Qonaqlarımız əməkdar müəllim Almaz Həsrət, pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayev, təhsil üzrə ekspert Kamran Əsədov, “Nömrə 1” Təhsil mərkəzinin rəhbəri Samin Həsənovdur.
Fuad Babayev: Bizim məktəbli vaxtımızda bir müəllim heyranlığı var idi. Hətta adama elə gəlirdi ki, müəllim yemək yemir, yatmır. İlk sualım müasir müəllim obrazı haqqındadır. Almaz xanım, buyurun.
Almaz Həsrət: Təşəkkür edirəm və hamını salamlayıram. Müasir müəllim nə deməkdir? Əgər hazırda müəllimlik fəaliyyəti ilə məşğuluqsa, bizə müasir müəllim demək olar. Amma müasirliklə ayaqlaşan müəllimdən söhbət gedirsə, artıq bir balaca düşünməyə ehtiyac yaranar. Yalnız müasir dövrün tələblərinə uyğun metodika ilə ilgilənən, dövrün tələbini bilən və müasir üsullarla şagirdlərin önünə çıxıb, dərs keçməyi bacaran müəllimə müasir müəllim deyə bilərik. 1970-1980-ci illərdəki müəllim obrazı ilə indiki dövrün müəllim obrazı arasında böyük fərq mövcuddur. O dövrdəki müəllimlərin istifadə etdikləri bütün resurslar, maddi-texniki baza sırf məktəb daxilində idi. Müasir müəllimin əlində isə böyük imkanlar, nəhəng resurslar var. Nəinki məktəb daxilində, məktəbdənkənarda da informasiya bolluğuna malikdir. İnternetdən istifadə müəllim üçün böyük imkanlar yaradır. Müəllimin obrazında artıq fərqlilik müşahidə edilir. Müəllim həm öyrədici, həm də öyrənəndir. Yəni illər öncə müəllim yalnız öyrədən idi, indi isə müəllim həm öyrənir, həm öyrədir. Bu amil müəllim obrazına əlavə olunan xüsusiyətdir. İllər öncə çox az sayda müəllimlər var idi ki, sərhədi keçmək imkanına malik olsun, hansısa xarici konfransda Azərbaycanı təmsil etsin, öz metodikasını haradasa nümayiş etdirə bilsin. Müasir müəllim sərhədlərii aşır, yenilikləri öyrənə bilir. Skayp vasitəsi ilə dərs keçir və təcrübəsini bölüşür. Bax bu cür xüsusiyyətləri çox saymaq olar. Bütün bu yeniliklər toplu halında müasir müəllim obrazına yeni çalarlar qatır. İllər öncə biz nadir hallarda eşidərdik ki, dərsliklərin hazırlanmasına hansısa orta məktəb müəllimi cəlb olunub. İndi isə bütün bacarıqlı müəllimlər dərslik hazırlanması prosesinə qatıla bilər. Yəni bütün imkanlar açılıb. Ümumiyyətlə, hər bir müəllimin özünəməxsus obrazı var. O obrazı özü yaradır. Amma müəllim öncə dürüst, vətənpərvər, öz torpağına, dövlətinə bağlı olmalıdır.
Fuad Babayev: Yəni müəllim kosmopolit ola bilməz?
Almaz Həsrət: Bəli, ola bilməz. Amma mən millətçi demirəm, vətənpərvər olmalıdır. Çünki müəllimin qarşısında əyləşən şagirdlərin içərisində müxtəlif millətlərin təmsilçisi ola bilər. Müəllim onlara yaşadıqları ölkəyə, onun bayrağına sayğı göstərməyi aşılamalı, bu baxımdan da özü nümunə olmalıdır.
Fuad Babayev: Çox geniş yayılmış müraciət forması var – “müəllim”. Yeri gəldi, gəlmədi bütün peşə sahiblərinə münasibətdə işlədilir. Kamran müəllim, müəllim sözünün yersiz işlədilməsi müəllim obrazına xələl gətirirmi?
Kamran Əsədov: Dediyiniz kimi müxtəlif peşə sahələrinə, sənət sahələrinə biz ümumiləşmiş halda “müəllim” deyə xitab edirik. XX əsrin əvvəllərində kiməsə müraciət edəndə yüksək müraciət forması kimi “bəy” sözündən istifadə olunurdu. Həmin əsrin sonlarında isə bu müraciət forması siyasiləşdi və az qala siyasi mənsubiyyət formasına çevrildi. Ona görə kiməsə “bəy” deyə müraciət edəndə bir qədər diskomfort hissi olur və “müəllim” sözündən istifadə edilir. İndi isə gəlin araşdıraq görək, niyə fərqli sənət sahiblərinə müəllim deyirik? Konkret rəqəmlərə müraciət edək. Bu gün ölkədə 50-dən çox ali təhsil müəssisəsi var və bu təhsil müəssisələrində 26 mindən çox müəllim çalışır. 4400 orta ümumi təhsil məktəbində isə 151 min müəllim çalışır, bu, kiçik rəqəm deyil. Məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları, körpələr evində çalışan müəllimlərin sayı 17 min nəfərdir. Bunlar dövlətin birbaşa rəsmi siyasətini həyata keçirənlərdir. Qeyri-rəsmi formada müəllim kimi çalışanlar da var, repetitorlar və hazırlıq kuslarında çalışanlar.
Fuad Babayev: Onların yəqin ki, sayı haqqında dəqiq məlumat yoxdur?
Kamran Əsədov: Çünki onların böyük əksəriyyəti heç vaxt qeydiyyatda olmurlar və yaxud da 50 müəllimdən yalnız 5-i qeydiyyatdadır, amma bu kütləvidir, etiraf edək. İndi də gələk bunların əmək haqqı məsələsinə. Baxın, müəllimlərin böyük əksəriyyəti səhər saatlarında dərs deyirlər, günün ikinci yarısında isə başqa işlərlə məğqul olurlar. Uşaqlar da görürlər ki, səhər-səhər onlara dərs deyən müəllim, günorta kartof satır, bənnalıq edir. Və düşünürlər ki, deməli, bu sahədə çalışanların hamısı müəllimdir. Axı 151 min müəllimin hamısı repetitorluq etmir və hamısının yüksək gəliri yoxdur. Hərçənd mənim apardığım araşdırmalar göstərir ki, cənub zonasında elə müəllimlər var ki, 1200-1400 manat əmək haqqı alırlar. Amma bu bütün müəllimlərə şamil edilmir.
Fuad Babayev: Rəsmi olaraq bu qədər əmək haqqı alırlar?
Kamran Əsədov: Bəli, rəsmi. Əmək stajları iyirmi beş ildən çoxdur, diaqnostik balı çoxdur, dərs yükü də otuz altı saatdır. Amma bu bütün müəllimlərə şamil olunmur. Müəllim var ki, dərs saatı azdır və dərsdən sonra qeyri peşə sahələrində çalışmaq məcburiyyətindədir.
Fuad Babayev: Yəni siz düşünürsünüz ki, “müəllim” müraciət formasının səbəblərindən birincisi budur. Amma hiss edirəm ki, Almaz xanım bu fikirlə razı deyil.
Almaz Həsrət: Bəli, mən razı deyiləm
Samin Həsənov: Mən də Kamran müəllimin fikri ilə razı deyiləm. Çünki kiməsə müəllim demək, müəllimi alçaltmaq yox, müraciət etdiyin adamı yüksəltməkdir. Axı hər adama müəllim demirsən. Tutaq ki, bizdə elə müəllimlər var ki, adam ona heç müəllim demək istəmir. Orta məktəbdə işləyən müəllim var ki, müəllim sözü ona yaraşmır.
Kamran Əsədov: Biri var diplomunda müəllim yazılan, bir də var ki, adam kənd təsərrüfatı ixtisasını qurtarıb, amma repetitorluqla məşğuldur. Hazırlıq kurslarında dərs deyən qeyri- peşəkarlar var. Fuad bəy sual verdi ki, niyə biz hər kəsə müəllim deyə müraciət edirik. Dərsdən sonra qeyri-peşəkar sahədə çalışan, məsələn taksi sürən müəllimə necə müraciət edəcəksiniz?
Samin Həsənov: Sual müəllimlik sənətinin müqəddəsliyini nəzərə alınaraq verilmişdi. Yəni hər kəsə “müəllim” deyə müraciət etməklə bu sənəti nüfuzdan salmırıq ki? Məsələn, biz öz kursumuzda əməkdaşlarımıza da, işçilərimizə də “müəllim” deyə müraciət edirik, ixtisasından asılı olmayaraq. Burada həmin müraciət hörmət xarakterlidir. “Müəllim” deyə müraciət etdiyin adam bir anda sanki özünü yığışdırır, artıq-əskik hərəkətin ona yaraşmadığını düşünür.
Fuad Babayev: Samin müəllim, Sizin kursdan söz düşmüşkən, bu yaxınlarda sosial şəbəkədə belə bir statusunuzu oxudum ki, “Nömrə 1” kursları ilə əməkdaşlıq edən müəllimləri az qala diskriminasiyaya məruz qoyurlar.
Samin Həsənov: Mən bu halı birbaşa müəllimə qarşı hörmətsizlik hesab edirəm. Bizim kursumuzun yetərincə gözəl şəraiti var, amma valideynlər gələndə ilk növbədə peşəkar və təcrübəli müəllimləri reklam edirik. Çünki valideyni ilk növbədə müəllim maraqlandırır. Amma elə müəllim var ki, mən onu altı günlük işə cəlb edə bilmirəm. Üç gün bizdə dərs deyir, üç gün də məsələn, hər hansısa bir kursda. Mən ona bir qadağa qoya bilmərəm, bizim kursumuzda məşğul olmadığı günlərdə harada istəsə dərs deyə bilər. Həmin müəllim də 3 gün bizdə, 3 gün də başqa bir yerdə məşğul olur. Amma elə yerlər də var ki, müəllimə deyirlər, “əgər “Nömrə 1”də çalışacaqsansa, bizdə işləmə”.
Fuad Babayev: Yəni bunu edənlər təbii ki, başqa tədris mərkəzi, kurslardır?
Samin Həsənov: Başqa bir özəl tədris mərkəzidir. Müəllim də bu təklifi özünə hörmətsizlik sayır. Necə ola bilər bu? Biz ona heç bir məhdudiyyət qoymamışıq, onlar isə qadağa qoymaqla müəllimi aşağılayır, ona kölə kimi yanaşırlar. O cür yerlərdə deməli, heç keyfiyyətli tədrisdən də söhbət gedə bilməz. Bacarıqlı, peşəkar, özünə hörmət edən müəllim elə bir yerdə qalıb işləməz.
Fuad Babayev: Və yaxud qalıb işləyərsə də əlacsızlıqdan işləyir.
Samin Həsənov: Əlacsızlıqdan işləyirlər. Biz çalışırıq ki, dərs deyən müəllimlərimiz güclü olsun. Onlar isə müəllimi adına görə cəlb edirlər.
Almaz Həsrət: Mən araşdırma aparmışam, kurs rəhbərləri arasındakı anlaşılmazlığın əsas səbəbi bizdə sevinci, uğuru bölüşmə mədəniyyətinin olmamasından irəli gəlir. Ona görə də hər bir kurs rəhbəri çalışır ki, bacarıqlı müəllim bir neçə yerdə yox, məhz onların kurslarında çalışsın. Onlar üçün şagirdin bacarığı yox, kursun nəticəsi önəmlidir. Müəllimin bacarığı, bilik potensialı, əziyyəti də yaddan çıxır.
Fuad Babayev: Dəyanət müəllim, sizi dinləyək. Siz pedoqoji elmlər üzrə fəlsəfə doktorusunuz və elmlər doktoru dissertasiyası üzərində işləyirsiniz. Pedaqoji elmin yüksəkliklərindən bizim bu məsələlər necə görünür?
Dəyanət Musayev: Birinci “müəllim” müraciəti ilə bağlı danışmaq istərdim. Razılaşarsınız ki, bu müraciət növü heç də yeni deyil, sovetlər dövründən qalma bir şeydir. Sadəcə deyərdim ki, bizdə müraciət formalarının çatışmamazlığından irəli gəlir. Xaricdə “ser”, “mister”, müsyö”, “her” kimi müraciət formaları var, amma bizdə o “bəy” müraciəti nədənsə “yapışmadı”, qalmadı.
Almaz Həsrət: Mən müəllim olmayanlara “bəy” deyirəm.
Dəyanət Musayev: Məndə bu söz siyasi assosiasiya yaratmır, amma nədənsə dilimə yatmır. Kamran müəllimin dediyi fikirlə bəlkə də razılaşmaq olar. Amma bir şey də var, dərsdən sonra kənar peşələrlə məşğul olan müəllimləri bir neçə nəfər tanıyır, onlar da ona “müəllim” deyə müraciət edir. Amma bizdə bu müraciət kütləvi hal alıb, yəni heç kim soruşmur ki, başqa harda işləyirsən. Bu bizdə artıq dilimizə yatıb, insanlara hörmətlə müəllim deyirlər.
Kamran Əsədov: Bizim yaşayış binasının altında bir supermarket var. Bir məhsul götürəcəkdim, nəzarətçi qıza dedim ki, bu keyfiyyətsizdir, zəhmət olmasa, müdiriyyəti çağırın. Qız da bir nəfəri çağırdı: “Müəllim, Sizi çağırırlar, gəlin”. Gəldi, soruşdum ki, nə müəllimidir. Bildirdi ki, nəzarətçidir. “Ay qardaş, sənə nəzarətçi desinlər də, daha müəllim nədir”, – dedim. Deyirsiniz ki, hörmət məqsədilə “müəllim” deyirlər, amma məncə, bəzən biz müdirimizə, direktorumuza yaltaqlıq məqsədilə “müəllim” deyirik.
Kurslarla bağlı mən də bir neçə söz demək istəyirəm. Biz kursun uğurunu paylaşmaqla yanaşı, uğursuzluğunu da paylaşmalıyıq. Bu gün kurslar var ki, yalandan reklam edirlər nəticələrini. Kurslar var ki, yeddi yüz balı, altı yüz doxsan balı reklam edirlər. Onlar həmin uşaqları pulla alırlar. Deyək ki, şəxsən mənim özümə müraciət edən olub ki, bu il hazırlıq keçdiyim iki qız yüksək bal toplamışdı. İki kurs müraciət etdi ki, uşağa iki min manat, mənə də beş yüz manat verirlər, uşaqlar gəlib onların reklamları olan köynək geyinib, şəkil çəkdirsinlər. Valideynlər də görür ki, bunların uğurları var.
Almaz Həsrət: İki min manatın əvəzində iki yüz şagird gəlir.
Kamran Əsədov: Onlar imtahan edirlər, savadlı, bilikli, məktəbdən hazırlıqlı gələn uşaqları qoyurlar A qrupuna, qalanlarını isə B, C, D qrupuna. Yaxşı müəllimlər A qrupunda dərs deyir, reklama da həmin qrupun uşaqlarını çıxarırlar. Bu il ali məktəbə 80 min nəfər sənəd verib, 40 min nəfər qəbul olub. Onun da 14 mini əvvəlki ilin məzunudur. Bu məsələlər qaldırılmalıdır. Kursda bilirsiniz nəyi başa düşmürlər? Təkcə doqquzuncu sinifdə 136 min adam oxuyur, onuncu sinifdə 90 min, on birinci sinifdə 85 min. Hamıya çata biləcək qədər uşaq var, bazar var. Üstəlik magistr hazırlığı, dövlət qulluğuna, müəllimlərin işə qəbulu ilə bağlı hazırlıq keçmək istəyənlər var.
Fuad Babayev: Müəllimin statusunu, onun qamətini şux saxlayan həm də onun maddi imkanlarıdır. Müəllimin obrazının formalaşmasında onun real gəlirləri də rol oynayır. Müəllimliklə nə qədər qazanmaq mümkündür və bu o məsləyin nüfuzunun artmasına xidmət edirmi?
Samin Həsənov: Bir dənə konkret cavab var, sırf orta məktəbdə işləyən müəllim ailə dolandıra bilməz.
Almaz Həsrət: Üzr istəyirəm, mən bu suala cavab verim. Siz kişi xeylaqlarısınız, ailədə statunuz daha yüksəkdir və qazancınız xanımdan daha çox olmalıdır. Mən özümdən misal gətirim. 1996-cı ildən orta məktəbdə müəllim kimi fəaliyyətə başlamışam. Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdim, məktəbi də medalla qurtarmışdım. Məktəbin direktoru bacarığıma və ya biliyimə görə məni özü çağırmışdı. Mən də tələbəlik həyatından hələ yeni çıxmışdım. Orada da biologiya müəllimi rəhmətə getmişdi və mənə dedi ki, gedib 11-ci sinifdə dərs deyəsəksən. Dedim, “yox, mənə 11-ci sinifləri verməyin, aşağı sinif verin, mən bir az qorxuram”, çünki boyum da balaca idi, on birlər də maşallah hündürboylu. Nə isə toxtadım, özümü toparladım
Fuad Babayev: Və getdiniz 11-ci sinfə…
Almaz Həsrət: Bəli. Uzun sözün qısası, dərs fəaliyyətimi o ildən başladım. Çox şükürlər olsun ki, uğurlu oldu. Çünki mənim bazam var, biliyimə arxayın oldum. Bildim ki, ondan səmərəli istifadə edə biləcəyəmsə, qazancım da yüksək olacaq. Belə-belə hiss etdim ki, mənə dərs saatı verilir, uşaqlar evdə valideynlərinə danışırdılar ki, maraqlı dərs keçir. Fəaliyyətimdə metodikalardan istifadə etməyə başladım. Hətta deyərdim ki, nəzər yetirsəniz, araşdırma aparsanız, görəcəksiniz ki, internetdən ilk istifadə edən müəllim olmuşam. İlk dəfə istifadə edəndə hamı mənə tərs baxırdı ki, müəllim nədir, internet kluba girdi nədir. Bizim Əhmədlidə öz evimizin yanında internet klub var idi. 11-ci sinif şagirdləri ilə internet kluba girirdik, öyrənə-öyrənə, beynəlxalq arenaya çıxmağa başlayanda, hiss etdim ki, dərs dediyim məktəb mənim əmək haqqımı artırır. Gördüm ki, biliyimə uyğun əlavə gəlirim var. Sonra müsabiqələrə qatıldım. Elektron təhsil müsabiqəsinə dalbadal dörd il qatıldım və beş ədəd kompüter qazandım. İlk dəfə Biologiya fənn saytı yaratdım. Deyirlər nə əkərsən, onu da biçərsən, görürdüm ki, mən bunları ödəyirəm, biliyimi verirəm, biliyimi ortaya qoyuramsa, qazancım da artır. Bir gün özəl məktəbdən mənə bir təklif gəldi – Avropa-Azərbaycan məktəbindən. Avropa-Azərbaycan məktəbində min altı yüz manat maaş aldım, orta məktəbdə də çalışırdım, özəl məktəbdə də.
Fuad Babayev: Razılaşaq ki, bu potensial, imkan yəni Sizin potensial imkanlarınız orta statistik müəllimin potensial imkanlarından hər halda daha üstündür.
Almaz Həsrət: Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bacarıqlı, savadlı, bilikli müəllimin heç vaxt ac qalma ehtimalı yoxdur.
Samin Həsənov: Müəllim orta məktəbdə dərs deyir on saat, bunun maaşı bəllidir. Başqa nə bacarıq? Deməli, əlavə işlə də məşğul olmalıdır.
Almaz Həsrət: Bacarıq deyəndə toxuma, ustalıq və s. nəzərdə tutmuram. Söhbət yeni metodikalardan düzgün istifadə etmək bacarığından gedir.
Samin Həsənov: Sizcə, bu gün bacarıqlı müəllim orta məktəbdə niyə müəllim işləmək istəyir?
Fuad Babayev: Özünə oradan hazırlıq üçün uşaq yığmaq üçün?
Samin Həsənov: Bəli, başqa bir səbəbi yoxdur.
Kamran Əsədov: Bəli.
Almaz Həsrət: Bu hamıya aid deyil.
Samin Həsənov: Mən müəllimdən soruşuram ki, bizim kursda işləyirsən və 1500 manat maaş alırsan, orta məktəb nəyinə lazımdır? Deyir ki, istəyir həm staj getsin, həm də 5-10 nəfər də hazırlıq üçün uşaq götürür.
Almaz Həsrət: Belələri bir-iki nəfərdir.
Samin Həsənov: Hamısı, mən deyərdim ki, 90 faizi elədir. Bir məsələyə də mən toxunmaq istəyirəm. Bu gün bizdəki türk liseylərinin əsas inkişaf səbəbi kişi müəllimlərin çoxluğu ilə bağlıdır. Deməli, onlarda idarəçilik də güclü olur. Bizim məktəblərimizdə isə müəllimlərin 70-80 faizi qadınlardır. Onlar da 10-cu, 11-ci siniflərə müdaxilə edə bilmirlər.
Dəyanət Musayev: Məktəblinin gələcək tərbiyəsində də kişi müəllimlərin çox böyük əhəmiyyəti var.
Fuad Babayev: Biz gender bərabərliyi dedikdə, adətən qadınların sayının artırılmasını nəzərdə tuturuq. Amma burada kişilərin sayı artırılmalıdır.
Dəyanət Musayev: Gender bərabərliyinin pozulması tək orta məktəbdə deyil. Mən iki il Pedoqoji Universitetin Müdafiə Şurasının üzvü oldum. İki ildə yalnız bir nəfər kişi gəldi müdafiəyə. Müdafiə edənlərin də mütləq əksəriyyəti qadınlardır.
Kamran Əsədov: Ən ağrılı vəziyyəti mən indi deyəcəyəm. Statistik nəticələrə görə şagirddən də aşağı səviyyədə olan müəllimlərimiz var. 2014-cü ildə Təhsil Naziri dəyişəndən sonra müəllimlərin diaqnostik qiymətləndirilməsini keçirməyə başladılar. 151 min müəllimimizin 142 mini iştirak etdi. Bəs 8 mindən artıq adam niyə iştirak etmədi? Çünki birincisi, diplomları dövlət diplomu deyildi. Təsəvvür edin, dünyanın heç bir ölkəsində iki dənə inək satıb, diplom alan müəllim görməzsiniz. Üstəlik 151 min müəllimin 45%-i öz ixtisasından dörd dənə suala cavab verə bilməyib və 10 faiz nəticə göstərib. Yalnız bir müəllim 60 bal topladı, yəni sualların hamsına düzgün cavab verdi. Amma universitetə sənəd verənlərdən iyirmi doqquz nəfəri yeddi yüz bal toplayıb. Tələbələrin nəticəsi müəllimdən yüksəkdir.
Samin Həsənov: Məncə, müqayisə düzgün deyil. Məntiq müəllimin ixtisası deyil, müəllim ona hazırlaşmır. Yaxud da ki, müəllimin ixtisası tarixdir, məntiqdən verilən suala cavab tapmır. Amma öz ixtisasında çox güclüdür.
Kamran Əsədov: Təqdim edilmiş test tapşırıqlarını gördüyüm üçün mən sizə deyim. Diaqnostik qiymətləndirmədə də 60 test tapşırığıdır, müəllimlərin işə qəbulunda da. Amma ixtisasdan 40 sual təqdim olunur və sualların heç biri dərslikdən kənar deyil. İbtidai sinfə dərs deyən 320-dən çox müəllim sıfır bal toplamışdı. Təsəvvür edirsinizmi?
Fuad Babayev: Sıfır bal nə deməkdir?
Kamran Əsədov: Altmış sualın heç birinə cavab verə bilməmişdilər.
Almaz Həsrət: Çünki kompüterdən istifadə bacarıqları yox idi. Biz onu araşdırdıq. Deyirdilər ki, savadsız müəllim kütləsidir. Xeyr, savadsız müəllim kütləsi deyil. Sadəcə texnologiyanı bilmirlər, keçməyiblər.
Dəyanət Musayev: Artıq yeddi, səkkiz ildir Pedaqoji Universitetdə aralıq imtahanları, dövlət imtahanları testlə keçilir. Bunlara hətta elementar sual verəndə də fikirləşir və gözləyirlər ki, variantlar deyilsin. İndi şükürlər olsun ki, bağladılar o test məsələsini, imtahan yazılıdır, ona görə də bir az fərq var.
Fuad Babayev: Belə bir situasasiyaya nəzər salaq. Gənc Pedoqoji Universiteti bitirib. Müəllim olmaq istəyir, amma bunu yenidən imtahandan keçirirlər. Özü-özlüyündə bu, müəllimə olan inamsızlığın təzahürü deyilmi?
Dəyanət Musayev: Əslində yerində olan sualdır və paradoksdur. Dövlət imtahanı verirlər, hər dəfə də bir nüfuzlu elm adamı komissiya sədri olur. Pedaqoji Universitet müəllim buraxır, cəmi üçüncü ildir kurikulumun əsasları tədris olunur. Hələ indi başlayıblar. Ona görə də gedəndə imtahandan keçə bilmirlər. Universiteti bitirib, amma məktəbin tələblərinə uyğun gedib, imtahan verə bilmirlər. Ona görə ki, kurikulumdan ümumiyyətlə xəbərləri yoxdur.
Almaz Həsrət: Çünki ali təhsil müəssisələrində indinin məzmununa uyğun, indiki kontenti bilib, dərs deyən müəllimlər azdır. Ali məktəblərdə yeni təlim proqramını bilən müəllimlərimiz azdır .
Kamran Əsədov: Hər il pedaqoji ixtisaslar üzrə bütün ixtisas qruplarında 15 mindən çox plan yerinə qəbul aparılır. Biz qəbul apardığımız plan yerindən çox əmək bazarına vakansiya veririk. Bu il təkcə 51 min adam sənəd vermişdi. Vakant yerin isə sayı cəmi 6 min idi. İndi siz gəlin imtahan etmədən, bu 6 mini seçin. Biz müraciət edənlərin birini digərlərindən fərqləndirməliyik. İmtahanın məqsədi onların savad göstəricisini yoxlamaq yox, fərqləndirməkdir.
Fuad Babayev: Onda dərhal başqa bir məsələ çıxır ki, bizim ali təhsil müəssisələrinin real əmək bazarı ilə heç əlaqəsi yoxdur.
Kamran Əsədov: Bilirsiniz, Dövlət İmtahan Mərkəzi bildirir ki, plan yerlərinin sayını Nazirlər Kabineti göndərir. Bəs Nazirlər Kabinetinin qəbuldan xəbəri varmı?
Dəyanət Musayev: Sifariş verilir, Nazirlər Kabineti də təsdiqləyir. Plan yerini də verirlər ki, universitet fəaliyyətini dayandırmasın. Əksər universitetlərdə müəllim ixtisasına qəbul var.
Kamran Əsədov: Bu il dediyim kimi, 51 min adam sənəd vermişdi, 6 min qəbul oldu, 44 min dipolmlu işsiz qaldı
Fuad Babayev: Üstəlik gələn il də buraxılışlar olacaq axı.
Kamran Əsədov: Ona görə də pedaqoji ixtisaslara qəbul dayandırılmalıdır, qoy bunlar yerləşdirsin, ondan sonra qəbelu davam et. Bizim ehtiyac olan həkimlik ixtisasımız onsuz da var. Planı buradan bağla, göndər həkimliyə, kənd təsərrüfatına.
Fuad Babayev: Söhbətimizin sonunda harada olmağımızdan yox, hansı istiqamətdə getməyimizdən danışmanızı istərdim. Son illərin dinamikası müəllimin nüfuzunun yüksəlməsi ilə bağlı müsbət meyillərdən xəbər verirmi?
Kamran Əsədov: Bu gün müəllimin həm nüfuzu, həm də keyfiyyət baxımından göstəricilərdə artım var. 3 il bundan öncəyə kimi Pedaqoji Universitetə müəllimlik ixtisasına 500-dən artıq bal toplayan yalnız 1 nəfər qəbul olunurdu. Bu il isə 692 balla müəllim ixtisası üzrə qəbul olunan var. 235 nəfər ibtidai sinif müəllimliyinə 500-dən çox balla qəbul olunub. Yəni bu balla başqa ixtisasa da qəbul oluna bilərdilər. Amma Pedaqoji Universiteti seçiblər. Deməli, keyfiyyətli kadrlar əmək bazarına daxil olurlar.
Samin Həsənov: Bizim də bir məzunumuz bu il 665 balla tarix müəllimi ixtisasını seçdi.
Almaz Həsrət: Heydər Əliyev deyirdi ki, təhsildə yeniliklər etmək istəyirsinizsə, onun inqilabi yolla yox, təkamül yolu ilə edin. Elə əslində də bu yeniliklər təkamül yolu ilə gedir. Yəni öyrənirik-ötürürük. Müəllim əslində körpüdür: köhnədən-yeniyə. Şagirdlərimiz bizim gələcəyə baxan gözlərimiz, gələcəyə uzanan qollarımızdır. Müəllim obrazı gözütoxluğu, dürüstlüyü, vətənpərvərliyi, mili şüuru əks etdirməlidir. Ən vacib məsələ dəyərli insan yetişdirməkdir.
Dəyanət Musayev: Təcrübə göstərir ki, müəllimin şagirdə təsiri, onun uğurlu pedaqoji fəaliyyəti daha çox müəllimin nüfuzundan asılıdır. Təhsilin kifayət qədər mürəkkəb və məsuliyyətli məsələləri müəllimin şəxsiyyəti, onun mövqeyi, peşəkarlıq səviyyəsi və erudisiyası sayəsində həll olunur. Etriraf etməliyik ki, son illərdə aparılan təhsil sahəsində islahatlar həm müəllim peşəsinə marağı artırıb, həm də müəllimin bir şəxsiyyət kimi cəmiyyətdə nüfuzunun artırılmasına yönəlib.
Hazırladı: Gündüz Nəsibov , Aydan Abaslı, 1905.az