
Bu gündən ETIC (“Extreme Traveler International Congress”) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır.
AZƏRTAC xəbər verir ki, 8 ölkədən – ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (“Most Traveled People”) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi, ABŞ-dan olan Çarls Veley də təmsil olunur.
Heyət 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.
İşğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə 2021-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 14 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, eyni qəbildən olan sayca 15-ci səfərdir.
Qarabağ və Şərqi Zəngəzurda viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə, 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb. Azərbaycanın postmünaqişə bölgəsində unikal və bənzərsiz şəhərsalma təcrübəsi beynəlxalq səyahətçilərin bura davamlı axını ilə nəticələnir.