– Sirac, sənətdə hər kəsin oynamaq istədiyi rollar var. Necə düşünürsünüz, kloun Otello və ya Hamlet rolu haqqında düşünməlidirmi?
– Otello rolunu oynamaq üçün aktyorun daxili aləmi geniş olmalıdır. Məncə, əsil aktyor klounun özüdür. Aktyorluq klounla başlayır. Bir obrazı özününküləşdirirsən və yalnız bundan sonra fərqli nüanslara gəlib çıxırsan. Mən özüm də klounluqla başlamışam, yalnız bundan sonra məndən tələb olunan obrazları yaşatmağa çalışmışam. Tutaq ki, indi Novruz bayramı ərəfəsindəyik. Məndən kloun yox, kosa obrazı yaratmağı tələb edirlərsə və mən peşəkaramsa, həmin obrazı yaratmalıyam. Yetər ki, insanın daxilində bu istək olsun. Böyük mütaliəsi, geniş dünyagörüşü olsun. Amma bunu klounluqla məşğul olan hər kəsə şamil etmək mümkün deyil.
– Yəni bütün sahələrdə olduğu kimi, burada da təsadüfi adamlar var.
– Elədir. Elə əsil peşəkarları bu təsadüfi adamlarla qiymətləndirənlər də var.
– Hansı təhsil müəssisəsini bitirmisiniz və necə oldu ki, bu sənətə gəldiniz?
– Mən birinci ixtisasım etibarilə hərbçiyəm. Sonra şərait elə gətirdi ki, komandir kimi ordudan tərxis olundum və İncəsənət Universitetinə daxil oldum. 2005-ci ildən isə hazırkı sənətimlə məşğulam. Mənə təklif olundu ki, məclislərdə, şənliklərdə bir nəfərlə tərəf-müqabil şəklində çıxış edim. Qarşımdakının düşüncə tərzi, improvizə imkanları baxımından məndən daha geridə olduğunu anlayınca, tək çıxış etmək qərarına gəldim. Əvvəlcə bu sahə ilə daha yaxından maraqlandım, sirk məzhəkəçiləri, tanınmış klounlar haqqında materiallar əldə etdim. Bir sözlə, bu sahəni dərindən öyrəndim. Və hazırda özümə bu sahədə rəqib görmürəm. İndiyə kimi müxtəlif imkanlar açılsa da, bu işimi onlara fəda etməmişəm. Mən həqiqətən də məşğul olduğum işi sevirəm. Bu işi həyat tərzimə çevirmişəm.
– Başqa cür desək, məşğul olduğunuz işdən həzz alırsınız?
– Bəli. Bu iş mənim adrenalinimdir.
– Bu işdə yaş məhdudiyyəti yoxdurmu?
– Əslində var. Elə adam var ki, artıq 40 yaşından sonra işləyə bilmir, səhhəti imkan vermir. Özünə diqqətlə yanaşmalısan. İşləyirsən, tərləyirsən, özünü soyuğa verməməli, soyuq su içməməlisən. Çünki səs tellərin qaydasında olmalıdır, daim hərəkətdə olmağı bacarmalısan.
UYUŞMADIĞIN BİR İNSANLA SÖZÜN ÜST-ÜSTƏ DÜŞMƏYƏ BİLƏR, ƏZİLƏ, ALÇALA, MƏCLİSİ KORLAYA BİLƏRSƏN
– Yazıçı Natiq Məmmədlinin “Kloun” adlı hekayəsi var. Hekayə qəhrəmanı müxtəlif adamların təhqirlərinə, alçaldılmalarına məruz qalır. Sizin məşğul olduğunuz iş körpələrə sevinc bəxş edir. Bəs böyüklər necə, bunu başa düşürmü?
– Mən bu işi dərindən öyrənmişəm. Və özlüyümdə belə bir düstur formalaşdırmışam. Uşaqların böyük əksəriyyətinin fobiyası var. Bir də görürsən, kloun əcaib səslər çıxararaq içəri daxil olur və bu uşaqlarda bir qorxu yaradır. Valideynin etinasızlığından uşaqda qorxu yarana bilər. Mən özüm bunların şahidi olmuşam. Kloun əvvəlcə üzünü, səsini uşaqlara öyrəşdirməlidir. Kloun psixologiyanı, xüsusilə uşaq psixologiyasını yaxşı bilməlidir. Biz cəmiyyət içində oluruq və burada hər yaş həddində insanlar ola bilər. Uyuşmadığın bir insanla sözün üst-üstə düşməyə bilər, əzilə, alçala, məclisi korlaya bilərsən. Bu situasiyalara düşməmək üçün qısa müddət ərzində məclisi qiymətləndirməyi bacarmalısan. Məclisin aurasını tuta bilmək üçün öz yanaşmanı formalaşdırmalısan.
– Demək olarmı ki, kloun özünə layiq olmayan münasibətlə qarşılaşıbsa, günah elə onun özündədir?
– Həmin klounun da olmasa, ondan qabaqkı klounun günahıdır. Ola bilər ki, səndən əvvəlki kloun özünü apara bilmirmiş. Deməli, əvvəlki kloun peşəkar deyilmiş. Hamıya məlumdur ki, autizm xəstəsi olan uşaqlarla işləmək çox çətindir. Çünki onların rəngə və səsə münasibətdə həssaslıqları var. Mən autizm xəstəliyi olan uşaqlarla işləyən ilk adamam. Məndən başqa heç kim həmin uşaqlarla işləyə bilmir və heç onları dəvət etmirlər də. Əvvəlcə qrimsiz, adi paltarda özümü, səsimi bu uşaqlara öyrəşdirmişəm, sonra isə elə uşaqların yanındaca qrimlənmişəm.
KLOUN DA OLMASA, PİRAT OBRAZINDA, YA ŞREK, KƏLOĞLAN OBRAZLARINDA YENİDƏN ÇIXACAĞAM
– Heç olmayıbmı ki, bildiklərinizi kiməsə öyrətmək istəyəsiniz?
– Köməkçilərim var. Amma indiki zamanda öyrətmək mümkün deyil. Çünki öyrənmək istəyən yoxdur. Üstəlik bu gün öyrədirsən, sabah artıq sən öyrətdiklərindən istifadə edərək səni devirəcək.
– Müəyyən iqtisadi çətinliklər mövcuddur. Ola bilərmi ki, bu çətinliklər sizin sahənizə də təsir etsin?
– Ola bilər. Amma mən müxtəlif sahələrlə də maraqlanmışam. Rejissor assistenti, prodüser, hətta teleaparıcı kimi də özümü sınamışam. Bu sahələrin hamısı birdən bata bilməz. Həm də mən müxtəlif nağıl qəhrəmanlarının obrazında çıxış edirəm, seriallarda çəkilmişəm. Kloun da olmasa, pirat obrazında, ya Şrek, Kəloğlan obrazlarında yenidən çıxacağam. Yeri gəlmişkən, deyim ki, mən konsert proqramı ilə çıxış edirəm. Hətta mənim konsertimə bir gün ərzində 3 min bilet satılıb. Gələcəkdə də bu cür tədbirləri davam etdirmək fikrindəyəm. Amma durğunluq elə indi də bizə təsir edir. Əvvəl 100 nəfər səni öz evində görmək istəyirdisə, indi bunun 60 faizi yoxdur. Qalan 40 faizin isə 10 faizi məni çağırmağa məcbur olur. Çünki övladı mənə öyrəşib. Hətta elə olur ki, valideyn zəng edir ki, xahiş edirəm, 3 dəqiqə telefonla qızımla danış, səninlə danışmaq istəyir. Sənət adamı üçün bundan böyük xoşbəxtçilik ola bilərmi?
Gündüz Nəsibov, Dadaş Musayev, 1905.az