Material 09.11.2020 tarixdə dərc edilib, AZƏRTAC
Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir
Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza səbirsizliklə gözlədiyi müjdəni verdi: Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.
Prezidentin xalqa müraciətindən sonra yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşdı. Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi, bayram bayrama qarışdı. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.
Bayrağımız qürur mənbəyimizdir, dövlət rəmzlərimizdən biridir. Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Dövlət bayrağımızın tarixinə qısaca nəzər salaq. Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra – 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub.
Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərinə, o cümlədən dövlət bayrağına sahib çıxdı.
Dövlət bayrağımızı səciyyələndirən ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.
2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirdi.
Bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı dövlət bayrağına böyük hörmət və ehtiramla yanaşır. Xalqımızın bayrağa sevgisi ildən-ilə daha da artır. Hazırda paytaxtımızın küçə və meydanlarında, binaların eyvanlarında asılan çoxsaylı bayraqlar bunun əyani sübutudur.
Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.
Dövlət bayrağımız Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatların binaları qarşısında ucalır. Yarışlarda qalib gələn idmançılarımızın şərəfinə bayrağımız qaldırılır, himniniz səslənir. Biz bundan böyük qürur duyuruq, ucalan bayrağımıza baxanda gözlərimiz sevincdən yaşarır.
2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Prezident İlham Əliyev deyib: “Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!”.
Rəşadətli ordumuzun bu il sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatı uzaqgörən, müdrik Prezidentimizin 10 il əvvəl dediyi sözlərin əyani təsdiqidir. 2016-cı ilin Aprel döyüşləri zamanı, daha sonra Naxçıvan Muxtar Respublikası ərazisində aparılan Günnüt əməliyyatı nəticəsində işğaldan edilən doğma torpaqlarımızda Azərbaycan bayrağı dalğalanmağa başladı. Bu gün həmin zəfərlərin davamı olaraq qəhrəman Azərbaycan əsgəri bayrağımızı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərinə, Hadrut, Mincivan, Ağbənd qəsəbələrinə, Suqovuşana, işğaldan azad olunmuş 215 kəndə sancıb.
Bu qələbələr fonunda Prezident İlham Əliyevin iki il əvvəl Bakıda keçirilən hərbi paradda böyük inamla dediyi sözlər də yada düşür: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində ərazilərimizi erməni işğalından addım-addım, qarış-qarış azad edir və üçrəngli bayrağımızı bu bayrağa illərdir həsrət qalmış doğma torpaqlarımızda dalğalandırır.
Xalqımız əmindir ki, işğal atlındakı bütün torpaqlarımız azad olunacaq, dövlətimizin başçısının dediyi kimi, həmin torpaqlarımızda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətirilərək hərbi paradda nümayiş etdiriləcək. O gün çox yaxındadır.