“1905.az”Diskussiya klubunda bu dəfə biz “Dinimizdə vətənpərvərlik” mövzusunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədov, Bakı Dövlət Universiteti tarix fakültəsinin müəllimi, ilahiyyatçı Saleh Kazımov, meneviyyat.az saytının redaktoru Rövşən Məmmədov, Qarabağ veteranı Babək Qocayevlə müzakirə etdik.
Fuad Babayev: Müzakirələrə başlamazdan əvvəl Milli Qəhrəmanımız Mübariz İbrahimovun vida məktubunu oxumaq istəyirəm.
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Mübarizin məktubunda dini motivlər çox güclüdür. Suriya, İraq və s ölkələrdə müxtəlif silahlı qruplaşmalara qoşulan insanlar da buna bənzər məktublar yazırlar. Mübarizi başqa ölkədə vuruşan soydaşlarımızla müqayisə etmək istəmirəm. Ən azı ona görə ki, Mübariz torpaqlarımızı işğal edən ermənilərə qarşı vuruşubsa, başqa ölkələrdə müxtəlif cərəyanlara qoşulan soydaşlarımızın kimə qarşı vuruşduqları məncə bir çox hallarda heç onların özlərinə də tam məlum deyil. Əlbəttə, mən səhv də edə bilərəm. Sizcə biz şərti olaraq “dinin gücü” kimi dəyərləndirilə biləcək amildən vətənpərvərliyin dərəcəsini artırmaq üçün hansısa formada istifadə edə bilirikmi?
Saleh Kazımov: Dinə münasibət adamdan-adama dəyişir. Bu, Vətən anlayışından tutmuş şəhidlik anlayışına kimi belədir. Bu gün bizim borcumuz Mübariz kimi lazım gələndə özünü yox, Vətəni düşünən oğullar yetişdirməkdir. Amma şəhidlik hər adama qismət olmur. Mübariz məktubunda valideynlərinə yazır ki, cənnətdə görüşəcəklər. Bu çox önəmli məqamdır. Yəni o hərəkətinin mükafatsız qalmayacağını bilirdi.
Peyğəmbərdən soruşanda cənnət nə cür bir yerdir? O deyir ki, orada insan sevdikləri ilə birgə olur. Bu gün azərbaycanlı bir vətəndaşın xarici dövlətdə vuruşması dinin cəmiyyətə doğru aşılanmadığını göstərir. Öz torpağı uğrunda addım atmayan bir adamın gedib Suriyada din uğrunda şəhid olacağını düşünməsi yalnışdır.
Fuad Babayev: Bu yalnış anlaşmada günah kimdədir? Sizcə bizim dini təbliğ etməli olan insanların bir qədər qeyri-fəal olmaları ilə bağlı deyil bu?
“Bu, qlobal məsələdir. Tək Azərbaycanla bağlı deyil. Suriya kimi ölkələrə vuruşmağa dini atmosferi bizdən daha zəngin olan cəmiyyətlərin nümayəndələri də gedirsə deməli, problem tək bizlə bağlı deyil.”
Rövşən Məmmədov: “Bütün dünyada dini təbliğ etmə metodologiyasında bir yanlışlıq var. Biz dini Quran və peyğəmbərin sünnəsindən öyrənməliyik. Çox təəssüf ki, bizim cəmiyyətdə insanlar sünnə ilə hədisi bir birindən fərqləndirə bilmirlər. Sünnə daha geniş anlayışdır. Hədis isə onun içərisində bir parçadır. İslam sülh dinidir. Bir adamı görəndə salam aleykum deyirik. Yəni sizə sülh olsun.
Suriya məsələsi gündəmdə olanda APA TV-yə məni də dəvət etmişdilər. Orada da demişdim. Təəssüf ki, Azərbaycan dilində Quranda mücadilə sözü ilə cihad sözləri eyni cür tərcümə edilib. Halbuki, cihad tamam başqa bir termindir. Ümumiyyətlə, cəmiyyətin dinə baxış bucağını dəyişmək lazımdır”.
“İslamın bütün dünyada ən böyük problemi cahillikdir. Müsəlman olub, cahil olan insan çoxdur. Cahil adam elmsiz adam deyil, Allahın elmindən xəbərdar olmayan adamdır.”
Babək Qocayev: Mübariz İbrahimovun nəslini araşdırsaq görərik ki, onlar dindən uzaq adamlar olub. Seyid nəsli olmaq dini bilgili olmaq deyil. Sözsüz ki, dünyada gedən proseslər Azərbaycana təsirsiz qala bilməzdi. Çox yaxşı ki, bu gün biz bu mövzunu müzakirə edirik. Bu gün cəmiyyətdə gənclərdə islama meyillilik artır. Amma Allahı sevən insanın ailəsini, dostarını, torpağını sevməməsi mümkün deyil. Bu tərbiyə üsulunu biz yenidən bərpa etməliyik. Bu gün 100,150 il əvvəlki lap elə götürək, sovet dövründəki tərbiyə ilə indiki tərbiyə arasında çox böyük fərqlər var.
Fuad Babayev: Sovet dönəmində din təbliğ olunmasa da kifayət qədər vətənpərvər oğullarımız yetişirdi.
Saleh Kazımov: Çünki sovetlər dönəmində vahid ideologiya var idi. İnsanlar ideologiya uğrunda vuruşurdular.
“Suriya və digər ölkələrə gedən adamların beynində vətən anlayışı yoxdur. Sözsüz ki, burada qlobal güclərin də təsiri var. Birmənalı faktdır ki, onların təminatı xarici dəstəyin hesabına həyata keçirilir. İstər silahla, istərsə də ərzaqla təminat”
Nahid Məmmədov: Suriyaya döyüşə gedənlər üçün vətən yox, xilafət anlayışı var. Onlar deyir ki, xilafəti bərpa etmək uğrunda gedən bütün döyüşlərdə iştirak etmək və yeri gəlsə ölməyə hazırıq. Buna görə də Mübariz İbrahimovun şəhidliyi ilə onların şəhidliyi arasında çox böyük bir fərq var. Bayaq burda deyildi ki, Mübarizin ailəsi dindən uzaq adam olub. Yanlış məlumatdır. Mübarizin ailəsi dindar idi və onu dindar mühit yetişdirmişdi. Özü də əhli-beytin davamçısı olduğunu deyirdi. Şəhidlik məsələsi bir qədər fərqli mövzudur.
Bu gün adı tez-tez səslənən İŞİD nümayəndələri də başqa digər kiçik cərəyan nümayəndələri də özlərini həqiqi müsəlman adlandırırlar. Belə sual olunur ki, bəs, bu zaman həqiqi müsəlman kimdir? Bu isə hələ həzrəti peyğəmbərin dövründən Qurani-Kərim ayələrinin düzgün anlaşılmamasının nəticəsidir ki, bu gün bu anlaşılmazlıq davam edir. Biz tez-tez internetdə müxtəlif dini qrupların xof yaratmaq üçün çəkdikləri videoları görürük. Bu videoları yaymaqda məqsəd insanları qorxutmaq, xof yaratmaqdır. Əlbəttə, bütün bunlar məqsədli şəkildə həyata keçirilən bir siyasətdir. Bu xofun nəticəsidir ki, Suriyada qığılcım formasında baş qaldıran bu cərəyan bu gün böyük bir ərazini zəbt edib.
Fuad Babayev: Biz bu prosesin qarşısını almaq üçün nə etməliyik? Hazırda bu xofun episentri Suriya və İraqdadırsa, sabah bu areal genişlənə və bizə də gəlib çata bilər.
“Suriyadakı hadisələrə baxsaq görərik ki, əvvəlcə orada vətəndaş müharibəsi gedirdi. Kənar qüvvələrin regionda maraqları olduğu üçün vətəndaş müharibəsi zamanla formasını dəyişdi və ərazidə terror qruplaşmalar yarandı.”
Rövşən Məmmədov: İŞİD terror qruplaşmasıdır. Bu məsələdə İslamın baxış tərzini ortaya qoymaq lazımdır. Bura gələndə 1-2 ayəyə baxdım. “Bir adam yer üzərində fitnə-fəsad törətməmiş bir adamı öldürürsə, o bütün insanlığı öldürmüş sayılır”. Yəni bu adam qatil sayılır. Yəhudini də öldürsə, xristianı da, müsəlmanı da. Bəs biz gənclərin ora getməsinin qarşısını necə kəsə bilərik? İlk növbədə dini maarifləndirmə işi düzgün aparılmalıdır.
Fuad Babayev: Bunu kim etməlidir?
Rövşən Məmmədov: Biz – dini qurumlar, media nümayəndələri və alimlər. Medianın terror qruplaşmalarının vəhşicəsinə edam cəzalarını video formada yayması yaxşı hal deyil. Dində yandırılaraq edam cəzası yoxdur. Ancaq bu gün özünü islamın bir qolu kimi təqdim edən İŞİD insanları yandıraraq edam edir. Mübarizlə bağlı, əlbəttə, bu xəbəri eşidəndə bir azərbaycanlı kimi çox sevindim ki, bizim həmyerliymiz şəhid olub, böyük qəhrəmanlıq edib. Amma bir nöqtədə onu da qınadım. Çünki biz atəşkəs müqaviləsi imzalamışıq. Atəşkəs rejimi ola-ola onu pozmaq dinimizdə xoş bir hal deyil”.
Nahid Məmmədov: Amma atəşkəs dini baxımdan çoxdan öz aktuallığını itirib. Çünki bu illər ərzində qarşı tərəf dəfələrlə atəşkəsi pozub.
Gündüz Nəsibov: Burada bizim torpaqlardan söhbət gedir. Dində buyrulur ki, sənin torpağına hücum olursa, onu müdafiə etməlisən. Son 15-20 il ərzində din Azərbaycanda mühüm amilə çevrilib. Mübariz İbrahimovun da misalı göstərdi ki, biz bu amildən qətiyyən istifadə edə bilməmişik.
Nahid Məmmədov: Mən deməzdim istifdə edə bilməmişik. Bu sahədə kitablar, məqalələr yazılıb. Dövlət komitəsi tərəfindən film çəkilib. Bizim əksər rayonlarda seminar və treninqlərimiz olub. Mübariz İbrahimov Azərbaycan vətənpərvərliyinin tarixində dönüş nöqtəsi yaratdı. Bir ara bir boşluq var idi. Cəmiyyətdə dini maarifləndirmə aparılmalıdır. Bu istiqamətdə biz dövlət komitəsi olaraq müəyyən layihələr hazırlamışıq. Bu yaxınlarda dövlət tərəfindən komitəyə 2,5 milyon manat vəsait ayrıldı. Məhz dini icmaların maarifləndirilməsi üçün.
Gündüz Nəsibov: Cümə günləri məscidlərdə xütbə oxunur. Bu xütbələrdə islam və vətənpərvərlik məsələsinə toxunulurmu ümumiyyətlə? Məncə, yox. Amma İŞİD məsələsi yüzlərlə yerdə tənqid də olunur, təqdir də.
Nahid Məmmədov: Mən əminəm ki, İŞİD tənqid olunarkən şəhadətin nə olduğu və əsl şəhidliyin Azərbaycan üçün Qarabağ uğrunda şəhidlik olduğu da qeyd olunub.
“Cahillikdən çıxış yolunu orta məktəblərdə din dərsinin tədris edilməsində görürəm.”
Saleh Kazımov: 3 il Xəzər Universitetin Dünya məktəbində din fənnini tədris etmişəm. İnandırım size, həmin dərs uşaqlar tərəfindən çox sevilirdi və mən özümü çox xoşbət hiss edirdim. Amma məktəb rəhbərliyi bu məsələyə birmənalı yanaşmırdı. Deyilirdi dini tədris elə, amma peyğəmbərdən sitat gətirmə. Bu isə absurd bir şeydir. Dini təbliğ edən adam peyğəmbərdən necə sitat gətirməyə bilər? O dərsin çox effektiv olduğunun şahidi olmuşam. Və heç bir şagirdin pis yola düşdüyünü görməmişəm. İslam insanlara sevgi aşılayan bir dindir. Dini düz anlayan adam heç vaxt terror qruplaşmalara qoşulmaz.
“Qarabağa gedəndə çaşıb qalmışdım. İnsanlarda heç bir dini həssaslıq olmasa da onların arasında torpağı uğrunda döyüşən onlarla gənc var idi.”
Babək Qocayev: Zaman anlayışını dində mütləq nəzərə almaq lazımdır. Məsələn, 92-93-cü illərdə Azərbaycan cəmiyyətində insanlar dindən indiki qədər məlumatlı deyildilər. Döyüşə gedənə qədər Qarabağ ərazisində olmamışdım. Qardaşım Şuşada, mən Füzuli istiqamətində vuruşmuşuq. Qarabağda zamanında yaşamış dini alimlər olub.
Son zamanlar, məsələn, Şamaxıda yaşamış Seyid Yəhya Bakuvinin YUNESCO səviyyəsində tədbiri keçirildi. Onun irsinin araşdırılması zamanı Mirhəmzə Nigari cəmiyyətə tanıdıldı. Bəlalardan qurtulmağın əsas yolu vətənpərvər insan yetişdirməkdir. Orta məktəb, universitetlərdə dinin nə demək istədiyini insanlara izah etmək lazımdır.
Rövşən Məmmədov: Dinin ən böyük problemi cahillikdir. Bu çox təhlükəli bir prosesdir. Meneviyyat.az saytının redaktoruyam. Sayta gündəlik dinlə bağlı maarifləndirici məlumatlar yerləşdirirəm. Sosioloji sorğu göstərir ki, türk millətləri oxumağı yox, dinləməyi sevən bir millətlərdir. İnsanlara əyləncə ilə yanaşı dini, vətənpərvərliyi təqdim etmək lazımdır.
Saleh Kazımov: Dərs dediyim müddətdə valideynlər dərsə şübhə ilə yanaşırdılar. Bəziləri deyirdi ki, biz nə bilək siz uşaqlara hansı cərəyanı təbliğ edirsiniz? Bəlkə müxtəlif təriqətlərə yönəldəcəksiniz.
“Son illərdə müşahidə etmişəm ki, dini öyrənmək, həqiqətən maariflənmək istəyənlərin də sayı artıb. İnsanlar kitab axtarır, televiziya kanallarında dinlə bağlı verilişləri aclıqla izləyirlər.”
Rövşən Məmmədov: Saleh müəllim kimi mən də 2 il ehtiyac ucbatından Bakı Türk Liseyində bu fənni tədris etmişəm. Eyni təzadlarla mən də qarşılaşırdım. Amma şagirdlər din dərsini sevirdilər. Uşaqlara islamı sevdirmək lazımdır. Bu gün dini öyrənmək istəyənlərin də sayı artıb. İnsanlar dini öyrənmək üçün doğru mənbələr axtarırlar.
Fuad Babayev: Azərbaycanda dini kadrlar necə yetişir?
Nahid Məmmədov: Çox yaxşı ki, bu gün cəmiyyəti düşündürən problemləri biz dövlət komitəsi olaraq düşünürük. Və bu istiqamətdə işlər görülür. Məsələn, bayaq Babək müəllim Qarabağ alimləri ilə bağlı bir məsələni qeyd etdi. Hazırda Qarabağda vaxtilə yaşayan din alimlərinin həyat və yaradıcılığını əks etdirən bir kitab hazırlanır. O cümlədən, mənim Qarabağın dini, tarixi abidələri ilə bağlı bir tədqiqatım var. O da yaxın gələcəkdə işıq üzü görəcək. Maarifləndirmə ilə bağlı demək istərdim ki, əlbəttə, dini təhsil çox yaxşı şeydir. Cəmiyyətin müəyyən bir hissəsi bu cür dərslərin olmasını arzulayır da. Amma gəlin real danışaq.
“Bu gün bizim 4500-dən artıq məktəbdə dini tədris edə biləcək kadırımız varmı? Dini tədris edən müəllimlər həm dövlətə, həm də dinə yanaşmasında bizə uyğun adamlar olmalıdırlar. Uyğun insanları yetişdirmək isə uzun prosesdir. Təəssüf, bu gün biz dini bilgisi olmayan bir insana dinlə bağlı bütün cavabları verə bilmədiyimiz üçün o bu sualların cavabını ayrı-ayrı məzhəblərdə axtarır. Buna görə də gələcəkdə dini tədris edəcək müəlimlərin seçimində diqqətli olmalıyıq.”
Dini kadrların hazırlanması ən yaralı yerimizdir. 1992-ci ildə ilk dəfə Bakı Dövlət Universitetdə İlahiyyat fakültəsi yarandı. Ondan əvvəl Qafqaz Müsəlmanları İdarəsinin mədrəsəsi var idi. Bizə İran, Səudiyyə Ərəbistanı, Türkiyə modeli uyğun gəlmir. Çünki onların heç biri 70 il dindən uzaq olmayıb. Boşluq yaranıb, bu boşluğu isə nə iləsə doldurmaq lazımdır. Dini kadrları yetişdirmək uzun bir prosesdir. Hazırda bizdə kadr problemi olduğu üçün biz bunu başqa ölkə nümayəndələrinə həvalə edə bilmirik.
Yaxınlarda Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən çox yaxşı bir təşəbbüs irəli sürüldü. Biz də Dövlət Komitəsi olaraq onlara dəstək verdik. Hazırda din xadimləri üçün kurslar təşkil olunur. Yaşından, statusundan asılı olmayaraq onlar bir aylıq kurslarda iştirak edirlər. Bizi narahat edən əsas məsələlərdən biri də geyim məsələsi idi. Qafqaz Müsəlmanlar İdarəsi bununla da bağlı bir təşəbbüs irəli sürdü. Həmin kursları bitirən din adamlarına vahid bir forma hədiyyə edir. Sivil bir geyimdir, üzərində heç bir dini element yoxdur.
Ümumiyyətlə, hər hansı sahədə uğur qazanmaq tək dövlətin məsuliyyəti olmalı deyil. Müsbətə nail olmaq üçün biz-vətəndaş cəmiyyəti də aktiv olmalıyıq.
Fuad Babayev: Maraqlı söhbət üçün minnətdarıq hər birinizə!
Hazırladı: Aynur Hüseynova
1905.az