Bu yazının adı Türkiyədə lazım ola biləcəyindən yüz dəfələrlə çox hallandırılmış “Balyoz” (yəni “Balta”) məsələlərinə heç bir dəxli yoxdur və ola da bilməz.
Bu yazı Vikipediyada “metalik kəsici tilə malik olan, sapaqda bərk oturdulmuş alət” kimi təqdim edilən balta, daha doğrusu ölkəmizdə bu dəhşətli alətlə törədilən saysız-hesabsız qətl hadisələri ilə bağlıdır.
Son bir il, il yarım ərzində baş vermiş qətl hadisələri haqqında verilən məlumatların bəzilərinə diqqət yetirək.
“Bakıda oğul valideynlərini balta ilə qətlə yetirib, sonra evi yandırıb.”
“Mingəçevir sakini arvadını balta ilə qətlə yetirib”
“Qəssabı ət doğradığı balta ilə qətlə yetirən şəxsin məhkəməsi başlayıb.”
“Ər arvadını balta ilə qətlə yetirib.”
“Paytaxtda qadını balta ilə qətlə yetirdilər.”
“Bərdə sakini qızını balta ilə doğradı.”
“Ər arvadının başını balta ilə kəsib.”
“Qubada ata oğlunun başını balta ilə kəsdi.”
Bu dəhşətli xəbərlərin sayı həddindən artıq çoxdur. Ən dəhşətlisi isə, bizim hansısa oğlun öz valideynlərini, hansısa ərin öz arvadını, hansısa atanın öz qızını və ya öz oğlunu baltalayıb xüsusi qəddarlıqla qətlə yetirməsi ilə bağlı xəbərlərə təəccüblənməməyimizdir.
Bəli, biz artıqbelə xəbərlərə təəccüblənməyi yadırğamışıq.
Və nə qədər ki, biz belə dəhşətli hadisələri az qala adi hal kimi dəyərləndiririk, baltanın satışına qadağa qoymaq, ya da bu prosesi hansısa formada tənzimləmək lazımdır.
Şəxsən mən hər insanın balta almaq hüququna malik olmasının qəti əleyhinəyəm.
Diqqət yetirək.
1791-ci ildən bəri ABŞ Konstitusiyası Amerika vətəndaşlarının odlu silah saxlamaq və gəzdirmək hüququnu təmin edir.
Gallup Tədqiqat Mərkəzi 2011-ci ildə Amerika qadınlarının 43 faizinin evdə odlu silah saxlaması ilə bağlı məlumat yaymışdı.
Amma ABŞ-da hər adam silah ala bilməz.
Məsələn psixi problemlər olan və ya əvvəllər məhkum edilmiş insanlar bu imkandan məhrumdurlar.
Tapança almaq üçün ABŞ vətəndaşının ən azı 21 yaşı olmalıdır.
Üstəlik, silah almazdan əvvəl alıcı hökmən xüsusi blankı doldurmalıdır.
Necə bilirsiniz, buna bənzər qaydaları balta satılan mağazalarda tətbiq etsək, dəhşətli qətl hadisələrinin sayı azalarmı?
Ən əsası, baltalar bahalaşmaz ki?
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 106-107)