Birinci Dünya müharibəsində (1914-1918-ci illər) çar imperiyasının Qərb cəbhəsindəki hərbi uğursuzluqları ölkə ərazisində, xüsusən mərkəzi şəhərlərdə əhali arasında narazılıqlara gətirib çıxarmışdı.
Kütləvi etiraz aksiyaları keçirilir, siyasi gərginlik getdikcə artırdı. Xüsusən, bolşeviklərin müharibə əleyhinə əks-təbliğatı, fəhlələri mitinqlərə, tətillərə, silahlı üsyanlara çağırmaları, insanları siniflərə bölərək onlar arasında düşmənçilik yaratmaq cəhdləri vəziyyəti daha da agırlaşdırırdı.
Bütün bunların nəticəsində 1917-ci il fevralın 27-də baş vermiş burjua inqilabı Romanovlar sülaləsinin sonuncu nümayəndəsi II Nikolayın hakimiyyətinin devrilməsinə səbəb oldu. Bununla da imperiyanın bütün bölgələrində, xüsusilə də Qafqazda böyük bir anarxiya başladı.
Fevral burjua inqilabından sonra Bakıda və Azərbaycanın digər şəhərlərində (Gəncə, Şamaxı və s.) ikihakimiyyətlilik yaranmışdı: onlardan biri – burjua müvəqqəti hökumətin yerli hakimiyyət orqanları, digəri isə proletariatla kəndlilərin inqilabi demokratik diktaturası olan fəhlə və əsgər deputatları sovetləri idi. Əslində, çar rejiminin devrilməsi Azərbaycanda böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Çoxları düşünürdülər ki, Rusiyada qurulacaq federativ və demokratik hökumət Cənubi Qafqazda milli ədavətin qızışdırılmasına imkan verməyəcək, ayrı-seçkiliyə son qoyacaq. Lakin yeni yaranmış müvəqqəti hökumətin Cənubi Qafqazda qurduğu “Xüsusi Zaqafqaziya Komitəsi” imperiyanın ermənipərəst siyasətini aradan qaldırmaq ümidlərini boşa çıxartdı. Əksinə, erməni daşnaklarının türk torpaqlarında törətdikləri qırğınlar, “böyük Ermənistan” yaratmaq xülyasını reallaşdırmaqdan ötrü həyata keçirdikləri qanlı əməllər geniş vüsət aldı. Bolşeviklərin sıralarında erməni şovinist millətçilərinin çoxluğu və onların türk-müsəlman əhaliyə qarşı düşmənçiliyi isə Bakıda, hətta regionda vəziyyəti gərginləşdirən əsas amillərdən birinə çevrildi.
Erməni millətçilərinin “qara oyunları”
Bakı Sovetinin tərkibində azərbaycanlılar demək olar ki, təmsil olunmurdular. Onun tərkibi və rəhbər heyəti bütünlüklə ermənilərdən və digər qeyri-azərbaycanlılardan təşkil edilmişdi. 1917-ci il martın 6-da qatı erməni millətçisi Stepan Şaumyan Bakı Soveti Rəyasət Heyətinin sədri seçilmişdi. Onun və digər erməni şovinist millətçilərinin əsl niyyəti azərbaycanlılara sarsıdıcı zərbə vurmaq, ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək idi.
Həmin dövrdə yaşamış qabaqcıl ziyalılarımız da təbii ki, vəziyyətin fərqində idilər. Fevral burjua inqilabından sonra yalnız Cənubi Qafqazdakı müsəlmanların deyil, bütün Rusiya müsəlmanlarının dağınıq halda olan qüvvələrinin vahid bir mərkəzdə birləşdirilməsi Azərbaycanın siyasi xadimləri qarşısında vacib məsələ kimi dururdu. Onlar bu məqsədlə təşkilatlanmağa çalışırdılar. Yerli əhali Azərbaycan ziyalılarına dəstək verir, onların qurduqları təşkilatlar ətrafında bir araya gəlirdilər.
Zaqafqaziya Komissarlığının qərarına uyğun olaraq, azərbaycanlıların öz milli hərbi hissələrini yaratmağa başlaması isə Şaumyan başda olmaqla bolşevikləri və erməni daşnaklarını daha çox qorxuya salırdı. Bolşeviklər bu prosesin qarşısını almaq üçün azərbaycanlılar arasında təfriqə salır, xalqı öz ziyalıları və iri mülk sahiblərinin əleyhinə qaldırmağa, onlar arasında uçurum yaratmağa çalışırdılar. Erməni millətçiləri çox istəyirdilər ki, Azərbaycanı başsız və çıxılmaz vəziyyətdə qoysunlar, yaranmış qarmaqarışıqlıqdan öz məqsədləri üçün istifadə etsinlər.
Bolşevizmin gətirdiyi fəlakət
O dövrdə bolşeviklər hər cür demokratik şüarlarla pərdələnsələr də, azərbaycanlıların milli maraqlarına qətiyyən cavab vermirdilər. Bu hərəkatın rəhbərliyində ifrat bolşeviklərin və ermənilərin çoxluq təşkil etməsi əhalinin milli mənafeyinə qarşı böyük təhdid doğururdu. Hadisələrin sonrakı gedişatı bu ehtimalı doğrultdu. Ermənilər tərəfindən istiqamətləndirilən bolşevizm Azərbaycan xalqına sonsuz qırğınlar və fəlakətlər gətirdi. Tədricən Bakıda siyasi və hərbi hakimiyyət bolşevik pərdəsi altında gizlənən erməni daşnak şovinistlərinin əlində cəmləşməyə başladı.
Tarixi araşdırmalara görə, ermənilər hələ XIX əsrin axırlarından başlayaraq 1917-ci ilin sonlarına qədər dünyanın ən iri ölkələrinə arxalanmaqla Türkiyənin tarixi ərazisində erməni dövləti yaratmaq üçün hər cür vasitələrdən istifadə edərək türklərə qarşı kütləvi qırğınlar törətmişdilər. Bu zaman erməni terrorçuları və silahlı quldur dəstələri yüz minlərlə dinc türk əhalisinin qanını axıtmış, onların əmlaklarını qarət etmiş, evlərini yandırmış, kişiləri, qadınları və uşaqları amansızlıqla qətlə yetirmişdilər.
1918-ci ilin 31 mart soyqırımıları ərəfəsi isə o dövr idi ki, Avropa ölkələrində “erməni məsələsi” artıq siyasət aləminə daxil olmuş, “Daşnaksütyun” partiyasının əsas qüvvələri Cənubi Qafqaza, xüsusilə Bakıya toplaşmış və onlar “böyük Ermənistan” yaradılması üçün yeni yollar seçmişdilər. Rus, eləcə də ingilis, fransız hökumətləri ilə bağlı olan və onlara xidmət edən “Daşnaksütyun” partiyası saxta “böyük Ermənistan” xəritəsini əllərində gəzdirərək, xüsusilə Azərbaycanda milli təfriqə salmaqla yerli müsəlman əhaliyə qarşı düşmənçiliyi qızışdırırdılar.
1917-ci ilin oktyabrında baş vermiş bolşevik çevrilişindən sonra Cənubi Qafqazda özünü ali hakimiyyət elan etmiş Zaqafqaziya Komissarlığı ilə Bakı Soveti arasında münasibətləri nizamlamaq mümkün olmamışdı. Şaumyanın rəhbərlik etdiyi Bakı bolşevikləri yeni yaranmış Zaqafqaziya Komissarlığını tanımadıqlarını bəyan etmiş və bu hakimiyyəti zorakılıqla devirmək üçün fəaliyyətə başlamışdılar. Bolşeviklər insanları ideyaya inandırma prinsiplərinə deyil, özünü doğrultmayan gücə önəm verir, xalqları siniflərə bölərək onların arasında barışmaz düşmənçilik yaradırdılar. Bu, insana nifrət ideyası sonralar yüz minlərlə günahsız adamın amansızcasına qətlə yetirilməsi ilə nəticələnmişdi.
Azğınların ittifaqı: daşnak üslubu
Qafqaz və İran cəbhəsindəki türk qoşunları tərəfindən məğlub edilən və Brest sülhünün şərtlərinə (həmin sülhün şərtlərinə görə Ərdəhan, Qars və Batum Türkiyəyə verilmişdi) əməl etməyə məcbur olan rus-erməni hərbi birləşmələrinin bu bölgələrə gəlməsi mənfur niyyətlilərin hərisliyini daha da gücləndirirdi. Qoşunun əsas hissəsini təşkil edən erməni hərbi dəstələri Azərbaycanın şimal torpaqlarına – İrəvan, Şərur-Dərələyəz, Dağlıq Qarabağ, Bakı və başqa ərazilərə daxil olurdular. Digər tərəfdən, Türkiyə ərazisindən qaçan ermənilər də Azərbaycanın Qərb torpaqlarında məskunlaşırdılar. Bakıda isə ermənilər bolşeviklərlə birgə özlərini vətəndaş müharibəsinə, azərbaycanlılara qarşı kütləvi soyqırımı aktına hazırlayırdılar. Bakıdakı seçkili qurumlarda qanuni yolla üstünlük qazana bilməyən bu ünsürlər hakimiyyətin ələ keçirilməsinin yeganə yolunu hərbi zorakılıqda görürdülər. Bolşeviklər 1918-ci ilin əvvəllərində xalq arasında ciddi bir dayaqlarının olmadığını başa düşüb hakimiyyəti dinc yolla ələ keçirmək mübarizəsindən silahlı mübarizəyə hazırlaşmaq taktikasına üstünlük vermişdilər. Bu məsələdə isə ermənilər onların işinə yarayırdı.
Araşdırmalarda göstərilir ki, mart qırğını ərəfəsində Bakı bolşeviklərindən Avakyan vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, komitəyə gələn bütün ermənilərə silah və patron paylayırdı. Onlar artıq bir neçə ay idi ki, ciddi şəkildə silahlanırdılar. Bakının ermənilər yaşayan məhəllələrinə, ətraf kəndlərə hərbi sursat daşınırdı. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti buna dəstək verirdi. 1918-ci ilin yanvar-fevral aylarında özlərinə çox arxayın olan erməni zabit və əsgərləri şəhərin küçələrində sərbəst gəzib-dolaşır, istədikləri özbaşınalıqları edirdilər.
Bu zaman azərbaycanlılar da milli hərbi birləşmələrin yaradılmasına xüsusi diqqət verməyə başlamışdılar. Bakıda, Gəncədə və Azərbaycanın başqa şəhərlərində yaradılan müsəlman milli hissələrinin özəyini bura Petroqrad ətrafından gətirilmiş “Tatar süvari polku” deyilən hərbi hissələr təşkil edirdi. Amma ordunun formalaşdırılması işi çox ləng gedirdi, heç bir kömək yox idi.
Sənədlərdə qeyd olunur ki, bu dövrdə Bakıda üç siyasi qüvvə arasında mübarizə güclənməkdə idi: birinci qüvvəyə daşnaklar, sağ eserlər və menşeviklər; ikinci qüvvəyə bolşeviklər və sol eserlər; üçüncü qüvvəyə isə müsəlman təşkilatları daxil idi. Mübarizənin şiddətli vaxtında birinci iki qüvvə erməni-rus bolşeviklərinin rəhbərliyi altında müsəlmanlara qarşı birləşdilər. Xüsusilə, Bakıda rus və erməni silahlı dəstələrinin Azərbaycan əhalisinə qarşı qarət hərəkətləri baş alıb gedirdi. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına axtarışlar əhalini qorxuya salmışdı. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1918-ci ilin yanvarında Şaumyanın göstərişi ilə Müsəlman korpusunun komandiri general Əsəd bəy Talışinskinin Bakıda həbsi şəhərin azərbaycanlı əhalisi arasında qəzəb doğurdu. General-mayor Talışinski rus-yapon müharibəsində Port-Arturun qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuşdu. Onun həbsinə etiraz olaraq Bakıda və ətraf kəndlərdə nümayişlər başlandı. Bolşevik-daşnaklara isə azərbaycanlılara divan tutmaq üçün belə bir bəhanə lazım idi. Ona görə də narazılıqlara baxmayaraq, təxribat əməllərindən yenə əl çəkmirdilər. Növbəti təxribat “Evelina” gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin tərksilah edilməsi oldu. Onlar Bakıya görkəmli messenat Hacı Zeynalabdin Tağıyevin oğlu, əsasən azərbaycanlılardan ibarət “Dikaya diviziya”nın Lənkəranda təsadüf nəticəsində həlak olmuş zabiti Məmmədin hərbi qaydada dəfni məqsədilə gəlmişdilər. Dəfn başa çatandan sonra martın 29-da geri qayıtmaq üçün Bakı limanında onları gözləyən “Evelina” gəmisinə mindilər. Şəhərdə çoxsaylı erməni silahlı dəstələrinin olmasına göz yuman bolşeviklər Şaumyanın tapşırığı ilə bu əsgər və zabitləri tərksilah etdilər. Təxribatın təşkilatçıları çalışırdılar ki, azərbaycanlıları cavab addımlarına sövq etsinlər və onlara qarşı əsl müharibəyə başlamaq üçün bəhanə yaransın.
Qığılcım… ilk atəş ermənilər tərəfindən açıldı
Erməni daşnak-rus bolşevik silahlı dəstələrinin “Evelina” gəmisinə hücum edərək azərbaycanlıları tərksilah etməsi əhali arasında böyük narahatlıq yaratdı. Onlar Bakı məscidlərindən birinin həyətinə yığılaraq gəmidən müsadirə olunmuş silahların geri qaytarılmasını tələb edən qərar çıxardılar. Növbəti gün müsəlman nümayəndələri silahların qaytarılmasını Bakı Sovetindən xahiş etdilər. Həmin gün Hərbi-İnqilab Komitəsində təcili müşavirə keçirildi. Silahların “Hümmət” təşkilatı vasitəsilə geri qaytarılması qərara alındı. Bolşeviklərin rəhbərlərindən Caparidze də bu tələbin yerinə yetiriləcəyinə söz verdi. Amma elə bu zaman küçədə atışma səsləri eşidildi. Məlum oldu ki, Şaumyanın qabaqcadan hazırladığı təxribat artıq baş tutub və azərbaycanlıların kütləvi soyqırımına doğru ilk hərəkətlər başlanıb. “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən soyqırımı planı reallaşdırılırdı.
30 mart 1918-ci il axşam saat 6-da Bakı artıq əsl döyüş meydanına çevrilmişdi. Bütün erməni silahlı qüvvələri Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfinə keçmişdi. Azərbaycanlıların hərbi sursatı yox dərəcəsində idi. Soydaşlarımızın yaşadığı məhəllələrdə dəhşətli qırğınlar törədilirdi. Fövqəladə İstintaq Komissiyasının sənədində qeyd olunur ki, erməni milli komitəsinin hərbi drujinası adlandırılan erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başladı. Demək olar ki, eyni bir vaxtda Levon Saatsazbekovun erməni dəstəsi şəhərin “Şamaxinka” adlanan hissəsini atəşə tutdu. Ermənilərin əsas hücumları şəhərin “Kərpiçxana”, “Məmmədli” və “Zibilli Dərə” adlandırılan hissəsinə istiqamətlənmişdi. Burada yaşayan əhalinin demək olar ki, hamısı müsəlmanlar idi. Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən “Ərdəhan” və “Janr” hərbi paraxodlarının toplarından atəşə tutulmuşdu.
Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar bu millətdən olanları qırırlar. Matroslar xəbərin yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da, artıq gec idi. Alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı bilinmirdi. Top atəşləri nəticəsində müsəlmanların əsas ibadət yeri sayılan Təzəpir məscidinin minarələri ağır zədə almışdı. Ermənilər heç bir azərbaycanlıya rəhm etmirdilər.
Bu vaxt Nəriman Nərimanov qırğının qarşısını almaq üçün işə qarışmalı olur. Mart ayının 30-da saat 2-də öz evində müşavirə çağırır. Hətta müşavirəyə S.Şaumyan da dəvət olunur və hadisələrin qarşısını almaq üçün ona müraciət edilir. Şaumyan həmin müşavirədə hiyləgərcəsinə qırğının dayandırılacağına söz verir. Hətta Nərimanov telefonla A.Caparidzeyə zəng vurur və necə olursa-olsun qırğının dayandırılmasını tələb edir. Lakin bunun heç bir təsiri olmur, ermənilər qırğını daha da gücləndirirlər. Soyqırımı aprelin 2-si, gecə yarıyadək davam edir. Sağ qalanlar Bakını tərk etmək məcburiyyətində qalırlar. Üç gün davam edən qanlı qırğın zamanı 20 mindən çox azərbaycanlı qətlə yetirilir.
“Əks-inqilaba” qarşı mübarizə adı altında milli qırğın
Azərbaycanda mart qırğınının təşkilatçısı və rəhbəri Stepan Şaumyan 1918-ci il aprelin 18-də RSFSR Xalq Komissarları Sovetinə göndərdiyi məktubunda yazırdı: “Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”. Həmin dövrdə V.Lenin Bakı Sovetinin başçısına aşağıdakı məzmunda teleqram yollamışdı: “Hörmətli yoldaş Şaumyan, məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnız imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu münaqişələri işlətməyi öyrənin…” Mahiyyətcə milli soyqırımı olan mart döyüşləri Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırırdı. Həmin günlərdə təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara belə aman vermirdilər. Qadınlar daha ağır şəkildə qətlə yetirilirdi. Arxiv materiallarına əsasən, təkcə bir yerdə torpağın altından qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 57 qadının meyiti tapılmışdı. Hətta daşnak silahlı dəstələri Nəriman Nərimanovun evinə də basqın edərək qardaşını həbs etmişdilər. N.Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında yazırdı: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər”. Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, qiymətli əşyaları isə özləri ilə aparırdılar. Azərbaycanlılara qarşı bu soyqırımı və qarətlərdə Anastas Mikoyanın başçılıq etdiyi “Qızıl Qvardiya” dəstələri xüsusilə fərqlənmişdilər. Bakı əhalisinin 400 milyon manatlıq əmlakı talan edilmiş, müsəlmanların bir çox ziyarətgahları dağıdılmışdı. Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan “İsmailiyyə”nin binasına, “Kaspi”, “Açıq söz” qəzetləri redaksiyalarına od vurulmuşdu.
Bakı milyonçuları Musa Nağıyevin və Şəmsi Əsədullayevin nəvəsi, Fransada yaşayıb-yaratmış yazıçı Ümmülbanu (Banin) 1918-ci ilin mart günlərini belə xatırlayırdı: “Həmin vaxtlarda Azərbaycanın paytaxtı Bakı şəhərində siyasi canlanma güclənmişdi. Yaranmış müxtəlif siyasi təşkilatların fəaliyyəti sayəsində rəqabət, dağıntı, döyüşlər baş verdi. Sosialist təmayüllü bir erməni təşkilatı ölkəni kommunist dağıntısından qurtarmaq adı ilə hərbi diktatura rejimi yaratdı. Amma camaat pıçıldaşırdı ki, bu təşkilatın başçıları bolşeviklərdir. Onlar hər kim olsalar da, hakimiyyətləri dövründə müdafiə imkanı olmayan müsəlmanları qırmağa başladılar… Biz hər dəqiqə daşnakların evə dolacağını, mənzilimizi dağıdıb bizi də qıracaqlarını gözləyirdik. Telefon da kəsilmişdi… Nəriman Nərimanov bu hadisələrə dözə bilmədi, xəstələndi və Bakını tərk etdi. S.Şaumyana və A.Mikoyana qoşulan Məşədi Əzizbəyov isə faciəvi olaylardan baş çıxara bilmədi… Bakı ilə yanaşı, Azərbaycanın digər ərazilərində də ermənilər əhaliyə qarşı tarixdə görünməmiş qəddarlıq edirdilər…” 1918-ci il mart ayının 14-də daşnak Əmirovun komandanlığı altında Şamaxıya bolşevik dəstələri göndərildi. Martın 16-da məlum oldu ki, əsgərlər Şamaxıya hərəkət edərkən yol boyu Ağdərə, Novxanı, Qarxunlu və başqa kəndləri qarət etmiş, əhalini qırıb-çatmışdı. Martın 17-də erməni qoşunları Şamaxıya yetişmiş və böyük vuruşma başlamışdır. Martın 30-da ermənilər Mədrəsə kəndindən şəhəri top atəşinə tutmuşdular. Aprelin 3-dən 16-dək Şamaxı şəhəri və onun kəndlərinin müsəlman əhalisi böyük itkilər vermişdi. Bu ərəfədə Petrovun və Avetisovun quldur dəstələri kütləvi qırğınlar törətmişdilər. Tarixi abidə olan Cümə məscidi yandırılmışdı.
Ermənilər eyni qırğınları Qubada, Lənkəranda, Göyçayda, Salyanda, Kürdəmirdə və Azərbaycanın başqa bölgələrində də davam etdirirdilər. Bakı və Bakı quberniyası bolşevik-daşnakların əlinə keçdikdən sonra Şaumyanın tapşırığı ilə Qubaya David Gelovaninin başçılığı altında 187 nəfərlik silahlı əsgər dəstəsi göndərilmişdi. Lakin bir neçə gündən sonra əhali Gelovanini qovmuşdu. 1918-ci il mayın 1-də Qubaya azərbaycanlıların qatı düşməni, daşnak Hamazaspı və onun köməkçisi Nikolayın komandanlığı altında, tərkibi ermənilərdən ibarət təxminən iki min nəfərlik dəstə göndərildi. Bu dəstə azərbaycanlılara qarşı özünün amansızlığına görə “cəza dəstəsi” adını almışdı. Hamazaspın “cəza dəstəsi” Quba şəhərini və Quba qəzasının 162 kəndini darmadağın etmiş, 16 mindən çox insan qətlə yetirilmişdi.
Azərbaycanın İrəvan, Zəngəzur, Naxçıvan, Qarabağ bölgələrində isə Andranikin, Dronun, Njdenin silahlı dəstələri azərbaycanlıların kütləvi qətliamını həyata keçirmişdilər. Erməni tarixçisi A.Lalayan yazırdı: “Andranikin başçılıq etdiyi daşnak dəstələri türk kəndlilərinin, onların uşaqlarının, qadınlarının və qocaların qətli zamanı “böyük şücaət” göstərirdilər. Daşnak dəstələri tərəfindən tutulmuş müsəlman kəndlərində sağ adam qalmırdı, hər yer insan qalıqları ilə dolu xarabalığa çevrilirdi”. Andranikin silahlı dəstələri 1918-ci ildə Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirmiş, meyitlərini isə Araz çayına atmışdır…
Mart soyqırımı ərəfəsində mətbuat orqanlarına qadağalar qoyuldu
1918-ci ilin mart soyqırımınadək Azərbaycanda 20-dən artıq ana dilində mətbuat orqanı fəaliyyət göstərirdi. Qətliamdan sonra yalnız “Hümmət” və “Bakı Şurasının əxbarı” qəzetləri nəşr edilirdi, digər mətbuat orqanlarına qadağa qoyulmuşdu. “Açıq söz”, “Bəsirət”, “İstiqlal”, “El həyatı” və digər azərbaycandilli qəzetlərin son sayları soyqırımından bir gün əvvəl – martın 17-si və 18-də çıxmışdı. Bu da onu göstərirdi ki, qırğınlar ərəfəsində Azərbaycanın milli mətbuat orqanları, mətbəələr və jurnalistlər də hədəfə alınmışdı. 1919-cu ildə çap edilən “Azərbaycan” qəzetində 31 mart soyqırımı ilə bağlı fotoşəkillərdən biri “Kaspi” qəzeti redaksiyasının yandırılmasından sonrakı vəziyyəti təsvir edirdi. Bakı Sovetinin sədri Şaumyanın əmri və mətbuat bürosunun qərarı ilə “Mart hadisələrinə düzgün qiymət vermədiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına” görə, hətta rusdilli qəzetlər də bağlanmışdı. “Kaspi”, “Baku”, “Bakinets”, “Vesti Baku”, menşeviklərin “Naş qolos” qəzetlərinin nəşri dayandırılmışdı. Bəyanatların, əhaliyə müraciətlərin çapı qadağan edilmişdi. “Azərbaycan” qəzetinin 1919-cu ildə çıxan 147-ci sayında “Mart hadiseyi-ələməsinin müxtəsər tarixçəsi” sərlövhəli məqalədə Şaumyanın, Saakyanın və Arekyanın rəhbərlik etdikləri dəstənin Şamaxıda törətdikləri qırğınlar barədə ətraflı məlumat verilirdi. Bu xəbərin Bakıda güclü təşviş doğurduğu göstərilirdi, insanlar erməni vəhşiliklərinə heyrət edirdilər. “Hümmət”in “Şamaxı əhvalı” sərlövhəli məqaləsində qeyd olunurdu ki, 17 yaşından 50 yaşınadək Şamaxı erməniləri bolşeviklərin Qırmızı ordusunun tərkibinə qatılmışdılar. Vəziyyətin acınacaqlı olduğunu qəzet bu sözlərlə bildirirdi: “Şamaxı şəhəri bütünlüklə yanıb”.
İlk hüquqi qiymət
1918-ci ilin mart hadisələrinə ilk dəfə AXC tərəfindən qiymət verilməyə cəhd göstərilmişdi. Fövqəladə istintaq komissiyası yaradılmış, törədilmiş vəhşiliklər və cinayətlər araşdırılmışdı. Lakin AXC-nin süqutu bu işi başa çatdırmağa imkan verməmişdi. Sonra uzun illər davam edən sovet rejimi dövründə saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində milli yaddaşımız tamamilə yad istiqamətdə köklənmişdi. Bu soyqırımı faktı əsl hüquqi-siyasi qiymətini yalnız Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra almışdır. Ulu öndər Heydər Əliyevin mart hadisələrinin 80-ci ildönümü münasibətilə – 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni təcavüzkarlarının terror hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması təsbit edilmişdir.
Ulu öndər Heydər Əliyevin milli dövlətçilik strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev bu xüsusda demişdir: “Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasətini yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik. Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımıların dünya ictimaiyyətinə çatdırılması prosesində önəmli rol oynayacaqdır”.
Azərbaycan Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il il tarixli sərəncamı da bəşəriyyətə qarşı yönəlmiş cinayətlərin qarşısının alınmasına, ümumilikdə dünyanın bir daha belə dəhşətlər yaşamaması məramına yönəlmiş mühüm dövlət sənədidir.
Fərqli bir dünya arzusu
Dünyada sülhün qorunması, insanların əmin-amanlıq şəraitində yaşaması, hər cür zorakılığın qarşısının alınması arzusu bütün zamanlarda bəşəriyyəti düşündürüb. Lakin təəssüflər olsun ki, beynəlxalq aləmin bu məsələlərə yanaşmaları çox zaman birtərəfli olub. Bu cür problemlərə münasibətdə ikili standartlar tətbiq edilib. Bu cür yanaşmalar ksenofobiya və ayrı-seçkiliyin digər təhlükəli formalarına yol açıb, milyonlarla insanı yenə də etnik zəmində terrorizmə və zorakılığa məruz qoyub. Dünya bəzən unudur ki, yalnız döyüşən tərəfləri ayırmaq və gərginliyi aradan qaldırmaq çıxış yolu deyil. Münaqişə və zorakılığın, beynəlxalq terrorizm və dözümsüzlüyün köklərinin əsaslı surətdə yox edilməsi sülh mədəniyyətinə şərait yaradılmasından bilavasitə asılıdır. Soyqırımı kimi bəşəri cinayətlərdə əli olan bütün insanlar beynəlxalq ədalət mühakiməsi qarşısında cavab verməlidir. Bu cinayətlərə görə məsuliyyət daşıyanlar bunun əvəzini ödəməlidirlər. Bunlar olmayana qədər xalqlar, cəmiyyətlər yenə də oxşar talelər yaşayacaq, cinayət əməlləri ilə təhdid olunacaq. Yenə də dünyanın harasındasa insanları sadəcə hansısa milli mənsubiyyəti daşıdıqlarına görə öldürəcək, zorakılıqlarla üz-üzə qalacaqlar. Öz xislətindən əl çəkməyən ermənilərin azğınlığı, əli azərbaycanlı körpələrin qanına batmış Ermənistan siyasilərinin şər mahiyyəti yenə də böyük bir region üçün ciddi təhlükə mənbəyi olaraq qalacaq.
Xalqımız gələcək nəsillər üçün daha gözəl bir dünya qurmaqdan ötrü tərəqqipərvər bəşəriyyəti haqqı, ədaləti təmin etməyə, zalımları öz cəzalarına çatdırmağa çağırır.
Bu, Azərbaycan dövlətinin, dünyanın gələcəyinə görə dərk edilmiş məsuliyyətidir.
İradə ƏLİYEVA,
“Azərbaycan” qəzeti 11 mart 2018-ci il