Öz xarakterinə, təhlükəlilik dərəcəsinə və doğurduğu neqativ nəticələrə görə bir və ya bir neçə dövlətin deyil, eyni zamanda bütün bəşəriyyətin həyati maraqlarına toxunan əməllərin qarşısını almaq və bu əməllərlə səmərəli mübarizənin aparılmasını təmin etmək üçün milli hüquq sistemləri əlbəttə ki, kifayət etmir. Bu kimi əməllərin tərkib elementləri beynəlxalq hüquq normaları ilə müəyyən olunur, təqsirkarların beynəlxalq cinayət məsuliyyətinin həyata keçirilməsi üçün müvafiq mexanizmlər yaradılır. Demək olar ki, son illər bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə olunmuşdur. Nürnberq və Tokio beynəlxalq cinayət tribunallarından sonra Yuqoslaviya və Ruanda ad hoc beynəlxalq cinayət tribunalları, Beynəlxalq cinayət məhkəməsi, eləcə də ayrı-ayrı ölkələrdə (Kambocada, Syerre-Leonedə, Kosovoda, Livanda, Uqandada və.s) “qarışıq” və ya “beynəlmiləlləşdirilmiş” tribunallar, yəni tərkibində beynəlxalq hakimlər və prokurorlar (və ya) olan məhkəmə orqanları təsis edilmişdir. Demək olar ki, bu məhkəmə və tribunalların hər birinin predmet yurisdiksiyasına ən ağır beynəlxalq cinayətlər –soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri aid edilmişdir.
Hələ I dünya müharibəsindən sonrakı dövrlərdə hərbi cinayətlərin və digər ağır cinayətlərin törədilməsinə görə cinayətkarların beynəlxalq hüquq normalarına müvafiq olaraq məsuliyyətə cəlb olunması üçün mütəmadi olaraq onların saxlanması üsullarını tapmağa cəhd göstərilmişdir. 1919-cu il Versal Sülh Müqaviləsi hərbi cinayətlərin törədilməsinə görə Almaniyanın təkcə yüksək rütbəli hərbçilərinin mühakimə edilməsini yox, həm də kayzer II Vilhelmin beynəlxalq cinayətlərə görə cavab vermək üçün xüsusi tribunal qarşısına gətirilməsini tələb edirdi. Lakin aydın olduğu kimi son nəticədə çox az sayda, az qism şəxs məhkəmə qarşısına çıxdı (həm də beynəlxalq məhkəmə yox, Almaniyanın Leypsiqdəki Ali Məhkəməsi qarşısına) və ondan da az şəxsə hökm kəsildi. Heç daimi fəaliyyət göstərəcək məhkəmə orqanının təsis olunması ilə bağlı planların hazırlandığı vaxtda onun reallaşması ilə bağlı konkret təkliflər belə verilmədi. Yalnız İkinci dünya müharibəsindən sonra “Avropanın işğal edilmiş ölkələrində faşizmin və onlarla əlbir olanların törətdikləri cinayət əməllərinə görə məsuliyyət haqqında Sovet hökumətinin müraciəti”ndə hərbi cinayətkarların cəzalandırılması məqsədilə xüsusi beynəlxalq tribunalların yaradılması fikri öz əksini tapmışdı. 1945-ci ildə SSRİ, ABŞ, Böyük Britaniya və Fransa, Almaniya və onun müttəfiqlərinin əsas hərbi cinayətkarları üzərində mühakimə üçün beynəlxalq ədalət mühakiməsini həyata keçirən və habelə beynəlxalq hərbi tribunalların nizamnamələrini özündə əks etdirən müqavilə imzaladılar və Nürnberq Beynəlxalq Hərbi Tribunalını təsis etdilər. Bundan sonra hərbi cinayətlərin törədilməsində və digər ciddi beynəlxalq hüquq pozuntularında təqsirləndirilən şəxslər beynəlxalq tribunal qarşısında mühakimə edildilər. Burada əhalinin məhv edilməsi, kütləvi edamı və ya soyqırıma məruz qalmasında təqsiri olan alman zabit və əsgərlərinin dairəsi müəyyənləşdirilmiş və Tribunal 12 nəfəri ölüm cəzasına, 7 nəfəri azadlıqdan məhrumetmə cəzasına məhkum etmiş, 3 nəfərə isə bəraət vermişdi[1, s.45]. Təbii ki, bəşəriyyət üçün qorxulu və təhlükəli olan müharibənin planlaşdırılması və təşkil olunmasını həyata keçirən şəxslərin az qismi mühakimə olunmuşdu. Tribunal bu məsələdə daha çox təqsirkarı məsuliyyətə cəlb etməli idi. II dünya müharibəsi iştirakçılarının və hərbi cinayətkarların cəzalandırılması ideyası təkcə Nürnberq Tribunalı Nizamnaməsi ilə məhdudlaşmadı, əksinə, bu bir çox beynəlxalq hüquqi sənədlərdə daha da genişləndi. Bunun ardınca yüksək çinli yapon rəsmilərini oxşar cinayətlərdə ittiham etmək məqsədilə, Uzaq Şərq üçün Beynəlxalq Tokio Hərbi Tribunalı SSRİ, ABŞ, Böyük Britaniya Fransa, Çin, Avstraliya, Kanada, Yeni Zelandiya, Niderland, Hindistan və Flippin hökumətlərinin iştirakı ilə 1946-cı ildə imzaladağı müqavilə əsasında təsis olundu [2, s. 119].Tokio Tribunalı demək olar ki, Nürnberq Tribunalının eyni idi, başlıca fərq şəxslərə görə yurisdiksiyada idi (yapon militaristlərinin cəzalandırılması). Bu iki məhkəmə prosesi demək olar ki, ilk dəfə beynəlxalq cinayət hüququnun əsasını qoymuş və beynəlxalq cinayət törədənləri mühakimə etmişdi.
Tribunalları qalib tərəflərin təşkil etdiklərini nəzərə alsaq, əldə olunan nəticənin selektiv və ya qaliblərin ədalətliliyindən asılı olması qaçılmaz idi: bir məsələ onda idi ki, Müttəfiqlərin bəzi eyni dərəcəli cinayətkar fəaliyyətlərinə məhəl qoymamaqla diqqət, müstəsna olaraq məğlub Üçlər İttifaqı (Almaniya, Yaponiya və İtaliyanın birliyi) vətəndaşlarının törətdikləri cinayətlərə cəmlənirdi. Digər tərəfdən isə müttəhimlərin təqsirli bilindikləri cinayətlərin həmin törədilmiş cinayətlərdən ibarət olan və iddia olunan hərəkətlərin törədildiyi zaman ehtimal ki, əslində mövcud olmadığı və bununla da cinayət qanunvericiliyinin, qanunların qüvvəyə minməsindən əvvəl törədilmiş əməllərə onların tətbiqinin yolverilməzliyi kimi təməl prinsipinə zidd olma ilə bağlı müəyyən narahatlıqlar var idi. Uzaq Şərq üzrə Tribunala təyin edilmiş hindistanlı hakim Radhabinod Pal tərəfindən əksəriyyətin çıxardığı qərara müxalif olan öz rəyində bu məsələlərin hər ikisi qaldırıldı. Müstəmləkəçiliyin qatı əleyhdarı olan Pal istilaçı Qərb güclərinin xüsusilə də onlar özləri hərbi cinayətlər törətməkdə günahkar olduqları halda Asiya hökümətində məhkəmə prosesində iştirak etməmək hüquqlarının olduğunu və şəxsləri cəzalandırmaq məqsədilə yeni cinayətlərin müəyyən edilməsində onların fəaliyyətinin beynəlxalq hüquqa təhlükəli ziddiyyət təşkil etdiyini vurğulayaraq Tokio məhkəməsinin əsaslandığı prinsiplərin məqsədəuyğun olmamasını təklif etdi. Bütün çatışmazlıqlara baxmayaraq işin yaxşı tərəfi təqsirləndirilənlərin ən azından məhkəmədən fayda əldə etmələri oldu. Britaniyanın o vaxtkı baş naziri Uinston Çörçill və Franklin Ruzvelt administrasiyasının katibi Kordel Hul hər ikisi, sadəcə güllələnməli olduqlarını zənn etdikləri şəxslərə, ən azından əsas hərbi cinayətkarlara 1944-cü ilin noyabrına qədər sadələşmiş ədalət məhkəməsi imkanı yaratdı[3, s. 150].
Fikrimizcə beynəlxalq birliyin beynəlxalq cinayətlərə görə göstərdiyi bu fəaliyyət təqdirəlayiq hesab olunmalıdır və bu beynəlxalq hüquq üçün çox mühüm bir töhfə idi. Amma bununla kifayətlənmək də olmazdı. Əgər söhbət daimi fəaliyyət göstərən beynəlxalq cinayət tribunalından gedirdisə və bunun planları cızılmışdısa reallaşması çox vacib idi. Bununla bağlı konkret addımların atılmaması bir qədər sual doğururdu. Bunun vacibliyini 1990-cı illərin əvvəllərində beynəlxalq birlik açıq-aydın hiss etdi. 1990-cı illərin əvvəllərində Yuqoslaviya və Ruandada törədilmiş vəhşilik və cinayət əməllərinin cəzalandırılması üçün Təhlükəsizlik Şurası öz səlahiyyəti çərçivəsində ad hoc qaydasında fəaliyyət göstərən Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunalları təsis etdi. Belə ki, 1 yanvar 1991-ci ildən etibarən Yuqoslaviya ərazisində törədilmiş cinayətlərə görə ittiham olunan şəxslər üzərində yurisdiksiya ilə 1993-cü ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı (YBCM) təsis edildi. Keçmiş Yuqoslaviyada baş verən hadisələr içərisində həm insanlıq əleyhinə cinayətlərin, həm də müharibə cinayətlərinin tərkibini yaradn əməllər kifayət qədər idi. Tribunal bu cinayət əməllərini araşdırmış və təqsirkar şəxsləri məsuliyyətə cəlb etmişdi. Onlardan Mərkəzi Bosniyadakı əməliyyat zonasında, ikinci əməliyyat qrupu, Xorvatiya Müdafiə Şurasının komandiri İviça Rayiç, Xorvatiya Müdafiə Şurasının 4-cü hərbi polis batalyonu, anti-terror tağımının rəhbəri Miroslav Bralo, Serbiya Milli Şurasının Prezidenti Milan Babiç işlərini və Akayesu işini misal göstərmək olar [5, s.420].
Ruanda ərazisində 1994-cü il yanvarın 1-dən dekabrın 31-nə qədər soyqırım, insanlıq əleyhinə cinayətlər törətməkdə və Cenevrə Konvensiyasının 3 saylı Ümumi Maddəsinin və 2 saylı Əlavə Protokolun (daxili münaqişə kontekstində müharibə qurbanlarının müalicəsini nizamlayan) ciddi pozuntularına yol verməkdə təqsirli bilinən şəxsləri qonşu dövlətlərdə həmin dövrdə bu cinayətlərdən hər hansı birini törətməkdə ittiham edilən Ruanda vətəndaşları ilə birlikdə mühakimə etmək məqsədilə Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı (RBCM) yaradıldı. Həm Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı, həm də Ruanda Beynəlxalq Cinayət Tribunalı hüquqi baxımından müəyyən ardıcıllığı təmin etmək məqsədilə eyni Apellyasiya Məhkəməsi ilə əlaqəlidir və Təhlükəsizlik Şurası onlara baxdıqları işlərin həcminə uyğun olaraq mümkün qədər tez, 31 dekabr 2014-cü ilə qədər başa çatdırmalarını tələb etdiyinə görə hazırda hər ikisi fəaliyyətlərini məhdudlaşdırmaqdadırlar. Bu prosesə yardım göstərmək məqsədilə Təhlükəsizlik Şurası 2010-cu ildə Cinayət Tribunalları üzrə Beynəlxalq Qalıq Mexanizmi təsis etdi [3, s. 150]. Biri Yuqoslaviya Beynəlxalq Cinayət Məhkəməsi üçün, digəri isə Ruanda Beynəlxalq Cinayət Məhkəməsi üçün olmaqla iki qola bölünmüş mexanizm bu iki Tribunalın “yurisdiksiyası, hüquqları, öhdəlikləri və vacib funksiyaları” ilə bu məqsəd üçün ayrılmış olmaqla hər hansı yarımçıq qalan vəzifələrin tamamlanmasına görə cavabdehdir.
Əlövsət ALLAHVERDİYEV
Hüquq üzrə fəlsəfə doktoru,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Baş müəllimi