Bu gün əvvəlki illərlə müqayisədə KİV-də diaspor mövzusuna xüsusi diqqət göstərilir. Media orqanları özləri fərdi olaraq diaspor mövzusunda materiallar dərc edirlər. Son illər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi KİV layihələri və fərdi jurnalist yazıları ilə bağlı müsabiqələrdə diaspor mövzusuna da yer verilir.
Fondun elan etdiyi KİV layihələri müsabiqəsində diaspor mövzusu istiqaməti üzrə qalib olan media orqanları müxtəlif səpkili yazılar dərc edirlər. Ayrıca Diasporla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq diaspor təşkilatlarının gördüyü işlərlə bağlı xəbərləri mediada yayır. Bütün bunlar da nəticədə diaspor mövzusunun KİV-də daha çox işıqlandırılmasına gətirib çıxarır. Məhz bunun da nəticəsidir ki, artıq, diaspordan yazan jurnalistlərin birliyi yaranıb. Onların bu istiqamətdə profilləşməsi Azərbaycanda sahəvi jurnalistikanın formalaşmasının bir nümunəsdir. Bu da, ümumiyyətlə, jurnalistikamızın inkişaf göstəricisidir. Nəzərə çatdırım ki, beynəlxalq jurnalistikada jurnalistlərin sahəviləşməsi, profilləşməsi vacib amil hesab olunur.
Diaspor mövzusunda yazan jurnalistlərimizin bir araya gəlməsi həm də onu göstərir ki, Azərbaycan jurnalistikası beynəlxalq jurnalistika ənənələrinə uyğun olaraq inkişaf edir. Qeyd etdiyim kimi bu gün Azərbaycan mediası diaspor mövzusunu və ya diaspor nümayəndələrinin mediada işıqlandırılmasında daha çox maraqlıdır. Çünki bu gün Azərbaycan həqiqətlərinin dünyada təbliği işi prioritetdir. Bu işi də əsas həyata keçirən qüvvə diasporumuzdur. Məhz buna görə də media diasporla işləməyə, onun fəaliyyətindən yazmağa maraqlıdır. Lakin bəzən bu maraqda qeyri-səmimilik müşahidə olunur. Məqsədli şəkildə KİV-də diasporumuz haqqında obyektivlikdən kənar yazıların verilməsi halları da baş verir. Bu da diasporumuzun qürbətdə kövrəlmiş qəlbini qıra və mediadan incik sala bilər. Nəzər almaq lazım ki, diaspor fəaliyyəti bir ürək, könül işidir… Əlbəttə ki, KİV-in diaspordan istəyi, gözləntiləri var: ortaya real iş qoyulmalıdır. Bugünkü vəziyyətdə diasporumuz öz gücü daxilində əlindən gələni edir. Amma bəzən mediamız diaspordan lazım olduğundan daha artıq iş tələb edir. Qəribədir ki, bu da diasporumzu ittiham şəklində olunur. Diasporumuzdan yazanlar nəzərə almalıdırlar ki, bunun arxasında 50 milyondan çox soydaşımız var. Bir diaspor üzvü və ya bir diaspor təşkilatına görə bütün diasporu ittiham etmək düzgün deyil. Diaspor- media münasibətləri birtərəfli deyil, ikitərəfli formada olmalıdır. Yəni bu münasibətlər əməkdaşlıq çərçivəsində davam etməlidir. Beləcə, KİV diasporumuzun işinə həm də media dəstəyi vermiş olar. Bütün hallarda məqsəd və qayə “Azərbaycan naminə” prinsipinə xidmət etmək olmalıdır.
Diasporun dövlətlərarası münasibətlərin inkişafında özünəməxsus rolu var. Əgər diaspor öz tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini layiqincə tanıdırsa, yaşadığı ölkənin istər yerli, istər rəsmi dairələrinin diqqətini çəkmiş olur. Bunun üçün diaspor yaşadığı ölkənin ictimai-siyasi proseslərində fəallıq göstərməlidir. Eyni zamanda inteqrasiya sürətini artırmalıdır. Öz tədbirlərinə yaşadığı ölkənin daha çox siyasi və akademik elitasını cəlb etməlidir. Belə olduqda diaspor yaşadığı ölkənin marağını qazanar. Xaricdə daimi yaşayan, işləyən, təhsil alan hər bir azərbaycanlı bu kimi münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır. Bu münasibətləri inkişaf etdirmək o demək deyil ki, hər hansı diaspor təşkilatını təmsil edəsən. Azərbaycandan kənarda yaşayan hər bir soydaşımız diaspor məsuliyyəti daşıyır. KİV-lər də öz yazıları ilə diasporun məsuliyyətini artırmalıdır. Yəni yazılar elə verilməlidir ki, diaspor öz məsuliyyətini hiss etsin. Öz növbəsində diasporumuz da dövlət, xalq qarşısında məsuliyyət hiss etməlidir. Azərbaycanı dünyada tanıtmaq işində dayanmadan, mütəmadi olaraq fəaliyyətdə olmalıdır. Diasporumuz özünü güclü, müstəqil dövləti olan bir xalqın nümayəndəsi olaraq göstərməlidir. Bu gün milli diasporumuzun güdən-günə çiçəklənən Azərbaycan adlı ölkəsi var. Dünya Azərbaycanlılarının III qurultayında Prezident İlham Əliyevin dediyi kimi dünyada yaşayan bütün azərbaycanlılar həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.
Fuad Hüseynzadə