Tarix üzrə fəlsəfə doktorları Fərhad Cabbarov və Kəmalə Nəcəfova ilə Əhməd bəy Ağaoğlundan danışdıq.
Fuad Babayev: Əhməd bəy Ağaoğlu haqqında, onun Azərbaycan fikir tarixindəki yeri barədə hər birimizin bilməli olduğu informasiya nədən ibarətdir?
Kəmalə Nəcəfova: Mən Əhməd bəy Ağaoğluya həsr ediləcək doktorluq dissertasiyamı təzə götürmüşəm, yavaş-yavaş başlamışam tədqiqata.Mənim namizədlik dissertasiyam («Azərbaycan milli azadlıq hərəkatında ziyalıların iştirakı (1901-1918-ci illər – red.) ziyalılar olduğu üçün onlardan ən önəmlilərindən birini keçən il doktorluq dissertasiyam üçün mövzu seçdim. Hələ ilk tədqiqatımda Əhməd bəy Ağaoğlu məni özünə cəlb etmişdi. Yəni bir insan bu qədər geniş şaxəli fəaliyyətlə məşğul ola bilməz. Bu adam həm siyasətçidir, tanınmış ictimai-siyasi xadimdir, bu adam dövlət işləri ilə məşğul olub. Millət vəkili deyirik, amma əslində bu ziyalılar millətin davasını öz üzərinə götürən, millətin hüquqları uğrunda mübarizə aparan adamlardırlar. Bu ziyalılar bizim bildiyimiz ampluadan çox-çox geniş fəaliyyətlə məşğul olan insanlar olublar. Yəni həyatı ilə, varı ilə, yoxu ilə, bəlkə də yaxınlarının həyatı ilə risk edib bu insanlar millət naminə. Əhməd bəy Ağaoğlu eyni zamanda həm də yazardır. Elə bir sahə yoxdur ki, o barədə Əhməd bəy Ağaoğlunun məqaləsi olmasın. O yazılarında millətin problemlərinə, xarici siyasət məsələlərinə, ictimai-siyasi və mədəni həyatın bütün sahələrinə toxunurdu. Əhməd bəy yeganə insandır ki, iki dövlətdə (Azərbaycan və Osmanlı dövləti – red.) eyni vaxtda milət vəkili olub. O hər iki dövlətin elə çətin problemlərinin altına girib ki, buna o vaxt hər adam cəsarət edə bilməyib. Əhməd bəy Mustafa Kamal Paşa ilə dost olmasına baxmayaraq ona müxalif partiya yaratmaqdan çəkinmir. Azərbaycanın taleyinin həll olunduğu Gəncədəki iyun böhranında (Nuru paşanın Azərbaycan Milli Şurasına və hökumətinə etimadsızlığı ilə bağlı 1918-ci il iyunun 16-17-də yaranmış siyasi böhran-red.) qurtarıcı missiyanı öz üzərinə götürərək onun öhdəsindən layiqincə gəlir. Sizin sualınıza cavab olaraq deyim ki, Əhməd bəy Ağaoğlunu bir çərçivəyə sığışdıraraq ictimaiyyətə qısa şəkildə tanıtmaq mümkün deyil. Çünki Əhməd bəy böyük şəxsiyyətdir, böyük ziyalıdır, böyük ictimai-siyasi xadimdir. Azərbaycanda ilk radikal və ən böyük milli siyasi partiya qurucusudur. Azərbaycanda “Difai” (Difai – “müdafiə” deməkdir, 1905-ci ildə Gəncədə, erməni Daşnaksütun partiyasının terrorizminə qarşı mübarizə aparmaq üçün yaradılan təşkilat – red.) qədər nüfuzlu partiya olmayıb. Çar məmurlarının özü deyir ki, bütün dövlət orqanlarının hamısını bu partiya fəaliyyətdən salır. Hamı çar məhkəmələrinə, məmurlara deyil, “Difai”nin divanına müraciət edirdi və məsələsi həll olunurdu.
Fuad Babayev: Buyurun Fərhad müəllim.
Fərhad Cabbarov: Kəmalə xanımın qeyd etdiyi kimi mən də sözün düzü Əhməd bəyin yaradıcılığı ilə yeni məşğul olmağa başlamışam. Çünki doktorluq işim 1905-ci il qırğınları idi. 2018-ci ildə mənim bu mövzu ilə bağlı monoqrafiyam çıxanda doktorluq işi əsasında bu hadisələrdə Əhməd bəyin fəaliyyətini araşdırdım. Biz indi 1905-ci il hadisələri haqqında danışanda onu daha çox “Difai” partiyasının yaradıcısı kimi tanıyırıq. Amma “Difai”dən xeyli əvvəl Əhməd bəy bu qırğınlar zamanı jurnalist, Bakı şəhər dumasının üzvü, publisist və siyasətçi kimi o qədər böyük fəaliyyət göstərib. Bu məsələləri araşdırandan sonra 2018-ci ildə çıxan kitabımı Əhməd bəyin xatirəsinə ithaf etdim. 1905-ci il hadisələri ilə bağlı ermənilərin və ermənipərəst müəlliflərin istər 100 il bundan əvvəl, istərsə də indi ən çox tənqid və ittiham etdiyi insanlardan biri yox, məhz birincisi Əhməd bəy Ağaoğludur. Yəni onlar yazırdılar ki, Əhməd bəy panislamizmin, pantürkizmin Qafqazda lideridir. Ermənilərə qarşı törədilən qırğın kimi təqdim edilən hadisələrin başında duran Əhməd bəy Ağaoğludur, onu isə bura göndərən və təhrik edən Osmanlı dövlətidir. Ümumiyyətlə guya bizim məqsədimiz əvvəl erməniləri qırmaq, sonra isə Qafqazda yaşayan bütün xristianları məhv etmək olub. Çox maraqlıdır istər o dövrdə, istərsə də indi hansı kitabı açsanız o dövr hadisələri ilə bağlı birinci ittihamlara tuş gələn Əhməd bəy Ağaoğludur. O kitab rus dilində olduğu üçün mən istədim ki, rusdilli oxucular da, xarici oxucular da əslində Əhməd bəyin real obrazını görsünlər.
2019-cu ildə çap olunan kitabımda (“Əhməd bəy Ağaoğlu. Qafqazda milli məsələ. Məqalələr və sənədlər toplusu”, toplunun tərtibçisi, ön sözün, qeyd və şərhlərin müəllifi Fərhad Cabbarovdur – red.) da bu məsələlər öz əksini tapıb. 1905-ci il fevral qırğınları ərəfəsində Əhməd bəy Ağaoğlu ermənilərlə müsəlmanlar arasında yaranan qarşıdurmanın, gərginliyin qarşısını almaq üçün geniş fəaliyyət göstərib. Ermənilər bunu heç yerdə yazmayıblar. Halbuki 1905-ci ildə məşhur erməni yazıçısı Aleksandr Şirvanzadə “Санкт-Петербургские ведомости” qəzetində (Rusiyanın 1728-ci ildən Sankt Peterburqda nəşr olunan gündəlik ictimai-siyasi qəzeti – red.) çıxan məqaləsində xüsusi vurğulayır ki, biz Əhməd bəy və Əlimərdan bəy Topçubaşov ilə bir yerdə yığışaraq bu gərginliyin, hələ başlamamış ixtişaşın qarşısını almağa çalışdıq.
Bundan başqa bayaq Kəmalə xanım da qeyd etdiyi kimi Əhməd bəy Ağaoğlu elə bir zəngin irs qoyub gedib ki, onu nə qədər araşdırsan yenə də azdır. Ağaoğlu öz yaradıcılığı haqqında deyirdi ki, mənim bütün yazılarımı toplasalar Bakıdan İstanbula qədər böyük bir yol uzanar. Həqiqətən də bu insan bir növ fasiləsiz işləyən çap maşınına bənzəyir. “Kaspi”ni açırsan demək olar hər nömrəsində Əhməd bəyin məqaləsi var. 1905-ci ilin iyun ayından nəşr olunmağa başlayan “Həyat” qəzetinin baş redaktoru olmasına baxmayaraq həm də hər sayında məqalələri çıxır. Eyni mənzərəni biz “İrşad” və “Tərəqqi” qəzetlərində də müşahidə edə bilərik. Yazıların mövzu spektri olduqca genişdir. Burada yaponların həyatı, panislamizm, Rusiyadakı müsəlmanların vəziyyəti haqqında yazılara da rast gəlmək mümkündür. Əhməd bəyin istər mədəniyyətə, istərsə də siyasətə aid məqalələri diletantlıqdan uzaq, yüksək intellektə söykənən yazılar idi.
Fuad Babayev: O hansı xarici dillləri bilirdi?
Fərhad Cabbarov: Ana dili ilə yanaşı fransız, türk və rus dillərini mükəmməl öyrənmişdi.
Kəmalə Nəcəfova: Ərəb və fars dillərini də dəqiq bilirdi. Çünki o Qarabağın Mirzə titulu daşıyan tanınmış ziyalı ailəsindən gəlirdi. Mirzə titulunu daşıyan adamlar savadlı və dünyəvi təhsil almış ziyalı şəxslər idi. Onun əmiləri çalışıb ki, Əhməd bəy müctəhid (İslam dini qanunları və ehkamlarını müstəqil şəkildə təfsir və şərh etmək səlahiyyəti olan ali ruhani titulu – red.) olsun, Kərbala və Nəcəfdə təhsilini başa vurduqdan sonra ailə ənənəsini davam etdirsin. Əhməd bəy həmişə xatirələrində sitəm edib ki, anam məni Kərbəladan, Nəcəfdən Peterburqa, oradan da Avropaya yolladı. Yəni Qərb mədəniyyəti ilə tanış olmaq bu adamın taleyində yazılıb. Amma Ağaoğlu fars dilini də, ərəb dilinİ çox gözəl bilirdi. Əgər belə olmasaydı o Ernest Renanın (XIX əsrdə yaşamış fransız filosofu, yazıçısı və din tarixçisi – red.), Ceyms Darmsteterin (XIX əsrdə yaşamış fransız şərqşünası və filoloqu – red.) diqqətini cəlb etməzdi.
Təmkin Məmmədli: Dünyagörüşündəki dəyişikliklərlə bağlı sual vermək istərdim. Əvvəllər özünü iranlı, sonra türk kimi təqdim edib.
Kəmalə Nəcəfova: Ağaoğlu irsini tədqiq edən Holli Şisler (Ada Holly Shissler – Osmanlı dövrünü və müsair Türkiyə tarixini araşdıran amerikalı alim – red.) Əhməd bəyin fransız mətbuatında çıxan məqalələrində özünü fars kimi tanıtmasını belə izah edir. Həmin dövrdə Fransada fars tarixinə bir maraq var idi. Onlar geriliyin səbəbkarı kimi heç bir tərəqqini qəbul etməyən ortodoksal İslamı görür, bütün müsəlmanları isə geridə qalmış toplum kimi qəbul edirdilər. Amma farsları digər müsəlmanlardan fərqləndirərək şiəliyi ayrıca bir din kimi göstərirdilər. Yəni şiəliyi ortokoksal İslama nisbətən daha mütərəqqi din kimi qəbul edirdilər. Onlar deyirdilər ki, farslar islamda inqilab edib şiəliyi özlərinə məxsus din halına gətiriblər. Ağaoğlunun Fransada nəşr olunan « La Nouvelle Revue » («Yeni dərgi » deməkdir, baş redaktoru Ceyms Darmsteter – K.N.) adlı jurnalda “Dərvişin tövbəsi”, “Fars toplumu” adlı yeddi bölümdən ibarət məqalələri dərc edilib. Əhməd bəyin içində daim etiraz ruhu olub. Əsl ziyalı da məhz belə olmalıdır, gördüyü hər şeyə tənqidi yanaşıb, heç kimin görmədiyi eyibi özününkü bilib. O bu eyibləri üzə çıxarıb millətin xeyrinə tənqid edir ki, bundan tez qurtulsun. Bu ziyalı mövqeyidir. Bu adam firəng Əhməd ləqəbini ona görə alıb. Həqiqi intelligent idi, Qərbin qəbul etdiyi intelligent portreti Əhməd bəy Ağaoğludur.
Təmkin Məmmədli: Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettaslndakı “İntelligent” Həsən Əhməd bəyin prototipidir?
Kəmalə Nəcəfova: Bilmirəm, dəqiq deyə bilmərəm.
Fərhad Cabbarov: Mənə bir qədər inandırıcı gəlmir. Əvvəla Üzeyir bəy Əhməd bəylə çox yaxın münasibətlərədə olub. Üzeyir bəyin onu o tərzdə verə biləcəyini düşünmürəm. Digər tərəfdən elə obrazda təkcə Əhməd bəy deyildi axı.
Kəmalə Nəcəfova: Həmin dövrdə bizdə Qərbi, rusu yamsılayan çox idi.
Fərhad Cabbarov: Amma əlbəttə ki, bu bir fərziyyədir, bunu dəqiq demək olmaz.
Təmkin Məmmədli: Bəs Rəsulzadə və Əhməd bəy Ağaoğlu arasındakı fikir ayrılığı ilə bağlı nə demək olar?
Kəmalə Nəcəfova: Osmançılıq Azərçilik münaqişəsi.
Fərhad Cabbarov: Bizim sözsüz ki, bu cür nəhəng şəxsiyyətlərə yüz ildən sonra qiymət vermək ixtiyarımız var.
Təmkin Məmmədli: İndi rahatdır.
Fərhad Cabbarov: İndi əlbəttə ittiham və tənqid etmək də rahatdır. 1918-ci ildə Əhməd bəyin o mövqeyinin arxasında nə dururdu? Bəzən Əhməd bəy Ağaoğlunun türkçülüyü haqqında danışanda elə bir təsəvvür yaranır ki, o böyük Turan dövlətini yaratmaq tərəfdarı olub. O bu ideyanın tərəfdarı olmayıb.
Kəmalə Nəcəfova: O pantürkist olmayıb.
Fərhad Cabbarov: O Azərbaycanla Osmanlının, Türkiyənin konfederasiya şəklində birləşməsini istəyirdi. Onun təsəvvürünə görə 1918-ci ilin may ayında Azərbaycan Cümhuriyyəti müstəqil dövlət kimi yaşaya bilməyəcəkdi. Yəni 1918-ci ildə bunlar birləşməli idilər ki, düşmənə qarşı vahid mübarizə aparsınlar. Digər tərəfdən bu insanların arasındakı yaş fərqini nəzərə almaq lazımdır. Əhməd bəy onlardan qat-qat təcrübəli və yaşlı insan idi.
Kəmalə Nəcəfova: Doxsanların nümayəndəsi idi. Əhməd bəyin Azərbaycan cəmiyyətinə atıldığı XIX əsrin 90-cı illəri həm “neft sıçrayışı”, həm də “intellektual bum” adlandırılırdı.
Fərhad Cabbarov: O zaman gənc olan Məhəmmədəmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski ilə Əhməd bəyin mövqeləri toqquşur. Bu insanlar şəxsi ədavət uğrunda vuruşmurdular. Son məqamda onlar yenə də yekdil fikrə gəldilər. Cümhuriyyəti xilas etmək üçün Milli Şura istefa verir, yəni Nuru Paşanın tələbi yerinə yetirilir, amma bütün hakimiyyət Milli hökümətə keçir.
Kəmalə Nəcəfova: Azərbaycanın istiqalalını qorudular.
Fərhad Cabbarov: Yəni Nuru Paşanın istədiyi ideya reallaşmır, hər iki tərəf güzəştə gedir. Bəzən 150 illiklə bağlı saytlarda yazırlar ki, bu nə böyük şəxsiyyətdir ki, o Cümhuriyyəti istəmirdi. Siz isə onun yubileyini qeyd edirsiniz. Bilirsiniz əgər bu insan Cümhuriyyəti istəməsəydi, heç vaxt Cümhuriyyət parlamentində ona yer verilməzdi. Bundan əlavə təsəvvür edin ki, o zaman dünyanın ən aparıcı forumu olan Paris sülh konfransına gedən nümayəndə heyətimizə Əhməd bəy Ağaoğlu daxil idi. Əgər Əhməd bəy bu Cümhuriyyətə yad bir insan olsaydı istər Rəsulzadə, istər baş nazir Xoyski, istərsə də nazirlər və ümumiyyətlə o dövrün dövlət xadimləri bu insanı heç vaxt o nümayəndə heyətinə daxil etməzdilər. Bu insan da əgər Cümhuriyyətə düşmən olsaydı, heç özü də orada iştirak etməzdi.
Kəmalə Nəcəfova: Azərbaycanda siyasi publisistikanın əsasını Əhməd bəy Ağaoğlu qoyub. Birbaşa hökumət orqanlarına ünvanlanan, onların üzünə ittiham oxuyan təsirli məqalələr yazmaq, bu məsələləri qaldırmaq o qədər də asan iş deyildi. Dissertasiyanı işləyəndə mən publisist olmayan adi bir şəxsin məqaləsi ilə rastlaşdım. Müəllif yazır ki, mən redaksiyanın yanından keçərkən “Həyat” qəzetinin iki baş redaktorunun (Əli bəy Hüseynzadə ilə Əhməd bəy Ağaoğlu – K.N.) yüksək səslə mübahisəsinin şahidi oldum. Hamı boylanıb baxır ki, bunlar yəqin biri-birini qırırlar içəridə. Biz düşündük ki, sabah iksindən biri bu redaksiyaya od vuracaq. Amma səhər işə gedəndə görür ki, dünən mübahisə edən şəxslər bu gün sakit tərzdə əllərində eynək öz işləri ilə məşğuldurlar. Yəni onların mübarizəsi intellektual müstəvidə gedirdi, onların mübarizəsi Fərhad bəy dediyi kimi şəxsi ədavət deyildi. Mən Azərbaycan ziyalılarının ictimai-siyasi fəaliyyətini araşdırdığım zaman Rusiya cəmiyyətinə xas olmayan bizə aid bir nüansı xüsusi bir hal kimi qeyd etmişəm. Yəni bizdə bir partiyanın üzvü rahatlıqla o biri partiyaya keçən zaman ona düşmən gözü ilə baxan yoxdur. “Qeyrət” partiyası (Gəncədə formalaşan ilk milli siyasi qurum – red.) yaranır, sonradan Türk Federasitlər partiyası olur, daha sonra 1905-ci ildə Gəncədə (onun tədqiqatçısı tarix üzrə elmlər doktoru İradə Bağırovadır – K.N.) “Difai” yaranır və onun bütün üzvləri “Difai”nin Gəncə komitəsinə keçərək çox böyük həvəslə millətə xidmət edir. Bunların amalı xalq, onun gələcəyi, azadlığı olduğu üçün şəxsi ambisiyalara yer yox idi. Əhməd bəy Ağaoğlunun vətən sevgisini isə ən azı onun şəxsiyyətinin on faizini özündə görən adamlar müzakirəyə çıxara bilər. Yəni bu sorğulana bilməz.
Fərhad Cabbarov: Özü də bu müzakirəni açanlar Əhməd bəyin həyatını, fəaliyyətini oxuyub araşdırsalar, onlarla mübahisə etmək olar. Amma, müzakirə açanların əksəriyyəti məsələdən xəbərsiz adamlardır.
Fuad Babayev: Bəzilərində böyük şəxsiyyətləri hədəfə almaq, onların xatirəsində, irsində parazitlik edərək məşhurlaşma meyli var. Yəni bu yolla gündəmə gəlmək, məşhurlaşmaq istəyirlər. Yeri gəlmişkən Əhməd bəy Ağaoğlunun tədqiq olunması hansı səviyyədədir?
Kəmalə Nəcəfova: Zəifdir.
Fuad Babayev: Sovet dövründə Əhməd bəyin öyrənilməsindən birmənalı olaraq söhbət gedə bilməzdi, deyilmi?
Fərhad Cabbarov: Sovetin sonlarına yaxın belə bir qığılcım oldu. Əziz Mirəhmədovun bir məqaləsi dərc olundu. Həqiqətən də o vaxt Əhməd bəy haqqında yaza bilməzdilər.
Bilirsinizmi, məsələ ondadır ki, Əhməd bəy siyasi xadim idi. O uzun müddət Türkiyədə yaşayıb və işləyib. O İttihadçılarla, Atatürklə bir yerdə olub, bolşevikləri qəbul etməyib. Sözsüz ki, sovet hökuməti ona bu cür yanaşmalı idi.
Amma mən düşünürəm ki, Əhməd bəy bəlkə də yeganə azərbaycanlıdır ki, Azərbaycandan kənarda da geniş tədqiq olunur. Təsəvvür edin ki, Amerikada Ada Holli Şisler bir tərəfdən, Türkiyənin özündə Əhməd bəyin, ümumiyyətlə Ağaoğlular nəslinin xeyli araşdırıcısı var. Şəxsən mən nə Rəsulzadəni, nə Topçubaşovu, nə də bizim digər ziyalılarımızı bu qədər geniş araşdıran xarici müəllif tanımıram. Çünki bu doğrudan böyük bir xəzinədir. Təsəvvür edin ki, mən bu kitabda (“Əhməd bəy Ağaoğlu. Qafqazda milli məsələ. Məqalələr və sənədlər toplusu”- red.) ancaq 1905-1906-cı illərdə çıxan yazıları götürmüşəm. Əhməd bəyin mühacirətə getməzdən əvvəl bütün yazılarını araşdırsaq bəlkə də cildlər çıxacaq. Amma Kəmalə xanımın sözünə qüvvət Ağaoğlunun tədqiqi həqiqətən zəifdir. İndiyə kimi hələ onun çoxcildliyi nəşr edilməyib.
Kəmalə Nəcəfova: Mənə elə gəlir çıxar.
Fərhad Cabbarov: Hər halda bu il çıxmayacaq. Çünki onunla məşğul olan yoxdur. Bu bir adamın, beş adamın işi deyil, bu böyük bir redaksiya heyətinin işidir. Türkiyədə onun qəzetlərdə yazıları var, mən hələ elmi jurnalları nəzərdə tutmuram. Əhməd bəy 1905-ci ildə Bakı kəndlərinin köçürülməsi ilə bağlı Peterburqda keçirilən müşavirədəki çıxışı ilə bütün rus məmurlarının, erməni neftxudalarının hamısını yerində otuzdurur. Onlar anlayır ki, müsəlmanları Bakı kəndlərindən köçürsələr partlayış olacaq və bu plan yerinə yetirilmir. 1906-cı ildə Tiflisdə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə keçirilən sülh konfransında Azərbaycanın 38 nəfərlik nümayəndə heyətində ən önəmli yeri Əhməd bəy Ağaoğlu tuturdu. Gündəlikdə olan hər bir məsələ (köçürülmə məsələsi, terror, məktəb məsələsi və s. – F.C.) ilə bağlı çıxış edirdi. Axırda o qədər əsəbi, gərgin danışır ki, ürəyi də xarab olur, orada onu zaldan çıxarırlar. Yəni o dərəcədə emosional olurdu. İndi hesab edirəm ki, Əhməd bəyin 150 illik yubileyinə bizim ən böyük töhfəmiz onun çoxcildliyinin nəşri olardı. Bir dəfə Milli Məclisdə Əhməd bəy Ağaoğluna Qarabağda abidə qoyulması təklif edildi. Qarabağ öz yerində, amma Bakıda, paytaxtda da mütləq onun heykəli olmalıdır. Azərbaycan və Türkiyənin ortaq tarixi şəxsiyyəti olan Əhməd bəy haqqında film çəkilməlidir. Bu yaxınlarda Naxçıvanda Azərbaycan və Türkiyə ordusunun “Sarsılmaz qardaşlıq-2019” adlanan hərbi təlimi mənə çox xoş gəldi. Əhməd bəy Ağaoğlunun 150 illiyi də siyasi baxımından bizim bu sarsılmaz qardaşlığın bir nümunəsi ola bilərdi. Yaxşı olardı ki, iki dövlət səviyyəsində müştərək bir tədbir keçirilsin. Yeri gəlmişkən mən bir məlumat da vermək istəyirəm. Milli Azərbaycan Tarixi Muzeyi 2-3 oktyabr 2019-cu il tarixində Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunmuş Beynəlxalq Simpozium təşkil edəcək. Bu da bizim muzeyin Əhməd bəyin 150 illiyinə kiçik bir töhfəsidir.
Kəmalə Nəcəfova: Bizim gündəmdən düşməyən ən yaralı yerimiz, ən aktual problemimiz Qarabağ məsələsidir. Əhməd bəy Ağaoğlu ziyalı olaraq bir məqaləsində yazır ki, millətin yükünü ziyalılarla burjuaziya çəkməlidir, burjuaziya pulu ilə, ziyalılar isə biliyi ilə kömək etməlidir. Bunların iksi də birləşəndə bir qüvvə olur və o qüvvəni millətin problemlərinin həllinə yönləndirmək lazımdır. Dünyagörüşü sona qədər liberal baxışdır, amma qurduğu partiya radikaldır.
Təmkin Məmmədli: Yəni daşnaklara qarşı başqa variant da yox idi.
Kəmalə Nəcəfova: 1905-ci il qırğınından və barışdırıcı qurultaydan sonra qərara gəlinir ki, bu çar məmurlarının, çar hökumətinin özünün qurduğu oyundur. Azərbaycan xalqını müdafiə etmək üçün Daşnaksütun qədər güclü bir milli radikal partiya qurmaq lazımdır. Daşnakların həmin zaman sayı artıq 150 mini, ordusu isə 100 mini keçmişdi. Onların qurduğu partiya İradə Bağırovanın hesablamasına görə 1000 nəfərdən bir az çox idi. Onlardan təxminən 800 nəfəri ən güclü fədai dəstəsi olan Qarabağ Birlik Məclisinə daxil idi. Bir hissəsi Osmanlıda, bir hissəsi isə Qafqazda olmaqla erməni dövləti yaratmaq məqsədilə erməni-daşnak qüvvələri Qarabağın əsas nöqtələrində əhalini qırır, etnik təmizləmə siyasəti aparırdılar. Min nəfərlə bu qüvvənin qarşısında durmaq mümkün deyildi. Əhməd bəy bir tərəfdən qaçaq dəstələrinin rəhbərləri ilə əlaqə qurur, digər bir tərəfdən millətin namusunu müdafiə etmək qabiliyyətində olan bəyləri öz tərəfinə çəkirdi. Əks mövqedə olanları isə cəzalandırırdılar. Ermənilər hücum edəndə ailəsini götürüb qaçan bəylərin “Difai”nin divanı ilə cəzalandırılması haqqında sənədlərə arxivdə rast gəlmişəm. Onlara ölüm hökmü kəsilərək yerinə yetirilir, mülkləri isə müsadirə olunaraq kəndlilərə paylanılırdı. “Difai”nin proqramında da yazılıb ki, torpaq onu əkənindir. Həmin dövrdə təkcə Eser (“sosialist-revolyusioner” sözlərinin ixtisar edilmiş baş hərflərinin adından götürülüb, Rusiyada Sosialist İnqilabçılar Partiyası– red.) partiyasının proqramında bu məsələ var idi, bolşeviklər bu müddəanı sonradan öz proqramlarına daxil etdilər. Bundan başqa proteksionist iqtisadiyyatın qurulmasına, milli burjuaziyanın güclənməsinə çalışır. Əhməd bəy deyir ki, “…Qarabağda ermənilər torpaqlarını satmırlar? Gedin alın, nə gözünüzü dikmisiniz Bakıdakı sənaye sahələrinə, gedin oranı möhkəmləndirin, oranı qüvvətləndirin…”. Bu günün prizmasından baxanda görün nə qədər dahi şəxsiyyət idi ki, 100 il öncəsini görürdü. Sonra milləti düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün iki yol göstərir: biri maariflənmək, digəri güc. Həm silahlı gücün olmalıdır, həm zəkan güclü olmalıdır. Bu fikirlər bu günlə səsləşir və çox aktualdır. Mən hesab edirəm ki, tarixdə iz qoymuş böyük şəxsiyyətlər bizim kimi sadə düşüncə sahibləri deyillər, onlar zəmanəni ən azı 100 il qabaqlayan insanlardır. Əhməd bəy Ağaoğlu da məhz belə bir zəka sahibidir.
Türk dünyasının problemlərini siyasi dağınıqlıqda, məzhəb fərqində, milli şüurun olmamasında, savadsızlıqda görən Ağaoğlu deyir ki, bu məsələləri aradan qaldırın türk dünyası öz-özünə tərəqqi edəcək. Bu məsələləri isə öndə gələn şəxslər müzakirə etməlidir. 1903-cü ildə “Kaspi” qəzetindəki məqaləsində iki rus millətçisinin öz dili ilə həm onları tənqid edir, həm velikorus şovinizminin iç üzünü açır. Deyir ki, siz Əbdülhəmid hökumətini və yaxud da islam dövlətlərini geridə qalmış despotik rejimlər kimi hədəfə almısınız, amma bir şeyi unudursunuz ki, bunlar şəriət qanunları ilə idarə olunurdu. Şəriət qanunları sizin müasir qanunlarınızdan çox mütərəqqidir. Hətta yazıldığı dövrdə belə onlar kitab əhlinə, onların inanclarına və ziyarətgahlarına toxunmurdu. Onlardan sadəcə müəyyən vergi alaraq fəaliyyət azadlığı verirdi. Amma Qafqaz müsəlmanlarının və bütövlükdə Rusiyanın müsəlman toplumunun ixtiyarı yoxdur ki, özünə axund, molla və ya şeyxulislam seçsin. Məqsədyönlü şəkildə seçdiyiniz adamların isə dindən xəbəri yoxdur, onların mənəviyyatı çürüyüb. Rusiyanın Müqəddəs Sinodunun prokuroru Pobedonotsevin məktubuna istinad edərək göstərir ki, İslamı parçalamaq istəyirsənsə onun mənəviyyatına ən çox təsir edən şəxslərdən və qurumlardan başlamaq lazımdır. Buna görə də hədəf onlar idi.
Fuad Babayev: Əhməd bəy Ağaoğlu öz əcəli dünyasını dəyişib. “Difai” rəhbəri erməni terroruna hədəf olubmu?
Kəmalə Nəcəfova: Cəhdlər olub, evini yandırıblar.
Fərhad Cabbarov: Cəhdlər olub. Açıq demək lazımdır ki, bu insanı həm ermənilər, həm çar hökuməti, həm də özümüzkilər istəməyib.
Təmkin Məmmədli: Mühacirət illərində Əhməd bəyin Atatürklə münasibətləri ilə haqqında danışmağınızı istərdik.
Fərhad Cabbarov: Əhməd bəyin Atatürklə münasibətləri çox yaxşı olub, hər iksi bir-birinə böyük hörmət bəsləyib. Amma onun özünün üsyankar xarakteri də var idi. Əhməd bəy Ağaoğlu hər şeylə barışmırdı, o heç vaxt ağa qara deyə bilməzdi.
Kəmalə Nəcəfova: Təkpartiyalı sistemlə barışmırdı.
Fərhad Cabbarov: Bəli, bunu açıq etiraf etməliyik.
Təmkin Məmmədli: Yəni Atatürkü diktaturada ittiham edirdi.
Fərhad Cabbarov: Bəli. Bunu təkcə biz demirik. Türkiyə alimləri də bunu qəbul edirlər ki, müəyyən məqamda Türkiyədə diktatorluğa meyil gücləndi. Atatürkün nəzarət altında olan alternativ müxalifət partiyası (Sərbəst firqə – F.C.) yaratmaq planı var idi. Çox maraqlıdır ki, nəzərdə tutulandan fərqli hadisə baş verdi. Bu partiya o qədər böyük rəğbət qazandı ki, hətta Atatürkün bacısı da ora daxil oldu. Tədricən bu məsələnin ssenaridən kənara çıxdığını görən Atatürk partiyanın fəaliyyətini dayandırır. Bundan başqa Atatürkün ətrafında olan bəzi insanlardan fərqli olaraq Əhməd bəy gördüyü şeyləri açıq şəkildə ona deyə bilirdi. Hətta bir dəfə Atatürk daha dözməyib Əhməd bəyi araqarışdıran adlandırıb. Ağaoğlu da bu sözdən inciyib gedir. Amma sonra Atatürk onu geri çağırır, başa düşür ki, bir az kəskin danışıb. Bu iki böyük tarixi şəxsiyyət arasında nə qədər ziddiyyətlər olsa da, Ağaoğlu bəzən sıxışdırılsa da, Atatürkün ölüm xəbərini eşidəndə Əhməd bəy ağlayaraq deyir ki, o böyük bir vulkan idi, o hamıya püskürürdü, mənə də püskürürdü, amma o böyük idi, nəhəng insan idi.
Fuad Babayev: Ölüm tarixləri arasında çox az fərq var.
Kəmalə Nəcəfova: 1 idən də az.
Fərhad Cabbarov: Rəsulzadə Əhməd bəyin ölümündən sonra yazırdı: “…Onunla əməkdaşlıq edən, necə qəhrəmancasına çalışıb vuruşmasına yaxından bələd olan bir adam kimi tam əminliklə deyə bilərəm ki, o dövrdə, o oldu-alovlu illərdə heç kim Ağaoğlu Əhməd bəy qədər milli hərəkat və milli dava cəbhəsinin ön atəş xəttində olmamışdı”. Bu 1939-cu ildə yazılan sözlər idi, görün necə qiymətləndirib bu insanı. Yəni onlar arasında heç bir şəxsi ədavət olmayıb.
Kəmalə Nəcəfova: Bir hadisəyə həqiqi mənada tarixi qiymət onun üzərindən minimum iyirmi il keçəndən sonra verilir. Ona görə də bu sözlər tam mənası ilə yerinə oturmuş sözlərdir.
Fərhad Cabbarov: Rəsulzadə Əhməd bəyi özünə müəllim bilib.
Kəmalə Nəcəfova: Bəli. Çünki Azərbaycan ziyalıları, bu təbəqə bir gündə formalaşmayıb. Əvvəlcə bu təbəqəni formalaşdıran və onları öz ətrafında birləşdirən Həsən bəy Zərdabi vardı. Hamının ata adlandırdığı Zərdabinin “Əkinçi” qəzetinin qurduğu məktəbdən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov kimi tarixi şəxsiyyətlər çıxdı. Bunlara XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi həyatının üç sütunu, üç nəhəng ismi, üç fiquru deyilir. Məmməd Əmin Rəsulzadə 1902-ci ildən artıq aktiv ictimai-siyasi həyata başlayır, amma o 1915-ci ildə “Açıq söz” qəzetindən sonra Azərbaycan gündəminə düşəcək. Əhməd bəy Ağaoğlu Azərbaycan milli hərəkatının ilk ideoloqlarından biridir. Azərbaycan cəmiyyətini İslam birliyi, Türk birliyi ideyaları ilə ilk dəfə o tanış edib. Amma bu birlik hansı formada olmalı idi. Ağaoğlu deyir ki, məzhəbləri ləğv etməyə çalışmaq lazım deyil, məzhəb fərqini aradan qaldırmaq lazımdır. Türk dünyası böyük bir dağınıqlıq içərisindədir və bunu dağıdan ən böyük qüvvə məzhəb fərqidir. Bunları aradan qaldırmaq üçün hamının dini kitabımız Quranın ətrafında birləşməsi lazımdır. Siyasi dağınıqlığı, geriliyi milli şüurun olmaması ilə əlaqələndirir. Əli qələm tutan var, amma milli şüur yoxdur. Biri özünə fars, biri türk, digəri müsəlman deyir, yəni ümmətçilikdən türkçülüyə, oradan siyasi türkçülüyə və millətçiliyə mərhələli keçid gedib. Hər mərhələnin öz lideri var, son mərhələnin lideri isə Məhəmmədəmin Rəsulzadədir.
Fuad Babayev: Prezidentin sərəncamına əsasən Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi nə zaman keçiriləcək?
Fərhad Cabbarov: Bu il ərzində müxtəlif Akademiya təşkilatlarında, ali təhsil müəsisələrində, Təhsil və Mədəniyyət Nazirliklərində bu tədbirlər keçiriləcək.
Fuad Babayev: Bizim orta və ali məktəb dərsliklərində Əhməd bəy Ağaoğlu öz miqyasına uyğun təqdim olunurmu?
Kəmalə Nəcəfova: Əhməd bəy Ağaoğlunun fəaliyyəti iki mövzunun içərisində gedir. Bunlar XIX əsrin son rübü – XX əsrin əvvəllərində Azərbaycanda milli hərəkat mövzusudur. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Azərbaycan tarixi kafedrası olaraq biz bu mövzunu proqrama daxil etmişik. Azərbaycanda siyasi partiyaların fəaliyyəti mövzusunun içərisində “Difai” ayrıca bir mövzudur. “Difai”nin bütün fəaliyyəti elə Əhməd bəy Ağaoğludur. Sonra Azərbaycan mətbuatı və onun milli hərəkatda rolu mövzusunda “Həyat” qəzeti ayrıca məktəb kimi öyrənilir. Bu qəzetin yaradılmasında və faəliyyətində Əhməd bəy Ağaoğlu və Əli bəy Hüsynzadənin özünəməxsus rolu var idi.
Fuad Babayev: Əhməd bəy Ağaoğlu təbii böyük şəxsiyyət olub. Amma belə demək mümkünsə həm də çox çətin adam olub.
Fərhad Cabbarov: Siz təsəvvür edin hətta Hacı Zeynalabdin Tağıyevlə də münasibətləri gərgin olub.
Fuad Babayev: Dava edib?
Fərhad Cabbarov: Dava etməyib, amma bəlkə də dava etsəydi ondan yaxşı olardı. “Həyat” qəzetində Topçubaşov, Hüseynzadə, Ağaoğlu kimi üç nəhəng toplaşmışdı. “Həyat” qəzetini Tağıyev maliyyələşdirirdi. Əhməd bəyin üsyankar xasiyyəti Tağıyevlə də yola getməyə imkan vermirdi. Təsəvvür edin Əhməd bəy Mərdəkandan Əli bəy Hüseynzadəyə kənar şəxslərin başa düşməməsi üçün fransızca məktub yazır ki, bu qaba adam, yəni Tağıyev hər şeyə qarışır, bizi bezdirib, onunla işləmək mümkün deyil.
Fuad Babayev: Bu qaba adam həm sahibkardır, həm də qəzeti maliyyələşdirir.
Fərhad Cabbarov: Bəli.
Kəmalə Nəcəfova: Hətta onu gətirib işə düzəldib.
Fərhad Cabbarov: İşə düzəltməkdən başqa onu bir dəfə az qala mollalar döyəcəkdilər, Tağıyevin nüfuzu hesabına Əhməd bəyə toxunmadılar. Tağıyevlə aralarnda olan anlaşılmazlıqlara görə Ağaoğlu “Həyat” qəzetindən çıxıraq İsa bəy Aşurbəyovun çap etdirdiyi “İrşad”a keşir. Arada bir isə bu qəzetdə Tağıyevə ünvanlanmış kəskin yazılar da verirdi. Demək istədiyim odur ki, Tağıyev sözsüz hamımızın nəzərində böyük şəxsiyyətdir, buna şəkk-şübhə ola bilməz. Tağıyev böyük mesenatdır, böyük ictimai xadimdir, amma Ağaoğlu ona qarşı da çıxış edirdi. Yəni o hesab edirdi ki, sən əgər sponsorsansa mətbuat işlərinə qarışmamalısan.
Kəmalə Nəcəfova: Əsl ziyalı mövqeyi.
Fərhad Cabbarov: Amma 1906-cı il qırğınları vaxtı Yelizavetpol quberniyasında zərər çəkmiş müsəlmanlara kömək məqsədilə burada Tağıyevin sədrliyi ilə mərkəzi komitə yaradılır. Ağaoğlu Tağıyevə teleqramlar vurur ki, bax bunu etmək lazımdır, Tağıyevin həyat yoldaşı Sona xanımla məsləhətləşir.
Kəmalə Nəcəfova: Onların davaları şəxsi müstəvidə deyildi.
Fərhad Cabbarov: Ümumi mənafe naminə onlar həmişə birləşiblər. Əhməd bəy bəlkə də Tağıyevlə sona qədər küsülü olub, amma yenə də onunla yazışıb, məsləhətləşib.
Fuad Babayev: Zaman-zaman Məhəmmədəmin Rəsulzadənin məzarının Azərbaycana qaytarılması ideyası səslənir. Ağaoğlu ilə bağlı belə bir ideya yoxdur?
Kəmalə Nəcəfova: Belə bir şey mən görməmişəm.
Fərhad Cabbarov: Mən də rast gəlməmişəm. Amma orada Rəsulzadədən fəqli olaraq təkcə Əhməd bəyin deyil, Ağaoğluların məzarı var. Əhməd bəyin qızları Sürəyya xanım da, Tezer xanım da Türkiyədə çox böyük nüfuz sahibləridir.
Kəmalə Nəcəfova: Əhməd bəyin həyat yoldaşı Sitarə xanım onun həyatda ən böyük silahdaşı, arxa-dirəyi və xanımı olub. Mən həmişə demişəm ki, güclü kişilərin arxasında bir güclü qadın xarakteri durur. Sitarə xanım dünyasını dəyişəndən sonra bu adamın həyatı sönür. Ağaoğlu dostu Həmid bəyə yazır ki, biz gecələri uyuyan İstanbulun iki ixtiyar bayquşuyuq. Əhməd bəyin Türkiyə qəzetlərindəki məqalələri yığılıb tədqiqata cəlb edilməyib.
Fuad Babayev: Əhməd bəy Ağaoğlunu maddi cəhətdən zəngin adam hesab etmək olar?
Fərhad Cabbarov: Bəli, İstanbulda böyük bir evi var idi.
Kəmalə Nəcəfova: Mən səbəbini deyim. Əhməd bəy “İttihad və Tərəqqi” partiyasının məclis üzvü idi, Vəqf məktəblərinin baş müfəttişi idi, böyük bir qəzetin baş redaktoru idi, Anadolu agentliyini quran şəxs idi, Türkiyə hökumətində mətbuat məsələləri üzrə Atatürkün müşaviri idi. Ağaoğlu İstanbul və Ankara universitetlərinin hər iksində hüquq fakültəsində dərs demiş adamdır. Həm də Parlament üzvüdür, onun pulu niyə olmasın. Həm bəy nəslindən olduğu üçün onların ailədən gələn imkanları da olub axı. Həyat yoldaşı Vəzirovlar nəslindən idi. Amma Əhməd bəy çox əziyyət çəkib, bütün həyatını öz əməyi ilə qurub, qələmindən çıxıb onun bütün pulu.
Fuad Babayev: Bu koloritdə olan tarixi şəxsiyyət silsilə filmlərin qəhrəmanı ola bilər.
Kəmalə Nəcəfova: XX əsrin əvvəllərində dünya tarixini silkələyən hadisələr var. Əhməd bəy bu hadisələrin mərkəzində olmasa da əsas qollarından biri olub.
Hazırladı: Təmkin Məmmədli, Aydan Abaslı, 1905.az