Xəbər verdiyimiz kimi, dünyaşöhrətli dörd əsas səyahətçilər şəbəkəsindən biri olan “NomadMania” klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və sair) təmsil edən 50 nəfərə yaxın heyəti Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində əvvəlcə Şuşa şəhərinə gəliblər. Xarici səyyahlar Şuşanın tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyahlar əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanına gəliblər. Qonaqlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Qeyd olunub ki, işğal zamanı ermənilər Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin heykəllərini Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.
Səyahətçilər sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları ilə tanış olublar. Sonda Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr edib, sonra Ağdama yola düşüblər.
Qeyd edək ki, qrupa “NomadMania” klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harry Mitsidis başçılıq edir. Heyət üç gün ərzində Qarabağı və Şərqi Zəngəzuru gəzəcək, Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edəcək. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Səyahətçilər Klubunun, Böyük Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” klublarının geniş tərkibdə heyətləri ötən iki ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə, digər dördü isə 2023-cü ildə reallaşıb. Dünyanın səyyah elitasının Qarabağ və Şərqi Zəngəzura ardıcıl səfərləri, hər dəfə heyətin daha da genişlənməsi onu göstərir ki, bölgədə qısa müddətdə Azərbaycan dövlətinin apardığı nəhəng və genişmiqyaslı quruculuq işləri dünyada heyrətlə qarşılanır. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin yerində nümayişi üçün də müstəsna əhəmiyyət daşıyır.