Yazar Miri Rəsulzadə ilə söhbət
– Miri müəllim, sosial şəbəkə sizin gündəlik həyatınızda hansı yeri tutur?
– Sokratın çox qəşəng bir sözü var ki, danış səni tanıyım. Bu gün hamı deyə bilər ki, daha Platona, əl-Fərabiyə, Mövlanaya ehtiyac yoxdur. Facebook profilini göstər səni tanıyım.
Ümumiyyətlə sosial şəbəkə gündəlik həyatımızdan heç də ayrı deyil, vəhdət təşkil edir. İnsanlar bu gün Youtube erası yaşayır. Həmçinin İnstagram, Facebook, Twitter də var. Söhbəti, məncə, ona görə Facebooka gətirdiniz ki, ədəbi zövqü olan, ədəbiyyata,mətnə, nəsrə marağı olan adamların çoxu bu məkanda toplaşıb. Bəzən insanlar sosial şəbəkəni fərqli bir məkan kimi təsəvvür edirlər. Hətta bəzi siyasətçilər, həkimlər, müəllimlər, sənət adamları sosial şəbəkədən sitat gətirəndə dırnaq içində qeyd edirlər. Sanki başqa bir planetdən, qalaktikadan danışırlar. Amma biz televiziyada son zamanlar gedən qrafik dizayn dəyişikliklərinə, verlişlərin süjet xəttindəki fərqliliklərə baxanda başa düşürük ki, artıq sosial şəbəkə ilə bir hesablaşma var, adaptasiya var.
– Siz gündə neçə paylaşım edirsiniz?
– Əsas məsələ sosial şəbəkəyə baxış tərzidir. Yəni bizim onu necə dəyərləndirməyimiz. Mən sosial şəbəkədə elə ola bilər ki, gündə 1 dəfə paylaşım edim. Ola bilər 1 həftə də, 1 ay da heç nə paylaşmayım. Məndə belə bir asılılıq yoxdur.Əvvəla, onu deyim ki, yazıçılıq iddiasında deyiləm, sadəcə fikirlərimi, düşüncələrimi dostlarımla paylaşıram. Paylaşımlarım arasında qəmli notlar da olur, yumor da. Hətta satirik üslubda da. Ancaq onu deyim ki, sosial şəbəkə öz effektini itirib. 10 il bundan əvvəl daha ciddi, fundamental mövzular müzakirə olunurdu. Maraqlı diskussiyalar, polemikalar var idi. Mən özüm elə Azərbaycanda məşhurlaşan dövrdən istifadə edirəm.
– Deyəsən, 2008-dən geniş yayılmağa başlandı.
– Bəli, təxminən o ərəfədə. Əvvəl istifadəçilərin çoxunu kişilər təşkil edirdi. Xanımların aktivliyi çox aşağı idi. Heç bir qadın öz şəkillərini paylaşa bilməzdi. Dərhal qınaq obyektinə çevrilirdi. Əksəriyyət qadınlar da ancaq müəyyən xəbərləri oxumaq üçün istifadə edirdi. Amma son 3-4 ildir artıq biz görürük ki, xanımlar sərbəst şəkildə paylaşım da edirlər, şəkillərini də paylaşırlar.
– Yəni gender bərabərliyi gözlənilir.
– Hazırda bəli. Artıq xanımlar da sərbəst olaraq fikir bildirə bilirlər və bu, normal qarşılanır. Ucuz insan, istedadsız insan hər yerdə elədir. Facebookda da, ictimaiyyətdə də. Digər bir qabardılan məsələ sosial şəbəkədə tanışlıq məsələsidir. Bunu az qala faciələşdirirlər. Fərqi yoxdur qadın, kişi, gənc, yaşlı düşüncə belə idi ki, bu mental dəyərlərə ziddir. Axı insanların da bir-birini tanımaq, münasibət qurmaq üçün məkana ehtiyacları var.
Bəzən insanlar sosial şəbəkədə özlərini olduğundan artıq təqdim eyməyə çalışırlar. Tarazlıq onda pozulur, problem ondadır.
– İnsanlar var ki, ancaq yumoristik paylaşımlar edir, özünü bu sahədə istedadlı göstərməyə çalışır. Bəziləri maddi durumunu real vəziyyətindən fərqli əks etdirir. Hətta elələri də var ki, maksimal dərəcədə vətənpərvər görünməyə meyillidir. Və o həddə çatır ki, artıq sən onun vətənpərvərliyinə inanmırsan. Sanki orda rollar paylaşdırılıb və əksər hallarda insanlar o roldan kənara çıxmırlar. Bu obraza girmək məsələsinə necə baxırsınız?
– Yenə də təkrar edim ki, bəzən biz özümüzü olduğundan artıq təqdim etməyə çalışırıq. Hamı manşet olmaq istəyir. İnsanlar fəqli sferalarda nə qədər məhsulu varsa vitrinə çıxarmaq arzusundadır. Ümumiyyətlə hər kəs istifadə etdiyi sosial şəbəkənin xarakteri ilə həmahəngdi. Bir insanın bütün gün ciddi mövzulardan danışmağı da doğru deyil. Real həyatda da, sosial şəbəkədə də. Yumor, satira o adamdan qəbul olunur ki, o, ciddi məsələlərə də münasibət bildirir, hərdən də istirahət üçün qırmızı xətti keçməyən yumorlarla çıxış edir. Axı bura həm də dincəlmək üçün bir məkandır. Bu gün baxırsan ki, hamı “like” hayındadır. Ümumiyyətlə əvvələ qayıtsaq görərik ki, ciddi məzmun, ziyalılıq bazası, intellektual səviyyə kiçilə-kiçilə bəşərilikdən milliliyə, millilikdən şəhər miqyasına, ordan da kiçik bir məhəllə miqyasına sığışdırılıb və bunu biz etdik. Bu gün artıq kitablar facebook-a uduzur. O demək deyil ki, facebook kitabdan üstündür. Kitab həmişə dəyərdə olacaq.
– Sosial şəbəkə nədir? Bəziləri siyasi ambisiyalar, bəziləri biznes nöqteyi-nəzərdən, digərləri münasibət qurmaq məqsədilə burdan istifadə edir. Gəlin razılaşaq ki, bizim mentallığımızda görüntüyə işləmək var.
– Bəli, tamamilə razıyam. Biz bəzən ona görə kitab oxuyuruq, şəkil çəkdiririk, tədbirlərə qatılırıq ki, əlimizdə paylaşmağa nəsə material olsun. Bu gün hamı sosiallaşıb və hər şeyini sosial şəbəkəyə uyğun hesablayır. İnsanlar harasa gəzməyə gedəndə belə təbiətdən zövq almaq yerinə onu sosial şəbəkədə nümayiş etdirmək hayına düşürlər. Baxırsan bəzən universitet tələbəsi gənc bir qız elə statuslar paylaşır ki, elə bil dünyanın bütün yükü onun çiyinlərindədir. Və ya Kantdan, Aristoteldən, Viktor Hüqodan sitat gətirir. Sanki bu mühitdə böyüyüb. Əslində isə danışmağa sözü olsun deyə başlayır qərb ədəbiyyatını oxumağa. Məsələn, Den Braunun “Da Vinçi Şifrəsi” əsərini və yaxud Frans Kafkadan hər hansı bir əsər oxuyur. Amma yerli ədəbiyyatdan 2 dənə də kitab oxumayıb. Baxın burda tarazlıq pozulur. Mən özüm sosial şəəkədən çox dostlar qazanmışam və mən tərəfdarıyam ki, bu dostluq reallığa gətirilsin.
– Facebookda ünsiyyət ola bilər, amma müəyyən səviyyədə olmalıdır. Əksər münasibətlər reallığa söykənmir, insanlar obraza girmək ehtiyacı duyurlar.
– Bəzən elə mövzulardan danışılırki, insanda təbii təəccüb yaranır. Məsələn, görəsən başqa planetlərdə yaşayış var? Və yaxud qalaktikaların, planetlərin işğal olunması baş tutacaqmı? Sanki bütün problemlər həllini tapıb və yalnız naməlum qalan nüans budur. Və ya görəsən, iphone 11-də hansı xüsusiyyətlər olacaq? Sanki öz şəxsiyyətini, kimliyini iphone 10 da tapa bilmədi, ümid qalıb 11-ə.
– Bəzən belə nəzəriyyələr də olur ki, sosial şəbəkəni xüsusi xidmət orqanları yaradıb və özlərinə lazım olan informasiyanı ordan mənimsəyirlər. Amma mənə elə gəlir ki, Azərbaycan seqmentində onlar müəyyən problemlə üzləşirlər. Çünki ordakı əksər statuslar, profillər reallığı əks etdirmir. Sizin sosial şəbəkədə başqa seqmentlərdən tutaq ki, Gürcüstandan, Türkiyədən dostlarınız varmı?
– Bəzən realda tanıdığım şəxslər facebookdakı dostlarım barədə suallar verir ki, bəs onu tanıyırsanmı və ya hardan tanıyırsan. 5000-ə yaxın dostum var və hamısını real həyatda tanımaq və ya tanımağa çalışmaq mümkün deyil. Sosial şəbəkədə başqa ölkələrdən dostlarım demək olar ki,yoxdur.
– Bir dəfə qərb alimlərinin facebook barədə araşdırmaları haqqında bir yazı rastıma çıxdı. Onlar belə nəticəyə gəliblər ki, facebook insanlarda bəzən depressiya yaradır. Məsələn, yayın ən qızmar vaxtlarıdır və siz Bakıdan kənara çıxmamısınız. Facebookdakı dostlarınız isə Antalyadan, Kiprdən, Gürcüstandan paylaşımlar edir və bu sizə pis təsir edir.
Sizin həyatınızda facebook hansı rol oynayır? Siz ona işinizin tərkib hissəsi kimi baxırsınız, yoxsa hansısa fikirlərinizi paylaşmaq üçün bir platforma? Siz öz saytınızı orda reklam edirsinizmi?
– Saytımız yenidir.Hələ tam şəkildə təbliğ etmirik. Çünki müəyyən baza olmalıdır.
– Yəni müəyyən layihə gücünə çatmalıdır.
– Digər tərəfdən də insanlar onu da xoş qarşılamır ki, ancaq öz məhsulunu təqdim edəsən. Mən hərdən dostlarımın fikirlərini də paylaşıram. Ortaya elə fərqli bir iş çıxartmalısan ki, kənardakılar onu paylaşmalıdır.
– Azərbayanda bu, o qədər də real səslənmir.
– Az hallarda olsa da olur. Yəni 2-3 nəfər belə olsa, kənarın diqqətini çəkmək böyük uğurdur. Təsəvvür edin, şair bütün günü öz şeirini oxuyur. İstər-istəməz beynimizdə şairin nə qədər uğurlu olmasını sorğulayırıq.
– İnsanlar bəzən özlərini ona görə vəsf edir ki, çünki o bilir ki, onun məhsulu yaxşıdır amma heç kim bunu dilə gətirmir. Əksər hallarda yaxşı məhsullar nə pislənir, nə də təriflənir. Adətən diqqətsiz qalır, çünki tənqid edəndə də istər-istəməz o əsər kütləyə nümayiş etdirilmiş olur, buna görə heç tənqid də etmirlər. Dolayısı ilə mən insanların öz məhsulunu öz platformasında nümayişini başa düşə bilirəm.
– Əlbəttə, insan öz arenasında özünü də nümayiş etdirməlidir. Sosial şəbəkədə insanlar bəzən həyati əhəmiyyət kəsb edən mövzuları arxa plana atır. Və zaman keçdikcə insan özünü tək hiss etməyə başlayır, onda depressiv hallar müşahidə olunur. Nə əzbərlədiyi mahnılar, nə oxuduğ kitablar, nə baxdığı filmlər, nə də çəkdirdiyi selfilər onu bu tənhalıqdan qurtara bilmir. Dediniz ki, facebook depressiyaya salır, amma, həm də depressiyadan da çıxardır. Bəzən çox depressiv hal yaşayan insan sosial şəbəkədə öz ruh halını dəyişə bilir, yəni sosial şəbəkə bu məqamdə ona kömək olur. Olduğun mühitdən çox şey asılıdır, fərqi yoxdur real həyat və ya sosial şəbəkə.
Əvvəllər insanların ziyalılara, yazıçılara, mədəniyyət xadimlərinə əli çatmırdı. Hansısa gənc yazarı tanımaq üçün onun kitabını alıb oxumalıydın, onun fikir dünyasını öyrənməliydin ki, necə insan olduğunu biləsən. Amma bu gün artıq sosial şəbəkə bizə o adamları yaxından tanımaq imkan verir. Bu gün qəbul etsək də etməsək də uşaqlar valideynlərinin sosial şəbəkədəki simasını örnək alır. Ona görə də sosial şəbəkəyə birmənalı yanaşmaq olmaz. Bura həm istirahət yeridir, həm sosial çevrəni genişləndirmək üçün bir platformadır. Ən əsası isə burdan faydalanmaq lazımdır.
– Mənə elə gəlir ki, sosial şəbəkədə 3000 dostu olan adam bəzən özünü həmin sayda kollektivə rəhbərlik edən biri kimi hiss edir.
– Bəli, tam razıyam. Özlərini böyük bir auditoriya tərəfindən izlənilirmiş kimi hiss edirlər. Real olmayan nüanslarla auditoriyanı cəlb etməyə və ya üzərlərində olan diqqəti stabil saxlamağa çalışırlar. Yenə də real həyat öz sözünü deyir. Sosial şəbəkədə nə qədər də özlərinin göstərdiyi tərzdə, şəraitdə yaşadıqlarını hiss etsələr də ordan qopduqda hamı real aləmə qayıdır. Hər hansı bir nailiyyəti olmayan insan istər sosial platformada, istər digər məkanlarda özünü faydalı insan kimi tanıda bilmir. Sosial şəbəkə bu gün insanlara istiqamət də verir. Bura həm də istedadi olanların parlaya biləcəyi bir məkandır. Hansı ki, geniş auditoriyaya xitab edən, istedadı, bacarığı olan şəxslər həqiqətən də orda parlaya bilər. Bəziləri kiminsə populyarlığına sığınır, özünü onun kölgəsində göstərməyə çalışır ki, yəni mən də belə insanlar tanıyıram. Amma insan özü öz həyatını maraqlı etməlidir. Bu gün insanlar fikir bildirməkdən çəkinir və düşünürlər ki, hansısa bir mövzuda danışmaq üçün peşəkar olmaq lazımdır. Bizim saytın qurulmasında məqsəd də məhz o idi ki, ədiblər, yazıçılar, ziyalılarla bərabər başqa peşə nümayəndələrinin də məsələyə baxışı əks etdirilsin. Axı cəmiyyət təkcə ziyalılardan ibarət deyil. Digər kateqoriyadan olan şəxslərin də müxtəlif mövzularda öz baxışı var. Məsələn, bacarıqlı bir stomatoloqun hansısa bir ciddi mövzuya münasibəti mənim üçün maraqlıdır. Və yaxud hansısa hərbçinin ictimai, sosial problemə olan münasibəti. Bu gün sosial şəbəkədə hər təbəqədən insanın marağına səbəb olacaq informasiyalar var.
– Bəzən sosial şəbəkələr ailə faciələrinə, onların dağılmasına gətirib çıxarır. Bəzən də tam əksinə ailə bünövrələri burda qoyulur. Sosial şəbəkələrin perspektivlərini necə görürsünüz? Tendensiya hara aparır?
– Perspektivi barədə onu deyə bilərəm ki, təşəbbüs böyük olmalıdır. Hədəfi böyük qoymalısan ki, ən pis halda ona yaxın bir yerdə qərarlaşasan. İnsan özünə ideal seçəndə də yaxşısını seçməlidir. Sosial şəbəkədəki münasibətlər məsələsinə gəldikdə isə münasibət sosial şəbəkədə başlayıb deyə uğursuz olacaq deyə bir qayda yoxdur. Çox uğurlu da ola bilər. Və ya əksinə sosial şəbəkədə bir-birinə çox uyğun olduqlarını düşünən şəxslər realda tam əks mənzərə ilə də qarşılaşa bilər. Hərhalda əsas üstünlüyü odur ki, tərəflərin bütün mənəvi keyfiyyətləri artıq orda açıq şəkildədir.
– Bəs onlar özüdür, yoxsa görünmək istədiyi obrazlar?
– Əlbəttə ki, bu münasibətlər bir müddət sonra virtualdan reala yansıyır və orda artıq hər şey məlum olur. Siz dediyiniz kimidirsə, yəni xarakterlər virtualda və realda örtüşmürsə, aydın məsələdir ki, bu münasibət uzun müddət davam etmir. Mən real həyatda necəyəmsə, çalışıram virtualda da elə görünüm. Bu ciddi mövzulara da aiddir, yumora da, qəmli notlara da. Obraza girmiş insan məhvə gedən insandır, çünki axır-əvvəl ifşa olur. Mən sosial şəbəkədə özümü Aristotel kimi təqdim edirəm və real həyatda onunla yaxından-uzaqdan əlaqəm yoxdursa bu sadəcə olaraaq faciədir.
– Bəs sosial şəbəkədəki ura-patriatizm tutmalarına necə baxırsınız?
– Bizim evimizi yıxan pafos oldu. Biz bəzən Azərbaycanı yox, vətəni sevən biri kimi görünməyi sevirik. Şahvələd Çobanoğlunun yaxşı bir sözü var. Deyir ki, bizim sevdiyimiz Azərbaycan deyil, Səməd Vurğunun “Azərbaycan” şeiridir. Vətən sevgisi ərazi sevgisinə çevrilir artıq. Və patriotluğu iş görməklə göstərmək lazımdır. Mübariz İbrahimov kimi. Onun yazdığı məktubda pafosdan heç kiçicik bir iz də yoxdur, olduqca lakonik yazılmışbir məktubdur.
Aytac Hüseynova, 1905.az