
İyulun 1-də Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimi keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iki ölkənin qanunverici orqanları rəhbərlərinin və deputatlarının qatıldıqları tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova forumun iki ölkənin parlamentləri üçün çox əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu tədbir Azərbaycan Milli Məclisinin hər hansı digər ölkənin qanunverici orqanı ilə keçirdiyi ilk forumdur.
Xalqlarımız və ölkələrimiz arasında münasibətlərin dərinləşməsində Ümummilli Lider Heydər Əliyevin böyük xidmətlərini vurğulayan Sahibə Qafarova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə Özbəkistana dövlət səfəri zamanı açılışı olan Daşkənddəki Heydər Əliyev meydanı Ümummilli Liderimizin xidmətlərinə verilən dəyər olmaqla yanaşı, həm də özbək xalqının onun şəxsiyyətinə ehtiramının sübutudur.
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu bildirən spiker qeyd edib ki, bu gün prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin müdrik rəhbərliyi ilə dövlətlərimiz hər cəhətdən müstəqil və güclü dövlətlər kimi inkişaf etməklə yanaşı, ölkələrimiz arasında əlaqələr daha da dərinləşib.
Özbəkistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəti və dəyişməz mövqeyini vurğulayan Sahibə Qafarova deyib ki, Azərbaycan xalqı həm ərazilərimizin Ermənistan tərəfindən işğalı illərində, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Onun sözlərinə görə, Özbəkistan işğaldan azad edilmiş Füzuli şəhərində Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəb tikərək, işğaldan azad edilmiş ərazilərin bərpasına töhfə verən ilk ölkə oldu. Spiker istər bu məktəbi, istərsə də işğaldan azad edilmiş Xankəndi şəhərində yaradılmış yüngül sənaye müəssisəsini xalqlarımız arasında qardaşlıq və dostluq rəmzləri kimi xarakterizə edib.
Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən birinin parlamentlərimizin qarşılıqlı fəaliyyəti olduğunu deyən spiker bildirib ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, parlamentlərarası əməkdaşlığımız xüsusi məna və xarakter alır. Bu əməkdaşlıq parlamentlərimizin dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verməyə hazır olduğunu göstərir.
Forumda çıxış edən Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva tədbirin, sadəcə, parlamentlərarası görüş deyil, əlaqələrimizin inkişafı tarixində mühüm mərhələ olduğunu bildirib. O, tədbirin Özbəkistan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ərəfəsində keçirildiyini və bu məqamın da forumun əhəmiyyətini bir daha göstərdiyini söyləyib. Tənzilə Narbayeva deyib ki, forumun bu günlərdə keçirilməsi bizim parlament dəyərlərinə ümumi sadiqliyimizi və ölkələr arasında dostluğun əsas amillərindən biri kimi parlamentlərarası əməkdaşlığı gücləndirmək istəyimizi ifadə edir. O, parlamentlərarası forumun səmimi və konstruktiv fikir mübadiləsi, ümumi təşəbbüslərin inkişafı, birgə proqramların həyata keçirilməsi üçün əsas platformaya çevriləcəyinə inamını ifadə edib.
Ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsi haqqında da fikirlərini bölüşən Tənzilə Narbayeva vurğulayıb ki, Özbəkistanla Azərbaycan arasında münasibətlər həmişə ortaq tarixi, mədəni və mənəvi dəyərlər üzərində qurulub. Bu əlaqələr xalqlarımızın dostluğu, qarşılıqlı hörməti və qardaşlıq hissləri ilə daha da möhkəmlənir. O, əlaqələrimizin yüksək səviyyədə olmasında iki ölkənin liderlərinin səylərinin və şəxsi töhfələrinin həlledici əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, məhz dövlət başçılarımızın uzaqgörənliyi, prinsipial mövqeyi ölkələrimiz arasında münasibətlərin müttəfiqlik, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini, bütün sahələrdə uğurla inkişafını təmin edib.
Senatın sədri çıxışında, həmçinin parlamentlərimiz arasında mövcud olan əlaqələr haqqında da danışaraq qeyd edib ki, parlamentlərimizin qarşılıqlı fəaliyyəti ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə xidmət edir. Eyni zamanda, bu əlaqələr böyük beynəlxalq təşkilatlarda ölkələrimizin mövqelərinin möhkəmlənməsində də mühüm rol oynayır.
Parlament sədrlərinin çıxışlarından sonra Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumu işini sessiyalarda müzakirələrlə davam etdirib.