“BBC News”un saytında “Dağlıq Qarabağ münaqişəsi: Azərbaycanlıların doğma torpaqlarına qayıtmaq arzusu” sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə Azərbaycanın Tərtər rayonunun Qazyan kəndinin sakinlərinin Ermənistan silahlı qüvvələrinin atəşlərinə məruz qalmaları səbəbindən üzləşdikləri ağır vəziyyətdən bəhs edilir. Müəllif Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə gətirib çıxarmış Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, qoşunların təmas xəttindəki hazırkı vəziyyət barədə də məlumat verir.
Məqalədə rəsmi Bakının münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğu vurğulanır. Həmçinin yazıda Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyevin bu sözləri də yer alıb: “Əgər münaqişə sülh yolu ilə həll olunmasa, torpaqlarımızı hərbi yolla da geri qaytara bilərik”.
Qeyd edilir ki, Azərbaycan dünyada ən çox məcburi köçkün əhalisi olan ölkələrdən biridir. Dövlət bu insanların yaşayış şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təmin olunması üçün proqram həyata keçirir. Lakin məcburi köçkünlərin ən böyük arzusu doğma torpaqlarına qayıtmaqdır.
Məqalədə Azərbaycan rəhbərliyinin işğal altındakı torpaqları azad etməkdə qətiyyətli olduğu vurğulanır. Prezident İlham Əliyevin “Azərbaycan bayrağı işğal edilmiş bütün torpaqlarda dalğalanacaq” sözləri oxucuların diqqətinə çatdırılır.