Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Ağdam rayonunun Sarıcalı kəndində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən aparılan minatəmizləmə işləri barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib. Otuz ilə yaxın işğal müddətində qadınlar və uşaqlar da daxil olmaqla, yüzlərlə şəxs mina qurbanına çevrilib. Basdırılmış minalar regionda həyata keçirilən tikinti və bərpa prosesinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışına maneə yaradır.
Sonra qonaqlar minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.