71-ci ildə anadan olmuşam.
1971-ci ildə.
Ömrümün 46-cı ilini yaşayıram. Və yaş üstünə yaş gəldikcə həm də 60-cı illərin sonlarında və 70-ci illərin əvvəllərində bu fani dünyaya təşrif buyurmuş insanlarımız haqqında düşünürəm.
Mənsub olduğum nəsil haqqında.
Bu nəslin, həyatda olanları 50-ni aşırmağa doğru gedən nəslin bəxtinin gətirməməsi haqqında çox eşitmişəm. Amma bilirəm ki, buna bənzər fikirlər az qala bütün nəsillər haqqında deyilib. Həm də ona görə ki, insan həyatı həmişə və əsas etibarilə itirilmiş imkanlardan ibarət olur…
Qorbaçovun “perestroyka” prosesi başlayanda biz yeniyetmə idik.
Berlin divarı uçurulanda mənim 18 yaşım vardı. (Çox sonralar, 2003-cü ildə birinci və yəqin ki, sonuncu dəfə Berlində oldum və məşhur divarın turistlərin şəkil çəkdirmələri üçün saxlanılmış hissəsini gördüm. Həmin hissənin üzərində gərək ki, “Mersedes” ulduzlu “Trabant” şəkli vardı, bir də Leonid İliçlə Xonekkerin lazım ola biləcəyindən xeyli artıq həvəslə öpüşmələrinin şəkli.)
Sonra da 20 yanvar gəldi…Bakıda deyildim. Təhsil aldığım uzaq Rusiya şəhərində Azərbaycan tələbələrinin yürüş-mitinqi də yadımdadır, 24 yanvarda Bakıya uçan boş təyyarə də. Və köhnə “Moskviç” sürücüsünün 20 yanvara keçən gecə baş verən dəhşətlərdən danışması, asfaltın üzərinə düzülmüş qərənfillər…
Müstəqil olduq!
Üçrəngli Bayrağımızın başımız üstə dalğalanması qədər fərəhləndirici nə ola bilər?
Müharibə gedirdi. Bakıdan bir neçə yüz kilometr qərbdə və həm də elə bil ayrı planetdə gedirdi bu müharbə.
Və insanların şəhid ölümü ilə dünyanı tərk etmələri başladı adiləşməyə.
Doğrudur, biz həyatdayıq. Amma şəhid məzarlarında uyuyan bizimkilər də çoxdur.
Müharibə, indi ona bəzən Birinci Qarabağ müharibəsi deyirlər, başlayanda bizimkilər 20 yaşın astanasında idilər. Və elə o yaşda da qalanlarımız oldu. Azərbaycanın çox yerində şəhidlərimizin uyuduğu xiyabanlar var. Başdaşlarındakı doğum tarixlərinə nəzər salsanız görəcəksiniz…
Mən də o yaşdayam…
Bu yaxınlarda Salman Rüşdinin “Gecəyarı doğulanlar” romanını oxudum və bildim ki, Banqladeş yaranan ildə doğulmuşam.
Banqladeşin də çətinlikləri çoxdur. Bilməmiş olmazsınız. Məsələn, Vikipediyada yazılıb ki, əhalisinin sayına görə 8-ci yerdədir dünyada bu ölkə, ərazisinə görə də 92-ci yerdə. Elə bu iki fakt öz-özlüyündə o qədər çətinliklərdən xəbər verir ki.
Arzular və imkanlar heç də həmişə üst-üstə düşmür. Rəhmətlik Qaydayın filmindəki tost yadınızdadır da?
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 137-138)