Kim tərəfindən və ya hansı məqsədlə törədilməsindən aslı olmayaraq, terrora haqq qazandırmaq mümkün deyil. Bu bəlanın kökləri əsrlərin dərinliklərinə gedib çıxsa da, XIX – XX əsrlərdə o, sistematik xarakter almış və şaxələnmişdir, yeni minilliyin başlanğıcında isə terror siyasi və iqtisadi mübarizənin tərkib hissəsinə və əsas vasitələrindən birinə çevrilmişdir. Müasir dövrdə terrorun müxtəlif formaları (dövlət, etnik, dini, iqtisadi, siyasi, sağ, sol terrorizm, bioterrorizm, ekoterrorizm, kiberterrorizm və s.) təşəkkül tapmış, onun coğrafiyası genişlənmiş, konkret məqsədləri və hədəfləri olan çoxsaylı terror təşkilatları meydana gəlmişdir.
Məsələn, “ETA” Basklar ölkəsinin müstəqilliyi uğrunda İspaniyaya qarşı, “İrlandiya Respublika Ordusu” Şimali İrlandiyanın müstəqilliyi uğrunda Böyük Britaniyaya qarşı, “Əl-Qaidə” ABŞ və onun müttəfiqlərinə qarşı silahlı mübarizəyə başlamışlar. Belə təşkilatların, yəni konkret çərçivədə və konkret məqsədlər uğrunda mübarizə aparan təşkilatların sayını kifayət qədər artırmaq olar, lakin erməni terror təşkilatları (“ASALA”, “Daşnaksütyon”, “Hnçak”, “Erməni Azadlıq Hərəkatı”, “Erməni azadlıq cəbhəsi”, “Orli qrupu”, “Erməni Birliyi”, “9 iyun qrupu”, “Demokratik cəbhə”, “İntiharçılar eskadronu”, “Apostol” və s.) bu sırada istisna təşkil edir. Birincisi, dünya üzrə sayı təxminən 7-8 milyon nəfər olan və icmalar şəklində planetin hər yerinə səpələnmmiş bir xalqın bu qədər terror təşkilatı yaratması onun etnopsixoloji xüsusiyyətləri haqda düşünməyə vadar edir. İkincisi, “Böyük Ermənistan” yaratmağı, Türkiyə və Azərbaycana qarşı mübarizə aparmağı əsas məqsəd kimi bəyan edən bu təşkilatlar, həqiqətdə bütün bəşəriyyətə qarşı cinayətlər törətmiş və törətməkdə davam edirlər. Məsələn, ermənilərin və onların havadarlarının 1992-ci ildə törətdikləri Xocalı faciəsini Azərbaycanla düşmənçiliyin nəticəsi kimi qəbul etmək, 1994-cü ildə Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı əsir düşmüş Azərbaycan vətəndaşı, milliyyətcə ləzgi olan Azər Aslanovun anası Tacibat Aslanovanı hiylə yolu ilə girov götürən və sonradan onun oğlunu Bakı metrosunda, 13 nəfər dinc insanın ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən terror aktı törətməyə göndərən Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyanın “igidliyini” və “humanizmini” qiymətləndirmək, 2011-ci il martın 8-də, Beynəlxalq Qadınlar Günündə doqquz yaşlı azərbaycanlı Fariz Bədəlovun erməni hərbçiləri tərəfindən öldürülməsini “Böyük Ermənistan” yaratmaq yolunda “ciddi addım” hesab etmək və buna oxşar çoxsaylı terror aktlarını “haqq, ədalət” axtarışında olan “əzabkeş ermənilərin” “tarixi uğurları” kimi təqdim etmək olar. Bununla yanaşı, tarix ermənilərin törətdikləri, qurbanları Türkiyə və Azərbaycan vətəndaşları olmayan yüzlərlə qanlı terror aktına da şahidlik etmişdir və edir. 1977-ci il yanvarın 8-də ermənilər Stepan Zatikyan, Akop Stepanyan və Zaven Baqdasaryan tərəfindən Moskvada törədilmiş, 7 nəfərin ölümü və 37 nəfərin yaralanması ilə nəticələnmiş üç terror aktını necə adlandırmalı, 1990-1998-ci illərdə ABŞ-da 130 nəfəri ölümə məhkum etmiş Cek Kevorkyanın “həkimlik” fəaliyyətini necə izah etməli, 1999-cu ildə Ermənistan parlamentində baş vermiş, səkkiz nəfərin, o cümlədən baş nazir Vazgen Sarkisyan və parlamentin sədri Karen Dəmirçiyanın ölümü ilə nəticələnmiş qətliamı və ümumilikdə amerikalıların, almanların, fransızların, rusların, belçikalıların, iranlıların və digər millətlərin nümayəndələrinin həyatına son qoymuş çoxlu sayda oxşar hadisəni necə qiymətləndirməli?
Olimpiya oyunları həmişə dünyada sülh və əmin-amanlığın rəmzi kimi qəbul edilmişdir. Bu idman tədbirinin həyata keçirildiyi müddətdə münaqişə və müharibələrə son qoymaq üçün çağırışlar edilir, aralarında problem olan millətlər, xalqlar, etnik qruplar barışığa dəvət olunurlar. Buna baxmayaraq, tarix qanlı hadisələrlə müşayiət olunan olimpiya oyunlarına da şahidlik etmişdir. Bu sırada, fələstinlilərin “Qara sentyabr” terror təşkilatı tərəfindən törədilmiş və İsrailin 11 nəfər idmançısının ölümü ilə nəticələnmiş 1972-ci il Münhen olimpiya oyunları xüsusi yer tutur. Ərəb – İsrail silahlı qarşıdurması ilə bilavasitə bağlı olan bu qanlı aksiyanın diqqəti cəlb edən məqamlarından biri ermənilərin burada da əsas iştirakçılar sırasında olmasıdır. “Armenian Reporter” qəzetinin 1985-ci il 7 fevral tarixli nömrəsində, Fransa mətbuatına istinadən dərc edilmiş məlumata görə, yəhudi idmançıların qətlində ermənilərin iştirakı ASALA erməni terror təşkilatının rəhbəri Akop Akopyanın özü tərəfindən etiraf edilmişdir. Parisdə nəşr olunan gündəlik “Le Matin” qəzeti A. Akopyanın 1972-ci il olimpiya oyunları zamanı yəhudi idmançılara hücum etmiş ərəb terrorçularının arasında olması barədə məlumat yaymışdı (Armenian allegations: mith and reality. A handbook of facts and documents. Washington, 1987, p. 13; 85-86).
Bütün bunlar erməni terrorunun təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu bir daha göstərir.
Aqil Şahmuradov
19 avqust 2014-cü il