“Səfir Morqentaunun tarixçəsi. Erməni xalqının faciəsi” kitabı 2010-cu ildə Moskvada, “Sentopoliqraf” nəşriyyatında çap olunub. Kitab 1913-1916-cı illərdə Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri olan Henri Motqentau tərəfindən qələmə alınıb. Xüsusi olaraq qeyd edək ki, Henri Morqentaunun qələmə aldığı kitabın əsil adı “Səfir Morqentaunun tarixçəsi”dir və “Erməni xalqının faciəsi” adının buraya əlavə edilməsi kitabın rus naşirlərinin təşəbbüsüdür. Elə həmin naşirlər tərəfindən də kitabın annotasiyasında nəşrdə Türkiyə imperiyasının şərq əyalətlərində yaşayan ermənilərin qırılmasının təsvir olunduğu vurğulanır. Halbuki 319 səhifəlik kitabın yalnız onda bir hissəsi ermənilərlə bağlı məsələlərə həsr olunub.
Müqəddimə hissəsində müəllif bu kitabı ABŞ prezidenti Vudro Vilsona ithaf etdiyini bildirir və onu dünyanın marrifpərvər içtimai rəyinin Amerikadakı təmsilçisi kimi qələmə verir. Kitabda Birinci Dünya müharibəsi ərəfəsində və müharibə dövründə Türkiyədə baş verən hadisələrdən, Almaniyanın bu ölkədəki fəaliyyətindən ətraflı bəhs olunur. Göstərilən dövrdə İstanbulda ölkələrini təmsil edən bir sıra səfirlərin – Vanhenhaymın (Almaniya), Pallaviçininin (Avstriya), Ser Lui Malletin (Böyük Britaniya), M.Toşevin (Bolqarıstan) və başqalarının portretləri əlvan boyalarla verilir.
Gənc türklər hərəkatından ikrahla bəhs edən səfirin bu hərəkatın liderləri olan Tələt paşa, Ənvər paşa və Camal paşaya nifrəti aydın sezilir. Bu insanlar haqqında danışarkən təhqiramiz ifadələrdən gen-bol istifadə edən ABŞ səfiri Tələt paşanın mənşəyindən danışarkən onun bolqar qaraçısı olmasını, Ənvər paşanın isə təşəxxüslü birisi olduğunu qeyd edir. Müəllif istər Tələt paşanın yoxsul evini, istərsə də Ənvər paşanın dəbdəbəli həyatını eyni ikrahla təsvir edir. Ənvər paşanı istedadsız hərbçi kimi təqdim edən Morqentau onun Qafqazdakı hərbi uğurlarını və Çanaqqaladakı şücaətini yaddan çıxarır.
Türkiyədə başqa xalqların əzildiyini iddia edən səfir, gənc türkçülərin hökumətində ərəb-xristian, yəhudi, erməni, misirli və çərkəsin kabinet üzvü olmasının fərqinə varmır. Halbuki kitabın digər səhifələrində Türkiyədə tucarət və iqtisadiyyatın daha çox yəhudilərin, ermənilərin və digər başqa millətlərin nümayəndələrinin əllərində cəmləşdiyini qeyd edib.
Morqentau öz kitabında ABŞ-ı neytral dövlət kimi təqdim etməyə cəhd göstərsə də, bəzi məqamların üzərindən sükutla keçə bilməyib. Bunların sırasında müharibədə Türkiyənin rəqibi olan Yunanıstana ABŞ-ın iki hərbi gəmini satmasını (baxmayaraq ki, belə bir hərəkətin yolverilməzliyini türk rəsmi dairələrinin nümayəndələri və Almaniya səfiri Morqentaunun diqqətinə çatdırmışdılar), hərbi əməliyyatlardan əziyyət çəkən türk əhaliyə deyil, ermənilərə ABŞ yardımının göstərilməsini qeyd etmək olar. Morqentaunun kitabında ən heyrətamiz məqamlardan biri isə səfirin xanımının Bolqarıstan kraliçasını ölkəsinin Türkiyənin müttəfiqi olmaması ilə bağlı dilə tutması ilə əlaqədardır. Bütün bunlar göstərir ki, ABŞ müharibədə Türkiyənin məğlub olmasının və bir dövlət kimi yoxa çıxmasının tərəfdarı olub. Elə müəllifin türklərin Çanaqqala zəfərindən danışanda duyduğu təəssüf də bunun təzahürüdür.
Ermənilərin Türkiyə ilə müharibə aparan Rusiyaya kömək etdikləri, yaşadıqları ölkəyə arxadan zərbə vuraraq ixtişaşlar törətmələri ilə bağlı döyüş meydanından müvəqqəti deportasiya olunduqlarını bildirən daxili işlər naziri Tələt paşanın və hərbi nazir Ənvər paşanın verdikləri informasiyaya baxmayaraq, ABŞ səfiri İstanbuldan çıxmadan Şərqi Anadoluda baş verənləri istədiyi kimi şərh edir. Ermənilərin Van üsyanının mahiyyətini “açıqlayanda” isə səfir bütün normaları aşıb keçir. Həm Tələt paşa, həm də Ənvər paşa Türkiyədə 1 milyon erməni yaşadığını vurğulamalarına baxmayaraq, Morqenrau 2 milyon rəqəmindən gen bol istifadə edir ki, 1 milyon nəfər erməninin “öldürüldüyünü” söyləyə bilsin. Hərçənd özü də etiraf edir ki, böyük şəhərlərdə – İstanbul, Aleppo və digər şəhərlərdə ermənilərə toxunulmur.
Morqentau türklər haqqında təhqiramiz ifadələrdən istifadə edir, onların vəhşi, qaniçən xalq olduqlarını vurğulayır: “Onlarda sivilizasiyalı cəmiyyətin əsasını təşkil edən şeylər yoxdur. Əlifba və yazıları, kitabları, şairləri, incəsənət və memarlıqları mövcud deyil, şəhərlər salmayıb, möhkəm dövlətlər qurmayıblar… ” Əlavə şərhə ehtiyac varmı? Daha sonra isə səfir öz mülahizələrində hətta absurda varır: “…Sultanlar bəzi xalqlara, məsələn, yunan və ermənilərə onların müstəqilliklərini və rifahlarını təmin etmək üçün deyil, sadəcə olaraq onları tör-töküntü hesab etdiklərindən və Osmanlı imperiyasına layiq olmadıqlarına görə xüsusi hüquqlar verirdilər” (!-red.) Türk tarixindən xəbərsiz olan ABŞ səfiri ermənilərdən danışanda tarix “bilici”sinə çevrilir: “Bu günkü ermənilər üç min il öncə (?-red.) bu ərazidə məskunlaşanların birbaşa varisləridir. Onların mənşəyi o qədər qədimdir ki, kökləri əsrlərdə itir, əfsanə və rəvayət dumanına bürünüb… Ermənilər haqqında yalnız bir şey dəqiq məlumdur: əsrlərlə onlar Osmanlı imperiyasının şərq hissəsində ən sivilizasiyalı və əməksevər xalq olublar… Onlar öz əməksevərlikləri və ağılları ilə məşhurdurlar, həmişə vicdanla və nizamlı həyat sürüblər”.
Bir faktı da qeyd etmək yerinə düşər. İstanbulda səfir kimi fəaliyyətə başlayan Heri Morqentau erməni komitəçilərindən Arşak Şmavonyanı özünün birinci köməkçisi və tərcüməçisi, Akop Andonyanı isə katib təyin etmişdi. Haqqında danışdığımız kitabın ərsəyə gəlməsində də adları sadalanan şəxslərin böyük “xidmətləri” olub və onların dəst-xəttlərini aydın sezmək mümkündür.
Bir sözlə, səfir Moprqentaunun bu kitabı tarixi və hüquqi gerçəklikdən çox uzaqdır və sərsəmləmədən başqa bir şey deyil.
Gündüz Nəsibov,
1905.az
15 aprel 2015-ci il