“Kvartet” rubrikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov və tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradovla ermənilərin dini abidələrimizi saxtakarlıqla öz adlarına çıxmalarından danışdıq.
Fuad Babayev: Ermənilərin alban kilsələrini öz kilsələri, alban xaçkarlarını öz abidələri kimi təqdim etmələrində bir səngimə var, yoxsa dünya elmi və dünya ictimaiyyəti bunları elə erməni abidələri kimi qəbul etməyə meyillidir?
Nahid Məmmədov: Əslində nəinki səngiyib, hətta məncə, onların bu istiqamətdə yeritdikləri siyasət artıq pik nöqtəsinə yetişib. Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdəki alban məbədlərini qriqorianlaşdırıb, onlar üzərində bəzi “əməliyyat”lar həyata keçirərək erməni abidələri kimi dünya ictimaiyyətinə təqdim edirlər. Amma təəssüf ki, biz bu istiqamətdə geri qalırıq və demək olar ki, heç bir tədqiqat həyata keçirilmir. Bu məsələlərə biganə yanaşma var. Ermənilər işğal olunmuş ərazilərimizdə, xüsusilə də məbədlərin ətrafında arxeoloji qazıntılar aparırlar. Təmir-bərpa adı altında, alban kitabələrini çıxarır, erməni dilində materiallar yerləşdirirlər. Bununla da kifayətlənməyərək, bu məbədlərin katoloqlarını buraxıb, onları erməni irsinin nümunəsi kimi təqdim edirlər. Sonra isə saytlar, müxtəlif ədəbiyyat, eləcə də turizm turları vasitəsilə onların təbliği ilə məşğul olurlar. Və bu proses bu gün geniş vüsət alıb.
Fuad Babayev: Ermənilər turlar vasitəsilə ictimai rəyi formalaşdıra bilərlər. Bəs ciddi elmin alban abidələrinə münasibəti necədir?
Aqil Şahmuradov: Bu məsələdə demək olar ki, elmi ictimaiyyət də iki yerə bölünür. Tarix və arxeologiyanın müəyyən dərəcədə konyunkturaya işləyən elmlər olduğunu nəzərə alsaq, siyasi görüşlər baxımından tarixin çatdırılması günümüzün reallığıdır. Alban abidələrinin erməniləşdirilməsinə də ümumi erməni saxtakarlığı kontekstində yanaşmaq lazımdır. Bunlar dünyanın hər bir tərəfinə səpələniblər və yaşadıqları ölkələrin mədəniyyətinin təsiri altına məqsədli şəkildə düşən toplumdular. Belə bir şəraitdə erməniçiliyi yaşadan kilsədir. Kilsə ermənilər arasında bağların qopmasına imkan veməyib. Eyni zamanda da kilsə dövlət funksiyasını yerinə yetirməyə başlayıb. Siyasi təşkilata çevrilib. Ermənilərin guya qədim tarixə malik olduqlarını
sübut etmək üçün mənimsəməyə çalışdıqları mədəniyyətin bir hissəsi də Qafqaz Albaniyasının mədəniyyətidir. Bizim kilsələrimizi mənimsəmələri bir yana, onlar özlərini ilk xristianlar adlandırırlar. Nahid müəllimin qeyd etdiyi turları təşkil edəndə də vurğulayırlar ki, xristianlığı ilk qəbul edənlər ermənilərdir. Şübhəsiz ki, ilk böyük saxtakarlıq elə buradan başlayır. Xristianlıq milan edikti ilə 313-cü ildə Konstantinin dövründə Bizansın rəsmi dini elan ediləndə Ermənistan tabe dövlət idi. Metropoliyanın hüquqi cəhətdən qəbul etmədiyini koloniya necə qəbul edə bilərdi? İnformasiya üçün qeyd edim ki, rəsmi olaraq dörd kilsə tanınırdı: İsgəndəriyyə kilsəsi, Roma kilsəsi, Antakya kilsəsi və Efes kilsəsi. Xristianlığın qədim kanonlarına görə bunlara katolikos rəhbərlik etməli idi. Qriqori isə katolikos yox, arxiyepiskop idi.
Fuad Babayev: Yəni “mandat”ı kilsəyə rəhbərlik etməyə imkan vermirdi.
Aqil Şahmuradov: İmkan vermirdi. VII əsrin əvvəllərinə kimi qriqorian kilsəsi rəsmi kilsə tərəfindən tanınmadı. Və VII əsrdə bunlar hansı saxtakarlığa əl atdılar? Onlar Avraam adlı birisini katolikos elan etdilər. Beləcə qriqorian kilsəsi özünə qədər olan irsi mənimsəməyə başladı. Azərbaycan ərazisində ən qədim kilsələrdən biri Kiş kilsəsidir. Musa Kalankatuklunun “Alban tarixi” əsəri kimi ciddi mənbə ilə tanış olduqda, onun Kiş kilsəsini “regiondakı kilsələrin anası” adlandırdığını görürük. Xüsusi olaraq da vurğulayır ki, Kiş kilsəsi olanda ermənilərdə kilsə tikintisi olmyıb. 1864, 1930-cu illərdə bu kilsə bərpa edilərkən, əsas bərpaçılar ermənilər olub. O vaxta kimi bu kilsənin Yelisey kilsəsi olması, alban Stefan tərəfindən tikilməsi haqqında yazılar olub. Bərpa zamanı bu yazıları siliblər, amma həmin yazıların olduğu şəkillər dövrümüzə qədər gəlib çatıb. Tarixi tamamilə məhv etmək mümkün deyil. Ərəb istilası zamanı ermənilər xəlifəyə məktublar yazaraq albanların Bizansla yaxınlığını qeyd edirdilər və nəticədə VIII əsrin əvvəllərində alban kilsəsinin erməni kilsəsinə tabe etdirilməsinə nail olmuşdular. Bu proses zamanı alban ədəbiyyatı erməni dilinə tərcümə edildikdən sonra məhv edilirdi. Elə bu səbəbdən də VIII-X əsrlərə dair mənbələr bizə erməni dilində gəlib çatıb. Beləliklə alban etnosunun erməniləşməsi prosesi gedirdi. İndi Dağlıq Qarabağ erməniləri deyilən albanlar erməniləşdi və onlar bu irsə yiyələndilər. Şübhəsiz ki, Çar Rusiyası dövründə bu proses daha geniş vüsət aldı və buna şərait də yaradılırdı. İşğal altındakı ərazilərimizdəki abidələrə əlimiz çatmadığından, təmir adı altında onlara da ermənilər tərəfindən “əl gəzdirilir”.
Fuad Babayev: Akademik elm də bu saxtakarlığa meyillənib, yoxsa orada hələ qoruya bildiyimiz bastionlar var?
Nahid Məmmədov: Düzü, konkret mənbələrdə buna rast gəlməmişəm, amma alban tarixini araşdıran mənbələrdə bu məbədlərin albanlara məxsusluğu qeyd edilir. Rusdilli, ingilisdilli mənbələr bunu vurğulasa da, ikili yanaşma mövcuddur. Məsələyə din birliyi ilə yanaşılır, ikili standartlarda alban klsələrinin qriqorian katolikosluğuna tabe olan kilsələr olması qeyd olunub. Ciddi mənbələrin içində də siyasi spekulyasiyalar üzərində qurulanlar var. Ermənilərin istinad etdikləri mənbələr də xristianlıq həmrəyliyini, qriqorian kilsəsinin bölgədə hegemon rolunu təcəssüm etdirir. Digər mənbələrdə biz oxuyuruq ki, alban kilsələri Qafqazın ilk kilsələridir. Kiş məbədi Qafqazda xristianlığın yayılma arealının başlanğıcıdır. Xristianlıq Qafqazda bu nöqtədən yayılmağa başlayıb.
Fuad Babayev: Və ermənilərin iştirakı olmadan…
Nahid Məmmədov: IV əsrdə Qüdsdən təyin edilmiş din xadiminin Qarabağa getməsi və orada Amaras məbədini tikdirməsindən sonra ermənilər xristianlıqla tanış olmağa başlayıblar.
Aqil Şahmuradov: Mən Yeremyanın bir fikrini diqqətinizə çatdırmaq istəyirəm. O qeyd edir ki, “xristian bayrağı ilə silahlanaraq erməni kilsəsi tarixi Albaniyanın və onun ayrılmaz hissəsi olan Qarabağın (Arsaxın) dinlərini məhv edib. Bir vaxtlar tarixi vəziyyətə məharətlə uyğunlaşaraq Bizans imperiyasına, Sasanilərə, ərəb xəlifələrinə və monqollara xidmət etdiyi kimi, Səfəvilərə və Rusiya imperiyasına da xidmət edib”. Göründüyü kimi, erməni aliminin özü də etiraf edir ki, alban kilsəsinin ləğv edilməsində erməni kilsəsinin müstəsna rolu olub. Ermənilərin saxtakarlıqları ilə bağlı Dyakonovun və digərlərinin əsərlərində də ciddi dəlillər var. Alban kilsə memarlığı, bazilikaların tikilməsi və erməni kilsə memarlığı bir-birindən kifayət qədər fərqlənir.
Gündüz Nəsibov: Kilsələrin xarici görünüşündən belə bir təəssürat yaranır ki, ermənilər alban memarlığını xeyli dərəcədə təkrarlayıblar. Erməni kilsələri alban kilsələrinə çox oxşayır.
Aqil Şahmuradov: Təmir zamanı ermənilər çox saxtakarlıqlar ediblər.
Fuad Babayev: Bakıdakı erməni kilsəsi də Kiş məbədinı çox bənzədilib.
Nahid Məmmədov: Memarlıq eyni zamanda məhəlli məsələdir. İrəvandakı tarixi abidələrin Azərbaycandakılarla uyğunluğunu görə bilərik. Amma daxili mozaikada milli xüsusiyyətlət mütləq özünü biruzə verirdi. Alban və qriqorian kilsəsi zahirən bir-birinə bənzəsə də, daxili ayinlər, inanc sistemi tamamilə fərqli idi. Məbədlərin, hasarların divarını oyub, daş kitabələrin sonradan oraya yerləşdirilməsi gözlə görüləcək saxtakarlıqdır. Görünür ki, bu sonrakı dövrdə yazılıb və divara həkk edilib. Heç bir qədimliyi yoxdur. Amma zahiri görünüşün oxşarlığı mümkündür. Həm də onlar tikilərkən əsas etibarilə qotik memarlıqdan istifadə olunub. Lakin inanc baxımından monofizit və ya diafizit olmaları onları bir-birindən kəskin fərqləndirir. Elə bundan da istifadə edərək ermənilər ərəb xəlifəsinə müraciət edərək, Albaniyanın Bizansa yaxınlaşa və onlar üçün təhlükə mənbəyi ola biləcəyini söyləməklə, xəlifənin alban kilsəsini erməni-qriqorian kilsəsinə tabe etdirməsinə nail olmuşdular.
Aqil Şahmuradov: Hətta xəlifənin məktubunda ermənilərə alban kilsəsini öz sistemlərinə uyğunlaşdırmaq əmr olunurdu. Bu bir daha alban kilsəsinin fərqli olmasını sübut edən amildir. Memarlıq məsələsi ilə bağlı bir faktı xatırladım ki, ilkin kilsə binaları sonradan bir neçə dəfə yenidənqurmaya məruz qalmışdı. Kiş kilsəsi IV əsrdə tikilib, 1244-cü ildə isə yenidən quruldu. Deməli, IV əsrdə tikilmiş bazilika təqribən min il sonra yenidən qurulub. Beləcə bazilika kimi tikilən kilsələr günbəzli kilsələrə çevrildi.
Nahid Məmmədov: Kiş məbədinin dəfələrlə yenidən qurulduğu haqqında qeydlər var. Həmin kilsə bizə olduğu kimi gəlib çatmayıb. Bu, bir neçə dəfə təmir olunub və indiki formaya düşüb. Hərçənd ilkin formasını qoruyub saxladığı qeyd olunur, amma məlum deyil, bu, nə qədər həqiqətə uyğundur.
Gündüz Nəsibov: Səhv etmirəmsə, Qaxdakı Kürmük məbədi daha qədimdir.
Nahid Məmmədov: Kürmük məbədi də görünüşcə digərlərinə oxşardır. Təkrar edirəm, bunlar yerli memarlıq nümunələridir və oxşarlıq ola bilər. Xristianlığın ilk dövrlərində məbəd mədəniyyəti formalaşmamışdı. O dövrlərdə ola bilsin ki, məbəd kimi hansısa kiçik hücrələr tikilirmiş. XVII-XVIII əsrlərdən etibarən kilsələr üçün daha böyük binalar tikilməyə başlayıb. Amaras və Gəncəsarı araşdırdıqda məlum olur ki, bu binalar son əsrlərdə inşa olunub. Amma əlbəttə ki, onların tikildikləri yerlərdə hansısa məbədlər olub. İndiki məbədlər onların yerlərində tikilib.
Fuad Babayev: Masanın üstündəki kitablar (A.Şahmuradov “Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)”; N.Məmmədov “İşğal altındakı tarixi-dini abidələrimiz” – red.) sizin tədqiqatlarınızdır. Bu saxtakarlıqların qarşısını almaq üçün daha nələri etmək lazımdır?
Nahid Məmmədov: Biz ilk növbədə daxili auditoriyaya yönəlik siyasətdən əl çəkib, beynəlxalq auditoriyaya çıxmalıyıq. Bizim işğal edilmiş ərazilərə getmək, oradakı mənbələrə istinad etmək imkanımız olmayıb. Elə bu masanın üstündəki kitabı da əlimiz çatan mənbələrə istinadla ərsəyə gətirmişik. Bu kitabın yazılmasında məqsəd erməni vandalizminin nəticələrini dünyaya nümayiş etdirməkdir. Dünya isə Azərbaycan dilini başa düşmür. Ona görə də bu kitabı ingilis, rus, fars və s. dillərə tərcümə etdik. Əsas hədəfimiz onu internet üzərindən yaymaqdır. Biz hətta tədqiqat aparan insanlara da mənbələri özümüz göstərməyi bacarmalıyıq. Mənbə təqdim etmiriksə, ciddi tədqiqatçı hansı mənbəyə istinad edə bilər? Hətta alternativ tədqiqat işləri ortaya qoymalıyıq ki, normal tədqiqatçı təsir altında olsa da, ikili standartlara əsaslansa da, qarşı tərəfin mənbəsinə istinad edə bilsin. Bu yolla tədqiqatçıları birtərəfli yanaşmadan qurtara bilərik. Təəssüflər olsun ki, ermənilər bu işlərlə onilliklər boyu məşğul olduğu halda, biz bu qədər gec qalmışıq.
Fuad Babayev: Dəfələrlə şahidi olmuşam ki, bizim həqiqətlərimizdən əcnəbi müəllif yazanda ona münasibət daha fərqli olur. Aydın məsələdir ki, həmin müəllif bizim yerli tədqiqatçı qədər mövzunu bilməyə bilər. Amma sizə elə gəlmirmi ki, kitablarınızın müəllifi əcnəbi soyadlı birisi olsaydı, xarici auditoriyanın etibarlılığı daha çox olardı?
Nahid Məmmədov: Dünya miqyasında tanınan tədqiqatçının imzası kitabın daha çox yayılmasında rol oynaya bilər. Təəssüf ki, dünya bunu da çox vaxt həmin müəllifin “ələ alınması” kimi qəbul edir.
Fuad Babayev: Amma ermənilər bundan illər boyudur ki, istifadə edirlər və effektini də görürlər.
Nahid Məmmədov: Əfsuslar olsun ki, ermənilər lap çoxdan bu işlə məşğul olurlar və indi həmin “tədqiqat”ların özləri istinad olunan mənbəyə çevrilib. Biz Musa Kalankatuklunun “Alban tarixi” əsərini müxtəlif dillərə çevirib yaymalıyıq. Orada erməni katolikosu İliyanın məkrli niyyəti açıq göstərilib. Bunu təqdim etsək, müəyyən qədər nailiyyət əldə edə bilərik. Amma Sizin qeyd etdiyiniz üsuldan da istifadə etməliyik.
Fuad Babayev: Aqil müəllim kitabında bilavasitə xarici mənbələrə istitinad edib.
Aqil Şahmuradov: Əsas məsələ faktın ortaya qoyulmasıdır. Erməni saxtakarlığı yalnız alban kilsələrinə qarşı deyil. Hətta məscidin də kilsəyə çevrilməsi halı var. 1828-ci ildə İrəvan ruslar tərəfindən işğal ediləndə, Zəngi çayı üzərindəki məscidlərdən biri pravoslav kilsəsinə çevrilib. Ruslara xoş gəlməsi üçün məscidin kilsəyə çevrilməsində ermənilər böyük rol oynayıblar. O ki, qaldı müəllif məsələsinə, bəzən biz dünya ilə danışa bilməmək bacarıqsızlığımızı, tənbəlliyimizi müəyyən bəhanələrlə ört-basdır edirik. Ermənilərin saxtakarlıqları haqqında yazıların da çoxunun müəllifi elə ermənilərdir. Dyakonovun əsəri elə bizim söykənə biləcəyimiz, tarixi həqiqəti əks etdirən əsərlərdir. Amma heç Azərbaycan dilinə tərcümə edilməyib. Fransız Jorj de Malevilin, Arakelovun, Pompeyevin, Yuri Kuznetsovun əsərləri də bizim mövqeyimizə uyğundur. Yuri Kuznetsov ilk dəfə olaraq erməni kilsəsinin terrorla məşğul olduğunu faktlarla sübut edib. Tarixi həqiqətləri yazan yetərincə ingilis və fransız müəlliflər var. Sadəcə bizim özümüz onları tanımırıq.
Hazırladı: Gündüz Nəsibov, 1905.az