
Fevralın 20-də Bakı Dövlət Universiteti (BDU), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransın açılışında çıxış edən BDU rektoru Elçin Babayev Azərbaycanda qız və qadınların ölkənin siyasi və ictimai həyatında, elm, təhsil və mədəniyyət sahələrində fəal rolundan danışıb. Rektor qeyd edib ki, Prezident İlham Əliyevin böyük uğurla həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda qızların təhsili, qadınların elmi araşdırmalarda və idarəetmədə iştirakı sürətlə dəyişən müasir dünyanın tələblərinə, yeni çağırışlara cavab verir: “Hər bir cəmiyyətdə qızların və qadınların təhsilə və elmi fəaliyyətə cəlb edilməsi gender bərabərliyinin mühüm istiqamətlərindən biridir. Qadın və kişilərin bərabər təhsil almaları, cinsi mənsubiyyətə fərq qoyulmadan elmi fəaliyyətlə məşğul olmaları ölkə vətəndaşlarının hüquq bərabərliyinin fundamental əsasını təşkil edir. Ölkədə qadınlar ali təhsilin magistratura səviyyəsində çalışan, doktoranturada təhsil alan, elmin inkişafına töhfə verən fəlsəfə doktorlarının yarıdan çoxunu təşkil edir. Bu gün dünyada informatika və riyaziyyat, texnologiya və mühəndislik kimi ixtisaslar üzrə təhsil alanların 35 faizini qızlar təşkil etdikləri halda, bizim ölkədə bu rəqəm 40 faiz olmaqla orta dünya göstəricisindən artıqdır. Azərbaycan dövləti ölkə vətəndaşlarının, o cümlədən qızların və qadınların əlçatan və keyfiyyətli təhsil almaları, müxtəlif peşə və ixtisaslara yiyələnmələri, öz bilik və bacarıqları ilə insan kapitalını zənginləşdirmələri üçün hər bir şərait yaradıb. Qızların təhsili yalnız onların gələcək həyat rifahının təmin olunması üçün deyil, həm də ailə dəyərlərinin qorunması və möhkəmlənməsi, övladlarının düzgün tərbiyə olunması, bütövlükdə isə cəmiyyətin tərəqqisi üçün həlledici rola malikdir”.
Rektor bildirib ki, ölkənin ilk və ən böyük ali təhsil müəssisəsi olan BDU-da hazırda bakalavriat və magistratura səviyyələrində 25000-ə yaxın (24739 nəfər) tələbə təhsil alır: “Onlardan 16641 nəfəri – təxminən 67,2 faizi qızlardır. Bu tədris ilində BDU-ya 5414 tələbə qəbul olunub, onlardan 3803 nəfəri, başqa sözlə, 70 faizi qızlardır. Son imtahan sessiyasında qız tələbələrin oğlan tələbələrlə müqayisədə müvəffəqiyyət göstəricisi təxminən 20 faiz çox olub. BDU-nun qız tələbələrimiz təhsillərini uğurla davam etdirməklə yanaşı, universitetin ictimai həyatında da fəal iştirak edirlər. BDU-nun Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, “BDU könüllüləri” təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin üzvlərinin əksəriyyətini qızlar təşkil edir”.