Bu gün Azərbaycanda ən çox işlənilən açar ifadələrdən biri də məhz informasiya müharibəsidir. Çünki, biz artıq üstündən 20 il keçmiş bir müharibənin hələ də passiv mərhələsini yaşayırıq. Yəni, müharibə hələ bitməyib. 1994-cü ildə imzalanan atəşkəs Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsini müəyyən mənada sülh məcrasına yönəltməyə çalışsa da bu günə qədər ermənilərin göstərdikləri inamsız mövqeyin sayəsində nə torpaqlarımız boşaldıldı, nə də qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına qayıda bildi. Üstəlik bu illər ərzində erməni diasporu və lobbisinin dəstəyi ilə Azərbaycan həqiqətlərinin manipulyasiyasına cəhd edildi. Mədəniyyət, incəsənət, tarix sahəsində həmişə olduğu kimi daha qabarıq şəkildə saxtalaşdırılma aparıldı.
Əvvəlсə torpaqlar, sonra mədəniyyət nümunələri, xalq musiqiləri, xalq çalğı alətləri və digər milli nailiyyətlərimiz ermənilər tərəfindən özününküləşdirildi. Onlar müəyyən mənada buna hətta nail də oldular. Çünki həqiqətən elə məsələlər var ki, bizim gözləmə mövqeyində olmağımız milli mənafe baxımından heç cür sərf etmir. Belə olan təqdirdə ermənilər daha cəld tərpənir və təqdim olunan dəyərimizdən az məlumatlı olan Qərbə və digər ölkələrə bunu xalis erməni məhsulu kimi göstərə bilirlər. Çünki, dünya araşdırmağa deyil, dinləməyə, görməyə meyillidir. Bu baxımdan təbliğatını dezinformasiya üzərində quran Ermənistan və erməni lobbisi bu işdə qismən də olsa müvəffəqiyyət qazana bilir. Hər tərəfdən daxil olan yalan məlumatlara dünyanın əhəmiyyətli qismi məcburiyyət qarşısında da olsa inanır.
Hərbi analtiklərin gəldiyi qənaətə görə, hazırkı dövrdə informasiya müharibələri daha çox vuruşan tərəflərin informasiya vasitələrindən və texnologiyalarından (yalan, şantaj, hədələmə, ideoloji diversiya) istifadə edərək qarşı dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaratması, ordu və əhali arasında münasibətləri pisləşdirməsi formalarında həyata keçirilir. Bununla yanaşı, informasiya texnologiyalarının fiziki məhvi də vacib məqamlardan sayılır. Bu da xüsusi silahların, diversiya qruplarının və xakerlərin köməyi ilə həyata keçirilir. Təbii ki, qeyd olunan bu faktorları ermənilərin həm keçmiş, həm də müasir informasiya siyasətində görmək mümkündür.
1915-ci il erməni iğtişaşlarının yatırılmasından artıq 100 il keçsə də hələ də Türkiyə hökuməti soyqırım iddiaları ilə üz-üzə qalmış və bu qarayaxma kampaniyaları qardaş ölkənin ciddi arenalarda təmsilçilik hüququnu sıxışdırmaqda davam edir. Ermənilərdə təbliğat sistemi elə qurulmuşdur ki, onlar bir təxribatı törətməmişdən aylarla qabaq həmin hadisə barədə ictimai fikir formalaşdırır və anti-türk kampaniya aparırlar. Məsələn, o zaman iğtişaşlar törədən ermənilər bu hadisələrdən aylar öncə artıq dünya mətbuatında guya zülmə məruz qalmaları barədə anonslar vermiş və üsyanlarına bir növ haqq qazandırmışdılar. Dünya mətbuatı xüsusilə ABŞ-da erməni lobbisi bu məlumatları tirajlayır və Türkiyəyə soyuq münasibət sərgiləyirdi. Çünki anti-türk kampaniyaların qarşısını ala biləcək nə türk təbliğat maşını var idi, nə də doğru-dürüst hökumət strukturları və yaxud diplomatik korpusları. Lakin illər keçdi erməni yalanları müəyyən qədər deşifrə olundu.
Bu gün biz də Türkiyənin bu sahədə rastlaşdığı problemlərlə qarşı-qarşıyayıq. Maddi-mədəni irsimizə minillərdir aid olan dəlillər ermənilər tərəfindən açıq-aşkar oğurlanır və erməniləşdirilir. Biz isə bəzən buna seyrçi qalmaq məcburiyyətində qalırıq. Ya epizodik etirazlar ya da dövlətin konkret etirazından sonra məsələ müəyyən qədər xeyrimizə nəzərə alınır. Lakin nəzərə alınır, tam həll olmur. Növbəti il erməni diasporu yenidən faəllaşır. Çünki, ermənilər anti-Azərbaycan təbliğatı zamanı tirajlama, kopyalama işinə o qədər önəm verirlər ki, dünyanın əsas aparıcı dövlətləri və ya mədəniyyəti, irsi mühafizə edən qurumları burada yalan və doğrunu ayırd etmək də bəzən həqiqətən çətinlik çəkirlər.
Bu gün Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli üçün sülh yolundan savayı, bizə nə qədər müharibə lazımdırsa, bundan dəfələrlə çox onun informasiya müharibəsini qazanmağımız gərəklidir. Çünki, qədim torpaqlarımızda hərbi əməliyyat yolu ilə erməni qəsbkarlığına son qoymaq istəyimizi dünyanın böyük qurumları nə qəbul edir, nə də özləri bu münaqişəni ədalətlə öz məcrasına yönəldirlər. Çünki, bu gün siyasi arenada xüsusilə azərbaycanlılara qarşı göstərilən ikilistandart yanaşma əslində həm də erməni lobbisinin, diasporunun gücünü göstərir. Erməni diasporunun torpaqlarımızı və mədəniyyətimizi özününküləşdirmək cəhdinin qarşısını almaq üçün sözün həqiqi mənasına informasiya müharibəsini uğurla aparmaq lazımdır. Gələcək istənilən qələbəmiz bu amildən asılıdır: Təbliğata qarşı əks təbliğatla cavab vermək.
Bizim yalan təbliğata və təqdimata ehtiyacımız yoxdur. Əlimizdə olanları sadəcə gərəkən səviyyədə nümayiş etdirməyi bacarmağımız yetərlidir. Bizə məxsus olanların oğurlandığını sistemli şəkildə təbliğ etməyimiz yetərlidir ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar erməni spekulyasiyasını müşahidə etməyi bacarsın.
Anar TURAN,
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi