bakı Soveti “əksinqilab elementlərlə mübarizə” şüarı altında irimiqyaslı silahlı aksiyaya başladı.
“Əksinqilabı element” adı altında başda “Müsavat” partiyası olmaqla azərbaycanlıların milli qüvvələri nəzərdə tutulsa da bu “cəza aksiyası” Bakı şəhərinin və onun ətraf kəndlərinin bütün müsəlman əhalisinə qarşı yönəldi və başladığı andan kütləvi talan və qırğınlar xarakteri aldı. Bu hərbi əməliyyata “İnqilabı müdafiə komitəsi” adlı komitə rəhbərlik edirdi. “Bakı şəhəri və onun rayonlarının ali hərbi-siyasi orqanı” elan edilən bu komitənin tərkibinə bolşeviklərdən – S.G.Şaumyan, Q.Korqanov, P.Caparidze, İ.Suxartsev, sağ eserlərin lideri S.Saakyan və “Daşnaksütun” partiyasının Bakı təşkilatının rəhbəri S.Melik-Yolçuyan daxil edilmişdi. Komitədə azərbaycanlılardan yeganə namizəd “əksinqilab elementlər ilə mübarizə”nin ilk günlərində dinc azərbaycanlı əhalisinə qarşı vəhşiliklərin miqyasından dəhşətə gəlmiş bolşevik N.Nərimanov idi. Bir həftə davam edən, onun üç günü – martın 30-u axşamından aprelin 2-dək – xüsusilə kütləvi xarakter alan qırğın və talanlar nəticəsində Bakı şəhəri və qəzasının əsasən müsəlman-türk əhalisinin, əksəriyyəti dinc sakinlərdən ibarət – “fəhlə və aralarında minlərlə qadının, uşaqların və silah daşıya bilməyən adamların olduğu əhalinin məzlum hissəsini” təşkil edən – 12 min nəfər vəhşicəsinə qətlə yetirildi.
Şəhərin müsəlman məhəllələrində həmçinin on minlərlə ev, müsəlmanlara məxsus sənaye, mülki, ticarət obyektləri, habelə azərbaycanlıların sosial-mədəni və dini mərkəzlərini təcəssüm etdirən bir sıra binalar yandırıldı və talan edildi. Bakının müsəlman əhalisinə vurulmuş maddi zərər, təkcə istintaqa məlum olan faktlar əsasında, rublun (manatın) köhnə dəyəri ilə təxminən 400.000.000 rubl təşkil edirdi.
Mart hadisələrinin ilkin səbəbləri, gedişi, xüsusiyyətləri və nəticələri üzərində ətraflı dayanmadan, bunu qeyd etmək lazımdır ki, artıq qanlı hadisələrin başladığı andan, müsəlman qırğınlarının rəhbərləri və səbəbkarları, başda S.Şaumyan olmaqla, bu qırğınları ““Müsavat” partiyasından olan millətçilərin və onların arxasınca gedən əksinqilabi elementlərinin qiyamının”, sonradan isə – “vətəndaş müharibəsinin” yatırılması kimi qələmə verirdilər. Lakin, mart hadisələrinin mahiyyətinin bu “qiyam” və “vətəndaş müharibəsi” şərhləri heç bir tənqidə davam gətirmir.
Mart hadisələri ərəfəsində Bakıda və onun ətrafında azərbaycanlıların, o cümlədən ““Müsavat” partiyasından olan millətçilərin”, düşmənin 12 minlik “Qızıl ordusu” qarşısında “qiyam” qaldıracaq hər hansı iri hərbi birləş-mələrinin olmaması yalnız “Müsavat” partiyasının lideri Məmməd Əmin Rəsulzadə tərəfindən deyil, həm də həmin hadisələrin digər iştirakçıları və şahidləri tərəfindən təsdiq olunurdu.
M.Ə.Rəsulzadə bu məsələ ilə bağlı yazırdı: “Mart hadisələrində “Müsavat”ı günahlandırırlar. Bu tamamilə əsassız idi, belə ki, müharibə elan etmək üçün heç olmasa müəyyən fiziki qüvvəyə malik olmaq lazım idi ki, bu da “Müsavat”da yox idi”.
Bu faktı 1918-ci il mart hadisələrinin mahiyyətini açıqlayan ilk sovet tədqiqatçıları da, ümumən qərəzli mövqelərinə baxmayaraq, təsdiq edirdilər: “Müsavat” partiyasının rəhbər özəyi 18 (30) mart günü döyüşlərin başlayacağını gözləmirdi. Rayonlarda yerləşən müsavat qüvvələri şəhərə çəkilib gətirilməmişdi. Həmin gün şəhərdə “Müsavat” partiyasının müntəzəm hərbi hissələri yox idi”. Eyni millətdən olan on minlərlə dinc əhalinin öldürüldüyü və yaralandığı 1918-ci ilin mart hadisələri vətəndaş müharibəsinin V.İ.Lenin tərəfindən verilmiş tərifinə də uyğun gəlmirdi. Bolşevizm ideoloquna görə vətəndaş müharibəsi “bir sinfin nümayəndələrinin əlində silah digər sinfə qarşı apardığı sinfi mübarizənin ən kəskin forması”dır.
Tamamilə aydındır ki, dinc müsəlman sakinlərin qırğınını törədən silahlı erməni-daşnak dəstələrini (həmin dövrdə Qızıl Ordunun 70%-ini onlar təşkil edirdi), habelə azərbaycanlı qırğınlarının hazırlanmasında və həyata keçirilməsində böyük rol oynamış Erməni Milli Şurasının başçılıq etdiyi Bakı şəhərinin çoxsaylı erməni əhalisini heç cür “sinif” kimi xarakterizə etmək olmazdı. Yəqin ki, “əsil rus marksisti” kimi bu məqamı S.Şaumyan özü də anlayırdı və mart hadisələrinin faciəvi miqyasları qarşısında baş vermiş hadisələrə hər hansı bir izahat vermək məcburiyyəti qarşısında etiraf edirdi ki, “Daşnaksütun”un iştirakı “vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdir”. Lakin Şaumyan elə oradaca qırğınlara bəraət qazandırırdı: “Lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik… Əgər onlar Bakıda üstün gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi”.
Beləliklə, 1918-ci ilin martında Bakı şəhərində baş verən faciəli hadisələr faktiki olaraq bolşeviklər tərəfindən planlaşdırılmış, bolşevik-daşnak tandemi tərəfindən isə həyata keçirilmişdi.
Azərbaycanın tanınmış siyasi və ictimai xadimi, Bakı şəhərində hərbi əməliyyatların dayandırılması məqsədilə bolşeviklərin ultimatumunu qəbul etmiş Azərbaycan nümayəndə heyətinin üzvlərindən biri və hadisələrin gedişində bolşeviklər tərəfindən həbs edilmiş Əli Mərdan bəy Topçubaşov həmin günlər, hadisələrin isti izi ilə həmin qüvvələri azərbaycanlılara qarşı münasibətdə çox dəqiqliklə xarakterizə edirdi: “Öz mahiyyətinə görə müdhiş olan vətəndaş müharibəsi bolşeviklər tərəfindən yalnız onlara xas olan nifrət və dağıdıcı instinktlə rəvac verilmiş kütləvi qırğınlara və dinc müsəlmanların qətlə yetirilməsinə gətirib çıxarmışdır. Həm də bu yalnız bir məqsədlə – hakimiyyətə gəlmək məqsədilə həyata keçirilmişdir”. Bunun ardınca Əli Mərdan bəy baş vermiş faciənin mahiyyətini açıqlayan çox vacib məqamı vurğulayır: “…Şəhərin müsəlman əhalisinin məhv edilməsinə gətirib çıxaran bu hadisələrdə erməni elementinin bilavasitə iştirakı da çirkin rol oynamışdır ”.
Bununla bərabər, həmin dövrün hadisələrinin və sənədlərinin hərtərəfli araşdırılması belə deməyə əsas verir ki, mart hadisələrində bolşeviklər üçün hakimiyyət məsələsi nə qədər vacib və əhəmiyyətli olsa da, erməni faktoru həmin hadisələrdə birmənalı olaraq, müəyyənedici amil olmuşdur.
1918-ci ilin mart hadisələrində azərbaycanlıların kütləvi şəkildə fiziki cəhətdən məhv edilməsində şəxsən bolşeviklərin (və ya rusların) marağı olmamışdır və bu, bir çox faktlarla, o cümlədən Bakı Sovetinin rəhbərlərindən biri olan bolşevik A.Caparidzenin, həmçinin hərbi əməliyyatların və sonrakı qırğınların dayandırılmasında iki piyada rus alayının fəal iştirakı ilə təsdiq edilir. Məlumdur ki, Bakıda kütləvi mart qırğınlarına Qafqaz cəbhəsindən qayıdan və bolşeviklər tərəfindən qəsdən şəhərdə saxlanılan 36-cı Türküstan alayının rus komandanlığı və əsgərlərinin qətiyyətli bəyanatı nəticəsində son qoyulmuşdur. Həmin bəyanatda əgər bolşeviklər bundan sonra qan tökülməsini dayandırmazsa, alayın yubanmadan onlara qarşı çıxış edəcəyi bildirilirdi. Bu kontekstdə ümumiyyətlə bolşeviklərdən söhbət getsə də, əslində hakimiyyət qoşunlarının tərkibində olan daşnak hissələri nəzərdə tutulurdu. Hadisələrin əvvəlində öz gəmilərindən şəhəri atəşə tutan Xəzər donanmasının rus matrosları da, vəziyyətdən baş açdıqdan sonra Bakı Sovetini hədələmiş və bildirmişlər ki, “əgər ermənilər müsəlman qırğınına davam edərlərsə” onlar Sovetin tabeliyindən çıxacaq və şəhərin ermənilər yaşayan hissəsini toplardan atəşə tutacaqlar. Həmin günlər “İcraiyyə Komitəsinin sədri Caparidzenin məsələyə qətiyyətlə müdaxiləsi də” qırğınların dayandırılmasına öz təsirini göstərmişdi.
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə (Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə İstintaq Komissiyasının sənədləri əsasında. Tərtib edəni Solmaz Rüstəmova-Tohidi, Bakı-2013)