“KarnegiKlub”un rəhbəri Nəcəf Allahverdiyev və fəal ictimaiyyətçi, iş adamı Babək Qoca ilə məktəblilərin psixoloji durumunu müzakirə etdik.
Fuad Babayev: Məktəblərimizdəki psixoloqlar qanunlar və mental dəyərlər çərçivəsində necə olmalıdırlar, hansı tələblərə cavab verməlidirlər?
Nəcəf Allahverdiyev: Elina hadisəsi cəmiyyəti bir növ silkələdi, amma digər tərəfdən nəzərə almaq lazımdır ki, bu heç də birinci hadisə deyildi və təəssüflər olsun ki, sonuncu hadisə olmayacaq. Hərçənd sonuncu olmasını istəyərdik. Hadisənin KİV və sosial şəbəkələrdə əksini tapması ilə bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm. Bir yandan baş vermiş hadisələrin işıqlandırılması yaxşıdır, çünki kölgədə qalan problemə işıq salır və orda bir çox məsələlər üzə çıxmış olur. Digər tərəfdən bu proseslərin geniş, detallı işıqlandırılması bir neçə sosial xəstəliklərin yoluxucu xəstəlik kimi yayılmasına səbəb olur. Psixoloqların qənaətinə görə, boşanma və intihar kimi sosial problemlərin yoluxuculuğu var. Sosial şəbəkələrdə yayılan bir intihardan sonra mütləq təkrarlanmalar olur. Yeri gəlmişkən intiharlar iki növ olur; məqsədi intihar etmək olan və problemlərinə diqqət çəkmək istəyən. İntihar hallarını çox şişirdəndə, psixologiyası zəif insanlar, intihar etmək üçün səbəbi olan, lakin tərəddüd edənlər qərarlarında qətiləşə bilirlər. Yəni, intihar məsələlərin sosial şəbəkələrdə yayılması fenomeni digər intiharların da önünü aça bilər. Ona görə də məktəb psixoloqları daha həssas olmalıdırlar. Nəzərə alsaq ki, intiharların bir hissəsi də imtahanlarda müvəffəq ola bilməyən şagirlər arasında olur, o zaman məktəb psixoloqunun üzərinə bir neçə məsuliyyətlər düşür. Bir neçə amil insanı intihara aparır: biri genetikadır, ikinci ailə faktorudur və bu çox önəmlidir. Xüsusilə, boşanmalar uşaqlara çox pis təsir edir. Ümumiyyətlə, uşağın tərbiyəsində ailə məsələsi çox önəmli faktordur, onun təsirini azaltmaq olmaz və hər şeyi də məktəb psixoloqunun üstünə atmaq olmaz. İnsana təsir edən növbəti amil mühitdir. Buna məktəb, bağça, universitet, ətraf qonşular, dostlar, iş yerləri aiddir. 20 il öncə şagirdin marşrutu məktəb – ev istiqamətində idi. Bura hansısa idman və ya dərnək marşrutunu da əlavə etmək olardı. İndi isə marşrut belədir ev-məktəb-yeni çıxmış sosial şəbəkələr. Bu sosial şəbəkələr müəyyən yaş dövründə psixoloq rolunu oynayır. Bütün bunların müqabilində məktəb psixoloqu köhnə biliklərlə qalmalı deyil, uşaqların dünyagörüşünü anlamalıdır. Əvvəl universitetlər biliklərin hamısını 4 ildə çatdırırdılar. İndi isə bunu çatdırmaq olmur. Universitet klassik psixologiyanı verir, amma yeni araşdırmalar: məsələn, instaqramda neçə faiz oğlan, neçə faiz qız olduğunu, müzakirə edilən mövzuları, facebook-un hansı yaş dövrünü əhatə etdiyi haqda məlumatları vermir. Bu tədqiqatlar yeni aparılır, amma bu haqda informasiyaların kasadlığı o demək deyil ki, sosial şəbəkələrin uşaq psixologiyasına təsiri yoxdur. Bu gün psixoloq klassik elmi bilgilərlə yanaşı bunları da bilməlidir. Məsələn, bilməlidir ki, uşaqlar 3-6 sinfə qədər gizli sosial şəbəkə olan youtube -dadırlar. Hansı ki, biz bu fenomenə sosial şəbəkə kimi baxmırıq. Onların əksəriyyəti istəyir ki, bir kanalı olsun, kanalın izləyiciləri olsun. İkinci oyunlardadırlar, hansı ki, onlar da sosial şəbəkə formasını alıb. Çünki indiki oyunların hamısı onlayndır və orada digər oyunçularla söhbət etmək olur. Belə oyunlarda olan uşaqlar digər ölkələrdən olan həmyaşıdlarından arzuolunmayan xüsusiyyətlər də öyrənə bilərlər. Daha yuxarı yaşdakılar təbii ki, instaqramda, facebookdadılar.
Biz Karneqi Klub olaraq uşaqlara təlim keçəndə çox maraqlı məsələlərlə üzləşmişəm. Məsələn, bu gün valideynlər arasında sorğu aparsaq, onların ən çox 50 faizi “Mavi balina” oyunundan xəbərdardır. Amma 13-14 yaş kateqoriyasında olan uşaqların hamısı bu oyun haqqında məlumatlıdır. Üstəlik uşaqlara təlim keçəndə məlum oldu ki, internetin qanunlar olmayan deep veb səhifəsi də var, hansı ki, yeniyetmələr üçün çox maraq doğurur.
Babək Qoca: Təhsil Nazirliyi məktəblərdə psixoloq ştatını yaratdı, amma onun icrasına və effektli işləməsinə nəzarət mexanizmini məncə yoxdur. Bu gün nəticə də göz qarşısındadır. Təbii ki, işini bilən peşəkar psixoloqlar var, yəqin ki, müvəffəqiyyət qazananlar da az deyil. Yaxın bir neçə ildə insanlar arasında münasibətlərdə problemlərin dərinləşəcəyini görmək çətin deyil . Məktəb gənc nəsilin doğru yola istiqamətlənməsinin ən mühüm yardımçısıdır. Valideyn işə gedəndə övladını məktəbə əmanət edir. O rahat olmalıdır ki, məktəbdə psixoloq valideynin çatdırıb edə bilmədiyini etsin. Psixoloq valideynin təcrübəsiz olduğu məqamlarda həm də ona kömək etməlidir. Əgər bir uşaq özünü məhv edirsə, bu bir nəslin itirilməsi deməkdir. Problem kökündən araşdırılmalıdır. Müvəqqəti qəbul edilən qərarlarla məsələni həll etmək mümkün deyil. Bu gün şagirdlərin, müəllimlərin psixoloji durumu Azərbaycan psixoloqlarını narahat etməli və problemdən çıxış yolu axtarılmalıdır.
Fuad Babayev: Məktəbə hərəsi bir ailəni təmsil edən 1000 uşaq gəlir. Təbii ki, bunların arasında uğursuz ailələr də yox deyil. Rəsmi rəqəmlər də problemli ailələrin artdığını göstərir. Belə olan təqdirdə psixoloq fiziki olaraq çatdıra bilərmi? 3000 şagirdin təhsil aldığı məktəblər var. Bütün sorumluluğun psixoloqa yüklənməsi nə dərəcədə məntiqlidir və dünyada bu proses necə tənzimlənib?
Babək Qoca: Biz şagird olan zaman məktəbdə komsomol, pioner, oktyabryat kimi ictimai aktivlik vardı. Psixoloq yox idi, amma məktəblinin özünü reallaşdırma imkanı vardı. Bu şagird psixologiyasına müsbət təsir edirdi, yəni, özümüzü lazımlı hesab edirdik. Bu gün isə belə ictimai aktivlik yoxdur. Ona görə də məktəb psixoloqlarının işlər konkretləşdirilməlidir. Əslində psixoloqun səlahiyyəti böyükdür. Psixoloq istənilən dərsdə otura bilər, dərsə müdaxilə edə bilər, istənilən zaman şagirdi, müəllimi və valideyni çağırıb onunla fərdi söhbət edə bilər. Psixoloq şagirdin psixoloji durumunu dəqiq öyrənməkdən ötrü testlər keçirməlidir, müzakirələr aparmalı, müdirin qarşısında problemli məsələləri qaldırmalıdır. Məktəblərdə bu gün peşəkar psixoloqların fəaliyyəti çox vacibdir. Əks halda uşaqlar aldıqları psixoloji zədə çox zaman həll edilmədən qalır.
Cəmiyyətin təməl nöqtəsi ailədir, biz isə bu gün ailənin dağılmasına sıradan bir hadisə kimi baxırıq. Sözsüz ki, bu cəmiyyətdə psixoloji sarsıntılara gətirəcək. Təbii ki, cəmiyyətdə fərqli baxışlar çoxdur, amma nə olduğu bəlli olmayan bir xaos var ortada. Hətta bunu ölkənin maşınların xaotik hərək etdiyi avtomobil yollarından da görmək olar. Məsələn, Qurani Kərimdə Allah insanlardan qohum və qonşuluq əlaqələrini saxlamağı buyurur. Demək ki, o əlaqənin işlək qalması cəmiyyətin canlı qalması deməkdir. Təbii ki, məsuliyyətin bütün gücü ilə psixoloqun üzərinə düşməsi həmin kadrın itirilməsi deməkdir. Yəni, kimsə o vəzifədə işləmək istəməyəcək. Bu isə daha böyük təlatüm deməkdir. Bu gün dostluq münasibətləri zəifdir, ailələr bir birləri ilə görüşmürlər. Bu gün cəmiyyətin özünün psixoloqa ehtiyacı var.
Nəcəf Allahverdiyev: Şagirdə görə məktəb direktorunun, psixoloqun, müəllim və sinif rəhbərinin məsuliyyəti var. Amma təsəvvür edin ki, baş verən hadisə məktəbdən qaynaqlanmır. Bu zaman məsuliyyətin yenə də məktəbin üzərinə düşməsi düzgün deyil. Məktəbdə 3000 uşaq varsa, psixoloq nə qədər peşəkar olsa belə fiziki cəhətdən onların hər birinə ayrılıqda zaman çatdıra bilməz. Elina olayından sonra məktəb rəhbərlikləri, psixoloq və müəllim heyəti üçün xüsusilə çətin olacaq. Yəni, məsuliyyətin böyüklüyünü və maddi qazancı birlikdə götürsək, məktəblərdə psixoloq kimi çalışmaq istəyənlərin sayında kəskin azalma baş verəcək. Gələk cəmiyyətdəki problemin kökünə; renesansdan sonra cəmiyyətdəki proseslər insanın İQ üzərində cərəyan etməyə başladı. Yəni, müxtəlif məktəblər əsas hədəf kimi insan biliyinin artırılmasını götürdü. Sanki daha çox bilgi almaq uğrunda yarışma başladı. İnsanlar da bu sahədə xeyli irəliləyiş əldə etdilər; atomu parçaladılar, hidrogen bombası düzəltdilər, interneti yaratdılar. Nəticədə insanlar İQ sahəsində yüksək inkişafa çatdılar. Hazırda dünya psixoloqlarının həyəcan təbili çaldığı unudulan emosional intellekt yaddan çıxdı. Bir emosional deyim var: “Ürəyi və qəlbi elmlə doldurmaq mümkün deyil”. Bu boşluq sovet vaxtı pioner, komsomol hərəkatı ilə doldurulurdu. Hazırda cəmiyyətdə olan mənəvi boşluğu doldurmaq üçün heç nə təklif edilmir. Ona görə, həmin müqəddəs yer dodurulur müxtəlif oyunlarla, məsələn, “mavi balina” ilə. İQ inkişafı insanlara xoşbəxtlik gətirmədi. Ən yaxşı məktəblər olan yerlərdə intihar halları var. Elm yaxşıdır, amma yanında mənəviyyat olmalıdır.
Elina hadisəsinin ziyanlı tərəfi o olacaq ki, məktəb heyəti artıq davranışca problemli şagirdlərə söz deməyə çəkinəcək. Sonuc isə uşağın özü üçün təəssüfləndirici ola bilər. Məsələn, indi uşaqlar youtube kimi sosial şəbəkədə hər şeyi paylaşdıqlarına görə, müəllim uşaqlarla çox ehtiyatla davranır. Yəni, dərsə barmaqarası baxan şagirdə müəllim heç nə demək istəmir və bu şəraitdən sui-istifadə edən şagirdlərin sayı da çoxalır. Uşaqlar həm də psixoloqdur. Məsələn, 3-4 aylıq uşaq kimin yanında qışqıranda istədiyini alacağını müəyyənləşdirə bilirsə, yeniyetmələr bu sahədə xüsusilə mahirdirlər. Bu super psixoloqlar bilirlər ki, müəllimlərlə necə manipulyasiya etmək olar. Məlum olaydan sonra belə manipulyativ hallar daha da artacaq. Bu ən qorxulu vəziyyətdir. Bundan əlavə, bəzi yazıçılar intiharı qəhrəmanlıq kimi təqdim edirlər, bu olmaz! Ümumiyyətlə, cəmiyyətə çatdırılmalıdır ki, həyatdan getmək qurtuluş deyil. İstər ateist nöqteyi nəzərdən; yəni sənin yaşayıb yaratmağa şansın vardı, amma bu bitdi. İkincisi, dini nöqteyi nəzərdən. Cəmiyyətin kifayət qədər kəsimi dini qəbul edir və anlamalıdırlar ki, intihar əbədi əzabdır. Yəni, cəmiyyətdə olan mənəvi boşluq – vakuum götürülməlidir.
Valideyn övladı ilə dost olmalıdır. Bizdə uşaq 3 yaşına çatandan sonra gözə görünməyən bir yarışma başlayır və valideyn fikirləşir ki, uşaq dil də bilməlidir, rəqsə də getməlidir. Sanki özünün çata bilmədiklərinə övladının çatmasını istəyir. Bu yarışmada isə uşağın psixologiyası dözmür. Yəni, uşaq psixologiyası normalda 7 yaşınadək məcburi şəkildə elm almalı deyil. Ona görə dünyanın əksər ölkələrində tədris yeddi yaşdan sonra başlayır, 4 yaşdan isə bağçaya gedir. Kiçik yaşlarından uşağın psixikası elmlə dolur, doyma baş verir, ondan sonra dərsə baxanda “iyrənir”. Məsələn, Sovet vaxtı da var idi bu burum; dördüncü sinifə kimi hamı əla oxuyurdu, sonradan dərs yükü artandan sonra qiymətlər aşağı düşür. Yəni, bu tədrisdə olan kompleks problemdir.
Ülviyyə Tahirqızı: Azərbaycan mentlitetində uşağın əvəzinə valideynin düşünməsi kimi bir ənənə var. Valideyn övladının əvəzinə düşünür və qərar verir ki, o, harda təhsil alacaq, hansı peşəni seçəcək, kiminlə ailə quracaq, harada işləyəcək, üzləşdiyi həyat situasiyalarında hansı addımı atacaq. Hətta 40 yaşında insanın əvəzinə valideyninin fikirləşməsi faktının olduğu cəmiyyətdə mentalitet adı altında valedeynlərin övladlarına etdiyi basqını durdurmaq üçün nə təklif edərdiniz?
Nəcəf Allahverdiyev: Din və mentalitet eyni anlam deyil. Azərbaycan gender balansındakı duruma görə Çinlə eyni yeri bölüşür. Yəni, oğlanların sayı süni şəkildə qızlara nisbətdə artırılıb. Azərbaycanda oğlan övladlarının sayı qız övladlarından çoxdur və bu süni şəkildə yaradılmış problemdir. Biz Elina olayında bir qızcığazın intiharından danışırıqsa, nəzərə almaq lazımdır ki, hər gün Azərbaycanda yüzlərlə qızcığazı məhz qız olduğuna görə məhv edirlər. Maraqlısı odur ki, diri-diri və vəhşicəsinə məhv edilən qızlara hökmü valideyn özü çıxarır. Biz özümüzü yüksək intellekt sahibi bilirik, yemək zamanı çəngəl və qaşıqdan istifadə edirik, amma öz övladımızı diri-diri öldürürük. Hesab edirəm ki, problemlə bağlı artıq cəmiyyətdə təbil çalmaq lazımdır. Ən dəhşətlisi odur ki, bunu mentalitetlə bağlayırlar və dini çalarlar verirlər. Halbuki dinimizdə qız övladı ruzi bərəkət sayılır, üç qız uşağının atası cənnətlə müjdələnib. Dində hədiyyə alan zaman qıza daha dəyərlisi alınmalıdır şərti qoyulur. Allah qatındakı dəyərini bilmək istəyirsənsə, ailədə olan qadınlara olan münasibətinə bax.
NASA nın maraqlı tədqiqatı var; 1600 nəfər 5-4 yaşlı uşaqlar arasında dahilik elementinin hansı səviyyədə olması ilə bağlı tədqiqat keçirib. Hər bir iştirakçı uşaqda 98 faiz dahilik potensialı aşkarlanıb. Tədqiqatçılar buna inanmayıb və eksperimentin üstündən xətt çəkiblər. Lakin beş ildən sonra həmin vaxt artıq 10 yaşa çatmış uşaqlar üzərində yenidən aparılan tədqiqat dahilik fenomeninin 30 faiz civarında olduğunu göstərib. Həmin uşaqlar 15 yaşa çatdıqda yenə test keçirilir və məlum olur ki, həmin göstərici 12 faizə düşüb. NASA növbəti 5 ili gözləməyib və bu dəfə tədqiqat yetkin yaşa çatmış insanlar arasında aparılıb və adi insanlarda göstəricinin iki faizə düşdüyü müşahidə edilib. Görün cəmiyyət, məktəb, ətraf, insanlar bir insanın potensilaını necə məhv etməyə qadirdir. Biz təlimlərdə bir pritça danışırıq; bir qartal yumurtası təsadüfən düşür toyuq hininə. Toyuq onu da öz yumurtalarına qatır və üzərində oturur. 21 gündən sonra cücələr çıxırlar, o cümlədən də qartal balası. Günlərin birində torpaqda eşələnəndə özünü cücə sayan qartal balası baxır ki, göydə bir qartal pərvaz edir. Daxili genetikası onu narahat edir və qaçır ana saydığı toyuğun yanına ki, “anacan, o nədir göydə pərvaz edir?” Anası da cavab verir ki “bu qartaldır”. Qartal balası bir qədər susur və yenidən soruşur: “anacan, bəs o niyə uçur?” Toyuq cavab verir ki: “onlar uçarlar, biz dənimizi dənləyərik”. Qartal balası bir müddətdən sonra yenə dözmür: “Anacan, mən də qartal kimi uçmaq istəyirəm!” Anası dimdiyi ilə qartal balasının başından vurur: “toyuqsan, get toyuq kimi ol və dənini dənlə!” Qartal balası başını aşağı salır, üstündən bir neçə il keçir, anası, atası, bacı – qardaşları yeyilir. O isə başı aşağıda ömrünü toyuq kimi başa vurur. Yəni pritça əslində NASAnın eksperimentinin nə qədər doğru olduğunu göstərir. Bizim hər birimizin daxilində 98 faiz dahilik elementi var. Yaradan hər birimizi fərqli yaradıb, hər birimiz bir kainatıq. Çox zaman 6 yaşlılar arasında “kim özünü dahi sayır” sorğusu aparanda uşaqlar əlini qaldırırlar. Eyni sorğunu 14 yaşlılar arasında keçirəndə bir nəfər əlini qaldıran kimi digərləri ona gülür. Sizə deyim ki, bullinq elə ordan başlayır. Beləliklə, biz cəmiyyət olaraq, valideyn, məktəb, institut, insanla, ən çox da özümüz özümüzü inandırırıq ki, hansısa işi görmək bizlik deyil. Burda iki ekstrim nöqtə: təfrid və ifrat var. Biz ya təfriddəyik, ya ifratda. Bununla yanaşı uşaqlara sevgidən, məhəbbətdən danışırıq, uşağa heç nə demək olmaz və s. Biz uşağa onun intihar edəcəyi qorxusu ilə heç bir irad tutmuruq, istəyirsə oxusun, istəmirsə, oxumasın və ya istəmədiyi işi görməsin, tənbəllik etsin. Təfridlə ifratın arasında qızıl orta var. Bəli, sevginin həddi yoxdur, amma normadan artıq sevgi göstərmək qudurğanlıq fenomeni yarada bilər. Çox incə nöqtə olduğuna görə, buna çox ehtiyatla yanaşmalıyıq. Bəli, uşağa sevgi həm də odur ki, ona zamanında acıqlanıb dərsi oxumağa məcbur edəsən. Övladını sevməyən valideyn yoxdur, amma onu təzahür etmə problemi var. Yəni uşağa deyəndə ki, “get dərsini oxu”, o, anlamır ki, valideyn onu sevdiyinə və qayğısına qaldığına görə o sözü deyir. Valideyn uşağa öz sevgisini daim göstərməlidir: öpməli, əzizləməlidir. Amma indiyəcən elə valideynlər var ki, atası gələndə qucağındakı uşağı yerə atır.
Ülviyyə Tahirqızı: Uşağı necə danlamaq düzgündür?
Nəcəf Allahverdiyev: Bu yaxınlarda Gəncədə məktəb psixoloqlarına danlamanın üslubları ilə bağlı konfrans keçirdik. Danlamanın 14 üslubu haqqında danışdıq, onun 5 i qərb mədəniyyətinə aiddir, qalanı isə İslam mədəniyyətindən götürülüb. Danlamaq olar, ya olmaz? Danlamasan, inkişaf olmayacaq, amma necə danlamaq lazımdır. Məsələn, qərbdə ən sadə buterbrod üslublu danlamaqdır. Bizdə necədir? Uşaq məktəbdən çıxır və məktəb qapısında onu gözləyən valideynlə dialoq təxminən belə olur:
– “neçə almısan?”
– “riyaziyyatdan 5, ana dilindən 2”
– Bəs Leyla neçə alıb?
– O, 5 alıb
– Burnundan gəlsin sənə verdiklərimiz. Hər şey eləmişik səninçün, nə istəmisən, almışıq. Get maşına, səninlə evdə danışacam.
Evə gedəndə də həyatını uşağın burnundan gətirir. Ondan sonra uşaq oxumaq haqda düşünmür. Təhqirlər bir az da çoxdusa, hətta ali məktəbə qəbul olmama kimi fakt varsa, artıq intihar haqda düşünür. Bəs münasibət necə olmalıdır? Əvvəla valideyn uşağın aldığı qiyməti soruşmalı deyil. Yaxşını görməlidir və uşaqdan gününün necə keçdiyini soruşmalıdır. Yəni, uşağı danlayanda onun şəxsiyyətinə hörməti mütləq nəzərə almaq lazımdır. Yəni, valideyn göstərməlidir ki, mən səni çox sevirəm, amma bu elədiyin yaxşı deyil.
İkinci, şantaj məsələsini qeyd etmək istəyirəm. Bir çox insanlar siqaretin dadına uşaq yaşlarında baxıblar. İndi məktəblərdə belədir, siqaretin dadına baxan kimisə tutduqda (hətta söyüş də qoya bilərlər N.A) foto çəkilir və başlayırlar fotosu çəkilmiş uşağı şantaj etməyə: “İstəyirəm bu şəkli facebookda-da, youtube-da paylaşım”. Təbii ki, şantaj edilən əvvəl yalvarır, şantajçı isə tutalım 20 qəpiyin müqabilində susmağa razılaşır. Artıq onun qazanc mənbəyi olur və bu müxtəlif formalarda davam edir. Şantajçı o uşağı istədiyi kimi manipulyasiya edir və elə vəziyyətə gətirə bilər ki, şantaj olunan şagird ömürlük onun qulu olsun. Yəni, şantaj olunan elə fikirləşir ki, bütün bunlar üzə çıxsa, ailə yaşadığı yerdən köçməlidir. Bu formada şantaj tək yeniyetmə deyil, hər yaşda mümkündür, yəni, ümumi cəmiyyətin problemidir. Təəssüf ki, insan səhv iş görə bilər, qarşı tərəf də bunun şəklini çəkə bilər, xüsusilə indiki zamanda, bu çox rahatdır. Ətrafda çoxalan intihar halları çox halda bununla bağlıdır. Çıxış yolu nədir? Burda ən birinci psixoloq valideyn olmalıdır. O, öncədən hər bir uşağa deyilməli, xəbərdarlıq edilməlidir: “Əvvəla heç bir pis iş görmə. Amma birdən gördün, kimsə aldatdı, qorxma, gəl mənə de. Demirəm ki, səni danlamayacam, amma mən sənə kömək edəcəm”. Bu cür məsləhət böyük yaşda da verilməlidir, yəni insan bilməlidir ki, onun çıxış yolu var.
Fuad Babayev: Tezis formasında götürsək, insanlarımıza nə tövsiyyə etmək olar?
Babək Qoca: Mən tövsiyyədən öncə tələb qoymağın tərəfindəyəm. Təhsil Nazirliyindən, Ailə, Qadın və Uşaq Komitəsinin rəhbərliyinə tələb qoymaq lazımdır ki, işlərini görsünlər. Büdcənin pulunu boşuna xərcləməsinlər. Cəmiyyət öz xəstəliyini fərdi və ictimai baxımdan təsbit etməlidir, cəmiyyətdəki problemin diaqnozu qoyulmalıdır. Önəmlisi odur ki, bizim ailə institutunun yenidən qurulmasına və bərpasına ehtiyac var. Çünki, bu gün darmadağındır.
Fuad Babayev: Bu ailə institutu Norveçdə, Rusiyada, Braziliyada, ABŞ da idealdan uzaqdır. Sizə elə gəlmir ki, biz boşanma statistikasının üzərinə çox gedirik?
Babək Qoca: Bizdə boşanmaya qədər ailə zorakılığı öz miqyasına görə xüsusi diqqət çəkir. Bu zorakılıqların qarşısı alınmalıdır, məktəbdə müəllim şagird münasibətləri analiz olunmalıdır. Çünki məktəblərdə çalışan müəllimlərin əsasən qadınlardan olduğunu nəzərə alsaq, onlarınn evdə qarşılaşdıqları zorakılıq hallarının nəticəsini məktəbə daşımaqlarının ehtimalı çox böyükdür. Biz bir valideyn olaraq mütəxəssislərin təkliflərini dinləməliyik. Bu gün cəmiyyətdəki siqnallar sabah evimizin içinə kimi gəlib çıxa biləcək hadisənin siqnallarıdır. Hər birimizin övladımız var. Onların sabah müstəqil həyatı olacaq. Bu mövzu kompleks tədbirlər görməyi nəzərdə tutur. Və KİV də mövzunu daim diqqətdə saxlamalıdır.
Nəcəf Allahverdiyev: Bir həkim kimi ilk növbədə dəqiq diaqnozun qoyulmasının tərəfdarıyam. Üç növ müalicə var; simptomatik, tutalım, əgər qızdırma varsa, bu simptomdur. Xəstəliyin səbəbini tapmaqdan öncə ilk növbədə hərarəti aşağı salmaq lazımdır. İkinci generativ müalicədir, yəni xəstəliyin səbəbini tapmalıyıq. Üçüncü müalicə isə profilaktik müalicədir. Azərbaycanda media gündəmlə yaşayır. Məsələn, “Diqlas” yandı, müzakirə olundu, sonradan Parisdə kilsə yandı və gündəmə çevrildi. Hadisə böyük olduqca bir o qədər uzun müddət müzakirə edilir və sonradan unudulur. İntihar məsələsində isə xüsusilə diqqətli olmalıyıq. Bu mövzunu gündəmdə saxlamaq təhlükəlidir. Çünki, mövzu gündəmdə qaldıqca, adiləşəcək, keçiriciliyə gətirib çıxaracaq, üstəlik intihar edəndən qəhrəman obrazı yaradılacaq. Bir uşaq intihar elədi, internetdə bu barədə xəbər getdi, bu barədə oxuyan 100 uşağın 3-ü bu barədə fikirləşəcək. Biz bunu böyüdüb qəhrəman səviyyəsinə çatdıranda isə bu barədə fikirləşənlərin sayı 15 nəfərə çatacaq. Çünki, hamı qəhrəman olmaq istəyir. Təbii ki, səbəbləri aşkarlamalıyıq. Çünki, yeniyetmələr arasında problemlər ayrı ölkələrdə də var, bəs onlarda niyə intihar halları yoxdur.
Biz ABŞ və Avropa cəmiyyətlərini eyniləşdiririk, amma ABŞ da ailə institutu Avropadakından fərqli olaraq daha konservativdir. Avropanın özündə də ailə münasibətlərinin qorunub saxlanması üçün çalışırlar. Uşaq tərbiyəsində də təxminən belə yanaşılır; “qızını döyməyən dizini döyər” və ya “ay qız, get otur yerində”. Həmin qıza sabahısı gün internetdə biri “can və mərcan” deyəndə elə anlayacaq ki, ona daha çox inanmalıdır. Və yaxud həddən artıq azadlıq da uşağı ifrata gətirə bilər. Qızıl orta tapılmalıdır. Məsələn, biz Karneqi Klub olaraq valideynlər üçün ödənişsiz olaraq uşaq tərbiyəsi ilə bağlı seminar keçmişik. Üstəlik direktorlara məktəblərdə müəllim və şagird münasibətləri ilə bağlı ödənişsiz master klass keçirilməsini təklif etmişik.
Hazırladı: Ülviyyə Tahirqızı, 1905.az