Elxan Süleymanov: “Siz Azərbaycan xalqının qürurunu qaytardınız, xalqımıza gələcəyə inamı gücləndirdiniz və xalqımızı öz ətrafınızda sıx birləşdirdiniz”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) rəhbəri Elxan Süleymanov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Zəfər bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Musavat.com onun təbrik məktubunu dərc edir:
***
– Cənab Prezident, Müzəffər Ali Baş Komandan, Azərbaycan xalqı öz tarixinin ən şanlı səhifələrinin – Zəfər bayramının 3-cü ildönümün yaşayır. Sizin rəhbərliyiniz altında Azərbaycan Silahlı Qüvvələri tarix yazdı — 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqları azad edildi və azad edilmiş ərazilərdə Azərbaycanın dövlət suverenliyi tam təmin edildi. Bu gün Şuşada, Xankəndində, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Laçında, Kəlbəcərdə, Qubadlıda, Xocalıda və digər azad edilmiş ərazilərimizdə xalqımızın qürur mənbəyi olan Azərbaycan dövlət bayrağı dalğalanır.
Sizin prezidentliyiniz dövründə Azərbaycan iqtisadiyyatının müstəqilliyi təmin edildi, yüksək hazırlığa malik müasir silahlarla təchiz edilmiş, müasir üsullarla hərbi əməliyyatlar həyata keçirən Silahlı Qüvvələr formalaşdırıldı, 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərimiz azad edildi, həmin ərazilərdə Azərbaycanın dövlət suverenliyi təmin edildi.
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı kimi, Sizin məharətli dövlət idarəçiliyiniz, möhkəm iradəniz, uzunmüddətli strategiyanız sayəsində Azərbaycan xalqı “məğlub xalq” sindromundan azad edilərək qalib xalqa çevrildi, Siz Azərbaycan xalqına dünya xalqları sırasında məğrurluq bəxş etdiniz. Öz ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etmiş Azərbaycan böyük nüfuza malik qalib dünya dövlətləri sırasında layiqli yer aldı. Azərbaycanın əldə etdiyi tarixi Zəfər regionun geosiyasi mənzərəsini dəyişdi, Cənubi Qafqazda əməkdaşlıq və sülh üçün yeni imkanlar yaratdı. Son üç il ərzində azad edilmiş ərazilərdə müasir standartlara uyğun həyata keçirilən quruculuq işləri, infrastruktur layihələri hər kəsi heyran edir.
Ali Baş Komandan, Sizin rəhbərliyiniz altında Azərbaycan son yüzilliklər ərzində ilk dəfə olaraq öz itirilmiş torpaqlarını qaytardı. Bu Sizin müdrik dövlət başçısı, məharətli diplomat, böyük strateq, mövcud vəziyyəti zərgər dəqiqliyi ilə qiymətləndirən və yüksək peşəkarlığa malik Ali Baş Komandan olmağınız nəticəsində mümkün oldu. Siz son üç il ərzində Azərbaycan xalqına torpaqlarımızın işğaldan azad edilməsi və dövlət suverenliyimizin tam təmin edilməsi kimi iki tarixi sevinc yaşamağı bəxş etdiniz, Azərbaycan xalqının qürurunu qaytardınız, xalqımıza gələcəyə inamı gücləndirdiniz və xalqımızı öz ətrafınızda sıx birləşdirdiniz.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi 8 Noyabr Zəfər Bayramı və 9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edirəm, Azərbaycanın daha da inkişafı istiqamətində fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Eyni zamanda Azərbaycan xalqına bəxş etdiyiniz bu səadətə və inama görə Sizə öz minnətdarlığımı bildirməkdən məmnunluq duyuram.
Yaşasın Azərbaycan!
Eşq olsun şanlı Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Dərin ehtiram və hörmətlə, Elxan Süleymanov, AVCİYA prezidenti