İnsan qədim dövrlərdən özünü, tayfasını və ya mənsub olduğu nəslini fərqləndirmək üçün rəmz seçməyə adət edib. Bütün dünyada yayılan bu ənənənin müasir nümunəsi gerb, keçmiş forması isə totemdir. “Totem” termini Şimali Amerikada yaranıb və yerli hinduların dilində “ototem” – “onun nəsli” mənasını bildirir. Sahil boyunda məskunlaşan tayfalar balığa, tısbağaya, çöl adamları ilana, meşədə yaşayanlar isə ayıya, marala, canavara totem kimi baxıblar.
Günəş, ay, su işarələrinin də totemizmdə xüsusi əhəmiyyəti olub. Bu rəmzlər həmişə müqəddəs sayılıb və gələcəkdə məzmununu dəyişərək islamın da simvoluna çevrilmişdir. Bu proses türk xalqlarının X əsrdən başlayaraq islamı qəbul edib, müsəlman dünyasında siyasi liderliyi öz üzərinə götürdüyündən baş vermişdir. İlkin islamda hamı tərəfindən qəbul edilmiş bir simvol olmamışdır. XI əsrdən başlayaraq xristian-müsəlman qarşıdurması şiddətlənmiş və bu qarşıdurmada xristianlar xaç simvollarından istifadə etmişlər. Yürüşlər zamanı xristianlar üzərində xaçın təsviri olan bayraqlardan, qalxanlardan, dəbilqələrdən istifadə etmişlər. Bu zaman islam ideyasını əks etdirən bir rəmzin tətbiq edilməsi zərurəti yaranmışdır. Bu rəmzi müsəlman dünyasında liderliyi ələ keçirən türklər yaratdılar. Xaçlılara qarşı mərdliklə vuruşan türklər öz qədim simvolları olan aypara və ulduzdan istifadə etmişlər və bu andan o, islamın rəmzinə çevrilmişdir. Sonralar aypara və ulduz rəmzi Osmanlı imperiyasının simvolu olmuşdur. Bundan sonra aypara və ulduz rəmzi bütün müsəlman dünyasında istifadə edilməyə başlamışdır.
Azərbaycanın dövlət gerbi haqqında hələ Xalq Cümhuriyyəti hökuməti 1920-ci ilin yanvarın 30-da müsabiqə elan etmişdi. Hökumətin qərarına görə müsabiqədən keçəcək gerb nümunəsi həmin il, mayın 28-də qəbul olunmalı idi. Amma gerbin təsdiqinə vaxt çatmadı. Aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdı.
1993-cü il yanvarın 19-da Azərbaycan Respublikasının Milli Məclisi Dövlət gerbi haqqında Konstitusiya qanunu qəbul etdi. Dövlətimizin müstəqillik rəmzi olan gerb palıd budaqları və sünbül çələnginin ortasında yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycanın Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsvir olunub.
Azərbaycanda milli simvollarımızın tarixi qədim dövrlərə təsadüf edir. Hətta bəzi mənbələr dünya tarixində müxtəlif rəmzlərin, simvolların ilk dəfə olaraq məhz Azərbaycandakı qayaüstü rəsmlərdə əksini tapdığını qeyd edir. Tədqiqatçı Fikrət Nağıyev Azərbaycan ərazisində ilk gerblərin XIX əsrdə yarandığını qeyd edir və onlardan bəzisinin təsvirini verir. Qırmızı sahədə qılınc Gəncənin, qırmızı sahədə üzərində oraq rəsmi olan qala divarları Zaqatalanın, qırmızı sahədə üç qızıl küp içində iti oxlar Naxçıvanın, yaşıl sahədə çapan qızıl Qarabağ atı Şuşanın, yaşıl sahədə gümüş qapısı olan zirzəmi və onun ətrafında iki ilan Lənkəranın, yaşıl sahədə mavi zolaq, Beşbarmaq dağı və sünbül bağlaması Qubanın, yaşıl sahədə tut ağacı budağı Şəkinin (Nuxa), gümüş sahədə iki tüfəng lüləsi, bal dolu küp və iki qızıl balıq təsviri Şamaxının gerbləridir. Tədqiqatçı bildirir ki, 1843-cü ildə qəbul edilən həmin gerblərin aşağı hissələri dizayn və tərtibat baxımından bir-birindən fərqlənsə də, yuxarı hissələri oxşardır. Bənzərlik bütün hallarda qızıl sahənin Xəzər vilayəti gerbi ilə bağlılığındadır.
1843-cü ildə təsdiq olunmuş Xəzər vilayətinin gerbi isə belə görünürdü: dörd hissəyə bölünmüş qızıl qalxan. Yuxarı tərəfin sol hissəsində ayaqüstə dayanmış pələng, sağında dalğavari şəkildə torpaqdan çıxan təbii qazın alov dilimləri. Aşağı tərəfin solunda dəniz anlamını verən mavi zolaq, sağında isə bəzi zirvələri qarla örtülmüş sıra dağlar. Lövhənin üst hissəsində təsvir olunmuş qartal gerbi qanadları altına alır. Eyni ildə təsdiqlənmiş Bakı gerbinin yuxarı hissəsi də vilayət gerbinə bənzəyir. İkiyə bölünmüş aşağı hissənin solunda dəvə və ətrafında zəfəran kolları, sağında isə lövbər təsvir edilib.
1883-cü ildə Bakının gerbi yenilənir. Bu dəfə neft şəhərinin gerbi Bakı quberniyasının 1878-ci ildə qəbul edilmiş gerbi əsasında tərtiblənir: üzərində üç qızıl alovun dalğalandığı qara qalxan sünbüllərlə əhatələnir. Bakı quberniyasının gerbindəki qızılı imperator tacı isə bu gerbdə şəhər divarları şəklində verilir. Hazırda həmin gerbi 1904-cü ildə inşa edilmiş Bakı bələdiyyəsinin fasadında da görmək olar.
İçərişəhərin şimal darvazası sayılan Qoşa qala qapıları üzərində həkk olunmuş təsvirlər göstərir ki, hələ orta əsrlərdə Bakının öz gerbi olub. Ehtimal edilir ki, üzbəüz dayanan şirlər arasındakı öküz başının, eləcə də günəş və ayın təsvirləri elə orta əsr Bakısının gerbi imiş. Bu barədə yazılı mənbələrdə də məlumatlar var. 1683-cü ildə Bakıya gələn alman səyyahı E.Kempfer şimal giriş qapısı üzərində gördüklərini belə şərh edirdi: “Üzbəüz dayanan iki şir qala divarlarını, ortadakı öküz başı dövləti (iç qalanı) günəş və ay altında gecə-gündüz qoruyur.”
Kökü eramızdan əvvəl II minilliyə qədər gedib çıxan qədim astroloji təqvimlərdə öküz bürcü şir bürcünün himayəsi altında təsvir olunurdu. Tədqiqatçı hesab edir ki, E.Kempferin Bakının heraldikası haqqındakı interpretasiyası astroloji xarakter daşıyır. Qədim əsatirlərə görə, şir və öküz iki fərqli dünyanın simvolları sayılır. Şir atəşpərəstlərin, öküz isə musəvilərin səcdə etdiyi totemlərdir. Qoşa qala qapıları üstündə üzbəüz duran iki şir arasındakı öküz başı, qədim ənənələrə bağlılığını hifz edən iki ayrı dünyanın bir arada olub və mübarizə apardığını göstərir.
Öküz – qüvvət və qüdrəti təcəssüm etdirən totemdir. Öküz təsviri əsasən musəviliyin rəmzi sayılırdı. Onun qədim təsvirləri Şumerdə, Qafqaz Albaniyasında və Orta Asiyada aşkarlanmışdır. Qədim əsatirlərə görə, öküz surəti ay səcdəgahı sayılır. Ay mənşəyinə işarə olaraq onun buynuzları aypara şəklində təsvir edilmişdir.
Şir – Şərqdə ta qədimlərdən günəş, od, aydınlıq və qüdrət təcəssümü kimi qəbul olunub. Mifologiyada şir atəşpərəstlərin rəmzi sayılır. Şumerlərdə müharibə allahı qanadlı şir şəklində təsvir edilirdi. Altay kurqanlarının birində də qanadlı şir təsviri tapılmışdır. Şirin alın tərəfində aypara rəsmi vardır. Belə motivlərə şumer, xett, babil və assur sənət nümunələrində də təsadüf edilir.
Antik müəlliflərin məlumatlarında Şirvan (şir sözün kökü, van məskən bildirən şəkilçidir) etnoniminin mənası şirlər yurdu, şirlər məskəni kimi xatırlanır. Şir və öküz təsvirləri Şirvan dövlətinin rəmzi (var-dövlət və qüdrət) olub. Orta əsrlərdə Şirvanda kəsilən sikkələrin üzərində də şir və günəş təsvirinə (şiri-xurşud) rast gəlinir. XVI əsrdə öküz başı və şir təsvirləri Səfəvilərin də dövlət rəmzi olmuşdur.
İçərişəhərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan və Xəzər suları altında qalmış Bayıl qəsri ətrafından çıxarılan müxtəlif ölçülü daşlar üzərində öküz başı və şir təsviri həkk olunmuşdur. İçərişəhərin memarlıq abidələrində, o cümlədən Cümə məscidinin minarəsində və XVIII əsrə aid yaşayış evinin fasadında da şir barelyefləri vardır.
Bakının müasir gerbi orta əsr heraldikasından tamamilə fərqldir. Sovet hakimiyyəti illərində Azərbaycan gerbinin bütün simvolları dəyişdirildi, Bakıdan başqa, bütün şəhər və rayonların nişanları ləğv olundu.
1967-ci il aprelin 14-də Bakının növbəti gerbi təsdiqləndi. Şəhərin yeni nişanı üç alov və onların altında dəniz dalğalarının təsvirindən ibarət idi. Həmin gerb demək olar ki, Bakı quberniyasının 1878-ci ildə təsdiqlənmiş gerbi əsasında hazırlanmışdı. Amma burada artıq rus çarının tacı və digər kiçik elementlər gözə dəymirdi.
1975-ci ildə həmin gerbə əlavələr olundu. Üç alov simvolu bir qədər stilizə edildi, gerbin aşağı hissəsinə beş dəniz dalğası da artırıldı.
Bakının indiki gerbi isə 2001-ci ildə təsdiqlənmişdir.
Kamil İBRAHİMOV,
professor
“Azərbaycan” qəzeti 8 oktyabr 2016-cı il