Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimal-şərqində PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı “Barış Pınarı” antiterror hərəkatına başlayıb.
Politoloqlara “Türk ordusunun Barış Pınarı əməliyyatını necə dəyərləndirirsiniz, hadisələr hansı məcrada inkişaf edə bilər” sualları ilə müraciət etdik.
Politoloq Cavid Vəliyev qeyd edib ki, Suriyada vətəndaş müharibəsi ortaya çıxdığı vaxtdan etibarən Türkiyənin Suriyadakı sərhədləri PKK-nın Suriya qolu olan YPG/ PYD-nin nəzarəti altında idi. YPG/PYD bir neçə cəhətdən Türkiyə üçün təhlükə yaradırdı. Birincisi qeyri-qanuni olaraq dövlət qurmaq niyyətləri, ikincisi isə Türkiyə daxilində Türkiyənin təhlükəsizliyinə qarşı təhdid olan PKK ilə yaxın əlaqələri var idi. Daha əvvəlki dövrlərdə də onların nəzarəti altında olan bölgələrdən Türkiyə ərazisinə atəş açılmışdı. Bu da mülki əhalinin ölümünə səbəb olmuşdu. Son dövrdə “Barış Pınarı” əməliyyatından sonra da bu hadisələr təkrarlandı. Bu ərazilər birbaşa Türkiyənin ərazi bütövlüyünə, suverenliyinə qarşı real təhlükə olan bir terror təşkilatının nəzarətində olduğu üçün Türkiyə buraya müdaxilə etdi. Müdaxilədən əvvəl Türkiyə həm NATO çərçivəsindəki müttəfiqlərini, həm də BMT Təhlükəsizlik Şurası üzvlərini məlumatlandırdı. Çünki Türkiyə buraya müdaxiləsi barədə Birləşmiş Millətlər Andlaşmasının 51-ci maddəsinə əsasən BMT Təhlükəsizlik Şurasına məlumat verməli idi. Türkiyəyə qarşı silahlı hücum təhlükəsi olduğuna görə regionda bunu aradan qaldırmaq üçün özünümüdafiə hüququndan istifadə etdi. İkincisi Türkiyə Təhlükəsizlik Zonası yaratmaq istəyir. Bunun üçün ABŞ-la müqaviləsi də var. Avqust ayında bu barədə Amerika ilə razılaşma əldə olundu.
Politoloq İlqar Vəlizadə Türk ordusunun Barış Pınarı əməliyyatının çoxdan planlaşdırıldığını bildirdi. Bu əməliyyatla bağlı ilkin addımların bir neçə il bundan öncə atıldığını qeyd edən politoloq “Afrin” hərəkatı“nı Barış Pınarı”nın özəyi kimi dəyərləndirib. Vəizadənin fikrincə Türkiyə bu hərəkat vasitəsilə Türkiyə-Suriya sərhədində Təhlükəsizlik Zonasının yaradılmasını planlayır. İrimiqyaslı geosiyasi, geostrateji əhəmiyyət kəsb edən hərəkatda 2 əsas məqsəd var. Türkiyədə məskunlaşan 3,5 milyon suriyalını Təhlükəsiz Zonaya keçirtmək və bu ərazini terrorçulardan təmizləmək. Terrorçuları təmizləməklə Türkiyə ərazilərinə olan silahlı hücumlardan müdafiə olunmaq istəyir. Söhbət PKK və onun Suriya uzantılarından gedir. Təhlükəsiz Zonanın eni təxminən 35 km nəzərdə tutulub və bu, aparılan əməliyyatların sərhədini məhdudlaşdırır. Bəzi dövlətlərin KİV-də bu hərəkat Türkiyənin şimal-şərqi Suriyaya nəzarət məqsədi daşıması kimi qiymətləndirilib. Amma bu həqiqət deyil. “Barış Pınarı”nın sərhədlər çərçivəsi və məqsədləri dəqiqliyi ilə bəllidir. Hərbi əməliyyatlarla bağlı məlumatlar Suriyada bilavasitə iştirakçı olan dövlətlərin Baş Qərargah rəisləri ilə razılaşdırılaraq həyata keçirilib. ABŞ, Rusiya eləcə də İran bu sıraya daxildir. Bu ölkələr Türkiyənin nə vaxtsa belə bir addım atacağını çox yaxşı bilirdilər, ona görə də heç biri Türkiyənin bu addımına etiraz etmədi. Etiraz bildirən dövlətlər də var idi. Hansı ki, onların heç bu müstəvidə rolu yoxdur, regionda iştirak edən ölkələr siyahısına belə daxil deyillər. Bu da müəyyən qədər təəccüb doğurur. Bir neçə ildir ki, Türkiyə rəsmiləri ardıcıllıqla bildirirlər ki, biz tezliklə əməliyyatlara başlayacağıq. Bizim əsas məqsədimiz suriyalıları öz vətənlərinə qaytarmaq, Təhlükəsizlik Zonası yaratmaqdır. Bununla bağlı heç bir ölkə real reaksiya vermirdi. Elə ki, əməliyyatlar başladı dünya dövlətləri yuxudan oyandı.
Politoloq Ceyhun Əhmədlinin fikirləridə həmkarlarının mövqeyi ilə üst-üstə düşüb.Politoloq hesab edir ki, “Barış Pınarı” əməliyyatı qardaş Türkiyə dövləti üçün 2 mühüm aspektinə görə həyati əhəmiyyət daşıyır. Əvvəla, Türkiyənin Suriya ilə sərhədyanı bölgələrini terrorçulardan azad etməklə PKK-ya sarsıdıcı zərbə vurmaq, ikincisi isə ərazisində sığınmış milyonlarla suriyalı qaçqını bu əməliyyat nəticəsində yaradılacaq təhlükəsiz zonaya yerləşdirmək. Hələlik əməliyyatlar qardaş ölkənin arzu etdiyi məcrada inkişaf edir. Baxmayaraq ki, beynəlxalq ictimai fikir Türkiyənin əleyhinədir, amma indiki məqamda həm ABŞ, həm də Rusiya tərəfinin əməliyyatlara maneçilik törətməməsi rəsmi Ankaranı belə demək mümkündürsə, rahatladırır. Əməliyyatlar Suriyanın 30 km dərinliyinə qədər davam edəcək.
Hadisələr hansı məcrada inkişaf edə bilər sualımıza isə politoloqlarımız belə münasibət bildirdi:
Cavid Vəliyev qeyd edib ki, Türkiyədə 4 milyona yaxın suriyalı yaşayır və bunlar Türkiyə üçün ciddi maddi və sosial yükdü. Türkiyə Təhlükəsiz Zona yaradaraq ölkə daxilində olan suriyalıların bir hissəsini həmin ərazidə yerləşdirmək istəyir. Türkiyənin Miqrasiya Xidmətinin verdiyi məlumata görə Türkiyədə olan 4 milyona yaxın suriyalının 1 milyondan çoxu Türkiyənin Təhlükəsizlik Zonası yaratmaq istədiyi bölgədən gələn suriyalılardır. Türkiyə təxminən 2 milyona yaxın suriyalını həmin əraziyə köçürməyi nəzərdə tutur. Son dövrlərdə, xüsusilə Obamadan sonra, yəni Amerika regiondan çəkilməsi regionda güc boşluğu yaratmışdı. Fərqli dövlətlər bu güc boşluğundan istifadə eləməyə çalışır, Türkiyə də həmçinin regionda söz sahibi olmağı hədəfləyir. Təəssüflər olsun ki, Yaxın Şərq ciddi konfliktlərin olduğu bir region olduğu üçün hərbi güc olmadan, hərbi gücünü göstərmədən burada diplomatik müzakirələrdə yer almaq bir az çətindir. Suriyanın gələcəyi haqqında Türkiyə istər Amerika ilə, istər Rusiya və İranla fərqli müzakirələr aparır.
Politoloq bildirdi ki, Suriyada PYD/YPG silahlandırılması Türkiyə ordusuna qarşı istifadə olunurdu. Lakin 4 gün ərzində Türk ordusu ciddi irəliləyiş əldə etməyi bacardı. Ancaq indi PYD/YPG-nin Suriya hakimiyyəti ilə razılaşdığı iddiasını onların özləri də rəsmi olaraq açıqladılar. Bu məsələ 2015-ci ildə də gündəmə gəlmişdi. Digər tərəfdən Türkiyəyə qarşı beynəlxalq aləmdə fərqli təzyiqlər var. Mən düşünürəm ki, Türkiyə başlatdığı əməliyyatdan geri çəkilməyəcək, çünki bu onun üçün həyati əhəmiyyətə malik bir əməliyyatdır. ABŞ prezidenti Donald Trump da fəqli açıqlamalar verməsinə baxmayaraq nəticədə Türkiyəni dəstəklədi. Rusiya və Azərbaycan da adekvat mövqe sərgilədi. Cavid Vəiyevin qənaətincə Türkiyə ordusu böyük uğur əldə edərək ona qarşı olan təhdidləri aradan qaldırmağı bacaracaqdır.
Politoloq İlqar Vəlizadə qeyd edib ki, Türkiyənin atdığı addımlar başadüşüləndir. Çünki Türkiyədə məskunlaşan suriyalılarla bağlı ölkə ərazisində müəyyən problemlər baş qaldırmışdı. Ankara bu problemlərə biganə yanaşa bilməzdi. Digər tərəfdən məsələnin maliyyə tərəfi də var idi. Avropa tərəfindən ayrılan yardımlar problemlərin çox cüzi hissəsini həll edirdi. Belə vəziyyətdə Türkiyə məcbur oldu ki, belə bir addım atsın. ABŞ və Rusiya kimi dünya dövlətləri baş verən proseslərin hamısından xəbərdardır. İlqar Vəlizadə bu problemin qısa bir vaxtda həllinin gözlənilən olmadığını vurğulayaraq dedi ki, Türkiyə çalışacaq ki, həm dünya dövlətlərinin, həm də beynəlxalq təşkilatların tənqidi fonunda əməliyyatlarını gücləndirsin və yaxın vaxtda öz məqsədlərinə çatsın.
Politoloq Ceyhun Əhmədlinin fikrincə əməliyyatların gedişatında ən çətin mərhələ İŞİD terrorçularının saxlanıldığı düşərgəyə yaxınlaşdıqca ortaya çıxacaq. Düşərgələrdə ailə üzvləri ilə birlikdə 2-3 min İŞİD-çinin saxlanıldığı deyilir. Hələlik onlara nəzarəti PYD yaraqlıları təşkil edir. Türkiyə Silahlı Qüvvələrinin hücumlarından sonra yaranacaq xaos İŞİD-çilərin azadlığa qovuşmasına şərait yarada bilər. Ceyhun Əhmədli bildirib ki, İŞİD-çilərə nəzarəti Türkiyə öz üzərinə götürməsi şərti ilə ABŞ qoşunları o zonadan uzaqlaşıb. PYD Türkiyəni çətin vəziyyətdə qoymaq üçün İŞİD-çiləri azad edəcək və bununla da Türkiyənin beynəlxalq imicini zədələməyə çalışacaq. Politoloq qeyd edib ki, bir maraqlı detal da həmin İŞİD-çilərin ayrı-ayrı Avropa ölkələrinin vətəndaşları olmasıdır. Bu baxımdan, Türkiyə hərbçiləri tərəfindən aparılacaq genişmiqyaslı hərbi əməliyyatlar İŞİD-çilərin kütləvi ölümü ilə nəticələnsə, yenə Avropa ictimaiyyəti haqsız yerə Türkiyəni qınayacaq. Onu da nəzərə alaq ki, düşərgələrdə İŞİD-çilərin ailə üzvləri, arvadları, uşaqları da var. Məndə olan məlumata görə, PYD rəhbərliyi Suriya dövlətinə müdafiə olunmaq üçün müraciət edib. Lakin Rusiyanın maraqlarının uzlaşdırıldığı müddətcə mən Əsədin Türkiyəyə qarşı qətiyyətli adam atacağına inanmıram. Bu baxımdan, PYD-nin çağırışını təhlükəli hesab etmirəm.
Məqalədə https://barispinari.trthaber.com saytındakı xəritədən istifadə edilib.
Politoloqların rəyi 14 oktyabr, saat 13:00-a qədər olan vəziyyəti əks etdirir.
Hazırladı: Aytac Hüseynova, 1905.az