Birinci söhbət
Qonaqlarımız – Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və AZƏRTAC-ın müxbiri Vüqar Əliyev ilə parlament seçkilərinin mediada işıqlandırılmasını müzakirə etdik.
Fuad Babayev: Bizim media parlament seçkiləri ilə necə təmasdadır? Təbliğat və təşviqat kampaniyasının qızmar vaxtında mediamızın güzgüsündə növbədənkənar parlament seçkilərinə hazırlıq adekvat görünürmü? Yoxsa ənənəvi medianı sosial media üstələyir?
Yadigar Məmmədli: İlk növbədə medianı çeşidləmək lazımdır. Ənənəvi mediadan söhbət gedirsə, deyərdim ki, bizim istəklərimiz səviyyəsində deyil. Mən özüm qəzetləri alıb baxıram və deyə bilərəm ki, sosial şəbəkələrdə olan ajiotajın yarısı belə, bu qəzetlərdə yoxdur. Bu da bəlkə onunla əlaqədardır ki, bu qəzetlərdə daha çox rəsmi məlumatlar öz əksini tapır. Amma sosial şəbəkələrdə hər şey var və məncə, insanlar məlumatı daha çox oradan alırlar. Əslində bu, böyük problemdir, baxmayaraq ki, onlayn mediamız var, amma ciddi xəbərləri də sosial şəbəkələrdən alırıq və xəbəri dəqiqləşdirmək üçün rəsmi saytlara üz tuturuq.
Əsl media mizan tərəzidir, yəni orada xəbərlərin nə dərəcədə həqiqət olub olmadığı üzə çıxır. Hələ ki, media bu missiyanı öz əlində saxlayıb. Çox yaxşı, amma fakt odur ki, insanlar ilk informasiyanı mediadan deyil, sosial şəbəkələrdən alırlar.
Fuad Babayev: Bu isə, seçki öncəsi daha qabarıq formada görsənir.
Yadigar Məmmədli: Amma bu, yalnız Azərbaycanın problemi deyil. Sosial şəbəkələr həyatımıza qəti şəkildə daxil olub. Məsələn, hal-hazırda “Twitter” daha etibarlı mənbə hesab olunur. Bir çox ölkənin rəhbəri də bu şəbəkədən istifadə edir.
Fuad Babayev: Bəli, Donald Tramp hər gün “Twitter”-də olur.
Yadigar Məmmədli: Hətta Ağ Evin əməkdaşları Donald Trampın “Twitter”-də yazdığı tvitlərdən sonra xəbərlərdən, rəsmi məlumatlardan hamı ilə eyni vaxtda xəbər tutur. Yaxud, Rəcəb Tayyip Ərdoğan özü də bir çox məsələləri “Twitter” üzərindən bəyanlayır. “Transfer” artıq sosial şəbəkələrin xeyrinə dəyişməkdə davam edir və biz də onu getdikcə daha çox informasiya mənbəyi kimi qəbul edirik.
Fuad Babayev: Vüqar müəllim, Siz nə düşünürsünüz?
Vüqar Əliyev: AZƏRTAC Seçki məcəlləsinin qanunları çərçivəsində fəaliyyət göstərir. Qanun isə namizədlərin AZƏRTAC-da iştirakına imkan vermir. Yəni seçki ilə bağlı materialları: MSK-nın iclaslarını, seminarlarını və digər rəsmi məlumatları dərc edirik. Sadəcə olaraq, agentliyin seçki prosesində daha aktiv fəaliyyətinə qanunla imkan verilmir.
Yadigar Məmmədli: Yəni bir namizəd kimi mənim orada adımın hətta, hallanması belə, reklam sayılır. Amma orada reklam vermək olmaz. KİV-də reklam verilməsi haqqında şərtlər var. Müqavilə bağlayırsan və səni reklam edirlər.
Fuad Babayev: Bəs əgər bu adam deputatlığa namizəddir və tutaq ki. politoloq kimi hər hansı bir hadisəni şərh edib, namizədliyindən bir kəlmə də danışmayıbsa?
Vüqar Əliyev: Deputatlığa namizəddirsə, o zaman ona Azərbaycanın iqtisadiyyatı, yaxud beynəlxalq siyasəti ilə bağlı bir ekspert kimi seçkilər başa çatana qədər müraciət edə bilmirik. Biz bir dövlət agentliyi olaraq məsələyə bitərəf yanaşmalıyıq. Həmin adamın iştirakı sırf təbliğatı deməkdir.
Hazırkı dövrdə nəinki ənənəvi mətbuatın: qəzet, jurnal, televiziyaların, eyni zamanda onlayn medianın da qızğın fəaliyyəti müşahidə olunmur. Səbəb də maliyyə ilə bağlıdır.
Fuad Babayev: Televiziyalarda da çox yüksək rəqəm ödəməlisən.
Vüqar Əliyev: Namizədlərin əksəriyyətinin ya pulu yoxdur, ya da vermək istəmir. Belə olan halda, təbliğat və təşviqat prosesini sosial şəbəkələrdə aparırlar. Ona görə də, seçkiqabağı prosesləri əvvəlki dövrlərlə müqayisədə mətbuatda daha az görürük.
Fuad Babayev: TV-də təbliğat üçün az qala astronomik məbləğlər ödəmək məsələsi necə tənzimlənir?
Vüqar Əliyev: Mərkəzi Seçki Komissiyası bu işlərə qarışmır. Bu, İctimai Televiziya və digər kanalların öz şəxsi biznesidir. Mən MSK-nın iclaslarında tez-tez iştirak edirəm. Orada dəfələrlə namizədlərin vəkilləri iradlarını səslənib və MSK sədri də cavabında bildirib ki, MSK heç bir televiziya və digər media qurumları ilə bağlı qiymət müəyyənləşdirmir.
Yadigar Məmmədli: MSK-nın özəl qurumlara hər hansı qiymət qoymaq səlahiyyəti yoxdur. İctimai Televiziya da qiyməti özü müəyyən edir. Amma məsələ nədədir? Bu rəqəmləri haradan götürürlər? Bu, sırf reklamdır. Reklam isə reklam verən ilə media qurumu arasında olan məsələdir. Amma qarşımızda belə bir mənzərə var: heç kim reklam vermir. Nəyə görə? Məbləğ çox yüksəkdir. Yüksək qiymət siyasəti telekanallardan başlayıb. Ona uyğun olaraq da internet portalları məbləğ müəyyənləşdirirlər. Hamısı da reallıqdan uzaqdır.
Mən bunu sırf media mənsubu olduğuma görə demirəm; burada uduzan – cəmiyyətdir. Bütün işlərin cəmiyyətə ötürülməsində ən unikal vasitə mediadır. Işin yarı hissəsi medianın üzərinə düşür. Sən nə qədər istəyirsən işini gör, heç kimin ondan xəbəri olmasa, o iş heç kimə lazım deyil.
Vüqar Əliyev: Əslində media özü özünü təcrid etdi. Çünki media azad bazara girəndən sonra, real olmayan qiymətlər müəyyənləşdirməyə başladı.
Yadigar Məmmədli: Mən də elə düşünürəm ki, media yanlış siyasət apardı. Real qiyməti deməlisən. Qiymətlər aldığımız maaşlara, insanların həyat tərzinə uyğun olmalıdır. Media bunları nəzərə alıb qiymət deməli idi və tələbat çoxaldıqca, qiyməti də qaldıra bilərdi. Əksinə də mümkün idi, əgər gördün ki, təqdim etdiyin məhsul bazarda alınmır, o zaman qiyməti aşağı salmalıydın.
Fuad Babayev: Həmkarlarımızın deputatlığa namizəd olmasına münasibətiniz necədir? Hər halda maraqlıdır.
Yadigar Məmmədli: Üzdən xoş bir mənzərə yaranır ki, namizədlərin sayı çoxdur. Amma içərisinə girib baxırsan ki, “xoş” heç nə yoxdur. Insanlar öz hərəkətlərinə diqqət etməli, qiymət verməlidir. Mən bu hərəkəti edirəm, bu addımı atıram, amma nə dərəcədə realdır və nə dərəcədə nəticəyə çatacağam? Axı edilən hərəkətin nəticəsi çox önəmlidir. Bu baxımdan, bu addımlar mənə bir qədər irreal görünür. Bəs nədir məqsəd? Burada məqsəd populyarlıqdırsa, bu insanlar artıq populyardırlar, hamı onları tanıyır. Dedik ki, təbliğat üçün pul verə bilmirlər. Əgər doğrudan da, cəmiyyətin tələbi seçki kampaniyasına filan qədər pul xərcləməkdirsə, bunu xərcləmək lazımdır. Götürək Avropanı, Türkiyəni…
Fuad Babayev: Bəli, böyük ölçüdə məbləğlər xərclənir.
Yadigar Məmmədli: Nələr var orada! Müxtəlif texnologiyalar, variantlar… Fərdlərlə, toplumla işləyirlər, toplumu ayrı-ayrı hissələrə bölürlər və onların hər birinə yanaşma tərzi də müxtəlifdir. Bizdə isə belə hal yoxdur. Jurnalistlər maaşla, qonorarla yaşayan zümrəyə mənsubdular. Bu halda o maliyyəni haradan tapa bilərik? Əgər tapa bilmiriksə, seçkidə nə işimiz var? Seçki maliyyə tələb edən kampaniyadır. Sənin şəkillərin, afişaların, tədbirlərin, vəkillərin, qərargahın olmalıdır. Azərbaycanda bir dairədə qırx-əlli məntəqə var. Bu məntəqələrə müşahidəçi qoymaq üçün sənin adamın olmalıdır.
Fuad Babayev: Məncə, tutaq ki, elə Türkiyədə ünlü bir televiziya aparıcısı deputat olmaq istəməz.
Yadigar Məmmədli: Azərbaycan mediasının real qiyməti yoxdur. Gəlin Türkiyə ilə müqayisə edək. Oradakı qəzet sahibinin imkanları ilə bizdəki qəzet sahiblərinin imkanları eynidirmi? Orada köşə yazarının aldığı məvacib bizdə qəzet sahibinin aldığı məvacib ilə eynidirmi? Türkiyədə media biznes sahəsidir. Burada işləyən insanlar pul qazanırlar.
Bizim jurnalistlərin içində layiqli insanlar çoxdur. Mətbuat siyasətdir və jurnalistlər siyasətin içində o qədər olublar ki, bizi Milli Məclisdə çox yaxşı təmsil edə bilərlər. Amma bu hamıya aid deyil axı.
Vüqar Əliyev: 2000-ci illərdə, səhv etmirəmsə, parlament seçkiləri ərəfəsində Bakı Media Mərkəzində tədbir vardı. O zaman Almaniyadan nümayəndələr gəlmişdi. Orada jurnalistlər iradlarını bildirdilər ki, biz jurnalist olaraq parlamentə seçkilərdə iştirak etmək istəyirik, bizə imkan vermirlər. Tədbirin sonunda Almaniyadan olan seçki eksperti, hansısa bir fondun rəhbəri qayıdıb dedi ki, bayaqdan sizə qulaq asıram, lakin bir şeyi başa düşmədim. Jurnalistlər nəyə görə parlamentə getmək istəyirlər? Cəmiyyətdə ən böyük nəzarətçi qurum – mediadır. Bəs siz parlamentdə iştirak etmək üçün niyə belə can atırsınız?
Yadigar müəllim qeyd etdi ki, Türkiyədə mətbuat – biznesdir. Bəs bizim mətbuatın biznes olmamasının səbəbi nədir. Sovet dövründə mətbuat – kommunist partiyasının ideoloji təbliğat vasitəsi idi. Media hələ də təbliğat şinelini çıxardıb ata və biznes sahəsinə çevrilə bilməyib.
Yadigar Məmmədli: Medianın bir neçə funksiyası var: cəmiyyəti məlumatlandırmaq, maarifləndirmək. Amma media həm də özünü dolandırmalıdır. Media “məhsul” satmalıdır.
Türkiyədə hər hansı bir qəzet özbaşına deyil: onun yayımı, mətbəəsi var, bir telekanala bağlıdır, yəni böyük bir holdinqə daxildir. Biz holdinqə, biznes struktura çevrilə bilmədik.
Doğrudur, indi bizdə eniş gedir və bu proses, tək bizdə deyil, bütün dünyada gedir. Yəni medianın formatı dəyişir. Zaman-zaman olub ki, yazılı mətbuatdan televiziya və radioya, sonra internet mətbuata üstünlük keçib. Biz artıq internet məkanda formalaşırıq və mediamızın əsas məkanı oradır.
Fuad Babayev: Bu il yanvar ayının ilk 3 həftəsində (1-21 yanvar 2020-ci il) kütləvi informasiya vasitələrinin monitorinqini həyata keçirdik. Monitorinqə “Azərbacan”, “Xalq qəzeti”, “Yeni Musavat”, “Xalq cəbhəsi”, “Şərq”, “Bakı xəbər”, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Bakinskiy raboçiy” (rus dilində), “Nedelya” (rus dilində) qəzetləri, Minval.az (rus dilində), 1news.az (rus dilində), Zerkalo.az (rus dilində), Kaspiy.az (rus dilində) saytları və AZƏRTAC, APA, Trend, Səs (rus dilində) informasiya agentlikləri daxil edilib. Təəssüf ki, televiziyaların monitorinqini keçirməyə texniki imkanlarımız olmadı. Əvvəla, televiziyalar Myvideo-dan çıxıb.
Yadigar Məmmədli: Hamısı çıxıb. Myvideo özəl bir şirkətdir. Telekanallar bu şirkətə pul ödəməlidir, amma ödəmirlər.
Fuad Babayev: Biz də hərdən lazım olanda Myvideo-da kanallara müraciət edirdik. Amma hazırda bu imkan olmadığına görə, başqa resurs da olmadığı üçün, biz kanalları monitorinq siyahısına daxil edə bilmədik.
Sizə hansı saytlarda nə qədər material getdiyi barədə məlumat vermək istəyirəm. Məsələn, daha çox “Azərbaycan” qəzetində, yəni 167 material gedib. Onu da nəzərə almaq lazımdır ki, yanvar ayının əvvəlləri bayram günləri olduğu üçün, mətbuat da fəaliyyətə bir az gec başlayıb.
Ikinci diaqramda informasiyaların təsnifatı təsvir olunub. Təsəvvür edin ki, monitorinqini apardığımız mediada seçkilərlə bağlı 472 xəbər, MSK-nın 193 sənədi, təbliğat xarakterli 71 material və 30 analitik yazı gedib.
Yadigar Məmmədli: Monitorinqlə bağlı bizdə yenə də inamsızlıq qalıb. Yəni monitorinqin səhihliyinə şübhə edirlər. Və ümumiyyətlə, monitorinqin nəticələrinə əhəmiyyət vermirlər. Amma dünyanın hər yerində monitorinqlər çox ciddi sənəd sayılır.
Mən uzun müddət Demokratik Jurnalistlər Liqasına rəhbərlik etmişəm. Seçkilərlə bağlı çoxlu tədbirlər keçirtmişik, ATƏT-lə, Avropa Şurası ilə uzun müddət əməkdaşlıq etmişik. O zaman Avropa Şurasından bir ekspert gəlmişdi və bir dəfə bizə dedi ki, monitorinqin əhəmiyyətini sizə misal ilə göstərmək istəyirəm. Hansısa bir şəhərdə belə təcrübə aparıblar: pul kisəsini ətrafda xeyli adamın olduğu küçədə yerə atıblar, oradan xeyli aralıda da polis dayanıb. Pul qabını götürən insanların 90 faizi aparıb onu polisə verir ki, bəs bunu yiyəsinə necə çatdırmaq olar. Sonra yenə həmin təcrübəni davam etdirirlər, amma bu dəfə küçədə adam az və polis də olmayıb. Amma insanların 90 faizi pulu cibinə qoyub çıxıb getmək istəyib. Yəni monitorinq budur: hiss edirsən ki, kənardan səni güdən, sənə nəzarət edən var. Monitorinqlər çox əhəmiyyətlidir və mütləq olmalıdır. Bu monitorinqləri nə qədər çox etsən, cəmiyyət bir o qədər tərbiyələnər, mövzuya maraq artar. Bəzi adamlar çap etmirlər, yaxud əhəmiyyətsiz sayırlar, əslində isə bu nəticələri götürüb analiz etməlidirlər ki, niyə bu belədir.
Fuad Babayev: Seçki ilə bağlı analitik yazıların bu qədər az olması nə ilə əlaqədardır?
Vüqar Əliyev: Analitik yazıların hazırlanmasında siyasi mərkəzlərin və ekspertlərin də rolu olmalıdır. İş ondadır ki, siyasi ekspertlərimiz də fəal deyildir. Bizə deyirlər ki, filan mövzu ilə bağlı şərhlər alınmalıdır. Biz də fikirləşirik ki, kimdən alaq. Ya seçki qərargahının rəhbərinə, ya da namizədə müraciət etməli olursan. Yəni bir boşluq var, alternativ yoxdur.
Materialda axar.az saytının fotosundan istifadə olunmuşdur.
Hazırladı: Mehman İbrahimov, 1905.az