Bizim Azərbaycan yazıçısından gözləntilərimiz barədə nə demək olar?
Məsələn, mən istəyirəm ki, Azərbaycan yazıçısı yeni kitabı çıxar-çıxmaz xarici nəşriyyatlardan təkliflər alsın. Əsər dərhal xarici dillərə tərcümə edilsin. Müəllif əla qonorarlar alsın. Sonrakı mərhələdə əsərin ekranlaşdırılması uğrunda mübarizə başlasın. Və günlərin bir günü məlum olsun ki, Azərbaycan yazıçısının əsəri əsasında çəklimiş film dünyaca ünlü aktyorların iştirakı ilə ərsəyə gəlib. Nümayiş etdirilir dünya ekranlarında…
Mən həm də istəyirəm ki, Azərbaycan yazıçısı Azərbaycanı vəsf eləməklə kifayətlənməsin, problemlərimizdən də yazsın. Cəsarətli olsun. Hə, aldığı yüksək qonorar hesabına ucqar kəndlərimizdən birindəki hansısa məktəb binasını təmir etdirsin. Həmin məktəbin şagirdləri də bilsinlər ki, kitab yazmaqla da pul qazanmaq olar, özü də sərbəst dönərli valyutada.
Yetərincə istedadlı yazıçımız var.
Bəs niyə alınmır?
Ona görə ki, Azərbaycan dilində yazırlar? Hansısa başqa dilə keyfiyyətli bədii tərcümə edə biləcək peşəkarlar azdir? Üstəlik, bu peşəkarları da həvəsləndirmək lazımdır və bu iş də görülmür?
Bəlkə bu işdə də ermənilər mane olur bizlərə? Tutaq ki, dünyaca ünlü nəşriyyatlardan birində Azərbaycan yazıçısının əsərinin çap edilmə imkanları müzakirə olunur və bu zaman həmin nəşriyyatın erməni kökənli redaktoru etiraz edir. Nəticədə bizim yazıçının əsəri orada işəq üzü görmür?
Ola da bilər ki, böyük potensiallı xeyli yazar kitab yazmaq işinin tam perspektivsizliyini dərk edib bədii yaradıcılıqla məşğul olmaq fikrindən birdəfəlik vaz keçib. Bu da öz növbəsində rəqabət qabiliyyətimizi azaldlr?
Problem nəşriyyatlarımızla da bağlı ola bilər?
Mən bilmirəm.
Bilirəm ki, Frank Tilye adlı fransız yazıçısı 2005-ci ildə yazdığı “Ölülər otagı” romanı ilə məşhurlaşıb. 2006-cı ildə roman oxucuların “Detektiv sahili” mükafatına layiq görülüb, 2007-ci ildə isə “Fransız Dəmir Yolları” kompaniyasının ən yaxşı fransız detektivlərinə verdiyi ödülü alıb. Sonra da film çəkilib romanın əsasında.
Məşhur “Penguin Books” 6 (!) rəqəmli məbləğə Tilyenin trillerlərini alıb…
Bunu fransızlar edirlər.
Biz nə etməliyik?
Təklif edirəm ki, işığın, qazın… qiymətlərinə məhəl qoymadan yazıçılarımızın kitablarını alaq.
Və oxuyaq.
Başlamaq lazımdır.
Fuad Babayev