“1905.az” Diskussiya klubunda bu dəfə televiziyalarda dil problemini müzakirə etdik. Müzakirələrdə AMEA-nın Nəsimi adına Dilçilik İnstutunun monitorinq şöbəsinin rəhbəri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, Milli Televiziya və Radio Şurasının əməkdaşı Həyat Şəmiyeva, “Region TV”-nin əməkdaşı, bir çox reklam çarxlarını səsləndirən Arzu Kəlbi iştirak edirdi.
Fuad Babayev: Azərbaycanda dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsinə görə cərimələrin miqdarının 50 dəfə artırılması yeni inzibatı xətalar məcəlləsində nəzərdə tutulur. Fiziki şəxslər Azərbaycan dilinin latın əlifbasında tətbiq olunmasında maneələr törədilməsinə görə 1000-1500 manat, vəzifəli adamlar 2500-4000 manat, hüquqi şəxslər 12000-16000 manat məbləğində cərimə ediləcək. Daha əvvəl isə dilimizə bir sıra yeni sözlər daxil edildi. Doğrusu, həmin siyahını tapa bilmədim, amma xeyli maraqlı sözlər var idi. Əlbəttə, dil canlı orqanizm olduğundan, daim inkişaf edir. Azərbaycan məktəbinin məlum durumdakı vəziyyətində televiziya və radionun üzərinə böyük bir yük düşür. Buna görə də ilk sualım MTRŞ-nin nümayəndəsi Həyat xanımadır. Həyat xanım, milli televiziya və radio şurasının əsas missiyalarından biri Azərbaycan dilini qorumaqdır. Bu sahədə ən böyük problem nədir?
Həyat Şamıyeva: Milli Televiziya və Radio Şurasını təmsil edirəm burada, ona görə də səsləndirdiyim fikirlər subyektlivlikdən daha çox Teleradio Şurasının mövqeyini əks etdirən bir çıxış olacaq. Siz MTRŞ-nin çox həssas yanaşdığı dil probleminə toxundunuz. Azərbaycan teleməkanında yayımlanan tele-radio verilişləri, proqramları dövlət dilində – Azərbaycan dilində olmalıdır. Teleradio Şurası 2003-cü ildən fəaliyyət göstərir. Amma Teleradio Şurasının fəaliyyətindən 1 il əvvəl “Azərbaycanda Televiziya və Radio Yayımı haqqında” qanun tərtib edildi və bizim şura da fəaliyyətə başladığı ilk gündən bu qanunun bütün tələblərinə, maddələrinə riayət olunması üçün monitorinqlərə başladı. Hamıya məlumdur ki, MTRŞ fəaliyyətə başlamazdan əvvəl Azərbaycan teleradio məkanı hansı vəziyyətdə idi. Efir məkanında dil problemi bərbad durumda idi. Reklam yayımı haqqında qanun, ona nəzarət olunması, sponsorlarla bağlı iş, milli-mənəvi dəyərlərə, proqramların yayımlanması məsələlərinə nəzarət prinsipləri önə çəkilmirdi. Ən başlıca problem isə dövlət dili ilə bağlı idi. 12 il bundan əvvəl verilislərin, proqramların 60-70%-i xarici dildə yayımlanırdı. Bu sahədə ağırlıq, xüsusilə bədii, sənədli filmlərin uzərinə düşürdü. Dövlət dilində yayımlananlar isə 30-40% təşkil edirdi. Ona görə də 25 iyun 2003-cü il tarixində MTRŞ qərar qəbul etdi ki, Azərbaycan teleməkanında veriliş və proqramların yayımı dövlət dilində olmalıdır. Bu, Azərbaycanın dövlət dili haqqında qanunun 6-cı maddəsinə və “Azərbaycanda televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsinə əsaslanır. 32-ci maddədə göstərilir ki, Azərbaycan ərazisində yayımlanan proqramlar və verilişlər dövlət dilində olmalıdır. Bundan sonra dovlət dilində olan proqram və verilişlərin faiz nisbəti qalxmağa başladı. 2007-ci ilin mart ayının 14-də daha bir qərar qəbul olundu. Həmin qərara görə, televiziyalarda yayımlanan filmlər dövlət dilində səsələndirilməlidir. Ondan sonra telekanallar filmləri dublyaj etməyə başladılar. 2008-ci ilin yanvar ayında telekanallarda səsləndirilən proqramlar cüzi istisna ilə Azərbaycan dilində yayımlandı. Bu istisnalar sırasına bəzi intellektual verilişlər, xəbər buraxılışları daxildir. 11 yanvar 2008-ci ildən etibarən bütün verilişlərin, istisnasız olaraq, Azərbaycan dilində yayımlanması təmin edildi. İngilis və rus dillərində yayımlanan və 30 dəqiqədən çox sürməyən xəbər buraxılışları, əcnəbi dil öyrədən tədris proqramları, intelektual proqramlar və bir də xüsusi buraxılışlar istisnalar oldu. Amma belə şərt qoyuldu ki, subtitrlərdə tərcümələr getməlidir. Yəni kanallar üçün belə bir şərait də yaradıldı. Televiziya məkanı insanların şüuruna birbaşa təsir göstərən bir məkandır. Çox maraqlıdır ki, Teleradio Şurası ilk gündən bəri dillə bağlı problemlərin həllində bu mərhələyə çatmaq üçün müəyyən proseslərdən keçib. Ondan sonra kanallarda tərcümə edilmiş xarici film və seriallara üstünlük verilməyə başlanıldı. 2011- ci il dekabr ayının 22-də MTRŞ belə bir qərar qəbul etdi ki, xarici, serialların, eləcə də türk seriallarının Azərbaycan teleməkanında efirə getməsi dayandırılsın. Sual oluna bilər: bəs türk dilində serialların yayımlanması nə üçün dayandırıldı? Əlbəttə, Azərbaycan dili də türk dilləri qrupuna daxildir, amma Türkiyə Cümhuriyyətinin dili bizim dövlət dilimiz deyil. Bizim dövlət dilimiz Azərbaycan dilidir axı! Bu qərarla bağlı hətta millət vəkilləri də öz etirazlarını bildirdilər.
Qulu Məhərrəmli: Gedişat göstərdi ki, MTRŞ çox məqsədyönlü surətdə, Azərbaycan dilinin işlənməsi üçün böyük bir platforma yaratdı. Bu inzibatı yanaşmalar olmasaydı, vəziyyət fərqli yön ala bilərdi. Bu, çox təqdirəlayiq bir addım oldu. Televiziyaların bir çoxunun orjinal məhsul istehsal edə bilmədiyi bir dövrdə dövlət maliyyə dəstəyi göstərdi, maddi resurs ayırdı və seriallar, filmlər çəkildi. O başqa məsələdir ki, bu serialların bir çoxu uğursuz idi. Məlum oldu ki, bizim televizayalar bu işi peşəkar səviyyədə təşkil edə bilmirlər. Çünki bizim televiziyalar bəzən heç normal veriliş də çəkə bilmirlər. O vaxt serialların çəkilməsi məsələsi MTRŞ-də müzakirə ediləndə bizim mövqeyimiz belə idi ki, bu işlə bu işlə kinostudiyalar və prodakşnlar məşğul olmalıdır. Nəticədə keyfiyyətli məhsul az oldu. Biz klip çəkən rejissorlara serial çəkməyi həvalə etdik. Amma bunların estetikası, dramaturji strukturu, obraz yaratmaq, ideyanı təqdim etmək tam fərqlidir. Bu dil problemindən uzaq məsələdir, amma mən sizin o fikirlərinizə qatılıram ki, MTRŞ strateji planda bu məsələləri həll etdi. Bizim müstəqil dövlətimiz və onun rəsmi dövlət dili varsa, niyə başqa dillərdə verilişlər yayımlanmalıdır? Dövlət öz dilimizdə verilişlər, seriallar çəkmək, dublyaj işini təşkil etmək imkanı yaratdı. Dilimizin işləkliliyin artırılması imkanı formalaşdırıldı. Dil işlədikcə, onun ifadə imkanları formalaşır, ağıllı adamlar bu işlə məşğuldursa, həm də dili sevdirə bilir.
Həyat Şamıyeva: Türk dilini və seriallarına orjinal versiyada baxmağı mən də sevirəm. Başqa ölkənin serialının başqa dildə televizyalarda təqdim olunması yetişməkdə olan gənc nəslin hansı ruhda tərbiyə olunmasının da bazasını qoyur. Uşaqlar televiziyanı çox izləyir, nəyisə televiziyadan götürürlər. Belarus, rus və ukrayna dili hər üçü eyni kökdən gəlir, slavyan dil qrupuna daxildir. Amma ukraynalılar heç vaxt öz dövlət dillərini rus dili kimi bəyan etmirlər və verilişlərini rus dilində yayımlamırlar.
Fuad Babayev: Telekanallardan birində Kamal Sünalın (Şaban) rol aldığı filmdə onun obrazının sözlərini tərcümə edilmir..
Həyat Şamıyeva: Əslində bunu əsaslandırmışdılar. Yəni bu aktyorun yumor hissi onun danışıq tərzindədir və heç kəs tərcümə edə bilmir.
Qulu Məhərrəmli: Onu mən əsaslandırmışam. Bu bir yaradıcılıq eksperimenti idi. Əslində mən belə eksperimentlərin tərəfdarı deyiləm. Şaban yaddaşlarda fərqli qalıb. Bu, bir ərəb, ingilis olsa, onun danışıq tərzini bir o qədər duymadığımızdan, tərcümə edərdik. Amma Şabanı duyduğumuzdan “Xəzər” TV bu eksperimenti etdi.
Fuad Babayev: Bəs bu dil qanunvericiliyinə zidd deyilmi?
Həyat Şamıyeva: MTRŞ müəyyən məqamlarda telekanallara güzəştə gedir. Əgər kanal ortaya yaradıcı iş qoyursa və aktyorun öz dilində nəyisə saxlayırsa, teleradio şurası da bunun üzərinə çox getmir və əksinə güzəştə gedir.
Qulu Məhərrəmli: Şabanın sözlərini də kimsə çatdıra bilər. Məsələn, Allahverdi Yolçuyev. Amma o səsin arxasında Şaban dayanır. Bu yaradıcılıq eksperimentidir və o tərzə çevrilməməlidir. Sadəcə olaraq istisnadır. Mən bir məsələyə toxunmaq istəyirəm. Seriallar çəkmək, dulyaj etmək imkanı yaradıldı. Amma məlum oldu ki, bizim imkanlarımız fərqlidir. Mən TRT kanalının dublyaj etdiyi Holluvud filmlərinə baxıram. Dublyaj üçün aktyor uyarlılığı, səs uyğunluğu ilə bağlı gözəl iş aparırlar. Hətta adama elə gəlir ki, qəhrəmanlar həqiqətən türk dilində danışıblar. Səs çalarları obraza çox yaxın olur. Mən dublyajla məşğul olduğumdan, bu işi bilirəm. Bir neçə filmin dulyajına rəhbərlik etmişəm. Rejissor məharətindən çox şey asılıdır. Bizdə də gözəl dublyaj edən aktyor və aktirisalarımız var.Təəssüf ki, maddi səciyyəli problemlər üzündən dulyaj işini üçüncü-dördüncü dərəcəli işə çevirdik. ANS- in əvəllər çox gözəl dublyajları olurdu, amma sonralar maliyyəsi azaldıldıqdan sonra o qədər də gözəl alınmadı. Əvəllər hər dublyaja 600-700 manat sərf olunurdusa, indi bu məbləğ 150 manat təşkil edir. Bir aktyor bir neçə səsi ifadə edir. Bu, bizim çox ciddi problemlərimizdəndir. Bu, həm də dillə bağlı problemdir. Daha bir problem seriallarla bağlıdır. Seriallarda aktyorlar hansı dildə danışır? Bu kino dili deyil. Azərbaycan filmlərində 40-50-ci dillərdə aktyorlar kitab dilində danışırdılar. “Uzaq sahillərdə” filmində bu buz sındırıldı. Başladılar şifahi dildə danışmağa. Bu da ədəbi dildir. Amma onun şifahi qoludur. Kino dili niyə məşhurlaşdırır? ”O olmasın bu olsun” filmində bütün dialoqlar məhurdur. Nə qədər ifadələr Azərbaycan dilinə keçib. Bu cür ifadələr dilimizi məhşurlaşdırır, zənginləşdirir, ifadə imkanlarını genişləndirir. Televiziya da dili çox populyarlaşdırır, amma indiki zamanda çox təəsüflər olsun ki, bu dilə ziyan vurur. Bəsit şoular, bəsit aparıcılar, Azərbaycan dilini bilməyən aparıcılar, dil həssaslığı olmayan insanlar önə çıxıb. Ona görə də başlayırlar mənasız lağ-lağılara. Bayağı şouları çəkiblər ön plana. Maraqlı, mənalı şoular olmalıdır. MTRŞ də bununla bağlı etirazını səsləndirib. Hamının baxa biləcəyi şoular olmalıdır. Dil də, peşakarlıq da yüksək səviyyədə olmalıdır ki, tamaşaçı keyfiyyətli məhsula baxsın. Bizdə dövlət telekanalı, özəl telenallar, ictimai telekanal var. Amma çox vaxt bunlar bir-birindən seçilmir. Mahiyyət etibarilə qəhrəmanları eyni adamlardır. Xammal, aktyorlar, iştirakçılar eynidir. Mən görürəm ki, dil manerası, üslub da bunları bir-birinə yaxınlaşdırır. Çünki televiziyalara məsuliyyətlə yanaşılmır. Televizayalarda dil şuraları var, istərdim ki, onlar effektli işləsinlər. Onların müəyyən bir səlahiyyəti olsun.
Həyat Şamıyeva: MTRŞ müəyyən bir qanun çərçivəsində işləyir və telekanalların yaradıcı fəaliyyətinə müdaxilə etmir. O kanallarda işləyən insanların çoxunun isə, təəssüf ki, qanunlardan xəbəri yoxdur. Problemlərin çoxu bundan qaynaqlanır. Proqramlaşdırma departamentinin rəhbəri bilmir ki, məsələn, bir reklam roliki ilə o birisi arasındakı interval ən azı 15 dəqiqə olmalıdır. Yaxud da, bir saatda 12 dəqiqədən artıq reklam bloku vermək Qanunla qadağandır.
Fuad Babayev: Bu təxminən ona oxşayır ki, gündəlik maşın sürən adamın yol hərərkəti qaydalarından xəbəri yoxdur. Belə sürücülər özlərini və yol hərəkətinin digər iştirakçılarının həyatını təhlükəyə məruz qoyur. Yaxud cərimələr üzündən bunu məcburən öyrənirlər. Bəs televiziyalarda bu məsələ necədir?
Həyat Şamıyeva: Bizim telekanallar da səhv buraxa-buraxa öyrənirlər. Tele-radio yayımı haqqında qanun 2003 –cü ildə qəbul olunub. Və hər il yenilənir və yenidən çap edilir. Hər dəfə qanunu pozduqda telekanallara xüsusi tövsiyyələr edilir, şöbəmizdə bunlarla bağlı arayışlar tərtib olunur.
Qulu Məhərrəmli: Proqram departamentinin direktoru televiziya menecmentində elə bir həlqədir ki, ora təsadüfi adam düşə bilməz. Necə ola bilər ki, reklam çarxları arasındakı müddətin ən azı 15-20 dəqiqə olduğunu bilməyəsən.
Həyat Şamıyeva: Yadımdadır, biz monitorinqlər aparırdıq. Deməli, seriallarda 7-8 dəqiqədən bir reklam verilirdi. Belə çıxırdı ki, sanki insanlar reklama baxıb, arada seriala tamaşa edirlər. Qaynar xəttə zənglər də gəlirdi ki, 7 dəqiqə serial, 10 dəqiqə reklam verilir. Məhz, son vaxtlarda reklamla bağlı qanun pozuntularına görə ANS ÇM radiosu 161 min manat cərimə olunub. Yəni bura reklam blokları arasındakı intervalın pozulması faktları daxildir.
Arzu Kəlbi: Təəssüflər olsun ki, bizim teleməkanda aparıcılıq üçün müraciət edəndə daha çox xarici görünüşə baxırlar ki, sən efirə necə yaraşırsan. Kamera səni “sevəcəkmi”? Onlar üçün sənin təhsilin, ağılın xüsusi bir önəm daşımır. Region TV yeni yaranıb və bizdə şou proqramlara demək olar ki, yer verilmir. Ayrı-ayrı bölgələrdə 6 kanalımız var. Səhər proqramlarımızda da hər gün bir bölgədən efirə çıxırıq. Bir ildir ki, bizim Bakı efirimiz də var. Mən “Regionun fəxri” verilişinin layihə rəhbəriyəm və əsasən alimləri,ziyalıları çəkirəm. Onlara zəng edib deyəndə ki, sizi verlişə çəkmək istəyirik, çox təəccüblənirlər. Çünki artıq belə bir təəssürat var ki, televiziya ilə yalnız müğənnilləri, şou adamlarını göstərirlər.
Həyat Şəmiyeva: Region TV-də “Ferma” adlı realiti şou nümayiş etdirilir. Orada insanlar həm yaşayır, həm də pul qazanırlar.
Arzu Kəlbi: Bəli, bizim ən reytinqli verilişimizdir.
Həyat Şəmiyeva: MTRŞ-nin monitorinqinə görə, həmin verilişdə həddindən artıq ədəbsiz ifadələr işlədilir. İştirakçıların mədəni və intellektual səviyyəsi yoxdur.
Qulu Məhərrəmli: Məncə, həmin verilişi bir qədər “yonmaq” lazımdır. İdeya özü yaxşıdır. Ümumən, Region TV fərqli telekanaldır. Orada mən məsuliyyəti duyuram.
Arzu Kəlbi : Biz də bu çatışmamazlıqıları görürük və xeyli düzəlişlər edilib. Bizim bölgələrdəki kanallarda işçi qıtlığı var. Aparıcılar çox vaxt öz regionlarının ləhcələrində danışırlar. Amma mütəxəssis dəvət edib, öyrənmək istəyirlər. Bizdə verilişlər üç redaktordan keçdiyindən, səhvlər daha az olur.
Həyat Şəmiyeva: Qanunlara ən çox riayət edən kanal isə AzTV-dir.
Qulu Məhərrəmli: Dillə bağlı daha çox problemlər xəbər aparıcılarında qeydə alınır. Söz təkrarları, dolaşıq üslubla tez-tez qarşılaşılır. Dillə bağlı sonuncu monitorinq hesab edirəm ki, çox effektlidir. Umumiyyətlə dövlət proqramı ilə bağlı ölkə prezdentinin imzaladığı 9 aprel 2013-cü il sərəncamı cəmiyyətin üzün3 Azərbaycan dilinə doğru çevirə bildi. Dilçilik İnstitutunda ayrıca monitorinq şöbəsi yaradıldı, müxtəlif layihələr gerçəkləşdirildi. MTRŞ və Dilçilik İnstutunun atdığı adımlar çox uğurlu oldu. Bunlar istər-istəməz dil məsələlərinə diqqəti cəlb edir. Biz MTRŞ ilə bir yerdə aparıcılar üçün mart-aprel ayında treninqlər keçirdik. Başa düşdük ki, gənc aparıcılar, reportyorlar Azərbaycan dilinin qaydalarını bilmirlər. Amma öyrənmək istəyirlər. Onları işə qəbul edənlər, həmin şəxslərin öyrənmələri, səviyyələrini artırmaları üçün real addımlar atmalıdırlar. Yalnız bundan sonra onlar efirə çıxa bilərlər. Axı bünövrəni tikmədən binanı ucaltmaq olmaz.
Fuad Babayev: Həyat xanım MTRŞ-nin fəaliyyətini addım-addım sadaladı. Amma bununla paralel olaraq medianın nüfuzdan düşməsi, jurnalistikaya peşə hazırlığı aşağı səviyyədə olan şəxslərin gəlməsi prosesi gedir. Elə deyilmi?
Qulu Məhərrəmli: Elədir. Sizin özünüz də televiziyada çalışmısınız. Ona görə də 90-cı illərdəki televiziya mühitini indiki ilə müqayisə etmək çətin olmaz. Xəbər buraxılışlarını, tok-şouları, analitik proqramları müqayisə edək. Hansı daha effektli idi, hansı cəmiyyətə daha çox təsir edirdi?
Həyat Şəmiyeva: Məncə, bu daha çox telekanalların azlığı ilə bağlı idi. Həm də hər bir mövzuda məhdud sayda veriliş var idi.
Fuad Babayev: Mən Sizin fikrinizlə razı deyiləm. O dövrdə də paralel verilişlər vardı. Hətta telekanallar ana xəbər buraxılışlarının bir növ vaxt “müharibəsini” aparırdılar.
Qulu Məhərrəmli: “Lider” televiziyasının Azərbaycan redaksiyası o dövrdə çox gözəl filmlər çəkdi. Azərbaycan tarixi ilə bağlı. Əməlli-başlı yaradıcılıq mühiti var idi. “Space”, AzTV-də gözəl verilişlər var idi. M.Ələkbərzadənin, mənim özümün, M.Vəzirin maraqlı proqramları yayımlanırdı. Yəni verilişlər cəmiyyətin diqqətini cəlb edirdi. 2000-ci illərdən sonra cəmiyyətdə televiziyalara münasibətdə küskünlük yarandı. Televiziya peşə standartlarından uzaqlaşdıqca, cəmiyyət də ondan üz döndərdi. Həyat xanımla o mənada razılaşıram ki, bu məsələyə alternativ informasiya mənbələrinin artması da təsir edir.
Həyat Şamıyeva: MTRŞ telekanalların normal və səviyyəli yayım nümayiş etdirmələri üçün çalışır. Hər ölkənin efir məkanı onun millətinin milli-mənəvi dəyərlərinin göstəricisidir, məncə. Bu məkanı düzgün istiqamətləndirmək lazımdır.
Fuad Babayev: Əksinə, MTRŞ olmasa idi, vəziyyət daha pis olardı, xüsusilə dil müstəvisində.
Qulu Məhərrəmli: MTRŞ müəyyən çağırışlar edir, müəyyən impulslar verir. Əlbəttə, televiziya mütəxəssisi kimi onun bütün qərarları ilə razılaşmıram. Bizim bugünkü mövzumuz dillə bağlıdır. Bu dilə kim sahib durmalıdır? Adi vətəndaşdan tutmuş, dövlət qurumlarına qədər. MTRŞ və Dilçilik İnstitutunun birgə monitorinqi ilə əlaqədar “Kaspi” qəzeti belə bir yazı vermişdi – “Milyonlara toxunan səhv”. Azərbaycan dilində yol verilən hər bir səhv, özünü bu ölkənin vətəndaşı hesab edən hər kəsin marağına toxunur. Bu dildə düz danışmalı və onu yaxşı öyrənməliyik. Dillə bağlı yanlışlıqlar yalnız televiziyada deyil, küçəyə çıxan kimi, mağaza adlarında, küçə adlarında, reklamlarda belə səhvləri görmək mümkündür. Azərbaycan dilinin ifadə imkanları çox genişdir. Lakin bunun üçün ilk növbədə dili öyrənmək lazımdır.
Fuad Babayev. Maraqlı müzakirəyə görə çox sağ olun.
Hazırladı Gündüz Nəsibov, 1905.az