Diasporumuzun fəaliyyətinin mediada inikası mövzusunu Diasporla iş üzrə Dövlət Komitəsinin analitik-informasiya şöbəsinin müdiri Elşad Miraləm, Diaspor Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə, Karabakhinfo.com beynəlxalq elektron jurnalından Zaur Əliyev, BayMedia.az saytının redaktoru Elnur Eltürk və həmin saytın əməkdaşı Əli Zülfüqaroğlu, “Binəqədi” qəzetinin təmsilçisi Siyavuş Əmirli, Vətənpərvər Gənclər Klubunun nümayəndəsi Vüqar Nuriyev və Diaspor Jurnalistlər Birliyinin Ukraynadakı təmsilçisi Qaraş Tağıyev ilə müzakirə etdik.
Fuad Babayev: Xoş gəlmisiniz, əziz dostlar!
Bu gün “Disskussiya klubu”da Azərbaycan diasporunun fəaliyyətinin mediada inikasından danışacağıq. Mövcud problemlər və həlli yolları ilə bağlı məsələləri müzakirə edəcəyik.
Necə düşünürsünüz, diasporun fəaliyyəti mediamızda kifayət qədər işıqlandırılır?
Fuad Hüseynzadə: Ümumiyyətlə, diaspor fəaliyyətinin güclənməsində medianın rolu danılmazdır. Diaspor mətbuatının formalaşması tarixinə nəzər salsaq görərik ki, bu proses ötən əsrin təxminən 20-ci illərinə gedib çıxır. Bu mətbuatın tarixi 1923-cü ildə “Yeni Qafqaziye” jurnalı ilə başlayıb. Sonralar “Azəri-tük”, “Odlar yurdu” və digər adlar altında fəaliyyətini davam etdirib. Əvvəllər bu mətbu orqanların mövzusu milli azadlıq uğrunda mübarizə idisə, 90-cı illərdən sonra müstəqil Azərbaycanın yaranması ilə diasporda da mövzu dəyişdi. Müasir dövrdə diaspora mətbuatının əsas mövzusu Azərbayan həqiqətlərinin dünyada tanıdılması və ölkənin təbliğdir. Rəsmi statistikaya görə bizim diasporun 51 saytı, 8 qəzeti, 6 jurnalı, 7 radiosu və 2 televiziyası fəaliyyət göstərir. Bu yaxınlarda isə Ukraynada ilk internet televiziyası “Diaspora TV” fəaliyyətə başladı.
Yerli mətbuat diasporun fəaliyyətini işıqlandırmağa maraqlıdır. Biz Diaspora Jurnalistlər Birliyi nümayəndələri təbliğ mövzularımızın mediada işıqlandırılmasına çox maraqlıyıq. Ümumiyyətlə, diaspor özü mediadan silah kimi istifadə etməli, yararlanmalıdır.
Fuad Babayev: Azərbaycan mediasından?
Fuad Hüseynzadə: Yox, xarici mediadan. Məncə, diasporun bir fəaliyyət istiqaməti də mediayla düzgün işləmək olmalıdır.
Elşad Miraləm: Təşkilatçılara, o cümlədən 1905.az saytına, Diaspor Jurnalistlər Birliyinə, həm də belə bir mövzunu müzakirəyə çıxardığınıza görə üçün təşəkkür edirəm. Çox həssas və eyni zamanda çox aktual mövzudur. Biz fəaliyyət istiqamətini 2 kateqoriyaya bölə bilərik:
1) Azərbaycan diasporunun xarici ölkələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə apardığı iş
2) Diasporun Azərbaycan mətbuatı ilə qurduğu əlaqələr
Biz Azərbaycan diasporunun xarici ölkələrdəki kütləvi informasiya vasitələri ilə əlaqələrini dəyərləndirmək istəyiriksə, ilk növbədə diqqət etməli olduğumuz məsələ bu sahədə olan təcrübəmizdir. Azərbaycan diasporunun formalaşma tarixi yenidir. Xaricdə diasporumuzun əsas hissəsini təşkil edən azərbaycanlılar müstəqillik dövründən sonra xaricə köçən insanlardır. Başqa ölkəyə köçən azərbaycanlı zamanla müəyyən əlaqələr qurmalı, cəmiyyətə uyğunlaşmalı, ictimaiyyət tərəfindən tanınmalı və etimad qazanmalıdır. O etimadı qazanmadan hər hansı kütləvi informasiya vasitəsinə təsir etmək mümkün deyil. Ona görə bu sahədə təbii ki, çətinliklər var. Bu da ilk növbədə obyektiv amillərlə bağlıdır. Bu obyektiv amillərdən birincisi təcrübə, ikincisi həmin ölkələrin ö maraqlarının bəzən belə təşəbbüslərə maneə yaratması, üçüncüsü bu işə kifayət qədər böyük maliyyə resurslarının lazım olmasıdır. Önəmli olan hansı ölkədə yaşamasından asılı olmayaraq Azərbaycanın milli maraqlarına münasibətdə baxışların üst-üstə düşməsidir. Bu gün hər birimizi birləşdirən ümumi ideya-azərbaycançılıq ideyası var. Ümumiyyətlə, özünü vətənpərvər hiss edən hər bir həmvətənimiz həqiqətlərimizi ictimaiyyətə çatdırmaqda maraqlı olmadır. Əlbəttə ki, bu proses bütün dünyada eyni formada təzahür etmir. Çünki hər bir ölkənin reallıqları, öz siyası mühiti var. Və bütün bu faktorlar diasporun fəaliyyətinə təsir göstərir. Burada qeyd etdiyimiz kimi, bəzi ölkələrinin geosiyası maraqları amilini də nəzərə almaq lazımdır.
Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki KİV ilə əlaqələrə xüsusi diqqət yetirir. Son illərdə bu sahəyə diqqət isə xüsusən artıb. Təkcə onu qeyd edim ki, ötən 2013-cü il ərzində Amerika Birləşmiş Ştatlarında Azərbaycan haqqında yalnız bir təşkilat tərəfindən dərc edilən məqalələrin sayı yüzdən çox olub.
Azərbaycan mətbuatı ilə əlaqələrə gələndə mətbuatımız diasporun fəaliyyətinə həmişə həssas yanaşıb. Biz yerli mətbuatdan dəstəyi hər zaman hiss etmişik. Və tasadüfi deyil ki, bu gün əksər kütləvi informasiya vasitələrimizin sırf diaspor fəaliyyətindən yazan jurnalistləri var. Təbii ki, burada müəyyən problemlər də var. Bəzən ölkədə baş verən hər hansı proseslə bağlı hadisəni mətbuata tam açıq şəkildə ötürə bilmirik. Bu, bizdən asılı olmayan səbəblərdən qaynaqlanır. Əksər vaxtda qarşı tərəf bunu anlayışla qarşılasa da bəzən proses informasiyanı verməmək cəhdi kimi dəyərləndirilir.
Çox həssas məqamlardan biri də informasiyanı düzgün çatdırılmasıdır. Məsələn, son ayların müşahidəsi onu göstərir ki, kütləvi informasiya vasitələri daha çox kriminal xarakterli xəbərlərin yayılmasına meyl edir. Biz, başa düşürük ki, bunun əsas səbəblərindən biri oxucu kütləsi cəlb etməkdir. Amma inanın, belə xəbərlər sonra bizim əleyhimizə işləyir. Ermənilərin Azərbaycanla bağlı bütün mənfi xəbərləri işıqlandıran bir neçə saytı var və onların əsas informasiya mənbələrindən biri də Azərbaycandakı bəzi kütləvi informasiya vasitələridir.. Ona görə də biz jurnalistlərimizin bu cür mövzularda çox diqqətli olmasının tərafdarıyıq.
Fuad Hüseynzadə: Qaraş müəllim, diasporumuzun Ukraynadakı fəaliyyətindən danışardınız. Media əlaqələrimiz hansı səviyyədə təşkil edilib?
Qaraş Tağıyev: Bilirsiniz ki, millətin, dövlətin beynəlxalq aləmdə tanınması üçün bir neçə amil mövcuddur. Bu amillərdən biri dövlətin liderininə xas olan xüsusiyyətlə, ikincisi xalqın ziyalılarının, incəsənət xadimlərinin xarici dövlətdə ölkəsinin təbliği ilə bağlıdır.
Azərbaycanın keçdiyi uğurlu inkişaf tarixi həm yerli, həm də xarici mətbuatda kifayət qədər uğurlu formada işıqlandırırlır. Bu sahədə görülən işlər göz qabağındadır. Bunu Azərbaycandan kənarda yaşayan insanlar daha yaxşı hiss edirlər. Azərbaycan Dövlət Diaspor Komitəsinin xarici ölkələrdə diaspora təşkilatıları ilə olan sıx əlaqələrinin müsbət nəticələri çoxdur. Elə bir il öncə sentyabr ayında Birləşmiş Ukrayna Azərbaycanlıları Diaspor Təşkilatının yaranma dövründə biz gün ərzində bir neçə dəfə Elşad müəlimlə təmasda olur və bir neçə dəfə müəyyən mövzular müzakirə edilir, suallara cavablar tapırdıq.
Təxminən bir həftə öncə biz mediamızın Ukrayna ictimayyətindəki rolunu nəzərə alaraq “News Planeta” adlı analitik informasiya saytının açılışına nail olduq. Bu bizim yaratdığımız portaldır. Məqsəd Azərbaycanda baş verən hadisələrin həm Ukrayna mediasında, həm də beynəlxalq informasiyaların yer aldığı portalda yayımlanmasıdır.
Əli Zülfüqaroğlu: Diasporun fəaliyyətinin işıqlandırılmasında medianın rolu mütləqdir. Etimadsızlıq mühitini yaradan amillərinin qarşısını almaq lazımdır.
Fuad Babayev: Xarici ölkədəki diasporun aparıcı media ilə əlaqəsi hansı formada qurulmalıdır? Biz təkcə Novruz bayramları tədbirlərini yox, həm də məruz qaldığımız soyqırım kimi həqiqətləri işıqlandırmaq üçün nə etməliyik?
Əli Zülfuqaroğlu: Bütün dünyanın tanıdığı aktyorlar və ya futbolçular, mədəniyyət nümayəndələri var. Onlar vasitəsi ilə mediaya çıxmaq olar. Tədbirlərə həm də onları dəvət etmək lazımdır. Siz bayaq tanınmış media dediniz.
Məncə medianın tanınması o qədər də önəmli deyil. Məsələn, Avropanın bir regional qəzeti ən azı 150 min tirajla nəşr edilir. Biz 100 azərbaycanlının olduğu tədbirə gedirik. Ən yaxşı halda ora türklər gəlir. O tədbirə sərf edilən maliyyəni xarici mediaya yatırsaq daha çox şey əldə edərik. Min tirajla çıxan qəzetdə informasiya yayımlamaq 1000 azərbaycanlının iştirak etdiyi tədbiri təşkil etməkdən daha asan və effektivdir.
Elnur Eltürk: Diaspor təşkilatlarımızın media ilə, beyin mərkəzləri ilə əlaqələri çox zəifdir. Məsələn, hamının tanıdığı Beynəlxalq Jurnalistlər İttifaqının eyni zamanda Hollandiya Jurnalistlər İttifaqının üzvü Vüqar Abbasov Hollandiya mətbuatı ilə işləmək imkanları çox genişdir. Ancaq təəssüflər olsun ki, bu cür potensiallı insan qalıb kənarda. Ümumiyyətlə, bayram ərəfələrində keçirilən təbirlər çərçivəsindən kənara çıxmalıyıq. Biz bu yaxınlarda Almaniyaya, Köln şəhərinə getmişdik. Tədbirdə 200 nəfər iştirak edirdi. İnanın, yerli camaata o tədbir maraqlı deyildi. Amma biz eyni informasiyanı qəzetlərə, saytlara versək daha çox qazanmış olardıq. Açıq danışmaq lazımdır. Hər şeyi başında maliyyə dayanır.
Fuad Babayev: Yəni tədbirlərdən imtina etməli və eyni bir informasiyanı hər hansı kütləvi informasiya vasitəsində nəşr etməyə daha çox üstünlük verməliyik?
Elnur Eltürk: Bəli. Tədbirlərə bu qədər pul ayırmaq effekt vermir.
Zaur Əliyev: Məncə biz yerli mediadan başlamalıyıq. Bizim yerli mediada diaspordan yazan jurnalistlərin sayı çox azdır. Cəmi 5-6 nəfər. Diaspor Komitəsinin çox gözəl saytları və kitabları var. Mən bunu alqışlayıram. Bizim mediamızda diaporun fəaliyyəti tam işıqlandırılmır. Bu sahədə problemlər var. Cəmiyyətə maraqlı ola biləcək insanlar qalır bir kənarda başqa məsələlər işıqlandırırlır. Məsələn, məndə dünyanın bir çox nüfuzlu universitetində dərs deyən azərbaycanlı müəllimlərin siyahısı var.
Elşad Miraləm: Bu yaxınlarda bununla bağlı bir siyahı hazırladıq. Dünyanın dən çox nüfuzlu universitetində dərs deyən yüzlərlə azərbaycanlı var.
Zaur Əliyev: Bizdə informasiya xarici mediaya düzgün çatdırılmır. Məncə ən böyük problemlərimizdən biri də budur.
Elşad Miraləm: Zaur müəllim çox gözəl məqama toxundu. İnformasiyanı düzgün seçmək çox həssas və vacib məsələdir. Diasporun bu işə ömrünü sərf edən onlarla nümayəndəsi var. Mən sizə ən azı 10 nəfərin adı çəkə bilərəm ki mətbuatın diqqətindən kənarda qalıb. Bəzən kütləvi informasiya vasitələrində, eləcə də bizim iştirakımız olmadan keçirilən müxtəlif tədbirlərdə Azərbaycan diasporunun inkişafında xüsusi rolu olmayan insanlar ön planda olurlar. Və biz heç kimə deyə bilmirik ki, filankəsdən müsahibə alma, bundan al. Çünki bu jurnalistin seçimi ilə bağlı olan bir məsələdir. Ona görə də informasiya seçimində çox diqqətli olmalıyıq.
Zaur Əliyev: Mən çox istərdim, Diaspor Komitəsi də bəzi məqamlarda diqqətli olsun. Bilirsiniz ki, Azərbaycanda 100-ə yaxın saxta qəzet var. Məsələn, bu yaxınlarda mənə dedilər ki, bir nəfər gəlib Rusiyaya, adında Xocalı sözü olan bir qəzetin əməkdaşı kimi özünü təqdim edib, qapılara düşüb və qəzet adı ilə pul yığmağa başlayıb.
Elşad Miraləm: Biz mütəmadi olaraq real mövcud olan nəşrlərlə bağlı informasiyanı təqdim etmişik. Eləcə də bir çox hallarda diaspor təşkilatları bu cür müraciətlərlə bağlı bizə sorğu göndərirlər, məsləhətləşirlər.
Vüqar Nuriyev: Düşünürəm ki, Vətəni təbliğ tək diaspor nümayəndələrinin yox, hər birimizin borcu olmalıdır. Diaspor fəaliyyətinin media tərəfindən işıqlandırılması mövzusuna gələndə isə istərdim ki, biz bu məsələyə real baxaq. Məncə jurnalistlərin, yazarların maliyyəsi güclü olmalıdır. Onların sosial problemləri həll edilmədən hər hansı müsbət dəyişiklik gözləmək o qədər də real deyil. İş adamları bu məsələdə xüsusi diqqətli olmalıdırlar.
Siyavuş Əmirli: Belə gözəl mövzuya toxunduğunuz üçün mən də sizə öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, daxildə çatışmazlıqlar çoxdur. Bu gün sosial medianın inkişafı bizə erməni mətbuatını da izləməyə imkan yaradır. Gün ərzində ən azı 10-15 erməni saytına daxil oluram. Onların mətbuatını izləyirəm. Onların lobbiçiliyi çox güclüdür. Təkcə qondarma erməni soyqırımını təbliğ etmək üşün rəsmi statistikaya görə ötən il ermənilər 45 mindən artıq sayt yaradıblar. Bəs, görək bizim vətənpərvərlik mövzusunda fəaliyyət göstərən neçə saytımız var?
Biz daha çox öz gücümüzdən istifadə edirik. Ən yaxın Rusiya mətbuatına gedib çıxa bilmirik. Bir neçə ay bundan əvvəl bir rusiyalı jurnalistdən müsahibə alırdım. Mövzu Qarabağa gələndə dedim ki, Qarabağ haqqında nə bilirsiniz? Dedi ki, Qarabağ qədim erməni torpağıdır. Məcbur oldum rus və ingilis dilli mətbuatımızdan istifadə edib, linkləri göndərdim və dedim oxu, məlumatın olsun sonra müsahibəni davam etdirərik. O dedi ki, bir dəfə Krımda Qarabağ adında villa görüb. Baxın, problem budur. Biz düzgün təbliğat aparmırıq. Qarabağla, soyqırım həqiqətlərni işıqlandıran 1 və ya 2 sayt var. Ancaq rus və ingilis dilini bilən gənclərimiz sosial şəbəkələrdə ermənilərin cavabını verirlər. Ancaq bu mübarizə bu mərhələdə qalmalı deyil. Biz daha çox çalışmalıyıq. Xüsusən bir neçə dildə yaymllanan saytlara qarşı diqqətli olmalıyıq.
Elnur Eltürk: Təəssüf doğuran məqam odur ki, biz Avropa mətbuatına “Azərbaycanda insan haqqları pozulur”, “Aanunsuzluq baş alıb gedir” və s bu kimi xəbərlər ötürsək, heç bir gün keçmədən bu xəbərlər manşetlərdə yer alacaq. Ancaq biz onlara həqiqətlərimizlə bağlı informasiya ötürəndə heç bir reaksiya görə bilmirik.
Zaur Əliyev: Həqiqətlərimi başqa formada da mətbuatda işıqlandıra bilərik. Məsələn, turizmdən bir yazı dərc edəndə kontekstin içində işğal edilmiş rayonlarımızın da adını çəkmək olar.
Elnur Eltürk: Türkiyədə erməni qrupları çox güclüdür. Bu yaxınlarda türkcə bir yazı yazmışdım. “Aqos”da işləyən azərbaycanlı xanımla bağlı. O yazını yazdım və facebookda paylaşdım. Yazıya çoxlu şərhlər yazıldı. Və bir də gördüm ki, həmin yazılardan yazı hazırlanıb və manşetə verilib. Erməni mətbuatında. Və əlbəttə ki, məni yıxıb sürüyən yazılarla. Bəzi türk mətbuatları da məni qınayan yazılar dərc etdi. Sağ olsun “Milliyyət” qəzeti. Orada dostum çalışır. Onun vasitəsi ilə bizim mövqeyimizi müdafiə edən yazı dərc etdilər. Və bununla da məsələ həll edildi.
Zaur Əliyev: “Azeri-child” adlı sayt var. Ermənilər tərəfindən yaradılıb. O saytda azərbaycanlı obrazı vəhşi kimi təqdim edilir. Və uşaqlara bu cür tanıdılır. Mən 3 ildir mətbuata deyirəm ki, cavab verək. Səsimi eşidən yoxdur. Yəni mətbuatımız da laqeyddir belə məsələlərə. Mətbuat nümayəndələrinin bir-biri ilə əlaqələri güclü olmalıdır. Biz ancaq şəxsi əlaqələrin köməyi ilə hansısa problemlərin həllinə nail ola bilirik.
Mən çox istərdim ki, Diaspor Komitəsində heç olmasa ayda bir dəfə media üçün açıq qapı günü keçirilsin.
Elşad Miraləm: Bizim qapımız mətbuatın üzünə həmişə açıqdır və və mətbuat nümayəndələri daima bizə təkliflərlə müraciətlər edirlər. İndiyə kimi hər hansı əsas olmadan təklif edilən layihəyə yox dediyimizi xarırlamıram. Zaur müəlim təsdiq edə bilər. Biz onun 2 kitabının nəşrinə maddi dəstək vermişik. Müraciət olan təqdirdə ona cavab verilir. Bayaqdan burada təkliflər səslənir. Mən çox təəssüf edirəm ki, niyə bizim dostlarımız səsləndirdikləri təklifləri indiyə kimi bizə müraciət formasında ünvanlamayıblar. Dövlət Komitəsi maraqlı, cəlbedici, səmərəli layihələrə dəstək verməyə hazırdır.
Zaur Əliyev: Çox istərdim, biz birləşərək “diaspor xəbərləri” adlı portal yaradaq. Portalda Azərbaycan diasporunun fəaliyyətini işıqlandıraq. Diaapor Komitəsi də bizə bu işdə dəstək olsun. Belə portala xaricdəki azərbaycanlılar da maraqlı olacaq.
Qaraş Tağıyev: Əgər biz Azərbaycan mətbuatının məsələn, Ukrayna mətbu orqanları ilə sıx əlaqələrinin qurulmasını istəyiriksə hər hansı aparıcı Azərbaycan mətbu orqanının bir nümayəndəsini Ukraynaya ezam etməliyik. Məlumat bazasının formalaşması üçün. Rusiyanın 10-a yaxın elektron, Avropanın aparıcı 3-4, Gücrüstanın 2-3 portalının burada nümayəndəsi var. Digər sahələr kimi bu sahə də özünə diqqət tələb edir. Ona görə də həqiqətləri hansısa ölkədə təbliğ etmək üçün mütləq orada nümayəndəmiz olmalıdır.
Fuad Babayev: Gəlin, təkliflərə keçək. Mövcud əlaqələri genişləndirmək üçün daha hansı təklifləri irəli sürərdiniz?
Elnur Eltürk: Azərbaycanın xaricdə fəaliyyət göstərən bir çox təşkilatları var. Onlar tək halda tanınmır və güclü deyillər. Məncə onlar birləşməli və vahid ad altında fəaliyyət göstərməlidirlər. Sədr yox, funksioner fəaliyyəti genişlənsə insanlar arasında birlik də yaranar. Yəni məsələn Almaniyada bir, Hollandiyada bir təşkilatımız olsun. Parçalanmanın da qarşısı alınar belə olan halda.
Düşünürəm ki, təşkilatların sayı azalıb vahid bir təşkilat adı altında birləşsə əksər problemlərın qısa zamanda həllinə nail ola bilərik. Bundan əlavə koordinasiya mərkəzləri yaratmaq olar. Məsələn, bizim “Spiegel” qəzetində yazıları dərc edilən nümayəndəmiz var. Azər Babayev. Belə insanların savadından düzgün istifadə edə bilərik. Strasburqda Dilbadi Qasımov adlı Hüquq elmləri doktoru və orada müəllim işləyən ziyalımız var. Savadlı gənclərimiz, intelektual gənclərimiz çoxdur. Belə insanları kordinator kimi vəzifə versək işi bilməyən insanlar avtomatik sıradan çıxarlar.
Fuad Babayev: Elşad müəllim, Elnur müəllimin dediyi fikri reallaşdırmağa bizə nə mane olur?
Elşad Miraləm: Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrdə qeydiyyatdan keçmiş müstəqil qeyri-hökumət təşkilatlardır və bizim onların fəaliyyətinə müdaxilə etmə hüququmuz yoxdur. Hər bir daispor təşkilatı rəhbər orqanlarını özü seçir. Biz yalnız müəyyən tövsiyələr verə bilərik. Eyni zamanda, hansısa bir ölkədə çoxlu sayda Azərbaycan diaspor təşkilatının mövcud olması parçalanma kimi qəbul edilməməlidir. Bir ölkədə bir neçə Azərbaycan diaspor təşkilatı ola bilər bə burada problematik heç nə yoxdur. Əsas məsələ ondan ibarətdir ki, bu təşkilatların Azərbaycanın milli maraqları ilə bağlı məsələlərdə mövqeləri bir olsun. O ki qaldı koordinasiya mərkəzlərinin yaradılmasına, bu təcrübə bir çox ölkələrdə tətbiq olunur. Avropa Azərbaycanlıları Komqresi, Benilüks azərbaycanlıları Konqresi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və digərləri məhz bu məqsədlə təsis olunmuş qurumlardır. Elm adamlarının diaspor quruculuğu işinə cəlb olunmasına gəldikdə isə bu sahədə də xeyli iş görülüb. Azərbaycanlı ziyalıların, alimlərin diaspor quruculuğu işinə cəlb olunması Dövlət Komitəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə daim iş aparılır, ola bilsin ki, yaxın vaxtlarda xaricdə yaşayan azərbaycanlı alimlərin də bir toplantısı keçirilsin. Bu istiqamətdə də məsləhətləşmələr gedir.
Əli Zülfüqaroğlu: Elnurun dediyi kimi hər bir ölkədə vahid kordinasiya mərkəzləri yaradılması yaxşı olardı.
Siyavuş Əmirli: Bayaq Zaur da dedi. Avropa domen zonasında bir sayt açılmasını istərdim. Sırf Azərbaycanının təbliği ilə bağlı sayt. Həmin sayta yerli jurnalistlərin məqalə yazmasındansa məsələn, bir rus jurnalistə qonorar verib onun o sayta yazı yazması və s bu kimi üsullardan istifadə edilməsi daha effekt olar. Nədənsə xarici media nümayəndələrini mediamıza gətirməkdə maraqlı deyilik.
Ermənilərin elə saytları var ki, bir bölməsi Azərbaycanda baş verən sırf kriminal xəbərələrini yayımlamaqla məşğuldur. Kavkaz-uzel.ru adlı sayt var. Orada həm azərbaycanlı, həm erməni bloggerlərin yazılarına rast gəlmək olar. Dağlıq Qarabağdan yazdığı məqlələrlə məşhurlaşan Albert Vaskonyan adlı bir şəxs var. O 20 yerli saytın gördüyü işi tək görür. Əlbəttə ki, bizim əleyhimizə. Üstünlüyü də odur ki, o Azərbaycan dilini də bilir. O yazılarını sosial şəbəkələrdə paylaşır, çoxlu müzakirələr gedir. Bizim ona cavab verəcək intelektuallarımız çox azdır. Belə insanları yetişdirmək lazımdır.
Fuad Hüseynzadə: Azərbaycanla bağlı domen adlarını nə qədər ki, gec deyil, hamısını almaq lazımdır. Doğrudur, biz onsuz da gecikmişik. Amma hələ də müsbətə doğru nələrisə dəyişmək olar. Biz bütün işlərimizi hazırlayanda onu xarici oxucu üçün düşünməliyik.
Elşad Miraləm: Çox istərdik ki, bayaq da dediyim kimi jurnalistlər, həmkarlarmız hər hansı layihəni həyata keçirmək istəyəndə bununla bağlı Dövlət Komitəsinə müraciət etsinlər. Biz hər bir ideyanı, təklifi, təşəbbüsü müzakirə etməyə hazırıq. Əsas məqam ondan ibarətdir ki, belə təkliflərin sayı çox olsun ki, onların içərisindən ən səmərəlilərini seçək.
Fuad Babayev: Biz bu mövzunu daim gündəmdə saxlamağı özümüzə borc bilirik. Və zaman-zaman bu mövzunu yenidən işıqlandıracağıq. Sizə bütün işlərinizdə uğurlar!
Hazırladı: Aynur Hüseynova
1905.az