Korney İvanoviç Çukovski sağ olsaydı və güzarı Bakı şəhərinə düşsəydi hökmən paytaxtımızın “moyka”larını və bu gərəkli müəssisələrdə işləyən insanlarımızın bəzilərini vəsf edərdi. Məşhur “Moydodır”ın müəllifi paytaxtımızdakı maşınların təmizlik apofeozunu görməyə bilməzdi. Və hökmən, təkrar edirəm, hökmən nəsə yazardı.
Təəssüf ki, Çukovski düz 44 il bundan əvvəl dünyasını dəyişib…
Və təəssüf ki, orta statistik Bakı piyadasının gündəlik hərəkət marşrutu ən azı 1-2 “moyka”nın yanından keçir. Bu isə həmin piyadaya yaxşı heç nə, ya da deməkolar ki, heç nə vəd etmir.
Əksər hallarda “moyka”nın qənşərindən keçən piyada original geyimli yuyucunun qan-tər içində çalışmasını seyr etmək imkanı qazana bilər. Elə həmin piyada bəxti gətirəcəyi təqdirdə üst-başını islada bilər. Əksər hallarda, piyadalara ayaqqabılarını palçığa bulaşdırmaq (əlbəttə ki, əvəzsiz olaraq) imkanı yaradılır. Üstəlik,bütün bunları su nasosunun spesifik səsini dinləyə-dinləyə, həzz ala-ala etmək mümkündür. Hələ mən az sonar paytaxtımızın küçələrində böyük sürətlə şütüyəcəyi istisna edilməyən avtomobilin təmizlənməsi prosesindən alınan estetik zövqü demirəm…
Ən əsası, bütün bunlar tamamilə pulsuzdur…
Amma “moyka” açmaq və işlətmək kifayət qədər vəsait tələb edir. Üstəlik, avtoyuma məntəqəsinin açılması üçün Nəqliyyat Nazirliyindən rəyin alınması vacibdir. Bu barədə adı çəkilən nazirliyin hüquq şöbəsindən milli.az saytına verilən açıqlamada oxumaq olar.
Əmin ola bilərsiniz ki, “moyka”larımızın 100 faizi Nəqliyyat Nazirliyindən rəy aldıqdan sonar fəaliyyətə başlayır. Və cari ilin aprelində, Bakıda keçirilmiş Xəzər beynəlxalq Su Texnologiyaları sərgisində “Azər-su” ASC-nin rəhbəri Qorxmaz Hüseynov bildirmişdi ki, ölkədə avtomobil yuma məntəqələrinin 90 faizinin tikintisində normativlərə riayət olunmur…
Görəsən niyə belədir?
Avtoyuma biznesinin öz qanunlarının olduğu, bu sahənin ifrat cəlbediciliyi şübhə doğurmamalıdır. Hər halda, mən bu sahənin – milli “moyka”larımızın uğurlu gələcəyinə inanmaya bilmirəm.
Və sonda.
“Olaylar” hələ ötən ilin yayında “Suraxanıda qadınların işlədiyi avtoyuma” adlı məlumat yaymışdı. Məlumatda bu məntəqənin paytaxtda ilk olduğu, avtoyuma məntəqəsində 2 yuyucu qızın fəaliyyət göstərdiyi, obyekt sahibinin “gələcəkdə tələbatdan asılı olaraq qız işçilərin sayını 4-ə çatdırmağı” düşündüyü bildirilirdi.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 98-99)