İkinci söhbət
( Birinci söhbəti buradan oxuya bilərsiniz )
Uşaq yazıçılarımız Reyhan xanım Yusifqızı və Aygün xanım Bünyadzadə ilə danışdıq.
Fuad Babayev: Uşaqlar üçün kitabların və digər vəsaitlərin çeşid və seçim imkanları azdır, bir çox hallarda valideynlər türk, rus kitablarına, cizgi filmlərinə, internetlə yayımlanan video-çarxlara müraciət etməli olurlar. Bu fikirlə razısınızmı?
Reyhan Yusifqızı: Əlbəttə, rus, türk, ingilis dilində ədəbiyyatın öz yeri var, amma Azərbaycan dilində də bunlar olmalıdır. Yerli müəlliflərin əsərlərində azərbaycanlı uşaqlar özlərini, tanış olduqları mühiti görürlər. Deməliyəm ki, son illər çeşid də xeyli artıb. Çoxlu kitablar var. Problem isə ondadır ki, bunların yaxşısı nə qədərdir? Kim nə istəyir, yazır, kitablarda çoxlu səhvlər var, dizaynı əsasən yarıtmaz səviyyədədir. Qiymətin ucuz olması üçün hər cür kitablar buraxırlar. Problem də burasındadır ki, bu kitabların bəziləri hətta uşağa ziyandır.
Fuad Babayev: Yəni say problemi yoxdur. Problem kəmiyyətdə yox, keyfiyyətdədir?
Aygün Bünyadzadə: Həqiqətən də say problemi yoxdur, keyfiyyət isə aşağıdır. Siz uşaqlar üçün müxtəlif vəsaitlərdən danışdınız, uşaq musiqisi daha bərbad səviyyədədir. Üstəlik, uşaqlar köhnə cizgi filmlərinə, demək olar ki, məcburi olaraq təkrar-təkrar baxırlar: “Cırtdanın yeni sərgüzəştləri”, “Tıq-tıq xanım” və s. Müasir cizgi filmləri, müasir mahnılar, müasir tamaşalar isə yoxdur.
Reyhan Yusifqızı: Bir məsələ də var ki, uşağa kitabı böyüklər alır. Təəssüf ki, bizim valideynlərimizin də çoxunun səviyyəsi elə deyil ki, uşağa düzgün kitab seçsinlər.
Fuad Babayev: Məncə, “piştaxta” üzərinə o məhsullar çıxarılmalıdır ki, onlar müəyyən keyfiyyət sertifikatına layiq görülüblər. Rəqabət və digər proseslər də bu tələbatı formalaşdırmalıdır. Faizlə götürsək, uşaq üçün nəzərdə tutulan məhsulların nə qədəri yararsız sayıla bilər?
Reyhan Yusifqızı: Yarısından çoxu.
Aygün Bünyadzadə: Məncə, yalnız 15-20 faizi yararlıdır.
Reyhan Yusifqızı: Həm mövzu sarıdan, həm də rəssam, dizayn işi yarısından çoxunda bərbaddır.
Aygün Bünyadzadə: Mövzu uşağa uyğun olmalıdır, uşağın dili ilə danışılmalıdır. Demək olar ki, bunlar həmin kitablarda yoxdur.
Reyhan Yusifqızı: Uşaq ədəbiyyatında Andersen adına ədəbi mükafat var. Onun təsisçilərindən biri deyir ki, uşaqlar üçün yazmaq, elə böyüklər üçün yazmaq kimidir. Amma gərək daha əyləncəli və daha maraqlı yazasan. Yəni başqa sözlə, uşaq üçün yazmaq daha çətindir. Bəzi kitablar uşaqların əllərinə heç keçməməlidir.
Fuad Babayev: Gəlin, hər ikinizin fəaliyyəti və bu müstəvidə gördüyünüz işlər haqqında da danışaq. Çünki bu, söhbətimizin növbəti mərhələsində bizə lazım olacaq.
Reyhan Yusifqızı: Azərbaycan dilində uşaqlar üçün kitablar az idi. Amma uşaqlarım da Azərbaycan dilində kitablar istəyirdilər. Ona görə də onlar üçün başladım müasir hekayələr yazmağa. Böyük qızımın ədəbiyyat müəllimi Ələsgər Paşayev hər cümə günü sinifdənxaric mütaliə günü təyin etmişdi. Uşaqlar hər dəfə nəsə oxyub, dəsdə danışmalı idilər. Qızım da Azərbaycan dilində oxuduqlarının hamısını danışmışdı və hər dəfə nə oxumaq lazım gəldiyini mənimlə məsləhətləşirdi. Sonra gördüm ki, xeyli müddətdir məndən heç nə soruşmur, səbəbini xəbər alanda məlu oldu ki, mənim yazdığım hekayələri bir-bir dərsdə danışır. Bir də gördüm Ələsgər müəllim məni çağırtdırıb məktəbə. Dedi ki, uşaq maraqlı hekayələr danışır, özü də deyir ki, anam yazıb. Mən də utana-utana cavab verdim ki, uşaq düz deyir, həqiqətən də bu hekayələri mən yazıram. O dedi ki, mütləq bu hekayələri bir yerə yığıb, çap edin. Həvəsləndim. “Şəkər villası” qəzeti bu hekayələri dərc elədi və beləcə 2004-cü ildə ilk kitabım yarandı: “Bir gün dərsdən sonra”. Başladım müntəzəm olaraq hekayələr yazmağa. Günlərin bir günündə də elmi-fantastik povest yazdım. Mən özüm riyaziyyatçıyam, Lütfi Zadə nəzəriyyələri soft komütinqlə məşğulam. Povestim “Yaşıl gözlü qız” adlanırdı və yadplanetli qızın Yer kürəsindəki sərgüzəştlərindən bəhs edirdi. Kosmik qəza nəticəsində bizim planetimizə düşüb və öz yaşıdı olan uşaqlarla dostlaşıb, uşaqlar da onu gizlədib, saxlayırlar. Çünki böyüklər onu görsələr, ekspertiza üçün laboratoriyalara aparacaqlar. Əsərdə ekologiya, Yer planetinə münasibətimiz və başqa məsələlər yadplanetli qızın dili ilə danışılır, bizim sivilizasiya ilə özgə sivilizasiyalar müqayisə olunur. Məncə, bu əsərin bəxti gətirdi, əsər çap olunan kimi münasibətlərimin olduğu bir türk tərcüməçi dedi ki, Türkiyədə bu cür elmi-fantastik kitablar yoxdur. Həmin xanım kitabı türkcəyə çevirdi və müsabiqədə iştirakımızı təklif etdi. Müsabiqədə ödül qazandım və məni Ankaraya dəvət etdilər.
Fuad Babayev: Bu hadisə neçənci ildə olmuşdu?
Reyhan Yusifqızı: 2009-cu ildə. Bundan sonra məni ciddi qəbul etdilər və Yazıçılar Birliyinə üzv oldum.
Fuad Babayev: O vaxta kimi artıq hekayələr kitabınız işıq üzü görmüşdü?
Reyhan Yusifqızı: Hekayələr kitabımı nəşr etmişdilər, dizaynı yaxşı deyildi. Belə alındı ki, “Yaşıl gözlü qız” qısa ixtisarla 4-cü sinif Azərbaycan dili dərsliyinə də salındı. Bu mənim ilk uğurum oldu. Bir gün Afaq Məsudun yanına getmişdim, ondan məsləhət almaq istəyirdim. Hekayələrimi köməkçisinə verib, qayıtdım. Bir müddət sonra telefon zəngi oldu, köməkçisi dedi ki, Afaq xanım sizinlə danışmaq istəyir. Dedi: “Nə etdiyinizi bilmirəm, amma uşaqlar üçün hekayə yazın, sizdə alınır”. Bundan sonra daha ciddi işləməyə başladım. “Altun kitab” nəşriyyatı, Rafiq İsmayılov mənə inandı. Onlar dərsliklər üzərində işləyirdilər. Dərsliklə bağlı materiallar axtarırdı, müraciət etdim, mənə dedi ki, gətirin görək, nələriniz var. Xeyli hekayə göndərdim, mənə zəng vurdu ki, onların orta məktəb müəllimlərindən ibarət ekspertləri hekayələrin bir neçəsini seçiblər, bəyəniblər. İlk dəfə əlil uşaq haqqında “Xoşbəxtlik nədir” hekayəmi dərsliyə saldılar. Bundan sonra “Altun kitab” nəşriyyatı ilə müntəzəm işləməyə başladıq. Nəşriyyatdan çox razıyam, standartlara uyğun işləyir. Redaktor baxır, korrektor oxuyur, dizayner işləyir. Həm də onların kitabları səhvsiz olur. Bu nəşriyyatda təxminən 15 kitabım nəşr olunub. Sonuncu kitabımı isə “Üç alma” nəşriyyatında çap ediblər. “Dostum Mimi” adlı müasir mövzuda əsərdir. Bu əsəri Lütfi-zadəyə həsr etmişdim. Bu əsərimlə də çox fəxr edirəm.
Fuad Babayev: Ümidvaram ki, yeni kitablarınız hələ çox olacaq. Aygün xanım, Sizin yaradıcılığınıza bir ekskurs edək.
Aygün Bünyadzadə: Uşaqlar üçün yazmaq üçün daxilən uşaq olmaq lazımdır. Tanıyanlar hamısı mənə “böyük uşaq” deyirlər. Özümü dərk edəndən oyuncaqlarımı masanın üzərinə düşüb, onlarla “teatr” tamaşası qoyurdum. Özümdən nəsə düşünüb, yarım səhifə yazır, sonra kukla teatrı düzəldirdim. İndiyə kimi də sevdiyim kitab Astrid Lindqrenin “Damda yaşayan Karlson”udur. Hətta keçmiş Sovet küçəsində ikinci mərtəbədə bir evim var idi, balaca 8 kvadrat metrlik otaqdı, Yazıçı dostlarım ona “Karlsonun evi” deyirdilər. Karlson kimi şirniyyatı da xoşlayıram, Bəzən dəcəllik etməyi də. Bir də yalnız uşaq kitablarını oxumağa, nağıl-filmlərə və teatrlarda uşaqlar üçün qoyulmuş tamaşalara baxmağa üstünlük verirəm. Məkəbi qurtarandan sonra həyatda yerimi tapa bilmirdim. Hətta 5 dəfə ali məktəbə qəbul olundum. Bir pul haqq-hesabına görə məhkəməyə düşdüm və məhkəmədə ərizə yazanda kəşf etdim ki, yaza bilirmişəm. Əvvəl alman dilindən tərcümələrə başladım. Nağıl və əfsanələri tərcümə edirdim, gördüm ki, tərcümələr də yaxşı alınır. Daha sonra başladım öz müəllif nağıllarımı yazmağa, birinci üç nağılım mərhum Ələkbər Salahzadənin dövründə “Ulduz” jurnalında dərc olundu. Həmin üç nağıl üçün mənə Yazıçılar Birliyinin “İlin ən yaxşı uşaq əsərləri üçün” mükafatını verdilər.
Fuad Babayev: Hansı il idi?
Aygün Bünyadzadə: 2001-ci il. Mən dərk etdim ki, yerim uşaq ədəbiyyatı imiş. Növbəti il respublika gənclər təşkilatı tərəfindən “İlin gənc yazarı” seçildim. 2002-ci ildə Cəfər Cabbarlı mükafatı komissiyası tərəfindən və xüsusi diplom aldım. Son mükafatım isə 2016-cı ildə, Polşa və BMT-nin “Uşaqlar qarşısında xidmətlər üçün” beynəlxalq “Təbəssüm” ordenidir. Bu, yeganə ordendir ki, uşaqlara sevinc və təbəssüm bəxş edən insanlara, sənətindən, yaşından və millətindən asılı olmayaraq uşaqların səsverməsi əsasında təqdim olunur. Bu ordenə Coan Roulinq, Astrid Lindqren, Tuve Yansson, Aqniya Barto, Sergey Mixalkov kimi insanlar layiq görülüb. Hazırki Roma Papası Fransisk, Tereza ana, 12-ci Dalay-Lama, İsveç kraliçası Silviya, Tereza ana, Nelson Mandela, Stiven Spilberq kimi məşhurlar da müxtəlif illərdə bu ordenlə təltif olunublar.
Fuad Babayev: Siz bu insanlarla eyni sıradasınız və bu, çox sevindirici haldır. Nailiyyətlərimizin bir çoxu Biləcəri sərhədinədək olan nailiyyətlərdir. Bəzən isə bu “nailiyyətlər” insanların öz təxəyyüllərinin məhsuludur. Əlbəttə, azsaylı uğurlar var və Sizin mükafatınız bu uğurlardandır.
Aygün Bünyadzadə: Bu ordeni mənə Avropa uşaq hüquqları üzrə baş ozmbudsman – Marek Mixalak təqdim edib və etiraf edim ki, bu gün bu qeyri-adi mükafatı qazanmış dünya uşaq ədəbiyyatı nəhəngləri ilə bir cərgədə dayanmağımla, bir azərbaycanlı kimi, fəxr edirəm.
Reyhan Yusifqızı: Aygün xanım ümumiyyətlə, orijinal insandır. Mən onu “Altın kitab” nəşriyyatının rəhbəri Rafiq müəllimlə tanış etdim. O da dedi ki, klassik əsərləri uşaqlar üçün adaptasiya etmək istəyir. Nümunə də verdi, bildirdi ki, bu işə görə də mükafatlandırılacaq. Bir müddət keçdi, Rafiq müəllim mənə zəng etdi ki, Aygün xanımdan xəbər yoxdur, işi gətirəcəkmi? Aygünla danışdım dedi ki, “mən o əsəri kəsib-doğraya bilmərəm”.
Aygün Bünyadzadə: Əslində, təklif gözəl təklif idi, amma… Əsəri kəssəydim və ya dəyişikliklər etsəydim, o yazıçıların ruhu məni bağışlamazdı, özüm özümü bağışlamazdim. Axı, o əsərləri yazan da yazıçı olub, mən də yazıçıyam və yazdığı hər bir kəlmənin o rəhmətlik üçün nə qədər qiymətli olduğunu çox gözəl bilirəm. Mən bir söz də demək istəyirəm. 2005-2007-ci illərdə “Cırtdan” uşaq jurnalı var idi. Mən o jurnalın baş redaktoru olmuşam. Uşaqlar orada danışırdılar, mənə də “Cırtdan” deyirdilər. Hətta ən ağıllı uşaqlar da Cırtdana inanır, redaksiyaya və ya mənə evə zəng edib, cırtdanla danışırmış kimi, mənimlə danışırdılar. Düşünürəm ki, bu, mənim qələbəm idi. Amma bu günə kimi yalnız bir kitabım çapdan çıxıb. Çünki yazmağa başlayanda özümə söz vermişdim ki, öz puluma kitab buraxmayacağam. Yazmaq mənim, onu dərc etmək, paylamaq isə əlaqədar təşkilatların borcudur. Çıxan kitabım isə 2010-cu ildə “Təhsil” nəşriyyatında buraxılıb və “Üç nağıl” adlanır. Bu kitab ingilis və rus dillərinə də tərcümə edilib.
Fuad Babayev: Mən hər ikinizi çox maraqla dinlədim. Yeri gəlmişkən, bayaq dediyim kitabların aşağı səviyyədə olması həm də müəlliflərin ilk imkan düşən kimi kitablarını özlərinin buraxması ilə əlaqədardır. Tutaq ki, mən nəsə yazmışam, bir qədər imkan əldə edib kitab buraxıram və camaat da elə bilir ki, kitab bu cür omalıdır. Halbuki nəşriyyatın plan-proqramı olmalı, promouşn keçirməli, kitabın satışını və müəllifin imza gününü təşkil etməlidir. Bu baxımdan Aygün xanım çox haqlı olaraq deyir ki, bu işlə məşğul olan insanlar olmalıdır. Uşaqlar üçün intellektual məhsulların çeşidlərinin artırılmasında sizin müəyyən xidmətləriniz var. Yazmısınız, kitab buraxdırmısınız və mükafatlar əldə etmisiniz. Amma görünən odur ki, bunlar hələ azdır. Bu sahəni optimallaşdırmaq üçün nə etmək olar?
Reyhan Yusifqızı: Mən özümü bəxti gətirən yazıçı hesab edirəm. “Altun kitab” məndəki potensialı görüb, güvənib. İlk kitablarım da yaxşı satılıb və mənə qonorar yazılıb. Mən intellektual nəsrlə məşğulam. Uşaqlar üçün bu sahə işləmir. Mən uşaqlar üçün bu sahədə yazan yazıçı tanımıram. Balacalar üçün bunlar öyrədici mətnlərdir. Hər hekayədə, nağılda uşaq nə isə öyrənir: niyə hər şey yerə düşür, 5 dəqiqə nə qədərdir, niyə salamlaşmaq lazımdır, necə təşəkkür edirlər və s. Sonra gəlir elmi-fantastika və macəra kitabları. Onlar da öyrədicidilər. Mən coğrafiya, fizika, astronomiya sahəsindəki biliklərimdən istifadə edirəm. Təəssüf ki, Azərbaycan dilində elmi-kütləvi kitablar yoxdur. Bizim gələcəyimizi təmin edəcək uşaqlar məhz elmi-kütləvi ədəbiyyatı oxuyanlardır. Buna görə də “Riyaziyyat əyləncəli ola bilərmiş” adlı kitab yazdım. Bu kitab həm riyaziyyatı sevənlər, həm də sevməyənlər üçündür. Bu qəbildən ikinci kitabım isə “Kompüterin qəribə tarixi”dir. O ki qaldı Sizin sualınızın cavabına, hesab edirəm ki, uşaqların hamısı yaxşıdır. Uşaq əyləncə istəyirsə, deməli, kitabı əyləncəli yazmaq lazımdır. Kitabın dizaynı elə olmalıdır ki, uşaq baxanda xoşuna gəlsin. Uşaq oxumaq istəmirsə, bunun günahı bizdə, böyüklərdədir. Deməli, biz lazım olan məhsulu onlara təqdim edə bilməmişik.
Aygün Bünyadzadə: Mən bu sahəni optimallaşdırmaq üçün ilk növbədə valideyndən başlayardım.
Reyhan Yusifqızı: Düzdür, kitabı uşaq üçün valideyn seçir. Uşağı kitabların sehirli dünyasına gətirmək lazımdır. Uşağa göstərmək lazımdır ki, kitab vitrual olaraq səni hər yerə aparır, gah şahzadə, gah dilənçi, gah pinəçi olursan, ya da başqa planetə düşürsən. Valideyn bunu uşaqla birlikdə etməlidir.
Aygün Bünyadzadə: Evdə mənim bir bacım oğlu var, heç üç yaşı olmayıb, amma 3 nağıl bilir. Valideyn də, kitab da böyük qüvvədir. 3 yaşı olmayan uşaq artıq kitabı sevir. Uşağa kitabı erkən yaşlarından sevdirmək lazımdır.
Reyhan Yusifqızı: Biz yeni texnologiyalar əsrində yaşayırıq. Kitaba alternativ həddindən artıq çoxdur. Uşağa desən ki, kompüterə baxma, kitab oxu, bu, daha maraqlıdır, sənə inanmayacaq. Uşağa yeni nələrsə təqdim etmək lazımdır. Onların marağına uyğun əsərlər yazılmalıdır. Mən bir də əsərin dilinə çox böyük əhəmiyyət verirəm. Uşaq kitabı uşağın dilində olmalıdır. Uşaq oxuduğunu anlamalı, ondan ləzzət almalıdır.
Aygün Bünyadzadə: Türklərdə Kaloğlanın nağılları və onun cizgi filmi versiyaları var. Məndə də Cırtdanın yeni macəraları var. Bunlarda həm yumor, həm macəra, həm də öyrədici nələrsə var. Bunlara uyğun cizgi filmləri çəkmək olardı. Amma kimə deyəsən, kimə müraciət edəsən?
Reyhan Yusifqızı: Hesab edirəm ki, uşaq ədəbiyyatının yardıma, dəstəyə ehtiyacı var. Yəqin ki, bu, dövlət dəstəyi olmalıdır. Mənim bir şüarım var – sənin intellektin oxuduğun kitablar qədərdir. Bizim yüksək intellektli uşaqlara, gənclərə ehtiyacımız var. Biz onlara güvənərək sabaha addımlayırıq. Bunun formalaşdırılması isə uşaq ədəbiyyatından başlayır. Təkbaşına bu işi görməyə isə bizim gücümüz çatmır. Kitabı yazırıq və nəşriyyatlara təqdim edirik. Nəşriyyatlar bu gün yalnız satışa işləyirlər. Ona görə də riskə getməyə qorxurlar. Mən bu səbəbdən deyirəm ki, dövlət dəstəyi lazımdır. Son illər uşaq ədəbiyyatın sahəsində müsabiqələrin təşkilini mn yüksək qiymətləndirirəm. Düzdür, müsabiqənin necə keçirilməsi ayrıca söhbətdir, amma hər halda bu məqsədlə vəsait ayrılır. Biz keyfiyyətli insan, savadlı vətəndaş yetişdirməliyik. Gələcəyi yüksək intellektə malik insanlar idarə edəcək.
Hazırladı: Gündüz Nəsibov, 1905.az