Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil edilmiş VII Azərbaycan-Rusiya regionlararası forumu işə başlayıb.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev forumu açaraq xatırladıb ki, ənənəvi Azərbaycan-Rusiya regionlararası forumu iki ölkənin prezidentlərinin təşəbbüsü ilə keçirilir. O bildirib ki, forumda təxminən 600, o cümlədən Rusiyadan 250-yə yaxın nümayəndə iştirak edir. Dağıstanın rəhbəri Ramazan Abdulatipov, Rusiyanın Tomsk və Arxangelsk vilayətlərinin qubernatorları da forum iştirakçıları arasındadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxudu. Məktubda qeyd edilir ki, regionlararası forumların keçirilməsi Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə pozitiv töhfə verir. Ölkələrimizin regionları arasında əməkdaşlığın fəallaşdırılmasının vacibliyi vurğulanır. Prezidentin məktubunda bu forumun qarşılıqlı iqtisadi əlaqələrin inkişafına real fayda verəcəyinə ümid ifadə edilir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbrik məktubunu Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxudu.
Rusiya Prezidentinin məktubunda qeyd edilir ki, regionlararası forum Rusiya ilə Azərbaycan arasında çoxtərəfli strateji tərəfdaşlığa, əsirlər boyu bizi bağlayan dostluq və mehriban qonşuluq münasibətlərinə əsaslanır. Forum bizim ortaq tariximizin səhifələrinə əsaslanan etimad və qarşılıqlı anlaşma ənənələrini inkişaf etdirir, inteqrasiya proseslərinin və qarşılıqlı əməkdaşlığın inkişafına kömək edir.
Forum çərçivəsində dörd tematik “dəyirmi masa” keçirilməsi nəzərdə tutulub: “Sənaye: ikitərəfli əməkdaşlığın perspektivləri”, “Turizm sahəsində əməkdaşlığın inkişafı: problemlər və perspektivlər”, “Aqrar sahədə əməkdaşlığın genişlənirilməsinin əsas istiqamətləri”, “Humanitar sahədə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi”.
Gözlənildiyinə görə, forum çərçivəsində ikitərəfli sənədlər imzalanacaq, Pirallahı Texnoloji Parkının ərazisində müştərək əczaçılıq müəssisəsinin təməli qoyulacaq.