Bir dəfə yaşayırıq.
Üstəlik, yaşamağa məhkum edildiyimiz dünya “beş günlük” dünyadır…
Bu həqiqətlər davranışımızı tənzimləyən nəsnələr toplusunun “ekvator”una yaxın bir yerə pərçimlənib və bizi yaşamağa, hər halda normal yaşamağa qoymur.
Beləliklə, bir dəfə, özü də cəmi “beş gün” yaşadığımıza görə, ayağımızı isti, başımızı sərin saxlamaq şərtilə, yeməyimizə fikir verə-verə, dərin düşünmədən… mövcud olmaq alınmır.
Doğrudur, yuxarıda sadalananlar başqa səbəblərdən də alınmaya bilər. Tutaq ki, indi yeməyə fikir vermək üçün dərin düşünmək lazım gələ bilər. (Siz mənə istənilən qədər dayaz düşüncəli, amma yeməyinə fikir vermək üçün bütün imkanları olan adam göstərə bilərsiniz. Amma, bu bir qədər fərqli məsələdir və biz vaxtımızı belə məsələlərin araşdırılmasına xərcləməməliyik.)
Qayıdıram bir dəfə yaşamaqla bağlı təsəvvürlərin əks-təsirlərinə.
Bu əks-təsirlər ən qabarıq şəkildə özünü harada göstərir? Əlbəttə ki, cürbəcür mərasimlərdə…
Toylarda! Bir dəfə yaşadığımıza görə toylarımız dəbdəbəli olmalıdır, qonşudan geri qalmaq olmaz və yuxarıda vurğulandığı kimi dünya cəmi “beş günlük”dür.
Yaslarda! Aydın məsələdir ki, bir dəfə yaşadığımıza görə cəmi bir dəfə də ölürük. Hər halda bir dəfə ölməliyik. Demək bircə dəfə baş verən hadisə hökmən müvafiq tərtibatda təqdim edilməlidir.
Özünütəsdiqin ən optimal və ən geniş auditoriyaya translyasiya edilən formalarından olan toylarla bağlı onu da deməliyəm ki, bir vətəndaşın bir neçə dəfə evlənmək, ya da ərə getmək imkanı ola bilər. Amma, bu o demək deyil ki, o bir dəfədən çox yaşayır.
Yaxud, tutaq ki, rüşvət almağa məcbur edildiyindən gündə bir neçə dəfə ölüb-dirilən (əlbəttə, utandığına görə) məmura diqqət yetirək. Son nəticə etibarilə, o da cəmi bir dəfə öləcək. Odur ki, bu şəxsin yas mərasimi də ən yüksək standartlara cavab verməlidir.
Bir dəfə yaşamağımız telefon, maşın alanda, mənzilimizi təmir etdirəndə, ev tikdirəndə bizlərə mane ola bilər.
Telefon da, maşın da sahibinin gücü çatan həddən baha olsa yaxşıdır.
Bircə dəfə yaşayan adam başqa cür edə bilməz.
Bu adamın ömrünün “beş günlük” dünyada keçəcəyini də unutmaq olmaz.
Fuad Babayev