Erməni lobbisinin neytrallaşdırılması, yaşadıqları ölkələrdə təsir imkanlarının azaldılması üçün türkdilli xalqların diaspor təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsinə ehtiyac var.
Hər il aprel ayı ərəfəsində fəallaşaraq hüquqi əsası olmayan saxta təbliğatla beynəlxalq ictimaiyyəti aldatmağa, süni ajiotaj yaratmağa çalışan erməni ideoloqlarının məkrli kampaniyası bu il daha geniş vüsət almışdır. Qondarma “erməni soyqırımının 100-cü ildönümü” ərəfəsində çirkin təbliğatlarını genişləndirən erməni şovinistləri ənənəvi olaraq Türkiyə və Azərbaycanı hədəf seçərək özləri haqqında “məzlum”, “qırğına məruz qalmış millət” imici yaratmağa səy göstərirlər.
Ermənistan prezidenti Serj Sarkisyanın 2015-ci il 24 apreldə “uydurma erməni soyqırımının 100 illiyi” tədbirlərinə Türkiyə Prezidentini də dəvət etməsi gözlənilən olmasa da, beynəlxalq aləmdə bu səfərin baş tutub-tutmaması müzakirə olunmağa başladı. Uydurma “soyqırımının 100 illiyi”ndə Türkiyənin yüksək heyətlə təmsil olunmasına səy göstərən Ermənistan əslində cəfəng iddialarının Türkiyə tərəfindən tanınmasını təmin etməyə çalışırdı. Rəcəb Tayyib Ərdoğanın hələ Türkiyənin Baş naziri olarkən 24 aprel ərəfəsində bəyanatla çıxış edərək “XX əsrin əvvəllərində həyatından məhrum olan ermənilər”in sonrakı nəslinə başsağlığı verməsi də S.Sarkisyanı ilhamlandırmışdı.
Rəsmi Ankara ermənilərin bu siyasi həmləsi önündə ötən əsrin əvvəlində Osmanlı Türkiyəsində baş verən hadisələrin araşdırılıb obyektiv qiymət verilməsi üçün tarixçilərdən ibarət komissiya yaratmağı təklif edərək sadəcə uydurma soyqırımını inkaretmə siyasəti ilə kifayətlənmədi. Bu ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyevi Ankarada yüksək səviyyədə qarşılayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı pat vəziyyətində qoyacaq bir açıqlama ilə çıxış etdi. Türkiyə Prezidenti dünya ermənilərinin cidd-cəhdlə hazırlaşdıqları “erməni soyqırımının 100 illiyi” günündə – 24 aprel tarixində Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinin beynəlxalq səviyyədə keçirilməsinə qərar verdi.
Azərbaycan Prezidenti İlham Əliyevin də bu qərarı dəstəkləməsi və xalqımızın adından Türkiyə Prezidentinə təşəkkür etməsi isə göstərdi ki, Ermənistana qarşı səmərəli əks-hücumun təşkili iki dost və qardaş ölkənin birlik və bərabərliyinin real təcəssümüdür. Üstəlik, Ermənistan prezidenti Serj Sarkisyanla yanaşı, digər ölkələrin də liderlərinin İstanbulda keçiriləcək “Sülh sammiti”nə dəvət olunması dövlət başçılarını 24 apreldə kimin yanında olmaq dilemması ilə üz-üzə qoydu. Artıq dünyanın aparıcı dövlətləri Türkiyənin atdığı bu addım qarşısında öz seçimlərini ediblər. Ermənistanın 24 apreldə keçirəcəyi qondarma soyqırımı tədbirlərində cəmi 4 ölkənin prezidenti iştirak edəcəyi halda, Türkiyəyə Çanaqqala zəfərinin 100 illiyi tədbirlərində 20-dən çox dövlət başçısının iştirakı təsdiqlənib.
Bir müddət əvvəl Almaniya hökumətinin 1915-ci il hadisələri ilə bağlı verdiyi bəyanat da bu mənada diqqətçəkəndir. Bəyanatda qeyd olunur ki, 1915-ci il hadisələrinin araşdırılması ilk olaraq Türkiyə və Ermənistanın məsələsidir: “Almaniya hökuməti hadisələrin araşdırılması üçün tarixçilərdən ibarət komissiyanın qurulmasının tərəfdarıdır”.
Almaniya hökumətinin bu mövqeyi Türkiyənin mövqeyi ilə üst-üstə düşür. Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət ortaq komissiyanın yaradılması təklifi ilə çıxış etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifinə hələ də cavab verməyib. Çünki ermənilər arxivlərin açılacağı və araşdırılacağı təqdirdə “soyqırımı” iddialarının cəfəngiyat olmasının sübut ediləcəyi qorxusu ilə yaşayırlar.
Ermənilər uzun illərdir hazırlaşdıqları “100 illik” ərəfəsində ABŞ, Fransa, Rusiya və dünyanın digər ölkələrindəki lobbiləri vasitəsilə Türkiyəyə təzyiqləri daha da artırmağa çalışırlar. Məsələyə siyasi motivlərlə yanaşan, özlərinin merkantil maraqları naminə ikili standartlara yol verərək ermənilərin qondarma iddialarını dəstəkləyən həmin dövlətlər və təşkilatlar əslində tarixi həqiqətin nədən ibarət olduğunun qətiyyən fərqində deyillər. Tarixən “erməni məsələsi”ndən Türkiyəyə qarşı “təzyiq vasitəsi” kimi yararlanmış müəyyən qüvvələr bu gün də rəsmi Ankaranı pressinq altında saxlamaq üçün məhz qondarma erməni soyqırımı iddialarına istinad edirlər. Bəli, açıq demək lazımdır ki, məsələnin mahiyyətində həmin qüvvələrin ermənilərə simpatiyasından daha çox türk və islam dünyasına olan antipatiya dayanır.
Son illər qondarma soyqırımını tanıyan dövlətlərin üzv olduğu “xristian klubu” kimi tanınan Avropa Birliyi parlamentinin analoji məlum qərarı da Türkiyənin təşkilata gedən yoluna süni sipər çəkmək məqsədi güdür. Bu da təsadüfi deyildir ki, hələ 1987-ci ildə Fransanın xüsusi səyləri ilə qondarma erməni soyqırımını tanıyan Avropa Parlamenti 2005-ci ildə bu ədalətsiz qərarını yeniləmiş, Türkiyənin qarşısında Ermənistanla sərhədləri açmaq tələbini qoymuşdur. Həmin qərarda Türkiyənin 1915-ci ildə baş verənləri “soyqırımı” kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstərilmişdir. Doğrudur, direktiv Kopenhagen meyarlarından fərqli olaraq, Avropa Parlamentinin qərarları Türkiyə üçün tövsiyə xarakteri daşıyır. Amma nəzərə almaq lazımdır ki, sonda Türkiyənin təşkilata tam üzvlüyünə səs verəcək qurum Avropa Parlamenti olmalıdır. Belə bir qərarın qəbulu aşkar şəkildə göstərir ki, regionda Azərbaycanla birlikdə yeni güc mərkəzinə çevrilən Türkiyənin iqtisadi inkişaf və demokratikləşmə sahəsində əldə etdiyi uğurlar həmin ölkələri qətiyyən razı salmır.
Avropa Parlamentindən bir qədər əvvəl ermənilərin bu məkrli təbliğat kampaniyasına Roma papası I Frensiskin də qoşulması isə sadəcə təəssüf hissi doğurur. Sivil dünyada dini liderlərin əsas missiyası dünyada sülhü, əmin-amanlığı, dinc yanaşı yaşamanı təbliğ etmək, xalqlar arasında barış yaratmaq, kin-küdurəti aradan qaldırmaq kimi xeyirxah missiya olmalıdır. Roma papası isə bu missiyasını unudaraq saxta ittihamlarla Avropa ölkələri ilə Türkiyə arasında münasibətləri gərginləşdirmək kimi pozucu və dini rəhbərə xas olmayan mövqe nümayiş etdirmişdir.
Regiondakı bütün transmilli layihələrdən kənarda qalan, ağır böhranla üzləşən Ermənistanın təcriddən çıxmaq üçün yeganə ümidi uydurma soyqırımının dünyada tanıdılmasıdır. Məqsədləri də tamamilə aydındır: dünyanın aparıcı ölkələrinin siyasi təzyiqlərindən istifadə edərək rəsmi Ankaranı əvvəlcə məcburi qaydada Ermənistanla sərhədləri açmağa və uydurma soyqırımını tanımağa sövq etmək. Sonrakı mərhələdə ermənilər həm də Türkiyəyə qarşı müəyyən ərazi iddiaları ilə çıxış etmək, “soyqırımı qurbanları”na maddi təzminat istəmək niyyəti güdürlər.
Erməni lobbisi və diaspor təşkilatları Türkiyəyə qarşı hazırladıqları “4T” (təbliğat, tanınma, təzminat, torpaq) planını uzun illərdir ki, həyata keçirməyə çalışırlar. Ermənistanın dövlət kimi mövcudluğu, dünyanın bəzi dövlətlərindən dəstək alması, hətta maliyyələşdirilməsi erməni lobbisinin və diaspor təşkilatlarının sayəsində mümkün olmuşdur. Onların neytrallaşdırılması, yaşadıqları ölkələrdə təsir imkanlarının azaldılması üçün türk xalqlarının diaspor təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsinə də ehtiyac vardır. Doğrudur, son illər Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının ümummilli məsələlərdə birlik nümayiş etdirmələri ilə bağlı çoxlu faktlar göstərmək mümkündür. Lakin bütün bunları yetərli saymaq olmaz. Diaspor təşkilatlarımız daha sıx əməkdaşlıq etməli, birgə mübarizə aparmalıdırlar. Bunun üçün ilk növbədə Ermənistanın işğalçılıq siyasətini beynəlxalq hüquq səviyyəsində təsdiqləyən BMT-nin dörd qətnaməsinin icrası gündəmdə saxlanılmalıdır.
Fikrimizcə, qondarma erməni soyqırımı iddialarına ən tutarlı cavab ermənilərin 1992-ci ilin fevralında Xocalıda törətdikləri soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılması ola bilər. Biz bununla ermənilərin “soyqırımına məruz qalan” deyil, məhz soyqırımı törədən bir xalq olduğunu dünyaya göstərməliyik. İctimai əsasda fəaliyyət göstərən Heydər Əliyev Fondunun son 11 ildə Azərbaycan həqiqətlərinin, ilk növbədə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət digər qeyri-hökumət təşkilatları üçün də örnək sayıla bilər. Fond Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində xalqın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və bütün dünyada yayılmasını təmin edir. Bu məqsədlə müxtəlif internet saytları yaradılır, müxtəlif xarici kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur.
Fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Xocalıya ədalət!” kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyətli olmuşdur. Bunun nəticəsidir ki, artıq Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Sudan, habelə ABŞ-ın Texas, Nyu Cersi, Corciya, Men, Nyu Meksika, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Qərbi Virciniya, Konnektikut, Florida, İndiana, Arizona ştatları Xocalı soyqırımını rəsmən tanımışlar.
“Erməni soyqırımı”nın həqiqətən uydurma olduğunu tarixi mənbələrdən yaxşı bilirik. Çünki tarixi mənbələrdə “soyqırımı” faktını təsdiqləyən hər hansı bir dəlil yoxdur. Bu baxımdan Ermənistanı öz arxivlərini beynəlxalq araşdırmaçılar üçün açmasına məcbur etməliyik. Əslində Türkiyə dövləti hər zaman tarixi mənbələrin, arxivlərin açılmasına tərəfdar olduğunu bəyan edir. Biz də vətəndaş cəmiyyəti institutları, diaspor təşkilatları olaraq tarixi arxivlərin açılması təşəbbüsünü reallaşdırmaq üçün ermənilərin üzərinə getməliyik. Ermənilər və Ermənistan dövləti “soyqırımı” iddiasının uydurma olduğunun üzə çıxacağından ehtiyatlanaraq hər zaman bu məsələdən yayınır və yayınmağa da davam edəcəklər. Biz türk xalqlarının diaspor təşkilatları olaraq, beynəlxalq miqyasda fəaliyyətimizi daha da aktivləşdirməli, tarixi arxivlərin açılmasına çalışmalıyıq.
Nəhayət, Azərbaycan və türk diaspor təşkilatlarının daim birgə fəaliyyət göstərməsi zərurət olmalıdır. Məlum olduğu kimi, iki ay əvvəl Türkiyədə yenidən Ermənistanla sərhədlərin açılması ilə bağlı yeni təşəbbüslər ortaya çıxdı və bununla bağlı geniş bir konfrans da keçirildi. Türkiyə ilə Ermənistan arasındakı sərhədin açılmasına çalışan qüvvələr daim hərəkətdədirlər. Bütün diaspor təşkilatları hər zaman Türkiyəyə sərhədin bağlanmasına səbəb olan üç əsas amili (erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasını, Türkiyəyə qarşı ərazi iddialarından və uydurma soyqırımı yalanlarından vaz keçmələrini) xatırlatmalıdır. Bu günə qədər Ermənistan həmin üç əsas səbəbi nəinki aradan qaldırmayıb, hətta o istiqamətə doğru yaxınlaşmaq belə istəməyib. Həmin səbəblər aradan qaldırılmayana qədər Ermənistanla sərhədin açılması məsələsi gündəmə gəlməməlidir. Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birliyi yalnız tədbirlərdə səslənən şüarlarla olmamalıdır. Eyni zamanda əməli işdə də birliyimizi tam formalaşdırmalıyıq.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) hər il Xocalı soyqırımı ərəfəsində Avropanın müxtəlif şəhərlərində etiraz aksiyaları təşkil edir. Artıq bir neçə ildir ki, ATXƏM “Xocalıya ədalət!” layihəsi çərçivəsində Avropanın siyasi mərkəzlərindən biri olan Fransanın Strasburq şəhərində Azərbaycan və Türkiyə diaspor təşkilatlarının iştirakı ilə yürüş-mitinqlər təşkil edir, Xocalı faciəsinin geniş Avropa cəmiyyətinə çatdırılması üçün müxtəlif silsilə tədbirlər keçirir. Bu il biz Avropanın digər siyasi mərkəzlərindən birində – Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin önündə geniş mitinq təşkil etdik.
Mitinqin sonunda qəbul olunan və Avropa Birliyinə üzv ölkələrin Brüsseldəki nümayəndəliklərinə təqdim olunan bəyanatda bildirilirdi ki, Xocalıda dinc əhaliyə, ahıllara və uşaqlara qarşı törədilmiş amansız qətliamlar müasir dünya düzəninin dinc və birgəyaşayış qaydalarına kökündən vurulmuş zərbədir. Bu cür dəhşətli faciəni həyata keçirənlərin hələ də məsuliyyətə cəlb olunmamaları insanlıq adına utancverici haldır: “Bu faciə beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhvinə yönələn cinayətlərdən biridir və bütün dünyada soyqırımı kimi qəbul olunmalıdır. Azərbaycan xalqının dünya birliyindən gözlədiyi də məhz budur”. Onu da bildirim ki, biz qondarma erməni soyqırımı iddialarının əsassızlığını sübut etmək üçün bundan sonra da fəal iş aparmaq niyyətindəyik.
Son 11 ildə milli maraqlara söykənən fəal xarici siyasət yürüdərək “Biz müdafiədə deyil, hücumda olmalıyıq!” deyən Azərbaycan Prezidenti İlham Əliyev ümumtürk birliyinə yönəlmiş təxribatçı əməllərini davam etdirən bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini türk dövlətlərinin diasporlarının ümdə vəzifəsi sayır. Yalnız Azərbaycan və digər türkdilli ölkələrin diasporlarının, ictimai qurumlarının fəal iştirakı ilə ermənilərin dünyada yaymaq istədikləri uydurma soyqırımı iddialarına tutarlı cavab verilə bilər.
24.04.2015
“Azərbaycan” qəzeti