Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda yazan müəlliflərin əsas problemi yanlış terminlərdən istifadədir. Bu münaqişə haqda danışarkən yanlış terminlərdən istifadə edən müxtəlif qruplar var. ABŞ-ın Ermənistandakı sabiq səfiri Con Evans kimi bəzi müəlliflər isə bu terminləri qəsdən işlədir.
C.Evans Dağlıq Qarabağı “qanuni quruluş”, Bako Saakyanı isə “qanuni nümayəndə” kimi təqdim edir. Digər müəllif də qəsdən olmasa da, zaman-zaman yanlış terminlər işlədir. Məsələn, bəzən B.Saakyan “Dağlıq Qarabağın lideri” kimi təqdim olunur və bu ifadə məqalələrin başlığına belə, çıxarılır. Doğrudur, B.Saakyanın “Dağlıq Qarabağın lideri” kimi təqdim olunduğu məqalədə müəllifin yanaşması bir qədər fərqlidir. Bu səbəbdən də düşünürəm ki, konkret olaraq həmin yazıda “Dağlıq Qarabağın lideri” ifadəsindən qəsdən istifadə edilməyib. Lakin bu, istənilən halda, yanlış termindir.
Ümumiyyətlə, məqalələrdə başlıqlar mühüm əhəmiyyət kəsb edir. Çünki yazını oxuyacaq oxucuların sayı məhz başlıqdan çox asılıdır. Xüsisilə indiki dövrdə məqalələr sosial şəbəkələrdə də yayılır. Müxtəlif hadisələr, yazılar da insanların yaddaşında daha çox başlıqları ilə qalır.
Beləliklə, yanlış terminlərdən istifadə müasir beynəlxalq münasibətlərin də əsas problemidir. Konkret olaraq, B.Saakyan nə siyasi, nə də hüquqi cəhətdən Dağlıq Qarabağ regionunu təmsil edir. O, təbii ki, bu bölgənin lideri də deyil. Saakyan Dağlıq Qarabağ regionundakı erməni separatçılarının lideridir.
Bako Saakyan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri olan Xankəndidə doğulub. 1998-ci ildə Dağlıq Qarabağdakı separatçı hərəkata qoşulanadək muxtar vilayətdə müxtəlif vəzifələrdə çalışıb. 1990-cı ildə separatçıların Azərbaycana qarşı hərbi hərəkatına qoşulub. Həmin illərdə Saakyan separatçılar üçün xarici ölkələrdən qaçaqmalçılıq yolu ilə silah gətirilməsinə məsul idi. Bir sözlə, o, karyerasına belə başlayıb. Lakin bir müddət sonra onun pul mənimsədiyi üzə çıxıb və nəticədə bu “vəzifə”dən kənarlaşdırılıb.
Separatçıların lideri olan Saakyan sadə insanların inamını pulla, yaxud onların borclarını bağlamaqla qazanıb, bununla da tanınıb.
Beləliklə, B.Saakyan Dağlıq Qarabağ regionunun legitim nümayədəsi kimi tanına bilməz. Çünki bu regionda yaşayan azərbaycanlılar 1988-1994-cü illərdə doğma evlərindən qovulub. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamenti Ermənistana qoşulmağa səs verərkən belə, azərbaycanlılar bu prosesdən kənarda qoyulub. Nəticədə, parlametn orada yaşayan azərbaycanlıların razılığı olmadan, üstəlik Azərbaycan SSR-in Konstitusiyasına zidd olaraq, Azərbaycandan ayrılmaq haqda qərar çıxarıb. Müharibədən sonra isə Dağlıq Qarabağda müstəqilliklə bağlı qeyri-qanuni, Azərbaycan Konstitusiyasına zidd “referendum” keçirilib. Həmin vaxt artıq regionun azərbaycanlı əhalisi oradan qovulmuşdu.
Xatırladaq ki, həmin illərdə Ermənistanın dəstəklədiyi hərbi əməliyyatlar nəticəsində 780 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Bu hərbi əməliyyatlar beynəlxalq birlik tərəfindən işğal kimi qəbul olunub. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların bu problemlə bağlı qəbul etdiyi qətnamələrdə Azərbaycan ərazilərinin işğal olunduğu açıq şəkildə qeyd edilir.
İşğal nəticəsində Dağlıq Qarabağ regionunun azərbaycanlı əhalisi məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıb. Beləliklə, münaqişəyədək Dağlıq Qarabağ regionunda yalınız ermənilər yaşamayıb. Azərbaycanlı əhali də doğma evlərindən qovulanadək orada yaşayırdı.
Hər kəsə bəllidir ki, Ermənistan və onun dəstəklədiyi separatçılar Dağlıq Qarabağ Muxtar Vilayətini hərbi yolla ələ keçirərək, orada hərbi rejim yaradıb. Məhz bu üzdən regionun əhalisi azad seçim edə bilməyib. Bu separatçı hərəkatdan isə yalnız Azərbaycan deyil, həm də Ermənistan əziyyət çəkir. Məhz bu hərəkat nəticəsində Ermənistan regional layihələrdən kənarda qalıb. Üstəlik, 1997-ci ildə “Qarabağ klanı” kimi tanınmış Dağlıq Qarabağ separatçıları – Bako Saakyan, Ermənistanın hazırkı dövlət başçısı Serj Sarqsyan və eks-prezidenti Robert Koçaryan ölkə rəhbəri Levon Ter-Petrosyanı istefaya məcbur ediblər. Səbəb onların Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini qəbul etməmələri idi. Məsə ondadır ki, L.Ter-Petrosyan münaqişənin həllinə hazır olduğunu bəyan etmişdi…
Azərbaycan prezidenti İlham Əliyevin də dediyi kimi, “Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasının yeganə səbəbi Ermənistanın işğal etdiyi ərazilərdən çıxmaq istəməməsidir”. Halbuki, Yerevan Azərbaycan ərazilərini işğal altında saxlamaqla həm də erməni xalqının gələcək inkişaf perspektivini məhv edir.
Beləliklə, Saakyan suveren ölkənin işğal olunmuş ərazisində yaradılmış qeyri-qanuni quruluşun nümayəndəsidir. Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən bu gün də Azərbaycan ərazisi kimi tanınır. Dünyanın heç bir ölkəsi Dağlıq Qarabağda yaradılmış qurumu müstəqil dövlət kimi tanımır. Buna əmin olmaq üçün Azərbaycanın BMT-nin rəsmi saytında yerləşdirilmiş xəritəsinə baxmaq kifayətdir. ABŞ Dövlət Departamentinin saytında da Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi göstərilir. Lakin BMT-nin, ABŞ-ın və s. bu regionu Azərbaycan ərazisi kimi tanımasına baxmayaraq, Birləşmiş Ştatların Dövlət Departamenti B.Saakyana Amerikaya səfər etməsi üçün viza verib. Demək, Vaşinqton separatçı liderə viza verməklə, separatçıların qeyri-qanuni fəaliyyətini dolayı yolla dəstəkləyir. Unutmayaq ki, bu separatçıların qeyri-qanuni fəaliyyəti nəticəsində minlərlə insan öldürülüb, çox sayda mülki əhali doğma evlərindən qovulub.
Krımda 2014-cü il martın 16-da keçirilmiş “referendum”dan dərhal, yəni cəmi 1 gün sonra Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Krım separatçılarına qarşı ciddi sanksiyalar qəbul edib. Elə həmin il aprelin 12-də ABŞ da Krımın “yüksək rütbəli” separatçılarına sanksiyalar tətbiq edib. 2014-cü il iyunun 20-də isə Vaşinqton Ukraynadakı digər separatçılara qarşı sanksiyaların qəbuluna qərar verib. Hədəf Ukraynanın şərqində separatçı hərəkatlara başçılıq edən şəxslər idi. 2017-ci il iyunun 26-da Tramp administrasiyası Ukraynanın şərqində separatçı hərəkatda iştirak edən 11 şəxsə qarşı yeni sanksiyalar da qəbul edib. Bu siyahıya qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın maliyyə, ticarət, ədliyyə və təhlükəsizlik “nazirlər”i daxildir.
Ümumilikdə ABŞ indiyədək Krım separatçılarına qarşı 4 sanksiya qəbul edib. Lakin o, ABŞ-a və Avropa ölkələrinə rahatlıqla viza ala bilən B.Saakyana, həmçinin Dağlıq Qarabağın digər separatçılarına qarşı heç bir sanksiya tətbiq etmir. Nəticədə Saakyan qeyri-qanuni quruluşa legitimlik qazandırmaq məqsədilə ABŞ-a və Avropa ölkələrinə səyahətlər edir. Neləliklə, Ukrayna və Kataloniyada separatçı hərəkatlarla bağlı məsələdə gördük ki, Qərb Avrasiyadakı separatçı hərəkatlara fərqli yanaşır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən qəsdən və ya bilmədən yalnış terminlərdən istifadə, suveren ölkənin ərazisindəki qeyri-qanuni quruluşun legitimləşdirilməsinə xidmət edir. Bu, birmənalı olaraq qəbuledilməzdir. Rəsmi şəxslərin, həmçinin ekspertlər terminlərdən istifadə zamanı ehtiyatlı olmaları vacibdir. Unutmayaq ki, separatçılıq təkcə Avrasiya regionu üçün problem deyil. Ən azı Kataloniyada gördük ki, belə cərəyanlar bütün dünya üçün təhlükədir. Eyni zamanda, Kataloniya nümunəsi göstərdi ki, bütün ölkələr dövlətlərin suverenliyinə hörmətlə yanaşmalı, qeyri-qanuni quruluşların legitimləşdirilməsinə birbaşa və ya dolayı dəstək verməməlidir.
C.Vəliyev
http://worldmedia.az/news.aspx?id=2098