
İyunun 11-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” mövzusunda yan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, TDT-yə üzv ölkələrin nümayəndə heyətlərinin, ekspertlərin iştirak etdiyi tədbirdə əvvəlcə ailə dəyərlərinin vacibliyinə həsr olunan videoçarx nümayiş olunub.
Daha sonra çıxış edən Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Türk dünyasının ortaq dəyərlərindən biri olan ailənin yalnız toplumların təməli deyil, eyni zamanda, millətlərin gələcəyi olduğunu deyib. Onun sözlərinə görə, ailə hər bir fərdin mənəvi dayağı, mənsub olduğu cəmiyyətlə bağlarını gücləndirən əsas sütundur. Onu qorumaq və gələcək nəsillərə ötürmək hər kəsin mənəvi borcudur.
Nazir qeyd edib ki, 2025-ci ilin Türkiyədə “Ailə ili” elan olunması bu sahədə Türkiyənin məsuliyyətini və ailəyə verilən əhəmiyyəti bir daha göstərir.
“Bu gün burada, qardaş Azərbaycan torpağında təşkil olunan və artıq ikinci dəfə keçirilən bu mühüm iclasda müzakirə ediləcək məsələlər ortaq problemlərimizin həllində bizlər üçün bir istiqamət olacaq. Evlilik yaşının getdikcə yüksəlməsi, boşanma hallarının sayının artması təkcə sosial sahəyə deyil, iqtisadi və mənəvi sahələrə də ciddi təsir göstərir. Bu problemlər ailə dəyərlərinin aşınmasına, evlilik və valideynlik kimi anlayışların dəyərdən düşməsinə gətirib çıxarır”, – deyə nazir vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, Türkiyə çox böyük tarixi olan bir dövlətdir. Orada ailələrlə bağlı görülən işlərin miqyası böyükdür. Bundan əlavə, milyonlarla ailənin problemini həll etmək və bunları da dünyaya örnək göstərmək çətin və vacib işdir. Biz Türk dünyasında ailəni, sadəcə, sosial institut kimi deyil, milli kimliyimizin təməli, sabitliyin, təhlükəsizliyin amili kimi qiymətləndiririk. İstənilən ölkənin siyasətində bu istiqamət ayrıca yer tutur. Zaman sürətlə dəyişir, ailələr sosial media, urbanizasiya, miqrasiya problemləri ilə qarşılaşırlar. Dövlətlər bu problemləri gözardı edə bilməz. Çünki ailə dəyərlərini qorumaq, sadəcə, mədəni deyil, həm də strateji məsələdir.
Komitə sədri qeyd edib ki, bütün bu məsələləri həll etmək, ortaq müqavimət formalaşdırmaq üçün Türk Dövlətləri Təşkilatı (TDT) çox güclü platformadır. “Biz qısa müddət ərzində TDT-nin necə sürətlə böyüdüyünün şahidiyik. Ailə siyasəti üzrə ortaq layihələrin reallaşmasına ciddi yanaşırıq. Bu məsələdə ortaq koordinasiya mərkəzinin yaradılması vacibdir. Ailələrlə bağlı layihələrin icrasını vacib hesab edirik. Biz ailələrlə bağlı tədqiqat layihələri həyata keçirməliyik. Türk dünyasında ailələrin hansı problemlərlə qarşılaşdığına dair ortaq baza yaratmalıyıq”, – deyə B.Muradova əlavə edib.
Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlunun sözlərinə görə, texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə ailənin təməlinin zəiflədiyinin şahidi oluruq. Sosial təcrid, ailədaxili münasibətlərin səthiləşməsi və fərdiləşmənin artması ailə institutuna birbaşa təsir göstərir. Şimali Kipr Türk Cümhuriyyətində bu təsirlərin qarşısını almaq üçün ailəyə yönəlik sosial dəstək proqramları həyata keçirilir.
O qeyd edib ki, xüsusilə ailə dəyərlərinə zidd düşüncələrin yayılmasının qarşısını almaq vacibdir. Ailənin mahiyyətini zəiflədən bu cür meyillərlə mübarizə aparmaq üçün həm maarifləndirmə, həm də qanunvericilik tədbirləri həyata keçirilir. Rəqəmsallaşmanın gətirdiyi mənfi təsirləri azaltmaq, ailə münasibətlərini texnologiyanın təsirindən qorumaq üçün spesifik strategiya hazırlanır.
Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyinin gender siyasəti və zorakılıqdan müdafiə qərarlarının hazırlanması şöbəsinin baş mütəxəssisi Jarkınay Əmrakulova bildirib ki, Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası qardaş türk dövlətləri arasında təcrübə mübadiləsi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün mühüm platformadır.
O qeyd edib ki, əhalinin həssas təbəqələrinin sosial müdafiəsi və onlara dəstək təkcə dövlət siyasəti deyil, həm də milli birliyin və insan kapitalının davamlı inkişafının əsasını təşkil edir.
“Qırğız Respublikası sosial siyasət sahəsində, xüsusən də ailəyə dəstək, sosial inteqrasiya, uşaqların, yaşlı insanların və əlillərin qorunması kimi aktual sahələrdə birgə səylərə xüsusi əhəmiyyət verir. Əminəm ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətimiz insanyönümlü səmərəli sosial təşəbbüslərin işlənib hazırlanmasına və həyata keçirilməsinə yeni təkan verəcək”, – deyə qırğızıstanlı nümayəndə əlavə edib.
O, əməkdaşlıq üçün əlverişli mühitin yaradılmasına görə Azərbaycana minnətdarlığını bildirib.
Qırğızıstanın əmək, sosial müdafiə və miqrasiya nazirinin müavini Janakova Kyial Bairyşev Qırğızıstanda ailənin rifahının və dayanıqlığının dövlət siyasətinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Qırğızıstan sosial müdafiə sistemini ailələri dəstəkləməyə yönəlik daha çevik və əhatəli şəkildə inkişaf etdirir. Xüsusilə gənc ailələrin sosial-iqtisadi sabitliyini təmin etmək və uşaq rifahını artırmaq əsas hədəflərdəndir.
“Texnologiya və cəmiyyətin dəyişən dinamikası ailə münasibətlərində yeni çağırışlar yaradır. Bu səbəbdən biz həmin çağırışlara uyğun sosial və psixoloji dəstək mexanizmləri qurmağa çalışırıq. Bu gün iclasda paylaşdığımız təcrübə və fikir mübadilələri ortaq gələcəyimiz üçün çox dəyərlidir. İnanıram ki, bu əməkdaşlıq ailə institutunun qorunmasına böyük töhfə verəcək”, – deyə nazir müavini əlavə edib.
Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclik və Ailə İşləri Komitəsinin sədri Kayrat Kambatov mütəxəssislər tərəfindən gənc ailələrə dəstək tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Qazaxıstanda bu sahədə ciddi addımlar atılır və yeni proqramların həyata keçirilməsi planlaşdırılır.
“Qazaxıstanda həyata keçirilən yeni layihələr səbəbindən ötən il boşanmaq istəyi ilə məhkəməyə müraciət edən bir çox gənc ailə bu fikrindən daşınıb. Növbəti mərhələdə dünya ölkələrinin ən gözəl ailə dəyərlərinin təbliği üzrə portalın yaradılması nəzərdə tutulur. Bizim bütün regionlarımızda ailələrə dəstək mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlər ailələrin sosial problemlərinin həlli ilə məşğul olur. Hazırda Qazaxıstanda bütün sosial xidmətlərin avtomatlaşdırılması üzrə işlər həyata keçirilir”, – deyə Kayrat Kambatov əlavə edib.
Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Halbibi Taçjanov vurğulayıb ki, iclas cəmiyyətin inkişafı üçün mühüm mövzulara təsir edir. Çünki türkdilli ölkələr kontekstində ailə dəyərləri, böyüklərə hörmət xüsusi yer tutur. Ailənin rolunu anlamaq, gücləndirmək böyük əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, Türkmənistanda ailənin əsas rolu və bu dəyərlərin əhəmiyyəti dərk edilsə də, bütün ölkələr kimi, evlilik yaşının artması, milli dəyərlərdə dəyişikliklər kimi problemlərlə qarşılaşmaq mümkündür. “Bu məsələlərin həlli üçün ailə dəyərləri dəstəklənir, ailə zorakılığına qarşı mübarizə güclənir, rəqəmsal dəstək tədbirləri həyata keçirilir, dövlət hüquqi və metodiki baza təmin edir”, – deyə türkmənistanlı nazir müavini əlavə edib.
Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman bu günədək Türk Dövlətləri Təşkilatı (TDT) olaraq bir çox sahədə ortaq fəaliyyətlərin həyata keçirildiyinə diqqət çəkib: “Bizim gənclər və ailələrlə bağlı fəaliyyətimiz yox idi. Gec də olsa, bu işləri həyata keçirməyə başladıq. Türk dünyasında gənclərin və ailələrin problemlərinin həlli ilə bağlı gələcək planlarımız olacaq. TDT-nin digər təşkilatlardan fərqi odur ki, bu təşkilatda ortaq proqramlar və layihələr həyata keçirilir. Bu yolla da Türk dünyasına xidmət göstərilir. Bizim bir çox sahələrdə ortaq layihələrimiz var”.
TDT olaraq gənclər üçün innovasiya sahəsində proqramların həyata keçirildiyini xatırladan Baş katibin müavini deyib: “İndi isə qadınların problemlərinin həlli ilə bağlı layihələr həyata keçirməyin zamanıdır. Türk dünyasında 170 milyon nəfərə yaxın əhali yaşayır, onların 40 faizini gənclər təşkil edir. Bu gün bir çox ailələr təhdidlərlə üz-üzədir. Bu baxımdan mənəvi keçmişdən gələn ailə dəyərlərimizi qorumaq önəmlidir. Türk Dövlətləri Təşkilatında ailə siyasətlərinin uyğunlaşdırılması üçün ortaq strategiyaların həyata keçirilməsini davam etdirəcəyik”.
Tədbir mövzu ətrafında geniş müzakirələrlə davam edib.