Əlimərdan bəy Topçubaşov haqqında danışdıq. Qonaqlarımız filologiya üzrə elmlər doktoru, professor Nadir Məmmədli, siyasi elmlər üzrə fəlsəfə doktoru Afət Səfərova idi.
Fuad Babayev: Orta statistik oxucu Əlimərdan bəy Topçubaşov haqqında nələri bilməlidir? Hansı informasiyalarla silahlanmalıdır?
Afət Səfərova: Əlimərdan bəy Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin çox görkəmli bir xadimi olub. Biz hətta deyə bilərik ki, o Azərbaycan dövlətinin qurucularından idi. Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq fakültəsini bitirəndən sonra hətta həmin universitetdə dərs demək üçün təklif alıb. Amma bunun üçün xristianlığı qəbul etməli idi. Əlimərdan bəy təklifdən imtina edib, Bakıya qayıdaraq vəkillik fəaliyyətinə başlayıb. Amma vəkillikdə çox qalmayıb və publisist kimi fəaliyyət göstərib. 1898-ci ildə “Kaspi” qəzetinin redaktoru olub. Qəzetin naşiri Hacı Zeynalabdın Tağıyev idi. Məhz həmin vaxtdan Əlimərdan bəy Topçubaşovun publisistik yaradıcılığı başlayır. “Kaspi” qəzeti rus dilində çıxırdı. 1905-ci ildə başqa bir qəzet – “Həyat” qəzeti Azərbaycan dilində nəşr olunmağa başlamışdı. 1905-ci ildə çar II Nikolay manifest imzalamışdı və Birinci Dövlət Duması yaradılmışdı. Əlimərdan bəy Topçubaşov dumaya Qafqaz regionundan deputat seçilmişdi. Dövlət Dumasında müxtəlif fraksiyalar var idi. Məhz Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə “Müsəlman fraksiyası” yaradılmışdı. Bu fraksiyada yalnız Qafqaz müsəlmanları deyil, Rusiya ərazisində yaşayan bütün müsəlmanlar təmsil olunurdu.
Fuad Babayev: Və bu missiyanı həyata keçirən bizim həmyerlimiz, etnik azərbaycanlı Topçubaşov idi…
Afət Səfərova: Bəli, onun bütün ümumrusiya müsəlmanları arasında nüfuzu çox böyük idi. Müsəlman fraksiyasından sonra, “İttifaqi-əl-Müslimin” adlı partiya yaranmışdı. Üç qurultayı keçirilmişdi və Topçubaşov partiyanın lideri kimi yeganə namizəd olmuşdu. Topçubaşov “İttifaqi-əl-Müslimin” partiyasının həm nizmnaməsini, həm də proqramını yazmışdı. Çünkü bilirik ki, o həm hüquqşünas, həm də yaxşı jurnalist, publisist idi. Topçubaşovun beləliklə, ictimai fəaliyyəti ictimai-siyasi fəaliyyətə keçir.
Fuad Babayev: Növbəti dumalarda da o, namizəd kimi iştirak edir?
Afət Səfərova: Xeyr, iştirak etmir, daha doğrusu, edə bilmir. Birinci Dövlət Duması cəmi 72 gün fəaliyyət göstərmişdi. 72 gün sonra çar Dumanı qovdu. Buna etiraz olaraq birinci dumanın deputatları Vıborq şəhərində iclas keçirmiş və “Vıborq müraciətnaməsi”ni imzalamışdılar. Həmin sənədə imza atanlardan biri də Əlimərdan bəy idi və buna görə üç ay müddətində Sankt- Peterburqun məşhur Krestı həbsxanasına salınmışdı. Bu səbəbdən də o nə ikinci, üçüncü və dördüncü dumalara seçilmək imkanına malik deyildi.
Nadir Məmmədli: Amma qayıdıb, Bakı Dumasına üzv seçilmişdi.
Fuad Babayev: Nadir müəllim, əlbəttə, Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyəti daha əhəmiyyətlidir. Amma Afət xanımın dedikləri ilə bağlı bu mərhələyə qədərki dövrlə bağlı nə deyə bilərsiniz?
Nadir Məmmədli: Əvvəla, Topçubaşovların nəsil şəcərəsi ilə bağlı müxtəlif fikirlər var. Nəsil şəcərələri Xorasandan başlayır. Mən uzun müddət Tiflis arxivində, Moskva arxivlərində işləmişəm. Topçubaşovların nəsil şəcərəsi ilə bağlı oraya işləməyə göndərilmişəm. Onun üç babası olub – Hacıağa, Ələkbər, Ağahüseyn. Ağa Məhəmməd şah Qacar gəlib Şuşanı ala bilmədikdə, Tiflisi talayıb, geri qayıdır. Geri qayıdanda onun babalarının üçünü də özü ilə İrana aparıb.
Fuad Babayev: Üç babası deyiləndə, bir az təəccüblü səslənir.
Nadir Məmmədli: Nəsil şəcərəsi baxımından deyirəm, ulu babaları idi bu üç qardaş. Üç qardaşı şah Qacar İrana aparıb. Həmin ərəfədə Gəncə xanı Cavad xan şaha məktubla müraciət edərək, xahiş edir ki, onları qaytarsın. Cavad xan da Qacarlardan idi axı. Doğrudan da onları qaytarırlar. Sonra onların qohumluq əlaqəsi olur və bu qohumluq əlaqəsindən 1790-cı ildə Mirzə Cəfər dünyaya gəlir. Hərçənd ki, bütün tarixi sənədlərin əksəriyyətində həmin tarix deyil, başqa tarix göstərilir.
Fuad Babayev: 1790-cı ildə anadan olubsa, bəs başqa tarixi sənədlər nəyi göstərir?
Nadir Məmmədli: Tarixi sənədlərdə altı il də arxanı göstərir. Halbuki mən Moskvada sənədləri qaldırmışam, doğum tarixi 1790-cı il göstərilir. Onun Peterburq universitetinə necə düşməsi barədə də müxtəlif fərziyyələr var. Ağababa Rzayevin Mirzə Kazım bəy haqqında “Dərbənddən başlanan əzablı yol” adlı məşhur bir əsəri var. O da orada yazır ki, Mirzə Cəfər Topçubaşov gürcü çarının oğlu Baqrationi ilə birlikdə və İran səfirliyinin nümayəndəsi ilə Sankt Peterburqa gəlib. Çarın oğlu o vaxt tanınmış bir adam idi, çünkü gürcü, italyan, Azərbaycan, türk dillərində məşhur bir lüğət yazmışdı və tanınırdı. Onlar Sankt-Peterburqa gəlirlər və M.C.Topçubaşov burada qalır, işləyir. Rusiya Xarici İşlər Nazirliyinin Asiya departamentinə tərcüməçi təyin edilir. 1819-cu ildə Mirzə Cəfər Sankt-Peterburq Baş Pedaqoji İnstituta müəllim dəvət olunur. Uzun müddət orada qalır, işləyir. İndi mən bütün səhvlərə baxıram, yazılanlara baxıram, Topçubaşovun babası haqqında bir mif yaradıblar ki… Hətta yazırlar ki, guya “Dədə Qorqud”u tərcümə edib. Guya bir neçə kitab müəllifidir. Dərs deməyinə, deyib. Ancaq heç bir kitab müəllifi deyil. Sadəcə sırf bir neçə şeir tərcümə edib, tərcümə kitabının müəllifidir. Xoşməramlı, estetik zövqlə bir xeyli şeir yazıb. Hətta Belinski jurnalda onun haqqında ayrıca bir məqalə ilə çıxış edib. Onun yaxşı, istedadlı bir şair olması haqqında məlumat verir. Ancaq “Dədə “Qorqud”u tərcümə etməsi absurddur və mümkün olan şey deyil. Çünkü hələ 1812-ci ildə alman alimi Dits bu dastan haqqında yazmışdı. 1896-cı ildə Bartov rus dilinə tərcümə etmişdi. Bizdə Azərbaycanda ümumiyyətlə bundan xəbər-ətər yox idi. Yalnız 1925-ci ildə Azərbaycanda tərcümə olunub. Yəni onun “Dədə Qorqud”u tərcümə etməsi düzgün fakt deyil.
Fuad Babayev: Söhbət Əlimərdan bəy Topçubaşovun babasından gedir…
Nadir Məmmədli: Bəli. Məncə, bu da maraqlı faktdır ki, Mirzə Cəfər Topçubaşovu ermənilər öz paylarına çıxırdılar. Hətta Azərbaycan Milli Elmlər Akademiyasının bir vaxt tanınmış bir şərqşünası olub, Bazian. Bir müddət burada işləyib. Sonra gedib SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işləyib. Məsələn, bütün mənbələrdə o, Mirzə Cəfər Topçubaşovu Artur Ter-Zaxarov adlandırıb. Artur Ter-Zaxarov haqqında yazarkən yalnız bir yerdə mötərizədə yazıb ki, Mirzə Cəfər Topçubaşov. Biz o vaxt bunun izinə düşdük. Moskvada arxiv sənədlərini araşdırdıq. Hətta məlum oldu ki, başqa bir Mirzə Cəfər də var, amma onun Mirzə Cəfər Topçubaşovla bağlılığı yoxdur. Biri Mirzə Cəfər Rzayevdir, o birisi Mirzə Cəfər Topçubaşovdur. Saxtalaşdırma ona gətirib çıxardı ki, “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi”, “Azərbaycan Sovet Ensklopediyası”, Feyzulla Qasımzadənin “Abbasqulu Ağa Bakıxanov” monoqrafiyası və nəhayət Heydər Hüseynovun “XIX əsr Azərbaycan fəlsəfi fikir tarixi” adlı məşhur əsərində də Mirzə Cəfər Topçubaşov həmin Mirzə Cəfər Rzayevlə səhv salınıb. Hətta göstərilib ki, Mirzə Cəfər Topçubaşov guya fars dilinin qrammatikası adlı bir kitab yazıb. Heydər Hüseynov bir az da qabağa gedib, köməkçisini göndərib Moskvaya, kitabxanadan onun şəklini götürüb. Yüz il ərzində bu məsələ necə qapalı qala bilər? Ağamusa Axundov cəsarətlə məni Moskvaya göndərdi, bütün sənədləri gətirdik, Ağababa Rzayev, Teyyub Ələsgərov və bu işlə kim məşğul olmuşdusa, apardıq verdik, onlara. Ağababa Rzayev baxan kimi mənə dedi ki, biz bu məsələni keçən əsrin 60-cı illərindən bilirdik. Ancaq heç kim açıb-ağarda bilməzdi ki, burada məlumatlar səhvdir. Sonrakı tarixi isə bilirsiniz, Topçubaşovlar Çar İraklinin sarayında topçuluq vəzifəsini yaxşı biliblər deyə, topçulara rəhbərlik edirdilər.
Afət Səfərova: Belə bir versiya var ki, soyadları oradan götürülüb. Yəni topçunun başı.
Nadir Məmmədli: Yəni Topçubaşov deyil, Topçubaşi. Fransadakı qəbrində, sinə daşının üstündə, iki oğlu, həyat yoldaşı hamısı orda basdırılıb, yazılıb, Topçubaşi. Yəni Topçubaşov yox, məhz Topçubaşi.
Fuad Babayev: Topçubaşovlar haqqında Siz dediyiniz o saxtalaşdırmada bizim Əlimərdan bəy Topçubaşovun irsini, tariximizdə rolunu, publisistikamızdakı rolunu başa düşməyimizi əngəlləyən məqamlar varmı?
Nadir Məmmədli: Var, əlbəttə var.
Fuad Babayev: Nədir onlar? Söhbət axı onun babasından gedir.
Nadir Məmmədli: Söhbət onun babasından gedir. Vaxtilə babasının işlədiyi univertsitetdə o gəlir, təhsil alır. Afət xanım düz dedi. Ancaq o hüquq fakültəsini oxumayıb. Tarix-filologiya fakültəsini oxuyub. Sonradan öz şəxsi istəyi ilə keçib hüquq fakültəsinə. Əvəzində ona verilən təqaüd kəsilib. Hətta buna da razı olub. Orada hüquq fakültəsini bitirib. Namizədlik dissertasiyasını müdafiə edib. Orada qalıb, işləmək üçün xristianlığı qəbul etməli idi, qəbul etməyib. Mirzə Cəfər Topçubaşov da qəbul etməyib və Bakıya qayıdıb. Bayaq Afət xanım dedi, Duma ilə əlaqəsi kəsiləndən sonra o, Bakı Dumasına deputat seçilib. Və burada fəaliyyətini genişləndirməyə başlayıb.
Fuad Babayev: Lakin artıq Bakı şəhərində, regional müstəvidə.
Nadir Məmmədli: Bəli. Qeyd olunan səbəblərdən artıq Dövlət Dumasına seçilməyi mümkün deyildi və artıq burada fəaliyyət göstərir. Elə həmin ərəfədə də siyasi fəaliyyətə başlayır. Müstəqilllik dövründə, Azərbaycanın müstəqilliyinin dünya birliyi tərəfindən tanınmasında onun xidmətləri misilsizdir. Türkiyəyə, Paris konfransına yollanan Azərbaycan nümayəndə heyətinin rəhbəri idi. On beş nəfərlik heyətlə Fransaya getmişdi. Fransada təsəvvür edin, bu ölkənin dövlət rəhbəri ilə görüşü olur. Doğrudur, bu görüş rəsmi deyildi. Böyük dövlətlər Azərbaycana kiçik, xırda bir dövlət kimi baxırdılar və onlar üçün heç bir maraq kəsb etmirdi. Çünkü onlar hesab edirdilər ki, Rusiyanın ağqvardiyaçılara məğlub olması qaçılmazdır. Bu məğlubiyyətdən sonra Azərbaycan onlar üçün maraq kəsb edə bilməzdi. Ancaq əksinə oldu. Bolşeviklər ağqvardiyaçıları məğlub etdilər. Beləcə sülh konfransı Azərbaycanın müstəqilliyini tanımağa məcbur oldu. Fransada Toçubaşovun səhhəti ilə bağlı çətinlikləri olmasına rəğmən, Lozannada, Londonda keçirilən irimiqyaslı konfranslarda iştirak edir. Çalışırdı ki, dünya dövlətlərinə Azərbaycanı tanıtsın, onların maddi və mənəvi dəstəyini alsın, Azərbaycan ayağa qalxsın. Amma təəssüf ki, 1920-ci ilin aprel ayında artıq bolşevik qoşunları Azərbaycanı işğal etdilər.
Fuad Babayev: Afət xanım, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Əlimərdan bəy Topçubaşovun fəaliyyəti haqqında nə demək olar?
Afət Səfərova: Mən onu deyə bilərəm ki, 11 yanvar 1920-ci ildən sonra yəni Paris sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasından sonra Azərbaycan nümayəndə heyəti başqa mühüm məsələlərin həllinə nail olmalı idi. Bu məsələlərin arasında ən böyük problem Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyü məsələsi idi. Yəni hansı ərazilər Azərbaycanın, Gürcüstanın və Ermənistanın tərkibində olmalı idi. Mən bir söz qeyd edim ki, 11 yanvar 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə paralel Gürcüstan Respublikası da de-fakto tanındı. Amma hələ Ermənistanı tanımamışdılar. Nəyə görə? Çünkü mövcud Ermənistana Rusiya Ermənistanı deyilirdi, yəni Rusiya imperiyasının tərkibində olan Ermənistan. Onlar Türkiyə məsələsini gözləyirdilər. Daha doğrusu, Türkiyə məsələsinin axırını gözləyirdilər. Osmanlı imperiyası bilirsiniz ki, dağılmışdı və dağılandan sonra bütün bu Antantanın tərkibində olan dövlətlərin hamısı Osmanlı imperiyasından nəsə qazanmaq istəyirdilər. O cümlədən də Ermənistan Şərqi Anadoludakı vilayətləri özünə birləşdirmək istəyirdi. Ona görə də qeyd olunan tarixdə yalnız Azərbaycanla, Gürcüstanı de-fakto tanıdılar. Azərbaycan nümayəndəliyi ərazi məsələsini kəskin qoymuşdu və tərtib olunan xəritədə Azərbaycan Xalq Cümhuriyyəti 114 min kvadrat kilometrdən artıq ərazini əhatə edirdi. Onu hamı təsdiq etmişdi. 1920-ci ildə bir təqvim çıxmışdı və orada Azərbaycanın bütün ərazisi, coğrafi, demoqrafik vəziyyəti əks olunmuşdu. Demək istəyirəm ki, Əlimərdan bəy Topçubaşov 1920-ci ilin yanvarından sonra da fəaliyyətini bax bu istiqamətdə görürdü. Amma təəssüf ki, Əlimərdan bəy Topçubaşovun Azərbaycanda nümayəndə heyətinin başçısı kimi iştirak etdiyi son tədbir San-Remo konfransı olmuşdu. San-Remo konfransı 24, 25 və 26 aprel 1920-ci ildə keçirilmişdi. Orada ərazi problemlərinə və Batum məsələsinə baxılırdı. Batum o vaxt Azərbaycan üçün çox böyük strateji rol oynayırdı. Çünkü o vaxt üçün yeganə neft kəməri xətti idi, Bakı nefti bu marşrutla ixrac olunurdu. Ona görə də Topçubaşovun fəaliyyəti çox zəngin idi. Lakin aprel hadisələrindən sonra Azərbaycan Xalq Cümhuriyətinin vətəndaşları bir anda vətəndaşlığını itirdilər. Elə həmin tarixdən Topçubaşov dövlət xadimindən siyasi mühacirə çevrildi.
Fuad Babayev: Və faktiki olaraq vətəndaşlığı olmayan bir adam oldu.
Afət Səfərova: Amma vətəndaşlığını itirmiş bu adam orada mübarizəsini dayandırmadı. Mübarizəsini davam etdirdi. Bir məsələ də var. 28 aprel çevrilişindən sonra Azərbaycan nümayəndəliyi ilə dövlət arasında informasiya mübadiləsi itdi. Çünkü dövlət yox idi və heç bir məlumat almaq mümkün deyildi. Topçubaşov Bakıda çevriliş olması məlumatını yalnız mayın 3-də aldı.
Gündüz Nəsibov: Amma onda teleqraf aparatı var idi.
Afaq Səfərova: Teleqraf aparatı işləmirdi. Yalnız Gürcüstan dövləti, Gürcüstan nümayəndəliyi xəbər verib ki, Bakıda belə bir çevriliş olub və ondan sonra Topçubaşov öz komandası ilə yeni mübarizəyə başlayır. Yəni mühacirət dövrü mübarizəsinə başlayır. Birinci onun addımı Fransa prezidentinə müraciət oldu. Topçubaşov o məktubda qeyd etdi ki, Bakıda çevriliş olub, bolşevik qüvvələri Azərbaycan Xalq Cümhuriyyətini zor tətbiq edərək deviriblər. Hətta Gəncə üsyanı zamanı da Topçubaşov Gürcüstan nümayəndəliyinə öz etirazını bildirmişdi ki, Gürcüstan hökuməti heç olmasa Gəncə üsyançılarına dəstək verməli, kömək etməli idi.
Nadir Məmmədli: Bir az sadəlövh yanaşırdı hər şeyə.
Afət Səfərova: Hər halda belə bir narazıçılıq olmuşdu. Onu deyə bilərəm ki, bu məktub cavabsız qaldı. Bu məsələdən sonra da başqa yerlərə müraciət etmişdi. Belə bir material da əldə etmişdim ki, Genuyada konfrans keçiriləndə orada Topçubaşovla Nərimanovun görüşü olub. Nərimanov Genuya konfransında Çiçerinin rəhbərlik etdiyi bolşevik Rusiyası nümayəndə heyətinin üzvü idi. Həmin Genuya konfransında Azərbaycan neftinin konsessiya məsələsinə baxılırdı. Genuya konfransına Topçubaşov ünvanladığı etiraz notasında bildirmişdi ki, necə ola bilər ki, Azərbaycan neftinin konsessiyasına Rusiya baxır və Çiçerin də gəlib burada Azərbaycan nefti ilə bağlı danışır. Halbuki onun heç bir ixtiyarı yoxdur. Noyabr ayında Millətlər Cəmiyyətinin iclası keçirilmişdi və ora da öz narazılıqları ilə bağlı müraciətini göndərmişdi. Topçubaşov Avropada gedən bütün iqtisadi konfranslara müraciət etmişdi. Amma çox təəssüf ki, heç bir cavab yox idi. Artıq görünürdü ki, Bolşevik Rusiyası ilə Avropa dövlətləri münasibət qurmağa başlayıb.
Fuad Babayev: Yəni bolşevik Rusiyası real güc kimi qəbul olunmuşdu.
Afət Səfərova: Artıq qəbul olunmuşdu. Türkiyədə Kamalçı hərəkatı başlamışdı, yəni Sevr müqaviləsinə etiraz edən Mustafa Kamal Paşa müharibəyə başlamışdı. Əvvəlcə Yunan-Türkiyə müharibəsi olmuşdu. Sonra şərqdə türk-erməni savaşı olmuşdu və Kamal Paşa uğur qazanmışdı. Bundan istifadə edən bolşevik Rusiyası dərhal Ermənistanda da Sovet respublikası yaradıldığını elan edir. Gürcüstanda isə Sovet Respublikası fevral ayında, 1921-ci ildə elan olunmuşdu. Yəni 1921-ci ildən sonra hamı başa düşdü ki, Cənubi Qafqaz artıq bolşevik Rusiyasının nüfuz dairəsinə daxil oldu. Hətta bu hadisədən sonra da Topçubaşov öz mübarizəsini dayandırmır.
Fuad Babayev: Afət xanım, 1934-cü ildə Topçubaşov bir müddət xəstə yatır və ömrünün son illərini maddi sıxıntı içərisində keçirir, dünyasını dəyişir və Parisdə Sen-Klu qəbirstanlığında dəfn olunur. Belə demək olarmı ki, faktiki olaraq unudulur? Çünkü sovet tarixi elmi böyük ehtimalla onunla məşğul olmazdı və onun tutaq ki, başqa bir ölkənin tarixçilərinin diqqətini cəlb edəcək bir fiqur olması da şübhə altındadır. Onunla Azərbaycan tarixi maraqlanmalı idi. Topçubaşovun yenidən araşdırılması prosesi yəqin ki, müstəqilliyimizin ilk illərində başladı?
Afət Səfərova: Bəli. Mən sizə deyim ki, sovet dövründə arxivlərə çox az ailmin girişi var idi. Onların da əksəriyyəti rus alimləri idi. Onlar isə Azərbaycan Xalq Cümhuriyyətindən deyil, öz təbirlərincə desək, “satqın Müsavat hökuməti”ndən yazırdılar.
Nadir Məmmədli: Topçubaşov siyasi fəaliyyətini dayandırdıqdan sonra başqa işlərlə məşğul olur. Ədalət Tahirzadənin də kitabı var, Azərbaycandan xaricə tələbə göndərilib. 27 nəfər Fransada qalır, qalan hissəsi Almaniyada, İtaliyada və s. O maddi imkanından, qazancından onlara da verir. Hətta Azərbaycan mühacirləri də dolana bilmədikdə, bir problemləri olan zaman ona üz tuturdular. Hətta Ceyhun Hacıbəylinin ona məktubları var. Ondan borc pul, ianə, kömək istəyir.
Fuad Babayev: Amma Topçubaşovun özünün də maddi qaynağı yox idi axı.
Nadir Məmmədli: Özü kasıb vəziyyətdə idi, xəstə idi və məktubların birində də C.Hacıbəyliyə yazır ki, nə dövlətin büdcəsi, (dövlət dedikdə mühacirlərin siyasi şurasını nəzərdə tuturdu – N.M.) nə də mənim gücüm çatır. Ona konkret belə cavab verir. Ancaq kənardan adamlar həmişə onu qınayırdılar ki, gedəndə dövlətin pullarını götürüb, aparıb, özü üçün xərcləyib. Şəxsən mən özüm də uzun müddət belə fikirləşmişəm.
Afət Səfərova: Bəli, günahlandırırdılar.
Nadir Məmmədli: Ancaq sonra məlum olur ki, o, varını, yoxunu, həmin tələbələr ki, gəlmişdilər, onlara xərcləyib, özünə baxa bilmirdi artıq.
Afət Səfərova: Üstəlik dövlətin ayırdığı pulları da iş prosesində sərf edirdilər. Onlar xəritə, broşurlar hazırlamışdılar – Qafqaz və Azərbaycan haqqında
Nadir Məmmədli: Nəriman Nərimanov uzun müddət onlara kömək edib. Ancaq Moskvaya vəzifəyə gedəndən sonra əli kəsilib, artıq onlara kömək edə bilməyib.
Afət Səfərova: Bir iş də var ki, Paris sülh konfransında iş gedərkən iki nəfər amerikalı iş adamı ilə Topçubaşov müqavilə bağlayır. Onlar ABŞ-da Azərbaycanı təbliğ etməli idilər. Yəni ona da vəsait ayrılırdı. Elə belə onu heç kim etməzdi.
Fuad Babayev: Belə deyə bilərikmi ki, soyqırımları təhlil edən, tədqiq edən təhqiqat komisiyasının fotoları və materiallarının Parisə aparılması da Topçubaşovun sayəsində baş tutub?
Afət Səfərova: Bəli. Solmaz xanım Tohidinin tədqiq etdiyi materialları Fransaya məhz Topçubaşov aparmışdı.
Natiq Məmmədli: Düzdür. Bilirsiniz o özü hansı şəraitdə, hansı mühitdə yaşayıb, hansı çarpayıda yatıb?
Fuad Babayev: Parisdə?
Natiq Məmmədli: Parisdən artıq uzaqlaşmışdı. Artıq onun gücü çatmırdı Parisdə ev tutsun.
Afət Səfərova: Yeni gələndə onlar mehmanxanada qalırdılar. Sonra maddi cəhətdən problem olandan sonra yavaş-yavaş gəlib, Parisin kənarlarına çıxmışdılar və ona görə də son günlərini o, ağır şəraitdə yaşamışdı.
Nadir Məmmədli: Topçubaşov Sen-Klu qəbiristanlığında dəfn olunub, dünyanın ən bahalı qəbiristanlıqlarından biridir. Torpağın bir kvadrat metri on min yevrodur.
Fuad Babayev: Mütəmadi olaraq bir neçə on illikdən bir də pul ödənilməlidir.
Natiq Məmmədli: Əgər pul ödəməsən qəbri götürəcəklər. Bu qəbiristanlıqda dəfn olunmağın siyasi əhəmiyyəti var. O vaxt Parisdə olan türk mühacirləri ianə toplayaraq Topçubaşovun qəbrini saxlayırdılar. İş burasındadır ki, icarə haqqı ödənilmədikdə də onun qəbrini saxlayırdılar. Çünki bunun siyasi mahiyyəti vardı. 1993-cü ildə Heydər Əliyev Topçubaşovun məzarını ziyarət etdikdən sonra vəziyyət dəyişdi. Ora elə-belə adamlar basdırılmayıb. Təsəvvür edə bilməzsiniz ki, orada kimlər dəfn edilib? Orada dünyanın ən məşhur bəstəkarları, siyasi xadimləri, yazıçıları dəfn edilib. Bura adi qəbiristanlıq deyil. Sen-Klunun bahalı olmasının səbəbi odur ki, bura hər gün yuyulub-təmizlənir, qəbirlər gül-çiçəklə bəzənir. Bura o qədər abaddır, o qədər baxımlıdır ki. Buranı parka çeviriblər. Bu qəbiristanlıq sanki bir memarlıq abidəsidir. Topçubaşovun qəbirüstü abidəsi də olduqca möhtəşəmdir. Qəbirüstü abidəni heykəltəraş Akif Əsgərov hazırlayıb. Əlimərdan bəyin məzarı baxımlı vəziyyətdədir. Orada yaşayan azərbaycanlılar, xüsusən də Cənubi Azərbaycandan olan soydaşlarımız onun məzarını tez-tez ziyarət edirlər. Qəbiristanlığın önündə böyük gül mağazası var, onlarla müqavilə imzalayıb pulu ödənildikdən sonra onlar hər gün məzarların üstünə gül qoyurlar. Əlimərdan bəy Topçubaşovun məzarının orada saxlanması siyasi əhəmiyyət daşıyır. Onun məzarı burada Azərbaycanın bir simvoludur. Köhnə məzar daşı isə bu dəqiqə Ədəbiyyat muzeyindədir.
Hazırladı: Gündüz Nəsibov, Aydan Abaslı
1905.az
material ilk dəfə 26 iyul 2018-ci ildə dərc olunmuşdur.