Bu gün Bakıda “Stop Metsamor” QHT-lərin beynəlxalq koalisiyasının təsis konfransı keçirilib.
AzVision.az xəbər verir ki, konfransda Azərbaycan QHT-ləri ilə yanaşı Türkiyə, İsrail, Ukrayna, İran, Belarusiya, Rusiya, Qazaxstan, Gürcüstan və Ermənistandan olan QHT-lər də iştirak edib.
Ermənistanda yerləşən `Metsamor` AES-in region üçün törətdiyi təhlükədən danışan Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib ki, `Metsamor` bütün region üçün ciddi təhlükə törədir. Onun sözlərinə görə, 1976-cı ildə istifadəyə verilən bu stansiyanın istismar müddəti artıq çoxdan bitib və hər an stansiyada baş verə biləcək hadisə region üçün böyük faciəyəyə gətirib çıxara bilər.
T.Zeynalov bütün konfrans iştirakçılarını bu faciənin qarşısını almaq, Çernoblda, Yaponiyada baş vermiş atom faciəsinin regionda baş verməsinin qarşısını almaq üçün `Metsamor` stansiyasının fəaliyyətini dayandırmaq üçün birgə səy göstərməyə çağırıb.
Daha sonra çıxış edən Azərbaycan Radiasiya Problemləri İnstitutunun professoru Rauf Sərdarlı bildirib ki, istismar müddətini çoxdan başa vurmuş `Metsamor` AES regionun təhlükəsizliyi üçün böyük risk daşıyır.
Onun sözlərinə görə, stansiyada istifadə edilən avadanlıqlar çox köhnədir və istismar müddətin çoxdan başa vurub. R.Sardarli bildirib ki, stansiyanın müdafiə sistemi hər an imtina edə bilər ki, bu da region üçün böyük faciənin baş verməsinə səbəb ola bilər:
“Yaponiyada, Çernoblda baş verən faciələr göstərdi ki, heç kim atom faciəsindən sığortalanmayıb. Bu baxımdan köhnəlmiş avadanlıqlarla işləyən `Metsamor`da faciənin baş verə biləcəyi ehtimalı çox böyükdür”. R.Sərdarlı `Metsamor`-un fəaliyyətinin dayandırılmasının vacibliyini vurğulayıb.
Konfransda çıxış edən İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” təşkilatının rəhbəri Arye Qut bildirib ki, `Metsamor` regionun təhlükəsizliyi üçün böyük təhdiddir. O qeyd edib ki, bu stansiyanın vaxtilə Azərbaycanın dinc əhalisinə qarşı soyqırım aktları, o cümlədən Xocalı soyqırımını törətmiş cinayətkar bir hakimiyyətin nəzarəti altında olması bu təhlükənin nə dərəcədə böyük olduğunu göstərir:
“Bu stansiya təmsil etdiyim Yaxın Şərq regionu üçün də böyük təhlükə törədir. Hətta deyərdim ki, `Metsamor` dünya nüvə təhlükəsizliyi üçün böyük təhdiddir. Bu gün nüvə təhlükəsizliyi dünyada mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, `Metsamor` terrorçu bir hakimiyyətin əlindədir, biz bu haqda təcili düşünməliyik”.
Tədbirdə çıxış edən digər ölkələrin nümayəndələri də `Metsamor`un region üçün və dünyanın nüvə təhlükəsizliyi üçün törətdiyi təhlükələrdən danışıb və bu təhdidin qarşısının dərhal alınmasının vacibliyini vurğulayıblar.
Sonda konfrans iştirakçıları “Stop Metsamor” QHT-lərin beynəlxalq koalisiyasının təsis edilməsi haqqında bəyannamə imzalayıblar.