Milli Qəhrəmanımız Rövşən Hüseynov haqqında danışdıq. Onun döyüş yoldaşları Məcid Nəcəfov, Arif Babayev, Baxış Məmmədov, şəhidimizin bacısı oğlu Elçin Əliyev və “Azərbaycanın Milli Qəhrəmanları” kitabının müəllifi Vüqar Əsgərovla.
Fuad Babayev: Rəhmətlik Rövşən Hüseynov 1967-ci il təvəllüddür. Biz hamımız eyni nəslin nümayəndələriyik. 1-ci Qarabağ müharibəsində həlak olan şəhidlərimizin əksəriyyəti da bizim yaşıdlarımızıdr. Buyurun, söz Sizindir. Rövşən müəllimi xatırlayaq. Əvvəlcə, Sizin cəbhəyə yollandığnız məqamı, həmin dövrün atmosferini canlandıraq.
Məcid Nəcəfov: O dövrdə həm milli-azadlıq mübarizəsi, həm də Qarabağ müharibəsi gedirdi. Mən ixtisasca riyaziyyatçı olsam da, özüm üçün bir şey aydınlaşdırmışam. O vaxt işlədiyi müəssisədə, oxuduğu ali təhsil müəssisəsində mitinqlərdə çıxış edənlərin heç biri Qarabağa getmədi…
Yadınıza gəlirsə, 1992-ci ildə belə bir söhbət gedirdi. Ermənilər bizim əsirləri və ya şəhid nəşlərini neft (benzin, kerosin) müqabilində dəyişdirirlər. Bu məsələ ilə bağlı bir haşiyəyə çıxmaq istəyirəm. Biz Rövşənlə çox yaxın olmuşuq. Biz Çaykənddə olanda Rövşən mənə həmişə bir söz deyirdi ki, şikəst olsa onu öldürüm. Mənə and içdirirdi. Bu söhbət ikimizin arasında olurdu. Cavan oğlan idi, istədiyi qız var idi. İkinci bir məsələ neftlə bağlı idi. Rövşən uşaqlara deyirdi ki, əsir düşsə, ölsə, meyitim düşməndə qalsa, heç vaxt onu neft ilə dəyisdirməyin. Fikir verin, bir yandan deyir ki, şikəst olsam, məni öldürün, sevdiyi qıza əziyyət verməmək üçün, digər tərəfdən isə dövlətə və millətə sevgisinin nəticəsi idi ki, onu neftlə dəyişdirməməyimiz xahiş edir. Rövşən belə bir insan idi. O arıq bir oğlan idi. Kənardan baxanda heç diqqəti cəlb etməzdi. Amma, Rövşənlə tanış olandan sonra onun keyfiyyyətləri üzə cıxırdı. Konfutsinin belə bir sözü var: “Hər bir insanda bir qabiliyyət var.” Rövşənin qabiliyyəti oxuduğu fizika üzrə deyildi, onun qabiliyyəti rəhbərlik idi. Rəhbərlik deyəndə yəni qabaqda gedən, yolgöstərən, təşkilatçı idi.
Fuad Babayev: Amma, buna baxmayaraq, Sizin də qeyd etdiyiniz kimi Rövşən mitinqdə çıxış etmirdi.
Məcid Nəcəfov: Rövşən çıxış etmirdi. Onun qabiliyyəti mitinqdə çıxış etmək deyildi. Düzdü, o fakültədə ictimai işlərdə iştirak edirdi. Biz Baxışla (red. – Baxış Məmmədov) mexanika-riyaziyyat fakültəsində bir yerdə oxumuşuq. Sözün düzü Qarabağa getmək üçün mənim taqım yaratmaq fikrim var idi. Lakin, o vaxt bu alınmadı. Həmin dövrdə Müdafiə nazirinin vəzifəsini Şahin Musayev icra edirdi.O vaxt biz Rövşənlə 2 ay hərbi məktəbdə hərbi hazırlıq keçdik. (red. – 1992-ci ilin fevral ayı). Biz Qarabağa döyüşməyə getmək istərkən Müdafiə nazirliyində bizə polkovnik Əmrahov yeni yaranacaq hərbi polisdə leytenant rütbəsi ilə iş təklif edildi. Biz döyüşə getmək istəyirdik. İndiyə kimi başa düşə bilmirəm ki, bizə cəbhəyə niyə aparmaq istəmirdilər.
Arif Babayev: Deməli, bizi hərbi polisə qəbul etməyi qərara aldılar. Biz də 3 ay Yaşar Aydəmirovun rəhbərliyi ilə Bakı Ali Ümumqoşun Komandirlər məktəbində zabit kursu keçmişik. Qeyd olunduğu kimi, universitet rektorunun təsdiq etdiyi taqım var idi. Müdafiə nazirinin əmri əsasında təlimlər keçmişdik və birdən-birə təklif olunur ki, gəlin hərbi polisdə xidmət edin. Mən də jurnalistika fakültəsinin III kurs tələbəsi idim. Məzahir Süleymanzadənin “Səhər” qəzetində yazı çap etdirdim ki, nə üçün Müdafiə nazirliyinin xətti ilə dövlət vəsaiti xərclənir, müharibə dövrü üçün zabitlər hazırlanır və bundan istifadə edilmir. Bundan başqa bizim hər birimizin ixtisaslarımız (riyaziyyatçı, jurnalist, tarixçi, fizik və s.) var idi. Biz Vətənin dar məqamında onu müdafiə etməyə can atırdıq. Ali təhsili də yarımçıq qoyuruq, təki Vətəni müdafiə edək, bunlar isə qoymur. O dövr üçün mətbuata çıxdıq, məsələni ictimailəşdirdik. Ondan sonra onun da təsiri oldu, yenidən bizi cəbhəyə göndərməyə qərar verdilər.
Məcid Nəcəfov: O vaxt mən və Baxış yataqxanada qalırdıq. Uşaqlardan Mübariz gəldi ki, Rövşən zəng edib, yığışın gedirik. Xəbər yayıldı ki, N saylı briqada təşkil olunur. Əşyalarımızı toplayıb Biləcəriyə getdik. Orada maraqlı bir hadisə baş verdi. Məlum oldu ki, bütün yerli batalyonlar əsasında təşkil olunacaq briqada gedir, amma bizə yer yoxdur. Rövşən tez qaçdı evə, bacısıgildən pul götürüb qayıtdı. O pula bilet alıb Qarabağa getmişik. Əsas Rövşənin mənəvi keyfiyyətləri – liderliyi, o nümunə olmağı idi. Misal üçün 3-4 gün döyüşə gedəndən sonra Nəcməddin Sadıqov Rövşənə batalyon komandiri olmağı təklif etdi.
Fuad Babayev: Məcid müəllim ailə üzvlərinizin, valideynlərinizin Qarabağa getmək qərarınıza münasibəti necə idi?
Məcid Nəcəfov: Mən özüm Xaçmazdanam. Mən Qarabağdan qayıdana kimi rayondakıların bundan xəbəri yox idi. Mən başımdam güllə yarası almışdım. Hətta, rayona evə qayıdanda da elə bilirdilər ki, mitinqdə mənim başıma daş deyib. Yəni uşaqların çoxunun valideynləri bizim Qarabağda döyüşdüyümüzdən xəbərsiz idi.
“Tətil dövründə könüllü olaraq Xatınbəyli kəndinə getmək qərarına gəldik. Ağdərə rayonunun Xatınbəyli kəndi erməni kəndlərinin əhatəsində yerləşir. Ağdamda qatardan düşdük, oradan da “alabaş” deyilən avtobusla o kəndə getdik. Həmin dövrdə yollar ermənilərin nəzarəti altında olduğu üçün çayın qırağı ilə torpaq yol ilə kəndə gedib çatdıq.”
Arif Babayev: Demək hələ rəhmətlik Rövşənin taqımında Qarabağa getməzdən əvvəl biz Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin I kursunda oxyurduq. 1990-cı ilin 20 Yanvarı baş vermişdi, Qarabağda Qorbaçov tərəfindən Volski üsul-idarəsi tətbiq edilmişdi. Söhbət 1989-cu ilin sonundan gedir. Jurnalistika fakültəsinin 1026-cı qrupun oğlanları imtahanları verib tətilə çıxmışdı. Bizim bir qrup yoldaşımız Xaqani Ədəboğlu xəbər verdi ki, Qarabağda artıq hadisələr başlayıb. Tətil dövründə könüllü olaraq Xatınbəyli kəndinə getmək qərarına gəldik. Ağdərə rayonunun Xatınbəyli kəndi erməni kəndlərinin əhatəsində yerləşir. Ağdamda qatardan düşdük, oradan da “alabaş” deyilən avtobusla o kəndə getdik. Həmin dövrdə yollar ermənilərin nəzarəti altında olduğu üçün çayın qırağı ilə torpaq yol ilə kəndə gedib çatdıq. O zaman bizim valideynlərimiz bizim Qarabağa getməyimizdən xəbər tutmuşdu. Məni o cəbhəyə aparan qrup uşaqlarının fəallığı və azərbaycanlı kəndini erməni qəsbkarından müdafiə etmək zərurəti idi. Eyni zamanda mən əslən Qərbi Azərbaycanın Dərələyəz mahalındanam, ermənilərin içərisində böyümüşəm, sovet ordusunda da daim ermənilərin arasında olmuşam və həmişə onlarla dalaşırdım. Yəni onların xislətinə bələdəm. Qarabağa 2-ci dəfə getməyimdən danışım. Ermənistandan qovulmuş həmkəndlilərim Xocalıda məskunlaşmışdı. Orada bunların başına olmazın müsibətlər gəldi. Xocalı soyqırımında bizim kənddən 27 nəfər şəhid olub. O dövrdə artıq milli oyanış başlamışdı. Evdən də etiraz yox idi. Biz hələ birinci dəfə cəbhədə olanda eşitdik ki, Bakıda 20 yanvar qırğını törədilib. Ondan sonra gəlib gördüm ki, universitetdə elan var. Universitet xətti ilə taqım yaradılıb, rəsmi şəkildə getmək olar. Heç tərəddüd etmədən jurnalistika fakültəsindən 3 nəfər yazıldı. Həmin o taqımın tərkibində universitetin 7-8 fakültəsini təmsil edən tələbələr var idi.
Məcid Nəcəfov: Arif, mən bir söz deyim. Sən ümumiyyətlə, qohumlarından şəhid olmasaydı da, Qarabağa gedəcəydin. Düzdür? O getmək insanın içindən gələn bir şeydir.
Arif Babayev: Təbii. Mən Qarabağa, Xatınbəyliyə gedəndə hələ qohumlarım şəhid olmamışdı.
Biz hara gedəcəyimizi müzakirə edirdik. Döyüş yoldaşımız Şücaddin dedi ki, gəlin Ağdama gedək. Ağdamda həmin dövrdə kifayət qədər hərbi qüvvə var idi. Rövşən özü ağdamlı idi. Amma, o etiraz edərək dedi ki, Ağdamda lazım olan qüvvə var, Azərbaycanın ürəyi Şuşadır. Rövşən bunu görürdü və ona görə ora da getdi.
Məcid Nəcəfov: Öz-özümə də sual verirəm, uşaqlar da evdə sual verir. Niyə getdin? Vallah, onun cavabı, tərifi yoxdur ki, insanlar niyə müharibəyə getdi. Misal üçün, Baxış yaralananda sən o biri səngərdə idin. Bizim əsas birinci döyüşümüzdə mühasirədə qalmışıq. Bizim yanımıza 18 yaşlı bir oğlan gəldi. Haradansa, ölmüş bir adamın avtomatını götürüb gəlmişdi. O uşaq Goranboydan idi səhv etmirəmsə, sonralar onun atasını gördüm, onun 2 qardaşı şəhid olmuşdu. Ermənilər söyüş söyəndə bu səngərə çıxdı, Rövşən qışqırdı ki, düş aşağı, ermənilər onu vurdular. Bu qəhrəmanlıqdır. Döyüşdə hamı bilir ki, əlli faiz ölümə gedirsən. O insanın içindən gələn bir hissdir. Heç kim onu fikirləşmir ki, gedim, ölüm, qəhrəman olacam. Bu artıq namus məsələsidir, heç bir şərt irəli sürmədən Azərbaycanın harasına hücum edilməsindən asılı olmayaraq vuruşmaq bizim borcumuzdur. Bunu Rövşən bizə göstərdi. Biz hara gedəcəyimizi müzakirə edirdik. Döyüş yoldaşımız Şücaddin dedi ki, gəlin Ağdama gedək. Ağdamda həmin dövrdə kifayət qədər hərbi qüvvə var idi. Rövşən özü ağdamlı idi. Amma, o etiraz edərək dedi ki, Ağdamda lazım olan qüvvə var, Azərbaycanın ürəyi Şuşadır. Rövşən bunu görürdü və ona görə ora da getdi. Bayaqkı sözümə qayıdıram, biz hərbi təlim gördüyümüz üçün sırf müharibə qayda-qanunlarına əməl edirdik. Yerli özünümüdafiə batalyonunun üzvləri könüllü vuruşan qəhrəman uşaqlar olmasına baxmayaraq, onlarda hərbi nizam-intizam deyilən bir şey yox idi. Misal üçün səngər qazmağa onlar təhqir kimi baxırdılar. Deyirdilər ki, erməni kimdir ki, mən səngər qazım? Halbuki, biz özümüz üçün səngər qazdıq və onun sayəsində sağ qaldıq. Rövşənin şəhid olduğu döyüş epizodundan danışmaq istəyirəm. Həyəcan siqnalından sonra ora gələndən sonra gələcəkdə Azərbaycanın Milli Qəhrəman adına layiq görüləcək 2 nəfər orada idi. Şahin Tağıyevin “Qurtuluş” batalyonu mühasirəyə düşür, bizim mexanika-riyaziyyat fakültəsinin 2 tələbəsi Razim və Kazım o döyüşdə şəhid oldu.
Arif Babayev: Bizim qərargah Hacıkənddə yerləşirdi. May ayının 11-i səhər həyəcan siqnalı verildi. Əvvəlcə, biz tələbələri saxladılar ki, buradan da hücum gözlənilə bilər. Üstündən 1-2 saat keçəndən sonra yenidən əmr verildi ki, tələbələr də döyüşə getməlidir. Biz gəlib çıxdıq Marquşevana. Gördük ki, bizim yerli könüllü özünümüdafiə dəstələri Marquşevana giriblər. Marquşevandan yanan evlərdən tüstü çıxırdı. Amma, gördük ki, ermənilər tanklarla onların üzərinə hücuma keçib. əksəriyyəti Əfqanıstan müharibəsində iştirak etmiş cəsur uşaqlar ibarət Mingəçevir özünümüdafiə dəstəsi mühasirəyə düşmüşdü.
Məcid Nəcəfov: Bu özbaşına hücum idi. Briqada ilə razılaşdırılmamışdı.
Arif Babayev: Nəcməddin Sadıqovun soruşdu ki, onları kim müdafizə edə bilər. Rövşən dedi ki, bunu biz edə bilərik. ZİL avtomobili ilə biz Marquşevana gəldik. Marquşevanla Tərtərin arası 3 kilometrdir. Bizim texnikalar minaya düşmüşdü. O zaman hərbi məsələlərdən baş çıxarmaq o qədər primitiv səviyyədə idi ki. Baxırdılar ki, Tərtər Marquşevan arası asfaltda heç bir çat, qazıntı yoxdur. Yəni bu asfaltın altında mina ola bilməz. Amma, ermənilər yan tərəfdən lağım atıb mina basdırmışdılar. Bizim 2 texnika orada minaya düşüb partlamışdı. Amma, biz girdik Marquşevana. Rəhmətlik Rövşəni, Fərhadı orada vurdular. Fərhad Şuşanın Kosalar kəndindən idi. Fərhadın qəbri yoxdur, onun meyiti də ələ gəlmədi.
Məcid Nəcəfov: Rövşəni snayper vurmuşdu.
Arif Babayev: Biz Rövşənin qəhrəmanlığından danışırıq. Rövşənin ruhu, Rövşən mövzusu bizi bura yığıb. Rövşənin milli qəhrəmanlığı Qolandağda üzə çıxdı.
Fuad Babayev: Bəlkə Baxış müəllimi də dinləyək. Buyurun. Siz necə xatırlayırsınız o döyüşləri?
Baxış Məmmədov: Ümumiyyətlə, o dövrdə vətənpərvərlik ruhu hamıya sirayət etmişdi. Bu ilk növbədə özünü könüllülərin təşkilatçılığında, Bakı Dövlət Universitetinin tələbələrinin taqıınınm yaradılmasında göstərirdi. Yəni bu şeylər kütləvi şəkildə idi. Mən xatırlayıram həmin vaxtlarda artıq məlumat verilmişdi ki, bizdə də belə bir taqım hazırlanır və o tağımın da rəhbəri Rövşən Hüseynov olacaq. Uşaqlarla əlaqələr var idi və bu söhbətlər tez yayılırdı. Və təbii ki, tərəddüd etmədən o taqıma yazıldıq. Salyan kazarmasında biz uzun müddət təlim keçdik. Orada da Rövşən Hüseynovla həm bir yoldaş kimi, həm də tələbkar komandir kimi çox yaxın təmaslarımız oldu. Liderlik, komandirlik keyfiyyətləri onda çox yüksək idi. Bizim ilkin döyüşümüz Goranboyda, Qolandağ yüksəkliyində, Murov dağının ətəyində olub. Orada güclü döyüşlərimiz getdi, ermənilər çoxlu itki verdi. Bizim də təbii ki, itkilərimiz və yaralananlarımız oldu. Mən də o döyüşdə yaralandım. Amma, rəhbər bir şəxs kimi, komandir kimi Rövşən Hüseynovu çox yüksək keyfiyyətlərə malik bir şəxs kimi xatırlayıram.
Arif Babayev: Sözünə qüvvət. Demək ki, döyüş səhər saat 4-də, alaqaranlıqda başlamışdı. Rövşən rəhmətlik sürünə-sürünə gah bizim səngərə, gah da digər səngərə gedirdi. 4 saat davam edən döyüşdə Rövşən iki səngər arasında qalmışdı, o bizi silah-sursatla təmin edirdi. Məcid BMP partladıb o döyüşdə. Ermənilərin BMP-si partladılandan sonra döyüş dayandı.
Məcid Nəcəfov: Nazim Hikmətin ssenarisi əsasında 1966-cı ildə çəkilmiş “Yaşamaq gözəldir, qardaşım!” adlı bir film var. O söz həmişə mənim dilimdədir. Şücaddinin avtomatı bağlandığı üçün avtomatımı ona vermişdim, özümdə qumbaraatan idi. Bilirdim ki, burada 99 faiz ölümün astanasındayıq. Amma, uşaqlar ruhdan düşməsin deyə zarafatımdan da qalmırdım. Uşaqlar da artıq zarafata salıb erməni vurmaqla yaraşırdılar. Döyüş yoldaşımız Xudaverən deyir ki, öldürdükləri erməniləri sayırdılar.
Arif Babayev: Biz onları səngərdən vururduq.
Məcid Nəcəfov: Aramızdakı məsafə 7-8 metr idi.
Məcid Nəcəfov: Qolandağ yüksəkliyi uğrunda döyüş mayın 1-dən 2-nə keçən gecə başladı. Biz o döyüşə gedəndə orada demək olar ki, post, səngər, parol yox idi. Rövşən ora gedən kimi qayda-qanun yaratdı. Növbəlilik əsasında post və karaul xidməti yaratdı.
Fuad Babayev: Vüqar Əsgərovun kitabında da yazıldığı kimi Rövşən 11 may 1992-ci ildə Ağdərə rayonu ərazisində şəhid olub. O anları necə xatırlayırsınız?
Məcid Nəcəfov: Rövşən erməni hücumunda ölmədi. Rövşən siz dediyiniz döyüşdə “Qurtuluş” və Mingəçevir batalyonlarının mühasirəyə düşmüş 60 nəfərdən çox üzvünü xilas edərkən şəhidlik zirvəsinə ucaldı. Xilasetmə əməliyyatına Rövşənin başçılıq etdiyini görən ermənilər onu snayper ilə vurmuşdular. Biz o döyüşdə 6 şəhid verdik.
Arif Babayev: Qolandağ yüksəkliyindəki döyüşdən sonra bizi kəşfiyyata götürmüşdülər. Mayın 11-də bizi həyəcan siqnalı ilə mühasirəyə düşmüş Mingəçevir uşaqlarını xilas etmək üçün Marquşevana göndərdilər.
Məcid Nəcəfov: Bir detalı vurğulamaq istəyirəm. Rövşən həmin gün səhərdən əsəbi idi. Həmin gün poçt binasından bacısı ilə telefon söhbətindən sonra Rövşən Şuşanın işğal edildiyini öyrəndi. Biz onun ağladığının şahidi olduq.
Fuad Babayev: Rövşən necə şəhid oldi? Həmin əks-hücum vaxtı?
Məcid Nəcəfov: Marquşevanda ermənilər əlverişli bir mövqe tutmuşdular. Bizimkilər oradan çıxan zaman Rövşəni snayperlə vurdular.
Arif Babayev: Mən də həmin döyüşdə sanki şəhid oldum. Allahın işidir, yenidən dirildim. Güllə başımın bir tərfindən girib başqa tərəfindən çıxmışdı. Əvvəlcə, ayağımdan, sonra başımdan yaralandım. Məni yəhudu neyrocərrah əməliyyat etmişdi. Baxış da yaralanmışdı. Bu döyüşdə hər üçümüz yaralanmışdıq.
Məcid Nəcəfov: Qolandağ yüksəkliyində Baxış yaralanandan sonra hamımızda istər-istəməz vahimə yarandı. Elçin dedi ki, hamımız ölürük, bəlkə biz də çıxaq. Rövşən pafosla danışan deyldi. Bizim olduğumuz yerdən hava təmiz olanda Gəncənin işıqları görünürdü. Rövşən əli ilə göstərib dedi ki, “Elçin, bax Gəncə görünür a”. Hamımız tələbə yoldaşı olmuşuq. Amma, Rövşənin sözü bizim üçün qanun idi.
Fuad Babayev: Məcid müəllim, Rövşən Hüseynov 1992-ci ildə şəhid olub, amma ona Milli Qəhrəman adı 1994-cü ildə verilib…
Məcid Nəcəfov: 1994-cü ilin yay aylarında bir gün mənə telefonla zəng edib xəbər verdilər ki, Rövşənin anası gəlib. Biz onunla universitetin rektoru rəhmətlik Murtuz Ələsgərovun qəbuluna getdik. Murtuz müəllimə dedim ki, Rövşən universitetin tələbəsi olub və onun Milli Qəhrəman adı üçün təqdimatı da var. O elə dərhal bizim yanımızda Prezident Aparatına, Müdafiə nazirliyinə və daha bir neçə yerə zəng etdi. Bir neçə aydan sonra xəbər gəldi ki, prezident Heydər Əliyevin fərmanı ilə Rövşən Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.Mən bir təəssüf doğuran məqamı vurğulamaq istəyirəm.
Rövşən Quzanlıda kənd qəbiristanlığında anasının, atasının yanında dəfn edilib. Baxırsan ki, cavan oğlan qəbridir. Başdaşında Rövşən Hüseynovun doğum və vəfat tarixi, şəhid olmasından başqa o heç bir şey yazılmayıb. Nə bələdiyyə, nə icra başçısı maraqlanmayıb ki, burada Milli qəhrəman dəfn edilib. Qardaşı Mehdi də rəhmətə gedəndə deyib ki, heç kimə müraciət etməyin. Nə vaxt istəsələr, özləri qəbrin üstünü düzəldərlər. Rövşənin adına heç nə yoxdur.
Arif Babayev: Rövşənin bitirdiyi məktəb başqa bir şəhidin adını daşıyır.
Elçin Əliyev: Quzanlıdakı orta məktəbin ilk Milli Qəhrəmanı mənim dayım Rövşən olub.
Arif Babayev: Bakıda Həzi Aslanov qəsəbəsində Rövşənin adına küçə var.
Elçin Əliyev: Amma, sonradan qəbrin üstünü götürməyi anamgil qoymadı. Başdaşı qoyuldusa, onu dəyişdirməzlər. Düşər-düşməzi olar.
Məcid Nəcəfov: Milli qəhrəman çox böyük şəxsiyyətdir. Milli Qəhrəmanı heç kimə bərabər tutmaq olmaz. O qəbristanlıqda bir Milli Qəhrəman var. Onu axtarıb tapmalıdırlar. O məktəblilər öz Milli Qəhrəmanlarını tanımalıdırlar.
Elçin Əliyev: Təzəlikcə “Yaddaş” studiyası Rövşən Hüseynov haqqında 25 dəqiqəlik sənədli film çəkib.
Məcid Nəcəfov: Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə çəkilib bu film. Mənim fikrimcə, nəinki, Ağdamda, Quzanlıda, bütün respublikada Milli qəhərəmanların tanıdılması istiqamətində tədbirlərin keçirilməsi zəruridir.
Baxış Məmmədov: Bu məsələləri ictimailəşdirmək daha doğru olardı. 1994-cü ildə mən Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Yasamal təşkilatının sədri işləyirdim. Fəaliyyətimizin əsas istiqaməti orta məktəblərdə vətənpərvərliyin təbliği idi. Uşaqlar ağ səhifədir. Görək onlara çatdırasan ki, onlar düşməni də tanısın, nifrət etməyi də bacarsın. Biz bəzən deyirik ki, uşaqda nifrət hissi aşılamaq doğru deyil. Amma, uşaqda düşmənə nifrət hissi olmasa, o qisas ala bilməz. Aprel hadisələri də göstərdi ki, bizim həqiqətən döyüşən oğullarımız bu gün də var, sabah da olacaq.
Fuad Babayev: Söhbətimizin yekun mərhələsində mən istərdim Vüqar müəllimi dinləyək.
Vüqar Əsgərov: Doğrudan da bu gün vətənpərvərlik deyəndə bunun üçün vəzifə lazım deyil. Hər bir insanın qəlbindən bu keçməlidir. Adicə Xocalı soyqırımındakı rəqəmlər hər şeyi deyir. Tutaq ki, istirahət yerlərində və yaxud hər hansı xarici dövlətdə olarkən 613 nəfərin ermənilər tərəfindən qətlə yetirilməsini istənilən millətin nümayəndəsinə desək bunun özü böyük təbliğatdır.
Arif Babayev: Təbliğat məsələsi həqiqətən vacib şeydir. Baxmayaraq ki, yaralanandan sonra mən Dövlət radiosunda 15 il İntiqam Mehdizadənin redaksiyasında redaktor işləmişəm. Heç vaxt deməmişəm ki, Milli Qəhrəman Rövşən Hüseynovun döyüş yoldaşı olmuşam, bir yerdə döyüşmüşük. Baxmayaraq ki, media sahəsində olmuşam.
Məcid Nəcəfov: Şəhidlər bir ailəyə məxsus deyil. O şəhid olandan sonra ailənin üzvü olaraq qalır, amma artıq həmin şəxs dövlətimizə, hamımıza məxsus olur.
Fuad Babayev: İstərdim ki, Elçin müəllim bizim söhbətin yekun mərhələsində bir az da danışsın. Sizin ailədə Rövşənin adını daşıyan varmı?
Elçin Əliyev: Mən Rövşən Hüseynovun ən balaca bacısının oğluyam. Dayım Qarabağa bizim evimizdən gedib. Heç anası da onun Qarabağda döyüşdüyünü bilmirdi. Hamı elə bilirdi ki, o Qarabağa yardım aparır. Axırda hospitalda apendisitdən əməliyyat olunanda bildik ki, o cəbhədədir. Rövşən mayın 11-də rəhmətə gedib, iyunun 1-i dəfn edilib, onun meyiti 22 gün ermənilərdə qalıb. Onun meyitini ermənilərdən Rasim Vəiyev (o vaxt Tərtərdə rəis müavini idi) aldı. O vaxt universitetin rektoru Murtuz Ələsgərov Rövşənə həsr edilmiş tədbirlərə nənəmi tez-tez dəvət edirdi. Söhbət 1995-ci ildən gedir. Biz onda uşaq idik. Nənəmin 70 yaşı var idi, çox yerə gedə bilmirdi.
Təmkin Məmmədli: Rəhmətlik Rövşəngil ailədə neçə uşaq idi?
Elçin Əliyev: Onlar ailədə 4 qardaş, 4 bacı olublar. Sonbeşikləri Rövşən idi. Rövşənin 8 yaşı olanda atası rəhmətə getmişdi. Böyük qardaşı ona atalıq edib.
Məcid Nəcəfov: Mübaliğəsiz deyirəm ki, həyatımın ən ağır günü Rövşənin ölüm xəbərini onun qardaşına demək idi. İnanın ki, Hacıkənddə qaldığımız yerdə həmin an beynimdən o keçirdi ki, döyüş başlasın, mən ölüm, aləm qarışsın ki, Rövşənin ölüm xəbərini onun qardaşına mən deməyim. Çünki, hərbi komissarlıqda Rövşənin şəhid olmasını ona deməmişdilər. Mehdi qardaşını itkin düşmüş bilirdi. Bilirdim ki, ailədə Rövşənin üstündə necə əsirlər. Və nəticədə ölüm xəbərini qardaşına mən deyə bilmədim. Döyüş yoldaşımız lerikli Ümidvar verdi bu xəbəri Mehdiyə. Başqa bir faktı danışmaq istəyirəm. Mingəçevirdən Rasimin anası gələndə yenə məni qabağa verdilər. Qadın “Bala, mənim oğlum hanı? soruşanda mən üzümü tutub ağladım. Ümidvar dedi ki, “xala, Allah rəhmət eləsin!” Onu deyəndə arvad gəlib bizi qucaqlayıb dedi ki: “Bala, mən oğlumu böyütməmişəm ki, tumanımın altında gizlənsin. Mən oğlumu böyütmüşdüm, məni qorusun!” ağlamadı. Maşına mindi, Hacıkənddən çıxanda gördüm ki, əlini atdı başına.
Elçin Əliyev: Dayım haqqında 3-4 kitab buraxılmasına baxmayaraq, bir-iki cümlə istisna olmaqla, hamısında demək olar ki, eyni məlumatlar yazılıb. Bu gün Sizin söhbətiniz zamanı özüm üçün dayımı yenidən kəşf etdim.
Məcid Nəcəfov: Mən bir təklif etmək istəyirəm. Bizim nümunə olacaq Milli Qəhrəmanlarımız var. Nə qədər ki, onların döyüş yoldaşları sağdır məktəblərdə Milli Qəhrəmanlara həsr edilmiş tədbirlər, görüşlər keçirilsin.
Fuad Babayev: Mən Sizə öz dərin minnətdarlığımı bildirirəm. Qardaşımız Rövşən daxil olmaq şərtilə Allah bütün şəhidlərin ruhunu şad eləsin!
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Material ilk dəfə 6 iyun 2017-ci ildə dərc olunmuşdur.